Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1718/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən 4813.7 manat və 68.55 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində, saat 22.00-da Binəqədi yolu ərazisində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış X2 məxsus olan və Cavabdeh tərəfindən idarə edilən “VAZ 21043” minik markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil “Krone SDP27” yarımqoşqu markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı və ”Nissan Pathfinder” minik markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, nəticədə sonuncu nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ”Nissan Pathfinder” minik markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 3845 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Krone SDP27” yarımqoşqu markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 968,7 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin ASC-ə ünvanlandığı 3-xx-xx/57011/2023 nömrəli, xx.xx.2023cü il tarixli məktubdan məlum olmuşdur ki, Cavabdeh Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli CML-0593/2023-AKT845/23 saylı sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi zamanı X1 Nissan Pathfinder markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilinə müəyyən edilmiş 5160 manat dəymiş zərərin əvəzi olaraq 3845 manat ödəniş edilməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Nəriman Həmidova 3845 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli CML-0593/2023-AKT846/23 saylı sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi zamanı X3 Krone markalı ** ZD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə müəyyən edilmiş 1300 manat dəymiş zərərin əvəzi olaraq 968.7 manat ödəniş edilməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Elçin Cəfərova 968.7 manat ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, DİN-in Baş X7 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh xx.xx.2013-cu ıl tarixdə (xx.xx.2023-cü il tarixədək etibarlı olan) AD 022101 nömrəli "B" kateqoriyalı sürücülük vəsiqəsi verilib, xx.xx.2023-cü il tarixdə həmin sürücülük vəsiqəsi (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BB 043286 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsinə dəyişdirilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindəndir. Həmin qanunun 6.2-ci maddəsinin tələblərinə görə mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırki halda iddiaçının tələbi məhz yol nəqliyyat hadisəsini törədən Cavabdeh oğlunun idarə etdiyi avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi əsası ilə tərəflərindən icbari sığorta müqaviləsi əsasında digər şəxsə ödənilmiş sığorta ödənişinin reqres qaydada tələb edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən bu tələb hüqunun yaranması üçün Cavabdeh oğlunun qanunla nəzərədə tutulmuş əsaslar olmadan avtomobili idarə etməsinin sübuta yetrilməsi zəruridir. Lakin iş üzrə araşdırma zamanı müəyyən edilir ki, hələ “Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2023-cü il tarixli arayışda hadisə baş verdiyi anda sürücü kimi qeyd edilmiş Cavabdeh sürücülük vəsiqəsinin olması qeyd edilmişdir. Qeyd edilməlidir ki, şəxsin həmin vaxt idarə etdiyi avtomobili qanunla nəzərdə tutulmuş qaydada verilmiş etibarnamə olmadan, eyni zamanda sürücülük hüququ olmadan idarə edilməsi müəyyən edilmiş olsaydı, bu barədə qanunvericiliklə nəzərədə tutulmuş qaydada inzibati xətanın olması qeyd edilməklə müvafiq qeyd aparılar və inzibati tənbeh tətbiq edilərdi. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələblərinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Həmin Qanununun 53.4-cü maddəsinin tələblərinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Qanunun tələblərinə əsasən avtomobilin icbari qaydada sığortlanmasına dair müqavilənin əsas məqsədi müqavilədə göstərilmiş əmlakın, yəni sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs tərəfindən istismarı nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi təşkil edir. Yalnız bu tələblərə riayət edilmədiyi halda zərəçəkmiş şəxsə ödənilmiş sığorta ödənişi reqres qaydada geri tələb edilə bilər. Göründüyü kimi, Cavabdeh oğlu tərəfindən yol nəqliyyat hadisəsi törədilən zaman avtomobili tam qanuni əsaslarla və sürücülük hüququ olmaqla idarə etməsi işin halları ilə öz təsdiqini tapdığından həmin şəxs tərəfindən törədilən yol nəqliyyat hadisəsi nəticəsindən üçüncü şəxsə dəymiş zərər kimi iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi cavabdehdən reqres qaydada geri tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın əsası kimi istinad etdiyi hallar sübuta yetirilməməklə, yuxarıda qeyd edilənlərə əsasən təkzib edildiyindən "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1718/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1718/2024
30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver