Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1739/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 PHŞ-nin nümayəndəsi X24, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 PHŞ-nə və "xxxx" QSC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 PHŞ-nə və "xxxx" QSC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər birindən ayrıayrılıqda 10.000 manat olmaqla, ümumilikdə 20.000 manat məbləğində pulun mənəvi zərərə görə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən və Cavabdeh1 PHŞ-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin işçisinin cinayət əməli nəticəsində yeganə qardaşını itirmişdir. Belə ki, X2 2012-ci il avqust ayının 31-də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq, “Dəmir yolu keçidlərinin istismarına dair təlimat”ın 4.5, 4.6 və 4.7ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, nəticədə saat 07:28 dəqiqədə X33 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı Lökbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində 124 saylı marşurutla hərəkət edən sərnişin avtobusu açıq şlaqbaumdan keçərək sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən 26 nəfər - X17, X3, X34, X18, X9, X49, X5, X10, X35, X19, X36, X6, X25, X43, X37, X71, X4, X50, X11, X51, X1, X13, X59, X7, X44, X52 az ağır, 5 nəfər - X53, X26, X20, X8, X85 ağır xəsarətlər almış, 6 nəfər X14, X38, X27, X15, X16 və qardaşı X60 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1(101)-248/2013 saylı hökmünə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, X61 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarı ilə hər iki şəxsə təyin edilmiş cəza 9 ilə qaldırılmışdır. Ali Məhkəmənin 28 oktyabr 2015-ci il tarixli qərarı ilə Eyyub İsmayılovun vəkili və məhkum Fərid Ağayev özü tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1(101)-248/2013 saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehlərin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, "xxxx", “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim- Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır. Cavabdehlərin işçilərinin qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində doğma qardaşı öldüyünə görə ona mənəvi zərər dəymişdir. Bu baxımdan mərhum qardaşının faciəvi şəkildə ölməsindən bu günədək davam edən iztirab, sarsıntı və bu kimi halları nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq hərəsindən 10.000 manat olmaqla, ümumilikdə 20.000 manat məbləğində pulun hər iki cavabdehdən tutularaq ona ödənilməsi ədalətli olar. Hesab edir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehlərin hüquqi şəxs olmaqla kifayət qədər vəsaitə malik olmasını, yüksək təhlükə mənbəyi sayılan nəqliyyat vasitələrilə sərnişin daşınması və təşkili ilə məşğul olarkən işlərinə məsuliyyətlə yanaşmamalarını, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni insan itkisini, onun keçirdiyi mənəvi iztirabların ağırlığını və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da unudulan hadisə deyildir. İnanır ki, məhkəmə baş verən hadisənin unudulmasının mümkün olmaması səbəbindən keçirdiyi iztirablarının ömür boyu davam edəcəyini nəzərə alaraq, mənəvi zərərə görə kiçik miqdarda tələb edilən iddiasını tam şəkildə təmin edəcək. Qardaşının cansız bədəni müayinə olunarkən müəyyən edilmişdir ki, onun meyitində - alının, sol təpə-gicgah, təpə nahiyələrinin kəllə əsası və kəllə qapağı sümüklərinin sınığı, baş-beyinə, beyin mədəciklərinə, qişalarına qansızma ilə müşayiət olunan əzilmiş-cırılmış yaraları; sol körpücük üstü nahiyələrin qançırı, sol körpücük sümüyünün sınığı; çanaq sümüklərinin sınıqları, sağ aşağı ətrafın, budun, orta 1/3-dən aşağı kəskin qan itirmə ilə müşayiət olunan travmatik amputasiyası; sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin əzilmişcırılmış yaraları; sağ əlin, sol diz oynağı nahiyəsinin, budun aşağı 1/3-nin, üz nahiyəsinin çoxsaylı sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, onun şlümündən az əvvəl, yuxarıda göstərilən xx.xx.2012ci il tarixdə əmələ gəlmişlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin yuxarıda göstərilən şəraitdə, yəni sərnişin avtobusunun qatarla toqquşması zamanı avtobusun salonunda olan əşyaların bədənə zərblə dəyməsi və ya bədənin həmin əşyalara dəyməsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Azər Əliyevin ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 4-6 saat əvvəl (xx.xx.2012-ci il tarixdə saat 12:00-da) baş vermişdir, ölümünə səbəb nəqliyyat travması nəticəsində kəllə sümüklərinin sınığı, baş-beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar və kəskin qanitirmə olmuşdur. Budur gözünün önündən illərdir getməyən görüntü! Qardaşının doğranmış, əzik-əzik olmuş qanlı cəsədi. Sonradan, İddiaçı məhkəməyə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edib, mənəvi zərərə görə hər birindən ayrıayrılıqda 10.000 manat, dövlət rüsumuna görə müştərək qaydada 150 manat olmaqla, ümumilikdə 20.150 manat məbləğində pulun cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən və Cavabdeh1 PHŞ-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 PHŞ tərəfindən məhkəməyə iddia tələbinə etiraz ünvanlanmışdır. Etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşının 31 avqust 2012-ci il tarixdə (on iki il əvvəl) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölməsini, bunun nəticəsində özünün iztirab və sarsıntı keçirməsini bildirərək, hər birindən ayrı-ayrılıqda 10.000 manat olmaqla, ümumilikdə 20.000 manat məbləğində pulun mənəvi zərərə görə cavabdehlər "xxxx" Qapalı Səhmdər Cəmiyyətindən və Cavabdeh1 PHŞ-dən tutulraq ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini qanunsuz və əsassız hesab edirlər. Əvvəla qeyd edirlər ki, iddiaçı mərhumun yol-nəqliyyat hadisəsi zamanı ölməsi ilə əlaqədar hər hansı bir formada mənəvi sarsıntı keçirməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Hamıya bəlli olan bir faktdır ki, hər hansı bir şəxsin ölməsi, o cümlədən də yol-nəqliyyat hadisəsi zamanı ölməsi onun ailə üzvləri və yaxınlara pis təsir edir. Lakin ümumilikdə ölüm hər bir canlı üçün qaçılmaz bir hal olduğunu nəzərə alaraq müəyyən vaxt ötdükcə hər hansı bir şəxsin ölümünə münasibət onu ailə üzvləri tərəfindən dəyişir, onlar bu “faktı” qəbul edərək öz həyatlarını yaşayır və bu hal həmin ölüm hadisəsindən uzun müddət keçdikdən sonra onlara hər hansı bir psixoloji iztirab yetirmir. Bəzi hallarda isə şəxsin ölməsi onun ailə üzvlərində müəyyən psixoloji problemlər yaradır və həmin şəxslər buna görə tibb müəssisələrinə müraciət etməklə müəyyən müalicələr alırlar. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir: ”Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Ali Məhkəmənin yuxarıda qeyd edildiyi mövqeyindən də göründüyü kimi, mənəvi ziyanla əlaqədar işlərə baxılarkən Ali Məhkəmənin həmin mövqeyində qeyd edilmiş hallarla bərabər həmçinin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, onun hansı mənəvi sarsıntı və iztirablar keçirməsi və bunların zərərçəkmiş şəxsə qarşı edilmiş qanunsuz hərəkət və hərəkətsizliklə səbəbli əlaqənin olması sübuta yetirilməlidir. Yəni, məhkəmə prosesində sübut edilməlidir ki, (MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı sübut etməlidir) iddiaçı həqiqətən qeyd edilən müddət ərzində psixoloji sarsıntı və iztirab keçirib və həmin keçirdiyi psixoloji sarsıntı və iztirab da məhz mərhumun yol-nəqliyyat hadisəsi zamanı ölməsi ilə əlaqədardır. Lakin yuxarıda qeyd etdikləri kimi, iddiaçı belə bir subutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının qeyd edilən hadisə ilə əlaqədar qardaşının ölməsindən uzun müddət sonra, yəni 12 (on iki) il sonra məhkəməyə müraciət etməsi və bu zamanda onun həmin hadisə ilə əlaqədar qardaşı olduğu iddia etdiyi mərhumun ölməsi səbəbindən hər hansı bir mənəvi iztirab keçirməsini sübut edəcək mötəbər sübutu məhkəməyə təqdim etməməsi onun hər hansı bir formada mənəvi sarsıntı və iztirab keçirməməsini sübut edir. Digər tərəfdən məhz qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş şəxs özü iddia etdiyi sarsıntı və iztirabın keçirməsini sübut etməklə bərabər həmin psixi reaksiyanın (sarsıntı) və fiziki əzabın (sarsıntının) məhz həmin şəxsin ölməsi ilə əlaqədar keçirməsini də sübut etməlidir. Mərhumun ölməsindən sonra uzun müddət, yəni 13 (on üç) il keçməsini nəzərə alaraq iddiaçının həyatında ola biləcək digər hər hansı bir hadisənin də ona mənəvi sarsıntı və iztirab verməsi mümkündür və hər hansı bir digər hadisəyə onun subyektiv yanaşaraq psixi cəhətdən sarsıntı və fiziki cəhətdən iztirab keçirməsi bunların məhz iddia etdiyi yol-nəqliyyat hadisəsinə nəticəsində mərhumun ölməsi ilə əlaqədar olması demək deyil. Onu da qeyd etmək istəyirlər ki, iddiaçı iddia tələbinin sübutu olaraq ancaq qeyd edilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar məhkəmənin müvafiq hökmünü təqdim etmişdir. Qeyd edilən hökmlə cinayət əməlinin törətmiş şəxslərin cinayəti törətməkdə təqsirli bilinərək məhkum edilmələri qeyd edilmişdir. Qeyd edilən hökmdə iddiaçıya münasibtə hər hansı bir mənəvi ziyanın dəyməsi qeyd edilməmiş, Agentliyin iddiaçıya hər hansı bir mənəvi ziyanın dəyməsinə aidiyyəti müəyyən edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh "xxxx" QSC tərəfindən məhkəməyə iddia tələbinə etiraz ünvanlanmışdır. Etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 PHŞ-nə və "xxxx" QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hər birindən ayrı-ayrılıqda 10.000 manat olmaqla, ümumilikdə 20.000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk öncə qeyd edirlər ki, iddianı qəbul etmirlər və hesab edirlər ki, iddia tələbi ADY-yə münasibətdə əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçının qardaşının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi işin mübahisəsiz halıdır. Bu hadisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-5817/2021 saylı qərarına əsasən "xxxx" QSC-dən vurulmuş mənəvi zərərin əvəzi kimi 20.000 manat məbləğində pulun tutularaq Əliyeva Zümrüd Gəncəli qızına (hazırki mülki iş üzrə iddiaçının anasına) ödənilməsi qərara alınmışdır. Həmçinin, qərarda qeyd edilmişdir ki, iddiaçı baş vermiş hadisədən keçən ağlabatan müddət ərzində deyil, yeddi il sonra mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu xüsusat da təzminatın həcminin azaldılmasına təsir edən amil kimi qiymətləndirilmişdir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 10-cu bəndinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan sonra, "xxxx" QSC tərəfindən xx.xx.2022ci il tarixdə Əliyeva Zümrüd Gəncəli qızına 20.000 manat mənəvi zərərə görə pul ödənilmişdir. Hesab edirlər ki, məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. İddiaçı mənəvi ziyana görə 20.000 manat pul tələb edir, lakin həmin məbləği şərtləndirən halları əsaslandırmır. Həmçinin, hadisənin xx.xx.2012-ci il tarixdə baş verməsinə baxmayaraq, iddiaçı baş vermiş hadisədən keçən ağlabatan müddət ərzində deyil, 13 il sonra mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Anasının mənəvi zərərlə bağlı 2019-cu ildə məhkəməyə müraciət etməsinə və iddiaçının onunla birlikdə tələb etmək imkanının olduğunu dərk etməsinə baxmayaraq, iddiaçı yenə də həmin dövrdə mənəvi zərər tələbi irəli sürməmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Əlavə olaraq qeyd edirlər ki, təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Beləliklə, ADY tərəfindən baş vermiş hadisə ilə bağlı artıq iddiaçının anasına 20.000 manat mənəvi zərərə görə pul ödənildiyindən, iddiaçının ağlabatan müddətdə və ya anası ilə birlikdə (2019-cu il tarixdə) tələb edə biləcəyi halda hadisədən 13 il sonra iddia qaldırdığından, iddia tələbində zərərin məbləği ağlabatan və ədalətli olmadığından hesab edirlər ki, iddia ADY-yə münasibətdə olan hissəsində təmin edilməməlidir. Yuxarıda qeyd olunanları əsas tutaraq, İddiaçı cavabdehlər Cavabdeh1 PHŞ-nə və "xxxx" QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin ADY-yə aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 PHŞ-nin nümayəndəsi X54 daha öncədən məhkəməyə ünvanladıqları etirazı müdafiə etdi, hadisədən 13 il keçdiyini, ailə üzvünün ölüm hadisəsinə görə iztirab keçirməsini sui-istifadə halı hesab etdiklərini qeyd etdi və izahatının sonunda məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X39 daha öncədən məhkəməyə ünvanladıqları etirazı müdafiə etdi, tərəflərindən iddiaçının anasına mənəvi ziyana görə ödəniş edildiyini, hazırda isə eyni tələblə onun qardaşının müraciət etdiyini, lakin iddiaçı tərəfin hadisədən 13 il keçdiyini nəzərə almadıqlarını qeyd edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixdə verdiyi AZ- İ seriyalı, 569292 saylı ölüm haqqında şəhadətnamənin surətinə görə X55 31 avqust 2012-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin 10-cu ayının 17-ci günündə 562 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(102)- 1686/2015 saylı qərarı ilə müəyyən olunur ki: * Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X61 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. * Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilmiş, E.İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti bir il artırılaraq 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, F.Ağayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti bir il artırılaraq 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. * Yuxarıda qeyd edilən kassasiya instansiyası məhkəməsinin qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 5817/2021 saylı qərarı ilə müəyyən olunur ki: * Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1077/2020 saylı qətnaməsi ilə Əliyeva Zümrüd Gəncəli qızının (mərhum X28 anası) iddiası qismən təmin edilərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pulun cavabdeh "xxxx" QSC-dən alınaraq iddiaçı Əliyeva Zümrüd Gəncəli qızına ödənilməsi qət edilmişdir. * İkinci icraat zamanı qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5112/2021 saylı qətnaməsi ilə Əliyeva Zümrüd Gəncəli qızına ödəniləcək mənəvi zərər məbləği 10.000 manat müəyyən edilmişdir. * Yuxarıda qeyd edilən kassasiya instansiyası məhkəməsinin qərarı ilə Əliyeva Zümrüd Gəncəli qızının kassasiya şikayəti qismən təmin edilərək, sonuncuya ödəniləcək mənəvi zərər məbləği 20.000 manat müəyyən edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3482/2022 saylı qətnaməsi ilə "xxxx" QSC tərəfindən mənəvi ziyanın əvəzi olaraq Əliyeva Zümrüd Gəncəli qızına ödənilmiş 20.000 manat məbləğində vəsaitin 10.000 manatı və ödənilmiş dövlət rüsumu olaraq 120 manat, cəmi 10.120 manat pul vəsaitinin "xxxx" MMC-dən tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. - Ödəniş qəbzi ilə müəyyən olunur ki, iddia tələbi ilə müraciət edilməsinə görə iddiaçı tərəfindən 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilməlidir ki, işdə olan sənədlərlə müəyyən edilir ki, 31 avqust 2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının qardaşı X55 vəfat etmişdir. Baş vermiş hadisədə Cavabdeh1 PHŞ və "xxxx" QSC-nin əməkdaşları təqsirli bilinmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb edilmişlər. Hökmlə müəyyən olunur ki, "xxxx" QSC-nin işçisi Eyyub İsmayılovun dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının təmin olunması üzrə yerinə yetirdiyi işlə əlaqədar müvafiq normativ qaydaları pozması nəticəsində Ağstafa-Bakı sərnişin qatarı ilə X33 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşmuş və nəticədə bir neçə şəxs, o cümlədən Azər Əliyev ölmüşdür. Hazırda iddiaçı, mərhum qardaşının ölümü nəticəsində keçirdiyi stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi hallara istinad edib, özünə dəymiş olan mənəvi zərər məbləğini 20.000 manat qiymətləndirir. İddiaçının tələbinə görə bu zərər məbləği bərabər hissələrdə (hər bir cavabdehdən ayrı-ayrılıqda 10.000 manat) cavabdehlərdən tutulub ona ödənilməlidir. Lakin iddia tələbi ilə cavabdehlər razılaşmır. Cavabdehlərdən "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ iddia tələbinə etirazında iddiaçının mərhum qardaşının yolnəqliyyat hadisəsi zamanı ölməsi ilə əlaqədar hər hansı bir formada mənəvi sarsıntı keçirməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməməsinə istinad edir. Digər cavabdeh olan "xxxx" QSC isə etirazında hadisənin xx.xx.2012-ci il tarixdə baş verməsinə baxmayaraq, iddiaçının baş vermiş hadisədən keçən ağlabatan müddət ərzində deyil, 13 il sonra mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etməsini, eyni növ tələblə daha öncədən iddiaçının anasının müraciət etməsini, lakin anasının mənəvi zərərlə bağlı 2019-cu ildə məhkəməyə müraciət etdiyi zaman iddiaçının onunla birlikdə tələb etmək imkanının olduğunu dərk etməsinə baxmayaraq, həmin dövrdə mənəvi zərər tələbi irəli sürməməsini əsas gətirir. Məhkəmə qeyd edir ki, iddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 21, 1096, 1097, 1099-cü maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1, 1097.3-cü maddələrinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1113-cü maddəsinə görə birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. - 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarına görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına görə Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına görə zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqazidd davranışla zərər arasında səbəbli nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsi təcrübəsinə dair Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə xx.xx.2006-cı il tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə xx.xx.2014cü il tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli qərarlarnda Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir. Əvvəla qeyd edilməlidir ki, iddiaçının qardaşının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi, ölümünün cavabdeh təşkilatların əməkdaşlarının əməli nəticəsində baş verməsi və həmin əməllə mənəvi zərər arasında səbəbli əlaqənin olması işin mübahisə olunmayan halını təşkil edir. Yəni qardaşının vəfatı nəticəsində iddiaçıya mənəvi zərər dəydiyi aşkar hesab olunsa da, hazırda məhkəmə tərəfindən müəyyən edilməli olan məsələ baş verənlər nəticəsində iddiaçıya ödənilməli olan mənəvi zərər məbləğinin həcmidir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qeyd edilməlidir ki, mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Daha dəqiq desək, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləği ilə eyni olmamalıdır. Həmçinin vurğulanmalıdır ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Hazırki işin halından da görünən odur ki, şəxsin vəfat etməsi 2012-ci ilin 31 avqust tarixinə təsadüf edir. Yəni baş vermiş ölüm hadisəsindən 13 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən mənəvi zərər tələbi ilə müraciət olunmamış, hadisədən təxminən 7 il keçdikdən sonra iddiaçının anasının müraciəti əsasında valideyn olaraq ona dəymiş mənəvi zərər məbləği müəyyən edilmişdir. Bundan başqa, yuxarıda sadalanmış olan qərarlarda ifadə edilmiş mövqeyə görə mənəvi zərərlə bağlı analoji işlərə baxıldığı zaman şəxsin yaxının məhz hansı şəraitdə vəfat etməsinin də mənəvi zərər məbləğinə təsirinin əhəmiyyətindən bəhs edilmişdir. Hazırki işdə isə şəxsin qəsdən törədilmiş cinayət nəticəsində deyil, məhz sərnişin qatarı ilə sərnişin avtobusunun toqquşması nəticəsində ehtiyatsızlıqdan törədilmiş əmələ görə vəfat etdiyi müəyyən olunur. Həmçinin, iddiaçı mənəvi zərərə görə 20.000 manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları ərizəsində əsaslandırmamışdır. Bu səbəbdən məhkəmə işin yuxarıda göstərilən hallarına görə mənəvi zərər məbləğini 3.000 müəyyən etməklə, bu məbləğin ödənilməsində cavabdeh qismində cəlb edilmiş tərəflərin məsuliyyət dərəcəsini bərabər müəyyən etməyi ədalət baxımından məqsədəmüvafiq hesab edir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə mənəvi zərər məbləğini işin hallarını müstəqil araşdırması ilə yanaşı oxşar cinayət hadisələri nəticəsində həyatını itirmiş zərərçəkmiş şəxslərin yaxınlarının müraciətləri nəticəsində müəyyən edilmiş mənəvi zərər məbləğlərini də diqqətə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 119.1, 119.2-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 217.3, 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi ziyana görə 1500 manat pul vəsaiti Cavabdeh1 PHŞ-dən, 1500 manat pul vəsaiti cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi ziyana görə 1500 manat pul vəsaiti Cavabdeh1 PHŞ-dən, 1500 manat pul vəsaiti cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 150 manat pul vəsaiti dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1739/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1739/2025
22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver