Məhkəmə qərarları › İş №e-2(006)-1746/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1746/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1746/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun səhhətilə əlaqədar olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta pulu ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 08.01.2021-ci ildə AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən Azərbaycan Milli Ordusuna həqiqi hərbi xidmətə çağrılmışdır. 25.09.2021-ci il tarixdə AR Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 19965 saylı şəhadətnaməsi əsasında hərbi xidmətə yararsız hesab edilərək hərbi xidmətdən tərxis olunmuşdur. Ondan sonra o, cavabdehə rəsmi olaraq müraciət edərək xəstəliyi ilə əlaqədar olaraq sığorta ödənilməsini tələb eləmişdir. Cavabdeh 30 noyabr 2021-ci il tarixli məktubla bildirilmişdir ki, onun səhhətilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə şirkətə göndərdiyi sənədlərə baxılmışdır. Bildirmişlər ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR-nın 20 may 1997-ci il tarixli Qanununa dəyişikliklər edilməsi barədə 03 dekabr 2013-cü il tarixli Qanununun 5-ci maddəsinin “d” bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kantuziya) aldıqda sığorta ödənişi verilir. Sənədlərdən göründüyü kimi o, xəstəlik ilə əlaqədar müraciət etmişdir, bu da, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR-nın Qanununa əsasən sığorta hadisəsi sayılmır. Ona görə ona xəstəlik ilə əlaqədar Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş 16.09.2021-ci il tarixli, 19965 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə müəyyən olunmuş hərbi həkim komissiyasının qərarına əsasən, şəxsin xəstəliyi hərbi xidmət dövründə alınmışdır. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının qayda və şərtləri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir manat məbləğində sığorta edilir. Həmin Qanunda sığorta hadisəsi hesab edilə bilən halların dairəsini konkret müəyyən etmişdir və maddədə sadalanan halların baş verməsi sığorta hadisəsi hesab edilir və buna görə sığorta olunanlara həmin maddə ilə müəyyən edilmiş faiz nisbətlərində sığorta ödənişləri verilir. Hazırkı iş üzrə iddiaçının xəstəliyi hərbi xidmət dövründə alınmış olsa da, hərbi xidmət dövründə alınmış xəstəlik qanunla sığorta hadisəsi hesab edilmədiyindən şirkət tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi sığorta qanunvericiliyinin tələblərinə tam uyğun olmuşdur. Belə ki, AR Mülki Məcəlləsinin 935.1.8ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən verilən 30 noyabr 2021-ci il tarixli, İddiaçı ünvanlanan məktubdan görünür ki, iddiaçı xəstəlik ilə əlaqədar müraciət etmiş, bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin 17.11.2021-cİ il tarixli arayışından görünür ki, arayış verilir 1994-cü il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 08.01.2021-ci il tarixdən 25.09.2021-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində həqiqi hərbi xidmət keçmişdir. 16.09.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İİ qrafası 26 c maddəsinə (AR NK-nın 29.02.2008-ci il tarixli 59 saylı qərarı) əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək 25.09.2021-ci il tarixdə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İş materiallarında olan 16.09.2021-ci il tarixli, 19965 №-li Xəstəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı 09.08.2021-23.08.2021- 214 nömrəli hərbi hissədə; 07.09.2021-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Şəhadətnamədən görünür ki, sol gözün sadə hipermetropik astiqmatizmi, Em və Hm 1,0 D nəticəsində görmə itiliyini, 0, 6-a qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Xəstəlikdir, hərbi xidmət dövründə alınmış, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1746/2022 saylı, 10.02.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmişdir. İddiaçı 01.03.2022-ci il tarixdə qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1746/2022 saylı, 10.02.2022-ci il tarixli qərardadının ləğv olunması və işə aidiyyəti üzrə baxılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1746/2022 saylı, 02.03.2022-ci il tarixli qərardadından görünür ki, şikayət təmin edilməmiş, şikayət iş materilları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3095/2022 saylı, 04.04.2022-ci il tarixli qərardadı ilə, İddiaçı şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1746/2022 saylı, 10.02.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iddia ərizəsinin mümkünlüyünə (icraata qəbuluna) yenidən baxılması üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, şəxs 08.01.2021-ci il tarixdən 25.09.2021-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. 16.09.2021-ci il tarixdə MN-nin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən xəstəliyi ilə əlaqədar olaraq ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olması (ölüm) halında; sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd; sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi; b) əlillik halında: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti; hərbi bilet (yaxud onu əvəz edən sənəd); Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 08.01.2021-ci il tarixdən 25.09.2021-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. 16.09.2021-ci il tarixdə MN-nin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən xəstəliyi ilə əlaqədar olaraq ehtiyata buraxılmışdır. O, sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin sığorta ödənişi verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında imtina edir. Məhkəmə hesab edir ki, İddiaçı xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. Bu isə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununa əsasən sığorta hadisəsi hesab edilmir. Ona görə də iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilməsi əsaslıdır, iddia isə əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar