Məhkəmə qərarları › İş №e-2(006)-1792/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1792/2022

21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1792/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1, vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “birgə nikahdan əldə edilən kredit borcu üzərində payların müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “birgə nikahdan əldə edilən kredit borcu üzərində payların müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCdən 48 ay müddətinə, hər ay 220 manat olmaqla ödəmə şərti müəyyən edilmiş 105CLM33507128AA saylı müqavilə üzrə götürülmüş 6600 (altı min altı yüz) manat, ümumilikdə isə 10 560 manat məbləğində kredit borcu üzərində ½ paylarının tanınmasını və kredit borcu üzrə müəyyən edilmiş ümumi məbləğin 10 560 manat pulun ½ hissəsi, yəni 5280 (beş min iki yüz səksən) manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə nikahda olmuş, birgə nikahdan 2 uşaqları vardır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Faktiki olaraq tərəflər 2021-ci ilin aprel ayından ayrılmış və ayrı-ayrı ünvanlarda yaşamışlar. Birgə nikah dövründə iddiaçı öz adına 48 ay müddətinə, hər ay 220 manat ödəmək şərti ilə xx.xx.2019-cu ildə "xxxx" ASC-də 105CLM33507128AA saylı müqaviləyə əsasən 6600 (altı min altı yüz) manat gündəlik tələbat kredit xətti götürmüş, kreditin pulunu götürdükdən sonra həmin məbləğin bir hissəsini əvvəlcədən götürdükləri ümumi kredit borcunun bir hissəsinə ödəmiş, qalan məbləği isə evə divan, cavabdehə 500 manat dəyərində telefon və uşaqlara velosiped almağa xərcləmişlər. Götürdükləri kredit borcu oktyabr ayına 3779,53 manat təşkil etmişdir. Banka aylıq ödənişlər iddiaçının maaşından birbaşa ona xəbərdarlıq edilmədən bank tərəfindən kartdan tutulur. Cavabdeh isə istər nikah dövründə, istərsə də faktiki ayrıldıqdan sonra həmin borc üzrə hər hansı ödəniş etməmiş, kreditin ödənilməsində köməklik etməmişdir. Borc məbləği 48 ay müddətində hər ay 220 manat ödəməklə, ümumilikdə 10 560 manat, həmin məbləğin ½ hissəsi isə 5280 manat təşkil edir. Ona görə də iddiaçı həmin kredit borcu üzərində ½ paylarının tanınmasını, bank tərəfindən bütövlükdə həmin məbləğlər iddiaçıdan tutulduğundan, tanınmış paya münasibətdə cavabdehə aid kredit borcunun iddiaçıya ödənilməsini məqsədəmüvafiq edərək, iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Belə ki, iddiaçı əvvəlki məhkəmə iclaslarında iddia ərizəsində qeyd etdiklərinə əlavə olaraq bildirmişdir ki, cavabdehlə birgə nikah dövründə evin bütün xərclərini, demək olar ki, özü çəkmiş, cavabdeh birgə nikahdan olan uşaqlarına qarşı məsuliyyətsiz olmuş və onlara qayğı göstərməmişdir. Qarşılıqlı razılıq əsasında bankdan götürdükləri kredit ilə evin və uşaqların lazımi xərcləri qarşılanmışdır, çünki cavabdeh ailəni kifayəq qədər lazımi səviyyədə saxlaya bilməmişdir. Buna görə də kredit götürmüşlər. Hazırda ödənişləri çətinliklə edir. Bu səbəbdən iddiaçının iddia tələbləri təmin olunmalıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirakını təmin etmişdir. Əvvəlki məhkəmə iclaslarından birində iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etməyib bildirmişdir ki, iddiaçı həmin krediti əsasən üzündə plastik əməliyyatlar etmək məqsədilə götürmüşdür. Lakin həmin kredit məbləğindən cavabdehin adına olan əvvəlki krediti bağlamaq üçün 486 manat “X5” ASC-yə ödənilmişdir. Əlavə olaraq, iddiaçı ilə 2021-ci ilin aprel ayından birgə yaşamadıqlarını, münasibətlərinin isə 2021-ci ilin yanvar ayından etibarən pozulduğunu qeyd etmişdir. Divan mebelinin təxminən 2016-2017-ci illərdə, yəni kredit müqaviləsindən əvvəl 375 manata alındığını, velosipedin kredit məbləği hesabına alınmadığını, mobil telefonun isə onun ad gününə hədiyyə olaraq alındığını və hazırda qiymətini xatırlamadığını bildirərək, iddiaçının gözaltı, yanaq və iki dəfə olmaqla burun əməliyyatları etdiyini də əlavə etmişdir. İddiaçı tərəfindən götürülən kreditin ailənin maddi ehtiyacları üçün xərclənmədiyini və zəruri xərclərin onun tərəfindən qarşılandığını bildirərək, iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyib əvvəlki məhkəmə iclasında verdiyi izahata uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Belə ki, cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında bildirmişdir ki, cavabdeh onun oğludur. "xxxx" ASC-dən götürülmüş kredit iddiaçının plastik əməliyyatları və zinyət əşyaları üçün xərclənmişdir. Cavabdeh ailəsinin zəruri ehtiyaclarını və xərclərini daimi olaraq qarşılamışdır. Tərəflərin ailə münasibətlərinin pozulmasına səbəb iddiaçının dözülməz xarakteri olmuşdur. Cavabdeh bu münasibətlərdən çox böyük fiziki və psixoloji sarsıntı keçirmiş, xx.xx.2021ci il tarixdə nikahın pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və tərəflər boşanmışlar. Kreditin pulu ilə cavabdehə alındığı iddia edilən mobil telefon onun iştirakı ilə cavabdeh tərəfindən alınmış və cavabdehin adınadır. Divan mebeli və uşaqlara alınan velosipedlərin xərci isə onun tərəfindən çəkilmişdir. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil cavabdehin və onun nümayəndəsinin izahatlarını təsdiq edərək iddia tələblərini qəbul etmədiklərini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 105CLM33507128AA saylı kredit müqaviləsindən görünür ki, bank İddiaçı 6600 (altı min altı yüz) manat məbləğində pul vəsaitini 24,72 % dərəcəsi ilə 48 ay müddətində ödəmək şərti ilə şəxsi istehlak təyinatlı gündəlik tələbat kreditinin verilməsini, İddiaçı isə kredit üzrə borcları qaytarmağı, kreditdən istifadəyə görə hesablanacaq faizləri və digər borcları banka qaytarmağı öz öhdələrinə götürmüşlər. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli 105CLM33507128AA saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, İddiaçı tərəfindən Banka sözügedən müqavilə üzrə 47 ay müddətində hər ay 217,81 manat, sonuncu ay isə 225,22 manat olmaqla, cəmi 10 462,29 manat məbləğində ödəniş edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən “X5” ASC-yə 486 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “X5” ASC-yə 488 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən “Meizu M8 4/64 GB” markalı mala görə "xxxx" MMC-yə 329,99 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s.” tələblərinə dair iddia ərizəsi xx.xx.2021-ci il tarixində Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3241/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və Bakı şəhəri Yasamal rayonu VVADQ şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 245 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Mülki işin materiallarında olan AZ-İ seriyalı 411590 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, nikaha xx.xx.2021-ci il tarixində xitam verilmiş və bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 389 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli MŞİH 09660 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işin materiallarında olan “X4”nın xx.xx.2022-ci il tarixli 01/211 saylı cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə klinikanın mərkəzi kompüter sisteminin serverində baş vermiş texniki nasazlıq nəticəsində məlumat və informasiya bazasında olan bütün məlumatlar silinmişdir, bu səbəbdən də, İddiaçı barəsində hər hansı məlumatın verilməsi mümkün olmamışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 157000/1-2978 saylı cavab məktubundan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 105CLM33507128AA saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 5033,78 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3146,40 manat ödəniş olunmuşdur. İş üzrə məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar, İddiaçı birgə nikah dövründə xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə 105CLM33507128AA saylı kredit müqaviləsi bağlamış və bankdan şəxsi istehlak təyinatlı gündəlik tələbat krediti qismində 6600 (altı min altı yüz) manat məbləğində pul vəsaitini 24,72 % dərəcəsi ilə 48 ay müddətində ödəmək şərti ilə götürmüşdür. Həmin kredit məbləği hesabına xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən “X5” ASC-yə 486 manat və xx.xx.2019-cu il tarixdə “Meizu M8 4/64 GB” markalı mala görə "xxxx" MMC-yə 329,99 manat məbləğində pul ödənilmişdir. Sonradan tərəflər arasında münasibətlər pozulmuş, hazırki iş üzrə Cavabdeh iddiaçı qismində hazırki iş üzrə İddiaçı qarşı “nikahın pozulması və s.” tələblərinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixində Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Faktiki olaraq həmin vaxtdan birgə yaşamamışlar və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(006)-3241/2021 saylı qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Həmçinin, iş materialları və məhkəmə tərəfindən verilən sorğulara təqdim edilmiş cavablar əsasında məhkəmə tərəfindən müəyyən edilən digər mübahisəsiz hal ondan ibarət olmuşdur ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə götürülmüş kredit üzrə kreditin götürüldüyü gündən tərəflərin münasibətlərinin pozulmasınadək olan birgə təsərrüfat apardıqları müddətdə, yəni xx.xx.2019-xx.xx.2021-ci il aralığında iddiaçı tərəfindən banka 5033,78 manat, münasibətlər pozulduqdan və tərəflərin faktiki olaraq birgə təsərrüfat aparmadıqları müəyyənləşdirildikdən sonra, yəni xx.xx.2021-xx.xx.2022-ci il aralığında isə 3146,40 manat məbləğində ödəniş edilmişdir. Birgə təsərrüfat apardıqları dövrdə 6600 manat məbləğində kredit götürülmüş pul vəsaitinin cəmi 815,99 manat (486+329,99) hissəsi ailənin ümumi ehtiyacları üçün xərclənmişdir. Qalan hissənin ailənin saxlanılması ilə əlaqədar çəkilmiş məsrəflərə aid edilməsini təsdiq edəcək hər hansı sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə müəyyən etdi ki, birgə nikah dövründə iddiaçı tərəfindən 6600 manat məbləğində kredit götürülmüş, tərəflərin birgə təsərrüfat apardıqları dövrdə bu məbləğin yalnız 815,99 manat hissəsinin ailə ehtiyacları üçün xərcləndiyi sübuta yetirilmişdir. Bununla əlaqədar ailə qanunvericiliyinin tələblərindən irəli gəlir ki, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, birgə nikah dövründə iddiaçı tərəfindən götürülmüş 6600 manat məbləğində kredit borcunun birgə təsərrüfata xərclənən hissəsinə (815,99) nəzərən, cavabdehin ümumi kredit borcundakı payı 407,99 manat məbləği ilə müəyyən edilərək, iddiaçının tərəflərin münasibətləri pozulduqdan və birgə təsərrüfat aparmadıqları müəyyənləşdirildikdən sonra, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən ödənilmiş 3146,40 manat (əsas və faiz borcu) məbləğinə münasibətdə cavabdehdən tələbetmə hüququ yaranmışdır. Məhkəmə göstərilənləri əsas götürərək, iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan məbləği aşağıdakı kimi müəyyən etmişdir: 1) 815,99 / 2 = 407,99 2) 407,99 / 6600 * 100 = 6,18 % 3) 3146,40 * 6,18 / 100 ≈ 195 Beləliklə, məhkəmə tərəfindən gəlinən nəticəyə əsasən, iddia tələbi qismən təmin edilərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək iddiaçı tərəfindən ödənilmiş 3146,40 manat hissəsinə münasibətdə Cavabdeh 195 manat pul tutularaq İddiaçı ödənilməlidir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi isə Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, nikah dövründə ər və ya arvadın kredit müəssisələrindən aldığı kreditin onların ümumi birgə əmlakına daxil olubolmaması məsələsi ilə bağlı ilk növbədə əşya hüquq institutunun əmlak anlayışına aydınlıq gətirilməlidir. Əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Beləliklə, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ərarvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxıstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Qanunvericilikdə ər-arvadın ümumi əmlakının bölgüsü ilə bağlı mülki hüquq subyektlərinin iradə azadlığına hər hansı məcburi məhdudiyyət qoyulmamışdır. Ailə Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, ər-arvadın ümumi əmlakı istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra onlardan birinin tələbi əsasında bölünə bilər. Həmçinin, kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə əmlakın bölgüsü həyata keçirilir. Qeyd olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Belə ki, Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əmlakdakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Göründüyü kimi, hazırki iş üzrə məhkəmə əhəmiyyətli hesab olunan bütün halları ətraflı araşdırmış, belə ki, tərəflərin rəsmi nikah münasibətlərində olduğu və birgə təsərrüfat apardıqları müddət ərzində etdikləri ödənişin, rəsmi nikah münasibətlərində olduqları halda birgə təsərrüfat aparmadıqları və rəsmi nikah pozulandan sonrakı müddət ərzində iddiaçı tərəfindən edilmiş ödənişin məbləğini müəyyənləşdirmiş, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunan hissəsini dəqiqləşdirərək, iş üzrə yekun nəticəyə gəlmişdir. Oxşar hüquqi mövqe Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-5607/2021 saylı və xx.xx.2022-ci il tarixli 2(102)-821/2022 saylı qərarlarında da ifadə olunmuşdur. Belə ki, qərarlardan görünür ki, ər-arvadın borcunun bölünməsi üçün həmin borcun ümumiliyi olmalı, yəni borcun ailənin ehtiyaclarına sərf edilməsi müəyyən edilməlidir. Bunun üçün məhkəməyə əsaslı sübutlar təqdim edilməli, bu sübutların mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli 105CLM33507128AA saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək iddiaçı tərəfindən ödənilmiş 3146,40 manat hissəsinə münasibətdə Cavabdeh 195 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar