Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1822/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsindən azad edilmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsindən azad edilmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay ödənilməsi nəzərdə tutulan 154 (bir yüz əlli dörd) manat alimentin ödənilməsindən və bu qətnamənin qanuni qüvvəyə mindiyi günə Cavabdeh olan 1848 (bir min səkkiz yüz qırx səkkiz) manat aliment borcunun ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ayrıldıqdan sonra uşaqları onda qalmış, məhkəməyə müraciət edərək üç nəfər uşaqlarının ona verilməsi və aliment təyin edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində işə baxılsada cavabdeh apellyasiya şikayəti verdiyindən iş yenidən Bakı Apellyasiya Məhkəməsində baxılaraq xx.xx.2019-cu ildə qətnamə çıxarılmış, qətnamə ilə 1 nəfər - 2007-ci il təvəllüdlü qızının cavabdehdə qalması, digər 2 nəfər uşaqların isə cavabdehdən alınıb ona verilməsi və uşaqların ona verildiyi vaxtdan alimentin hesablanması qət edilmişdir. Eyni zamanda 1 nəfər - 2007-ci il təvəllüdlü qızı cavabdehə verildiyindən ondan 154 manat alimentin tutularaq Cavabdeh verilməsi göstərilmişdir. Məhkəmə qətnaməsi çıxdıqdan sonra Ceyhun uşaqları ona qaytarmamış, ona kəsilən alimentin hesablanması xx.xx.2019-cu ildən başlandığı halda cavabdeh uşaqları ona vermədiyindən onun hissəsində aliment icra edilməmişdir. 2020-ci ilin sentyabr ayında bir qızını cavabdehdən icra ilə ala bilmiş, digər bir nəfər uşağı isə cavabdehdə qalmışdır. Buna baxmayaraq 3 aya yaxındır ki, cavabdeh bir nəfər uşağın alimentini ödəmir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına gələ bilməyəcəyini qeyd etmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iş üzrə yazılı etiraz verərək iki övladı X6 və X4 hal-hazırda onun himayəsində olduqlarını, iddiaçının iş tapmaq üçün heç bir cəhd etmədiyini və aliment ödəməkdən boyun qaçırdığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Masallı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 008912 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 312 №-ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 327263 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 382 №-ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 313590 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 416 №-ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13397/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-617/2018 saylı qətnaməsi ilk iddianın alimentin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi alimentin tutulması hissəsində təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 154 (bir yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməsi və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2027/2020 saylı xx.xx.2020-ci il tarixli qəraının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin əməkdaşalrı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13397/2019 saylı qətnaməsinin icrası zamanı İddiaçı ilə Cavabdeh övladları X5 anası İddiaçı verilmiş, digər övladları X7 isə anası ilə getməkdən imtina etdiyi üçün atası Cavabdeh yanında saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏƏSMN-nin MEİS-in çıxarışlarından görünür ki, İddiaçı işaxtaran statusunda olmaqla pensiya, ünvanlı dövlət sosial yardımı, işsizlikdən sığorta ödənişi, sosial müavinət və ya təqaüd almır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yuxarıda sadalanan normaların tələblərinə əsasən qanunvericilik şəxsin aliment ödəməkdən azad olunması üçün konkret hallar müəyyən etmişdir. Bu hallara, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması və ya tərəflərin diqqətəlayiq başqa maraqları aiddir. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, məhkəmələr tərəfindən İddiaçı aliment tutularkən onun işsiz olması, qazanc və gəlirləri barədə heç bir məlumat olmaması faktı nəzərə alınmış və bu səbəbdən aliment sabit pul məbləğində müəyyən edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, tərəflərin birgə nikahdan olan övladı X6 məhkəmə qətnaməsi ilə, digər övladları X7 isə faktiki olaraq işin icra mərhələsində atasının yanında qalmış, anası ilə getməkdən imtina etmiş və hal-hazırda hər iki uşaq ataları Cavabdeh himayəsindədir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən İddiaçı nikah pozulduqdan və aliment tutulmasından sonra ailə və ya maddi vəziyyətində hər-hansı bir dəyişikliyin olması və ya diqqətəlayiq başqa bir hallar məyyən edilməmişdir. Məhkəmə qeyd olunan xüsusatlara və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 saylı Qərarına istinad edərək qeyd edir ki, hazırki iş üzrə aliment məbləği ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğu halda iddiaçı tərəfindən hər hansı gəlirlərinin olmamasına istinad edilməsi onun aliment ödəməkdən azad edilməsinə əsas vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı 1848 manat məbləğində aliment borcu onun xəstəliyi və ya digər üzürlü səbəblərdən yaranmadığına görə, onun aliment borcunun ödənilməsindən azad edilməsi məqsədəmüvafiq deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mülki-prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi cavabdehin üzərinə düşdüyündən (iki uşaqla bağlı), bir uşağa görə 154 manat məbləğində alimentin iddiaçıdan tutulmasına əsas verir. Eyni zamanda, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən və yaranmış aliment borcunun ödənilməsi vəzifəsindən azad etmir. Bu hüquqi mövqe Ali Məhkəmənin yuxarıda göstərilən qərarında da əks olunmuşdur. Belə ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsindən azad edilmə» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1822/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1822/2021
03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver