Məhkəmə qərarları › İş №e-2(006)-1826/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1826/2025

29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1826/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan14 avqust 2009-cu il təvəllüdlü X4 və 08 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün, hazırda tutulan aliment məbləğinin azaldılaraq, hər ay hər iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə Nəsimi Rayon Qeydiyyat şöbəsində nikah aktı bağlamışdır. Onların birgə nikahından 14 avqust 2009-cu il təvəllüdlü X7 və 08 mart 2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Aralarında bağlanmış nikah aktı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə pozularaq hər iki övladının saxlanılmaları üçün aliment tutulması qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02825 nömrəli arayış verilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı rəsmi olaraq "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən satış üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq 560 (beş yüz altmış) manat məbləğində iş yerindən arayışa əsasən əmək haqqı alır. Hazırda iş üzrə hər iki uşağa görə alimentin məbləği mülki qanunvericiliklə müəyyən edilmiş qaydada əmək haqqımın, qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi tutulmalıdır. Həmçinin, hazırda əmək haqqından digər borc tutulmaları da vardır. Eyni zamanda iddiaçının da maddi təminatı və normal dolanışığı ilə bağlı ondan əsassız və qeyri-mütənasib artıq tutulmalar yolverilməzdir. Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, tutulacaq alimentin miqdarının, eyni zamanda iddiaçının və ailə quracağı şəxsin təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. dair məsələlərə diqqət yetirməlidir.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “barışıq sazişi ilə müəyyən edilən sabit pul məbləğində aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilərək, ərizə geri qaytarılmış, Cavabdeh “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

4. Cavabdeh etiraz ərizəsi təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı sadəcə 1 ildir ki, rəsmi olaraq qeyd etdiyi şirkətdə işləyir və əmək haqqı alır. Lakin buna baxmayaraq, artıq 2 ilə yaxındır ki, aralarında bağlanmış barışıq sazişinə əsasən rəsmi əmək haqqından daha çox, yəni 900 manat aliment ödəyir. Bu hal onu təsdiq edir ki, iddiaçının gəlirləri daha çoxdur. Hazırda alimentin azaldılması barədə qaldırmış olduğu iddiası birgə nikahdan olan uşaqların saxlanmasından yayınmaq və məsuliyyətdən kənar durmaqdır. İndiki dövrdə uşaqlar böyüdükcə tələbatlarını ödəmək üçün pula ehtiyac yaranır. Cavabdeh uşaqların maddi tələbatını ödəməyə çətinlik çəkir. Uşağın təhsili ilə əlaqədar mütəmadi olaraq xərcləri artır.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

7. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Doğum haqqında AZ-İİ seriyalı 344240 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2009cu il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdehdır.

10. Doğum haqqında AZ-İİ seriyalı 676819 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 atası İddiaçı, anası Cavabdehdır.

11. İddiaçı (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında Bakı 4 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, birinci tərəf ikinci tərəfə X7 və X6 üçün hər ay üçün 900 manat məbləğində aliment ödəyəcəyi barədə öhdəlik götürdü. Alimentin 500 manatı uşaqların təhsil xərcləri üçün, qalan 400 manatı isə yaşayacaqları mənzilin kirayə haqqı üçün nəzərdə tutulur.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1187/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Bakı Nikah Evində (Səadət Sarayında) bağlanmış və akt qeydləri kitabında 876 № ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Nəsimi rayon qeydiyyat şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(006)-1187/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini aldığından icra edilməsi üçün göndərilmişdir (Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda həmin qətnamənin icra olunduğu qeyd edilmişdir).

14. Nikahın pozulması haqqında AZ-İ seriyalı 460897 nömrəli şəhadətnamədən görünür ki, iddiaçı ilə cavabdehin nikahı Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir.

15. “mygov”dan xx.xx.2024-cü il tarixli çıxarışın "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş surətindən görünür ki, iddiaçı həmin MMC-də satış üzrə mütəxəssis vəzifəsində işləyir, aylıq əmək haqqının məbləği 560 manat təşkil edir.

16. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02825 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır.

17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-7365/2025 nömrəli qərardadından görünür ki, Cavabdeh və digərləri İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.

18. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı fərdi şəxsi hesabında 2023-cü il barədə məlumat aşkar edilməmişdir. Məktuba qoşma edilərək təqdim edilmiş sığortaolunanın hesabından görünür ki, o, öz VÖEN-i ilə fəaliyyət göstərərək 2021-ci ilin iyul-dekabr ayları üzrə hər ay 250 manat, 2022-ci ilin bütün ayları üzrə hər ay 300 manat gəlir əldə etmiş, 2024-cü ilin yanvar ayından etibarən "xxxx" MMC-də işləyərək, ilin bütün ayları üzrə hər ay 560 manat əmək haqqı alması qeyd edilmişdir.

19. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən, İddiaçı (VÖEN: **********) gəlir vergisi bəyannaməsinə əsasən əldə edilmiş xalis gəlir məbləği 2021-ci il üzrə 7.938,20 manat, 2022-ci il üzrə 4.117,20 manat təşkil etmişdir. Eyni zamanda, uçot-baza məlumatlarına əsasən, onun 2024cü il üzrə əmək haqqı fondu məbləğinin 6.720 manat (aylıq 560 manat) qeyd edildiyi müəyyən edilmişdir.

20. Bakı Şəhər MKTD 2 saylı Xüsusi Təyinatlı MKTB 70 saylı MKİS tərəfindən verilmiş 534 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 243 saylı evin giriş-5, 49 nömrəli mənzilində qeydiyyatda olsa da, həmin ünvanda yaşamır.

21. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən, İddiaçı (VÖEN: **********) 2021-ci il gəlir vergisi bəyannaməsi üzrə 12.724 manat, 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə isə 10.740 manat gəlirinin olduğu müəyyən edilmişdir. Əlavə olaraq, onunla "xxxx" MMC arasında xx.xx.2023cü il tarixdə bağlanmış xxxxxxx000200 bildiriş nömrəli əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 560 manat olmaqla 2024-cü il üzrə 6.720 manat gəlirinin olduğu müəyyən olunmuşdur.

22. X5 Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş cədvəldən görünür ki, İddiaçı 2014-2020-ci illər üzrə əmək müqaviləsi əsasında işləmiş, xx.xx.2020-xx.xx.2023-cü illər ərzində qüvvədə olan əmək müqaviləsi olmamış, xx.xx.2023-cü il tarixdən hazıradək isə 560 manat əmək haqqı almaqla "xxxx" MMC-də işləyir (əmək müqaviləsi ilə bağlı bütün elektron bildirişləri məktuba əlavə edilmişdir).

23. İş materiallarına 2022-2023-cü illər üzrə cavabdehin əmək müqaviləsi ilə bağlı elektron bildirişləri, iddiaçı ilə bağlanmış 2020-2021-ci illərdə qüvvədə olan kirayə müqaviləsi, cavabdehin kart hesabından çıxarış və s. əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

24. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Əliyeva Kamal və xx.xx.2011-ci il təvəllüdlü Əliyeva Fəray anadan olmuşdur.

25. Sonradan – xx.xx.2022-ci il tarixdə tərəflər Bakı 4 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlayaraq, nikahın pozulması, uşaqların analarının himayəsində qalması, uşaqlarla valideynlərin maneəsiz ünsiyyəti, iddiaçının cavabdehə 900 manat məbləğində aliment ödəməsi, belə ki, alimentin 500 manat hissəsinin uşaqların təhsil xərcləri üçün, qalan 400 manat hissəsinin isə yaşayacaqları mənzilin kirayə haqqı üçün nəzərdə tutulması, birgə nikah dövründə əldə etdikləri avtomobildən hər ikisinin istifadə etmələri barədə razılığa gəlmişlər.

26. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir.

27. Hazırda iddiaçı aylıq 560 manat əmək haqqı almasını, əmək haqqından digər borc tutulmalarının da aparılmasını, buna görə maddi təminatının əhəmiyyətli dərəcədə aşağı olmasını əsas gətirərək, barışıq sazişinə əsasən ödədiyi alimentin məbləğinin azaldılaraq gəlirlərinin 1/3 hissəsində tutulmasını; cavabdeh isə iddiaçının diş texniki olduğunu, birgə təsərrüfat apardıqları dövrdə ailəyə aylıq təxmini 2.000-3.000 manat xərc çəkdiyini, rəsmi əmək haqqının həmişə aşağı olduğunu, lakin digər gəlirlərinin olduğunu, belə ki, aylıq əmək haqqı 560 manat olduğu təqdirdə, sazişdə göstərilən 900 manat aliment məbləğini davamlı ödədiyini, bunun da onun qeyri-rəsmi qazancının olmasına dəlalət etdiyini, iddiaçının ödədiyi məbləğin yalnız uşaqların təhsil xərclərinə və kirayə puluna çatdığını, özünün aldığı maaşın isə xəstəliyi ilə bağlı tibbi xərclərin ödənilməsinə sərf olunduğunu bildirib, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.

c) Məhkəmənin mövqeyi:

28. Məhkəmə ilk öncə qeyd etməyi zəruri sayır ki, ailə qanunvericiliyinə müvafiq olaraq alimentlə bağlı saziş imzalandıqdan sonra tərəflərin maddi və ailə vəziyyətlərində əsaslı dəyişiklik olduğu, lakin onlar qarşılıqlı razılıq əldə etmədiyi halda, tərəflər hər biri yeni iddia vermək yolu ilə aliment məbləğinin dəyişdirilməsini (azaldılmasını və ya artırılmasını) tələb etmək hüququna malikdirlər. Bu baxımdan hazırda iddiaçı alimentin azaldılması barədə tələblə müraciət etsə də, tələbin mahiyyətindən və iş materiallarından göründüyü kimi o, həm də qarşılıqlı razılıqları əsasında əvvəllər sabit pul məbləğində müəyyən edilmiş alimentin tutulması qaydasının dəyişdirilərək alimentin onun gəlirinin müəyyən hissəsi kimi tutulmasının müəyyən edilməsini xahiş edir. Lakin ailə qanunvericiliyinin aliment tutulmasını tələb edən şəxsə tanıdığı seçim hüququna görə, aliment məhz həmin şəxsin tələbi ilə sabit pul məbləğində və ya qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Yəni alimentin tutulma qaydası barədə tələbə dair məhkəmə qətnaməsi onun tutulmasını tələb edən şəxsin xahişi əsasında uşaqların üstün mənafeyi və əvvəlki təminatlarının maksimal saxlanması əsas götürülməklə qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi mümkün deyildir.

29. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının tələbi həm də uşaqların üstün mənafeyinə də ziddir. Belə ki, onların bütün qayğılarının iddiaçının üzərində olması qanunvericiliyə görə yaşayış minimumu həddində alimentin cavabdehdən tutulmasına əsas verdiyi halda, alimentin cavabdehin qazancının 1/3 hissəsində (təxminən 187 manat 2 uşağa, bir uşağa isə 93,50 manat) müəyyən edilməsi uşaqların üstün mənafeyinə zidd, 2025-ci il üzrə uşaqlar üçün dövlət tərəfindən müəyyənləşdirilmiş yaşayış minimumundan (246 manat) əhəmiyyətli dərəcədə aşağı və ədalətsiz hesab olunur. Habelə qanunda alimentin qazancın bir hissəsi kimi təyin edilməsini istisna edən hallardan birinin də – “tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda” mövcud olması onu deməyə əsas verir ki, barışıq sazişi imzalandıqdan bir müddət sonra iddiaçının aylıq 560 manat əmək haqqı aldığı vəzifədə işləməyə başlaması ilə iddiaçının maddi vəziyyətində dəyişiklik olması barədə dəlil özlüyündə tələbin təmin edilməsi üçün əsas hesab olunmamalıdır. İddiaçının bu dəlili həm də ona görə əsaslı hesab olunmur ki, məhkəmə tərəfindən müvafiq dövlət qurumlarından əldə olunmuş iddiaçının barışıq sazişini bağladığı vaxt və hazırkı tarixə olan gəlirləri barədə məlumatlar əsasında müəyyən edilir ki, iddiaçının barışıq sazişi bağladığı vaxtdan hazırkı iddia ilə müraciət etdiyi vaxta kimi aylıq rəsmi gəliri azalmamış, əksinə artmışdır. Belə ki, iddiaçı aylıq 300 manat rəsmi gəliri olduğu bir vaxtda uşaqların aylıq 900 manatlıq xərcini ödəməyə razılıq vermiş və faktiki olaraq 3 ilə yaxın müddətdə bu məbləği ödəmişdir. Hazırda isə o, 560 manat əmək haqqı alır. Bu hal məhkəmə tərəfindən iddiaçının maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik kimi qiymətləndirilir və məhkəmə göstərilənlərə əsasən, cavabdehin etirazında qeyd etdiyi “iddiaçının əlavə, qeyri-rəsmi gəlirlərinin olması” barədə dəlilini də əsaslı sayır. Əks təqdirdə, aylıq 300 manat əmək haqqı ilə 900 manat xərcin ödənilməsinə könüllü razılıq verilməsi ağlabatan hesab oluna bilməz.

30. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, barışıq sazişində iddiaçı tərəfindən cavabdehə ödənilməsi razılaşdırılmış məbləğin təyinatı onların özünün də qeyd etdiyi kimi, uşaqların təhsil xərcləri və qaldıqları evin kirayə pulu olmuşdur. Yəni tərəflər arasındakı faktiki münasibətlərə, onların həqiqi niyyətinə baxdıqda müəyyən edilir ki, bu barışıq sazişi daha çox uşaqların əlavə xərclərinin iddiaçı tərəfindən qarşılanması, onların əvvəlki təminatına uyğun saxlanmasının təmin edilməsi məqsədilə bağlanmışdır. Uşaqların hələ də məktəbli olması və kirayə evdə yaşamaları müəyyən edildiyindən məhkəmə hesab edir ki, uşaqların əvvəlki təminatına uyğun saxlanması davam etdirilməli olduğundan, hazırda bu məbləğin azaldılması üçün heç bir əsas yoxdur. Ötən müddət ərzində cavabdehin əmək haqqının artması müəyyən edilsə də, iddiaçı hazırkı işdə bu məsələni mübahisələndirməmiş, tələbini yalnız öz maddi vəziyyətinin dəyişməsi ilə əsaslandırmış, cavabdeh isə aldığı əmək haqqını xəstəliyi ilə əlaqədar yaranan xərclərə sərf etdiyini bildirmişdir.

31. Qeyd olunur ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqlar tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaqlar yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşaqların maddi vəziyyətini yaxşılaşdırmayacaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

32. Azərbaycan Respublikası Konstitusiyası: 34-cü maddə, İV bənd. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

33. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 8-ci maddə. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddə. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddə. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

34. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-75.3-cü maddə. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 76.1, 76.1.2-ci maddə. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi aliment tutulur; 78.1-ci maddə. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 95.4-cü maddə. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir.

35. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu: 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

36. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı: 8.13-cü bənd. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməməlidir.

39. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən məhkəmə qeyd edir ki, bu məsələyə qiymət verilməsi iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia təmin edilmədiyindən hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri (dövlət rüsumu və mediasiya xərci) İddiaçı aid edilməlidir.

Nəticə:

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar