Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1832/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndələri X6 və X5 iştirakları ilə İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin mərhum hakimi X2 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq mərhumun varisi olan İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, öz xidməti vəzifəsinin icrası zamanı xərçəng xəstəliyinə yoluxmuş və həmin xəstəlikdən vəfat etmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin mərhum hakimi X2 qanunvericiliklə nəzərdə tutulduğu qaydada 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin vərəsəsi kimi ona ödənilməsini xahiş etmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçının bu müraciətinə baxmış və xx.xx.2023-cü il tarixli, 95/07- 606/23 nömrəli məktubla ona sığorta ödənişinin verilməsindən əsassız olaraq, “təqdim edilmiş sənədlərdən mərhum X2 xidməti vəzifələrinin icrası zamanı vəfat etməsi faktının təsdiqini tapmaması” səbəbindən imtina etmişdir. Bildirmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçının mərhum əri X8 xx.xx.2010-cu il tarixindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, xx.xx.2015-ci il tarixindən isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi olmuşdur. X3 xx.xx.2019-cu il tarixində Bakı şəhəri Nizami Rayon Məhkəməsində öz xidməti vəzifəsini icra edən zaman yaranmış xərçəng xəstəliyi aşkar edilmişdir. O, həmin tarixdən həm Azərbaycanda - X17, həm də Almaniyada - X4 xəstəxanasında müalicələr almış, xx.xx.2019-cu il tarixində əməliyyat olmuş, görülən tədbirlərə baxmayaraq, xx.xx.2020-ci il tarixində həmin xəstəlikdən vəfat etmişdir. Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2V-7 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən İddiaçı mərhum əri X2 qanun üzrə vərəsəsi hesab edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, 098282 saylı, 15 iyul 2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən mərhum X8 "mədənin lokalizasiyalı bədxassəli yenitörəməsi" (mədə xərçəngi) səbəbindən xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Göründüyü kimi baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün hadisə mütləq qaydada xidməti vəzifələrin icrası ilə bağlı olmalıdır. Xəstəlik səbəbindən vəfat etmə sığorta təminatına daxil deyildir. İddiaçı iddia ərizəsində qeyd olunan Qanunun 5-ci maddəsinə istinad etsə də baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə bağlı olmasını təsdiq edən sübut təqdim etməmişdir. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 419-VİQD nömrəli Qanunu ilə "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanuna, o cümlədən "Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər" maddəsinə, yəni ki 7-ci maddəyə dəyişikliklər edilmişdir. Sözügedən dəyişiklik ilə bağlı Qanunun 2-ci maddəsində qeyd olunub ki, bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Bu dəyişikliklər edilərkən artıq dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin 1340 nömrəli Fərmanı ilə 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Sözügedən Fərmanda qeyd olunub ki, dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Sözügedən dəyişikliklərin Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinə heç bir aidiyyati yoxdur və Sığorta Şirkətinə qarşı qaldırılmış əsassız iddiada başqa dövlət qurumu üçün qəbul edilmiş Qanunun müddəları tətbiq edilə bilməz. Bundan başqa iddiaçı iddia ərizəsində Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)939/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına istinad edir və bildirir ki, həmin qərara əsasən baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə bilavasitə bağlı olmasını təsdiq edən arayış tələbi yoxdur. Nəzərinizə çatdırırıq ki, qeyd olunan qərara natamam və təhrif olunmuş formada istinad edilmişdir. Belə ki, həmin qərarda qeyd olunur — "İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də mərhum Fuad Soltanov iş yerində xidməti vəzifələrini icra edərkən "Covid19" virusuna yoluxmuş, vəziyyəti kəskinləşdikdən sonra stasionara yerləşdirilmiş və xx.xx.2020-ci il tarixdə stasionarda müalicədə olarkən vəfat etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin sədri Dövlət Sığorta Kommersiya Şirkətinə məktub göndərərək mərhumun əmək funksiyalarını həyata keçirən zaman "Covid-19” virusuna yoluxduğunu və məhz bu səbəbdən vəfat etdiyini təsdiq etmişdir. Fövqəladə Hallar Nazirliyinin X13 Hospitalının verdiyi epikrizdə və Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə də ölümün səbəbi kimi "Covid-19" virusuna yoluxma göstərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, elmi mənbələrə istinad edilməklə bu xəstəlik barəsində araşdırma aparılmışdır. X1 Milli Xərçəng institutunun verdiyi rəsmi məlumata əsasən bir insanın niyə xərçəngə tutulduğunu və digər insanda isə niyə xərçəngin inkişaf etmədiyini dəqiq bilmək ümumiyyətlə rnümkün deyildir. Bununla belə araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, müəyyən risk faktorları bir insanın xərçəngə tutulma şansını artıra bilir. Xərçəng yaranmasına səbəb olan risk faktorlarına insanın kimyəvi və ya digər maddələrə məruz qalması, həmçinin insanın müəyyən davranışları daxildir. Bunlara həmçinin yaş və insanın ailəsindən gələn tarixi (yəni irsi) və digər nəzarət edə bilmədiyi şeylər daxildir. Müəyyən xərçəng növlərində irsi xərçəng sindromunun əlaməti ola bilər. X1 Milli Xərçəng İnstitutundan başqa X7 xəstəliyi üzrə Elmi- Tədqiqat İnstitutunun verdiyi məlumata əsasən xərçəngin yaranmasında səbəb olan amillər bunlardır: siqaret və tütün - siqaret ən azı 16 müxtəlif növ xərçəngə səbəb olur və tütün dünyada xərçəngin ən böyük səbəbidir; piylənmə və çəki - artıq çəki və piylənmə xərçəngin ikinci ən böyük səbəbidir; günəş və ultraviolet şüaları, alkoqol - spirt döş, ağız və bağırsaq xərçəngi də daxil olmaqla 7 növ xərçəngə səbəb olur, EBV, HİV, hepatit və ya parazitlərlə yoluxma, helicobacter pylori xərçəng riskini artırır. Hormonlar — hormonların qəbulu xərçəng riskini artırır. Məhkəmə, işdə iştirak şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı İddiaçıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə “mədənin dəqiq. lokalizasiyalı bədxas.yenitörəməsi” səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, xx.xx.2015-ci il tarixdən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş, vəfat etməsi səbəbindən xx.xx.2020-ci il tarixdə hakimlik səlahiyyətlərinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, X2 xidməti vəzifələrini icrası zamanı vəfat etməsi faktı təsdiqini tapmamışdır. X2 ölüm səbəbinin onkoloji xəstəlik olması səbəbindən ona sığorta ödənişinin verilməsi qeyrimümkündür. «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2.1.2. sığortaçı - bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərni idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan - barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri; 2.1.4. sığortalı sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının məhkəmələri; 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs - bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi; 2.1.6. sığorta hadisəsi - sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olmasından (vefat etdikdə) ibarət sığorta hadisəsi baş verdikdə, bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 100 faizi həcmində sığorta ödənişi verilir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Məhkəmə qeyd edir ki, mərhum X8 Bakı şəhəri Nizami Rayon Məhkəməsində hakim işlədiyi zaman vəfat etsə də, onun vəfat etməsinin səbəbi olan xəsətiliyin xidməti vəzifələrinin icrası ilə bağlı olmasını, yəni səbəbli əlaqəsini müəyyən etmək mümkün olmur. Belə olan təqdirdə mərhum X2 vəfat etməsi «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən sığorta hadisəsinə aid olmamaqla iddia tələbinin təmin edilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələb barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1832/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1832/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver