Məhkəmə qərarları › İş №e-2(006)-1833/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1833/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1833/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1650 (min altı yüz əlli) manat məbləğində sığorta pulunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi təlimlərdə iştirak edən zaman tank əleyhinə maneə olaraq hazırladıqları beton dirəyin qismən aşması nəticəsində İddiaçı sol körpücük sümüyü sınmışdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xx.xx.2011-ci il tarixdə “sol körpücük sümüyü korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi” cərrahi əməliyyat keçirmişdir. Həmin əməliyyatdan sonra sığorta ödənişinin verilməsi üçün iddiaçı tərəfindən Hərbi Hissə komandanlığına edilmiş müraciətlər müsbət nəticə verməmişdir. İddiaçının müddətli həqiqi hərbi xidmətdən təxris olduqdan sonra sığorta ödənişinin verilməsi üçün müvafiq sığorta orqanına müraciətləri də müsbət nəticə verməmişdir. Xəsarətin dərəcəsinin müəyyən edilməsi barədə ekspertiza rəyinin təsdiqlənmiş surəti ilə iddiaçının müraciətinə cavabdeh orqan xx.xx.2023-cü il tarixli cavab məktubunda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad edərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Həmin qətnamə ilə cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya şirkətinə qarşı "siğorta ödənişinin verilməsi tələbinə dair" iddia xəsarətin dərəcəsi barədə sənəd təqdim olunmadığına görə rədd edilmişdir. Lakin həmin qətnamə iddiaçının sığorta ödənişini almaq və təkrar məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamışdır. Həmin qətnamədə iddiaçıya izah edilmişdir ki, həqiqi hərbi xidmət dövründə aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə aidiyyəti orqana müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir, iddiaçının aldığı xəsarət dərəcəsi müəyyən edildikdən sonra yenidən «sığorta ödənişinin verilməsi» tələbinə dair məhkəməyə müraciət edə bilər. Silahlı Qüvvələrin Mərkəzi Məhkəmə X2 284 nömrəli aktına əsasən, sözügedən xəsarət dərəcəsinə görə sağlamlığa “az ağır zərər” vurmaya aid edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsinə etiraz təqdim edərək, mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, işin faktiki hallarına, İddiaçı tərəfindən təqdim olunmuş sənədlərə və mülkiprosessual qanunverciliyin tələblərinə müvafiq surətdə, iş üzrə icraata xitam verilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 161 nömrəli arayışa əsasən, İddiaçı aldığı travma hərbi xidmət dövründə alınmış, habelə arayışda qeyd olunan diaqnozla müəyyən olunmuş xəstəliyi hərbi xidmət dövründə alınmışdır. İş materiallarında olan canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə 284 nömrəli akta əsasən, İddiaçı almış olduğu xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2010-cu il tarixli qərara əsasən, İddiaçı xəsarət alması faktında cinayət əməli olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. İstinad olunan hər üç sənəddə İddiaçı verdiyi izahatlarda xidmətdə olarkən beton dirəyin çiyninə düşməsi nəticəsində yerə yıxıldığı və fiziki zərbə aldığını bildirmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılmış, həmin Kollegiyanın xx.xx.2022-ci il tarixli, 2(103)-4641/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəyə minmişdir. Həmin mülki iş üzrə məhkəmə araşdırması ilə təsdiq olunmuşdur ki, iddiaçı sığorta ödənişinin alınması tələbi üzrə bu hüququnu təsdiq edən sübutları, o cümlədən qanunvercilikdə nəzərdə tutulmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı ərizəsinə əlavə olunmuş canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə 284 nömrəli aktı əvvəlki mülki iş üzrə apellyasiya baxışının gedişində də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmiş, məhkəmə tərəfindən işə baxılarkən həmin akt qanunvericilikdə nəzərdə tutulmuş arayışı əvəz etmədiyi, dolayısı ilə iddiaçının sığorta ödənişi almaq hüququnu təsdiq etmədiyindən nəzərə alınmamışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı əvvəlki mülki iş üzrə iddianın predmeti və hüquqi əsası ilə eynilik təşkil edən iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmışdır. Əvvəlki və hazırki mülki işlər üzrə iddiaçı tərəfindən sığorta ödənişinin alınması üçün tələb olunan sənəd təqdim edilməmiş, habelə əvvəlki məhkəmə icraatı üzrə məhkəmə tərəfindən aidiyyəti quruma dəfələrlə sorğu məktublarının göndərilməsinə baxmayaraq, məhkəməyə iş materiallarında olan Mərkəzi Hərbi Həkim Komissiyasının 161 nömrəli arayışından başqa sənəd təqdim edilməmişdir. Həmin arayış isə qanunla nəzərdə tutulan arayış hesab olunmur, həmçinin xəsarətin dərəcəsini müəyyən etmir. İstinad olunan sənədlərdən, habelə canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə 284 nömrəli aktdan da göründüyü kimi, İddiaçı izahatında göstərilən şəraitdə xəsarət alması faktı sonuncunun mülahizəsini təşkil edir və xəsarət faktının aktlaşdırılması ilə əlaqədar hər hansı sübut məhkəməyə təqdim edilmir. Buna müvafiq surətdə ekspert rəyində İddiaçı xəsarətinin xarakterini nəzərə alaraq, həmin xəsarətin özünün göstərdiyi şəraitdə alınmasının az inandırıcı olması əsaslandırılmışdır. Həmçinin, iddiaçının xəsarətinin dərəcəsini həmin ekspert rəyi ilə əsaslandırmasına münasibətdə müəyyən məsələlər diqqətə çatdırılmışdır. Əvvəlki mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş və məhkəmə tərəfindən hüquqi qiymət verilərək nəzərə alınmadığına, qanunvercilikdə nəzərdə tutulmuş arayış hesab olunmadığına, eyni zamanda, sığorta hüquq münasibətlərinə aidiyyəti olmadığına görə iddiaçının təqdim etdiyi ekspert rəyi nə yeni hal kimi qəbul oluna, nə də nəzərə alına bilər. Qanunda nəzərdə tutulmuş xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi həkim komissiyasının arayışı dedikdə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli əmri ilə qüvvəyə minmiş Təlimatın 176, 180, 181-ci bəndlərinə 20 nömrəli qoşma başa düşülür və sığorta ödənişi məhz həmin arayış əsasında verilir. İddiaçı nə əvvəlki, nə də hazırki mülki iş üzrə həmin arayışı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddianın hüquqi əsası kimi istinad edilən hal sübuta yetirilmir. Nəticə etibarilə, İddiaçı məhkəməyə əvvəlki iddianın predmeti ilə bağlı yeni hal, yaxud yeni sübutlar təqdim etmədiyindən eyni iddia predmeti barəsində yenidən iddia qaldırmış hesab olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iş yükünün çox olmasına görə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, etirazın məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, iddiaçı xəsarət aldığı dövrdə az ağır xəsarət sığorta hadisəsi hesab edilmirdi. Əvvəlki məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu nəzərə alaraq, mülki işin icraatına xitam verilməsini və ya iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Silahlı Qüvvələrin Məhkəmə X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə 284 nömrəli xx.xx.2010-cu il tarixli aktından görünür ki, İddiaçı almış olduğu xəsarət - sol körpücük sümüyünün sınığı – bərk küt əşyanın xəsarət nahiyəsinə birbaşa zərbəvi təsirindən törənmişdir, müddəti şəxsin məhkəmə-tibbi müayinəsindən 20-25 gün öncə yetirilməyə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd edilən xəsarətin xaraktrerini, yerləşmə yerini nəzərə alıb demək olar ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı özünün göstərdiyi şəraitdə əmələ gəlməsi az inandırıcıdır. Mülki işin materiallarında olan 4-cü Təhqiqat Bölməsinin baş təhqiqatçısı, ədliyyə mayoru X1 xx.xx.2010-cu il tarixli qərarından görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu, əsgər İddiaçı xəsarət alması faktında cinayət hadisəsi müəyyən olunmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 161 nömrəli arayışından görünür ki, İddiaçı barəsində “sol körpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi (19.01.11) cərrahi əməliyyatından sonrakı vəziyyət. Travmadır. Hərbi xidmət dövründə alınmışdır. Neyrosirkulyator asteniya, kardial tip, cüzi dərəcədə ifadə olunmuş vegetativ damar pozulmaları ilə. Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” məzmununda diaqnoz qoyulmuş, travmanın və xəstəliyin səbəb əlaqəsi göstərilmişdir. “Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 (otuz) gün müddətinə məzuniyyət verilməlidir” barədə qərar qəbul edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən görünür ki, iddiaçıya aldığı xəsarət dərəcəsi müəyyən edildikdən sonra yenidən “sığorta ödənişinin verilməsi” tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müavinət qrupu üzrə “Vətən müharibəsi iştirakçılarına” növlü 80 (səksən) manat məbləğində müavinət təyin edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4641/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd edilmişdir ki, iddiaçı aldığı xəsarət dərəcəsi müəyyən edildikdən sonra yenidən “sığorta ödənişinin verilməsi” tələbinə dair məhkəməyə müraciət edə bilər. Mülki işin materiallarında olan İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xəsarətin dərəcəsini göstərən tibbi ekspertiza rəyini təqdim edərək təkrar müraciəti ilə sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 02/S-78/2023 nömrəli cavab məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi rədd edilmişdir. İş üzrə məhkəmənin qeyd olunan qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılmış, Kollegiyanın xx.xx.2022-ci il tarixli, 2(103)-4641/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəyə minmişdir. Sığorta ödənişinin verilməsi tələbinə dair iş üzrə aparılmış məhkəmə araşdırması nəticə ilə də təsdiq olunduğu üzrə, İddiaçı sığorta ödənişinin verilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, tələbin icrası qeyri-mümkündür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı hərbi xidmət keçdiyi 2010-cu ildə sol körpücük sümüyünün sınığı ilə nəticələnən xəsarət almış, aldığı xəsarət xx.xx.2010-cu il tarixdə Silahlı Qüvvələrin Məhkəmə X2 ekspert rəyi ilə qiymətləndirilərək, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. Rəydə xəsarətin iddiaçının göstərdiyi şəraitdə əmələ gəlməsinin az inandırıcı olması qeyd edilmiş, lakin aparılan araşdırma nəticəsində iddiaçının xəsarət alması faktında cinayət hadisəsi müəyyən olunmamış, buna görə də cinayət işinin başlanması rədd edilmişdir. İş materialları əsasında müəyyən edilir ki, xx.xx.2011-ci il tarixdə müvafiq cərrahi əməliyyat aparılmış, xx.xx.2011-ci il tarixdə verilmiş arayışda qeyd edilmişdir ki, “Travmadır və xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır”. Həmçinin, həmin arayışla iddiaçı barəsində “hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 (otuz) gün müddətinə məzuniyyət verilməlidir” məzmununda qərar qəbul edilmişdir. İddiaçı cavabdehə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2(006)-5375/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının hansı dərəcədə xəsarət alması iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçıya izah edilmişdir ki, o, həqiqi hərbi xidmət dövründə aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə aidiyyəti orqana müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir. Əlavə olaraq iddiaçıya aldığı xəsarət dərəcəsi müəyyən edildikdən sonra yenidən “sığorta ödənişinin verilməsi” tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən verilən apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 4641/2022 nömrəli qətnaməsində də qeyd edilmişdir ki, iddiaçı aldığı xəsarət dərəcəsi müəyyən edildikdən sonra yenidən “sığorta ödənişinin verilməsi” tələbinə dair məhkəməyə müraciət edə bilər. Yaranmış zərurətlə əlaqədar 2(103)-4641/2022 nömrəli mülki iş tələb edilərək materialları araşdırılmış və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həqiqətən də, iddiaçı tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizə ilə Silahlı Qüvvələrin Məhkəmə X2 284 nömrəli aktının təsdiqlənmiş surəti nəzərə alınması üçün məhkəməyə təqdim edilmişdir. Ərizədə qeyd edilmişdir ki, iddiaçı çoxsaylı müraciətlərdən sonra xx.xx.2022-ci il tarixində həmin aktı əldə edə bilmişdir. Məhkəmə tərəfindən qətnamədə iş materiallarına müvafiq hüquqi qiymət verilərkən, həmin akta münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tələbin təmin edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, iddiaçının hərbi xidmət dövründə xəstəliklə nəticələnən travma alması, bunun nəticəsində hərbi xidmətə müvəqqəti yararsız hesab edilməsi, müvafiq ekspert rəyi ilə sağlamlığına dəyən zərərin az ağır kimi qiymətləndirilməsi iş materiallarında olan sənədlərlə təsdiq edilir və işin mübahisəsiz hallarını təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, müvafiq qanunvericilikdə nəzərdə tutulmuş sığorta hadisəsi baş verdiyindən iddiaçı sığorta ödənişinin verilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, həmçinin, cavabdeh tərəfin etirazda və məhkəmə iclaslarında verdiyi izahatda qeyd etdiyi dəlillərə münasibət bildirməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən eyni tərəflər arasında, eyni predmet və əsaslarla məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğundan mülki işin icraatına xitam verilməsi məhkəmədən xahiş edilsə də, iş üzrə əvvəllər qəbul edilmiş qətnamələrdə qeyd edilmiş “iddiaçının xəsarət dərəcəsi müəyyən edildikdən sonra yenidən “sığorta ödənişinin verilməsi” tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olması”na dair ifadələrini və iddiaçı tərəfindən təqdim edilmiş Silahlı Qüvvələrin Məhkəmə X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə 284 nömrəli xx.xx.2010-cu il tarixli aktını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, işə mahiyyəti üzrə baxılmalıdır. Belə ki, qeyd edilən aktdan görünür ki, iddiaçıya vurulmuş xəsarətin dərəcəsi müəyyən edilmiş, bu barədə ekspert rəyi verilmişdir. Həmin aktın Bakı Apellyasiya Məhkəməsi tərəfindən əhəmiyyətli hesab olunmayaraq, qətnamədə qeyd edilməməsi dəlilinə münasibətdə qeyd edilir ki, akt mötəbər sübut qismində qəbul edilmədiyi halda da Bakı Apellyasiya Məhkəməsi həmin akta müvafiq hüquqi qiymət verərək, mötəbər hesab olunmamasının səbəbini göstərərdi. Lakin qətnamədə akta münasibət bildirilməməsi və iddiaçıya xəsarət dərəcəsi müəyyən edildikdən sonra yenidən “sığorta ödənişinin verilməsi” tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olmasının qeyd edilməsi onu deməyə əsas verir ki, akt hazırki məhkəmə araşdırması üçün məhz əvvəlki qətnamələr ilə müəyyən edilmiş yeni sübutdur. Buna görə də işə mahiyyəti üzrə baxılmışdır. Aktın mötəbərliyi məsələsinə gəldikdə isə aktın mötəbər hesab olunmaması üçün hər hansı əsas məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, akt mötəbərdir və iddiaçıya dəyən xəsarətin dərəcəsini müəyyən edən və ona sığorta ödənişi təyin edilməsinə əsas verən sübutdur. Aktın əvvəllər qüvvədə olmuş qanunvericilikdə göstərilən arayışla eyni formada tərtib edilməməsi səbəbindən qəbul edilməməli olması dəlilinə münasibətdə qeyd edilir ki, xəsarətin dərəcəsini müəyyən edən sənəd kimi akt məhkəmə tərəfindən iddiaçıya sığorta ödənişinin təyin edilməsinə əsas hesab olunur. Cavabdeh tərəf həmçinin, əvvəllər qüvvədə olmuş qanunvericiliyə müvafiq olaraq iddiaçının xəsarət aldığı dövrdə az ağır xəsarətin sığorta hadisəsi hesab edilməməsini də mübahisələndirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin vaxtlarda formalaşmış məhkəmə təcrübəsinə müvafiq olaraq qanunun analogiyası üzrə yüngül xəsarətlər üçün təyin olunmuş sığorta ödənişi az ağır xəsarətlər üçün də hesablanıb verilirdi. Hazırda isə həmin kateqoriya xəsarətə uyğun da sığorta ödənişinin məbləğini müəyyən edən norma vardır və iddiaçı tərəf həmin normaya istinadən tələb irəli sürmüşdür. Beləliklə, cavabdeh tərəfin dəlilləri iddianın təmin edilməməsi üçün əsas olmadığından, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi qənaəti aşağıdakı hüquq normaları ilə əsaslandırmağı zəruri hesab edir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Qanunun “əsas anlayışlar” adlanan 2-ci maddəsində qeyd edilmişdir ki, sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi; sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaitidir. Həmin Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq, sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Qanunun 8.1, 8.1.2, 8.2-ci maddələrinə görə, sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. Sığorta ödənişinin verilməsindən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir. İş materialları əsasında həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman iddiaçının az ağır xəsarət alması müəyyən edildiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş sığorta məbləğinin 15 faizi (11000 manat x 15 % = 1650 manat) həddində, yəni 1650 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir, buna görə də tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1650 (bir min altı yüz əlli) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1650 (bir min altı yüz əlli) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar