Məhkəmə qərarları › İş №e-2(006)-1874/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1874/2022

04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1874/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə oğlunun, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 413.00 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 07.05.2020-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** PE *** dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3 CDX” markalı avtonəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində ** RN *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. “X3” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** RN *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi 413,00 (dörd yüz on üç) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 09.06.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 413,00 (dörd yüz on üc) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 413,00 (dörd yüz on üç) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə oğlu yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalanan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh 07.05.2020-ci il tarixdə idarə etdiyi “Ravon Nexia R3 CDX” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq “Hyundai Sonata” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobil sahibinə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, iş materiallarından müəyyən olunmuşdur ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Ravon Nexia R3 CDX” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsusdur və yol-nəqliyyat hadisəsi vaxtı cavabdeh yüksək təhlükə mənbəyi olan avtomobili qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə əsasında idarə etmişdir. Qeyd edilənlərə əsasən sığorta şirkəti cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsi yerindən yayındığına istinad edərək sığortalı avtomobilə görə ödədiyi 413 manat məbləğində pulun cavabdehdən subroqasiya qaydasında tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. AD N seriyalı, 745039 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PE-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3 CDX” markalı avtomobilin sahibi "xxxx" MMC-dir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 07.05.2020-ci il tarixli etibarnaməyə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan **-PE-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3 CDX” markalı avtomobilin idarə edilməsini Cavabdeh etibar edir. 24.12.2019-cu il tarixli, PPA ********** nömrəli İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" MMC-yə məxsus olan **-PE-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3 CDX” markalı avtomobil "xxxx" ASC tərəfindən 24.12.2020-ci il tarixinə kimi sığortalanmışdır. 20.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 07.05.2020-ci il tarixdə, saat 19:00-da **-PE-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3 CDX” markalı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC tərəfindən “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” 03.06.2020-ci il tarixli, 102635 nömrəli hesabatdan görünür ki, **-RN-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 413 manat müəyyən edilmişdir. 09.06.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, X2 məxsus olan **-RN- *** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın ümumi məbləği 413 manat məbləğində müəyyən edilmiş və sığorta ödənişi zərərçəkmiş şəxsin hesabına ödənilmişdir. 16.06.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 bank hesabına 413 manat məbləğində pul köçürülmüşdür. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. Cavabdeh hadisə yerindən yayındığından sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə (hadisəni törətmiş şəxsə) qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, həyata keçirilmiş sığorta ödənişi olaraq 413 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 443,40 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. 413 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 443,40 (dörd yüz qırx üç manat, qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar