Məhkəmə qərarları › İş №e-2(006)-1898/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1898/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1898/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Abdulova İlahə Telman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14rşı “çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə 21 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-yə qarşı “çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ona məxsus olmuş Naxçıvan MR Şərur rayon, Siyaqut kəndində 0,1083 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71,80 kv.m yaşayış, 21,60 kv.m qeyri-yaşayış, 41,04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə aldığı çıxarışın etibarsız hesab edilməsi və onun mülkiyyət hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək hazırki işə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddia və ona əlavə onunla əsaslandırılmışdır ki, Naxçıvan MR. İnzibati İqtisadi Məhkəməsinin 2-2(087)-03/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Kapital Bank ASC-nin Şərur rayon filialının cavabdeh X1 qarşı iddia tələbi təmin edilmiş və cavabdehdən 202000 azn əsas, 21866,72 azn faiz, 30 azn dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Ödənilmədiyi təqdirdə tutma ipoteka ilə yüklü edilmiş xx.xx.2011-ci il tarixli, MH ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ X3 məxsus olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində yerləşən, mülkiyyətdə olan 0,1083 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış, 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilmiş və qət edilmişdir ki, bu əmlaklar açıq hərracda satılıb kredit borcu ödənilsin, satışdan-sonra artıq qalan məbləğlər cavabdehə ödənilsin. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 2(110)- 39/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Kapital Bank ASC-nin cavabdehlər X5, İddiaçı, X6, X9, X11, X15 qarşı Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0,1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112,84 kv.m olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması və mülkiyyətçilərin qeyd edilən fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi təmin edilmiş və cavabdehlərin həmin daşınmaz əmlakdan çıxarılması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-57/2022 saylı, 02,06.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Nəzərə çatdırır ki, 2011-ci ilin martın əvvəllərində həyat yoldaşı X5 bildirdi ki, həmkəndlisi və sinif yoldaşı X4 ona təklif edib ki, onun parniki yarımçıq qaldığı üçün həyat yoldaşı evin çıxarışını versin, o bankdan evi girov qoymaqla pul götürsün, bir ay sonra qaytarar. Həyat yoldaşı ona inanaraq etibarnamə vermişdir. Evdə qeydiyyatda olan digər ailə üzvlərinin də razılığı tələb olunduğundan və onlar həmin razılığı vermədikləri üçün X4, notariat ofisi və Kapital Bank ASC əlbir olaraq, notariusda onların adından saxta razılıq ərizələri yazdırmışdır. Həmin razılıq ərizələrindəki imzalar onlara məxsus deyildir və saxtalaşdırılmışdır. Onlar bütün bunlardan 2018-ci ildə xəbərləri olmuşdur. Bu proseslərdə iştirak etmiş Kapital Bank ASC-nin hüquqşünası X8r. Bildirir ki, onlar evi qonşudan aldıqları torpaq sahəsində tikmişlər və həmin torpaq sahəsi qonşunun adınadır. Kapital Bank ASC isə hansısa maddi maraqlardan çıxış edərək X1 boş torpaq sahəsinə görə 25000 azn pul vermişdir. Bank öz maraqlarına görə boş torpaq sahəsində sənədləşmiş 1 mərtəbəli, 3 otaqlı, 128.25 kv.m ümumi yaşayış evini gizlətmişdir. 2014-cü ildə Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinin onlara göndərdiyi məhkəmə bildirişləri də onlara çaldırılmamışdır. Nəticədə uzun müddət onların işdən xəbəri olmamışdır. Belə ki, poçtalyon onlara məktubları çatdırmamışdır. Həmin müddət ərzində onlar Bakı şəhərində olmuşlar. Hətta apelyasiya instansiyası saxta razılıq ərizələrinə reaksiya verməmişdir. X19 ASC evini yaxın günlərdə boşaltdırmaq üzrədir, onlar isə ailə üzvləri ilə birlikdə evdən qeydiyyatdan çıxarılmışlar. Hesab edir ki, saxta razılıq ərizələri ilə onlara məxsus əmlak ipoteka ilə yüklü edildiyindən birinci instansiya və apellyasiya məhkəmələri həmin arqumenti nəzərə almadığından nəticədə bütün bu proses qanunsuzluqlarla müşayiət edildiyindən onlara dair daşınmaz əmlaka Kapital Bank ASC-nin aldığı çıxarış etibarsız hesab edilməli, onlara məxsus əmlak geri qaytarılmalıdır. İddia tələbinin təmin edilməsi artıq zərurətə çevrilmişdir. Həmçinin iddiaçı hesab etmişdir ki, hazırki mübahisələndirilən mənzilə dair çıxarış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verildiyindən həmin qurum da cavabdeh qismində cəlb edilməlidir. Həmçinin bankın adına olan çıxarışı, saxta razılıq ərizələrini əldə edə bilmədiyindən məhkəmədən xahiş edir ki, həmin sənədləri cavabdehlərdən tələb etsin. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddiaya uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin iddiaçı Cavabdeh1 ASC Şərur rayon filialının cavabdeh X1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə xx.xx.2014-cü il tarixli 2-2(087)-03/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X5, İddiaçı, X6, X9, X11, X15 qarşı fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və fərdi yaşayış evinin tamamilə boşaldılması tələbinə dair mülki iş üzrə xx.xx.2022-ci il tarixli 2(108)-57/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş, Şərur rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti vermiş şəxs, cavabdeh X3 aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Məhkəməsinin iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X5, İddiaçı, X6, X9, X11, X15 qarşı “fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və fərdi yaşayış evinin tamamilə boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1ASC-nin mülkiyyətində olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0,1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112,84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər X5, İddiaçı, X6, X9, X11, X12 məcburi qaydada çıxarılaraq həmin fərdi yaşayış evinin tamamilə boşaldılaraq Cavabdeh1 ASC-yə təhvil verilməsi, Naxçıvan Muxtar Respublikasının Şərur rayon Siyaqut kəndində 0,1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər X5, İddiaçı, X6, X9, X11, X12 istifadə hüquqları itirilmiş hesab edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarunda vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyətli olduğunu göstərmişdir ki, Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qnüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir». (hazırki mülki iş üzrə yalnız faktların müəyyən edilməsinə münasibətdə tətbiq olunur) Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığının ümumi məhkəmənin və ya inzibati məhkəmənin yurisdiksiyasına aid olub-olmaması məsələsinin aydınlaşdırılmasıdır. Belə ki, Ali Məhkəmənin 10 aprel 2015-ci il tarixli 4 saylı “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyə görə qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Bu halda məhkəmə hesab edir ki, çıxarışın verilməsinə əsas olmuş hüquqi münasibət mülki xarakterli olduğundan hazırki mülki işə ümumi məhkəmə aidiyyəti çərçivəsində baxılmalıdır (cavabdeh "xxxx" ASC-nin vəsatətinə münasibətdə) . Məhkəmə bundan sonra iddianın Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinin hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız hesab edildiyindən təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, iddiaçı mübahisəli mənzilin ümumi birgə mülkiyyətdə olmasını və onun razılığının olmadan (ərizədəki imzanın iddiçıya məxsus olmaması) ipoteka ilə yüklü edilməsinə istinad edərək çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Lakin mülki işin materiallarından görünür ki, həmin mənzil ilə bağlı mübahisələrə məhkəmələr tərəfindən baxılaraq hüquqi qiymət verilmişdir (həm ipotekaya tutmanın yönəldilməsi, həm mənzildən istifadə hüququ itirilməklə mənzildən çıxarılma ). Həmin məhkəmə aktları ilə nəticədə İddiaçı Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0,1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112,84 kv.m olan fərdi yaşayış evinə heç bir hüququn qalmadığı müəyyən edilmişdir (istifadə hüququ itirilmiş, qeydiyyatdan çıxarılmışdır). Bu halda məhkəmə qeyd edir ki, hazırki iddiaçının hüququ pozulduğu təqdirdə 13 fevral 2014-cü il tarixli 2-2(087)-03/2014 saylı Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən şikayət vermək (qanunvericilikdə nəzərdə tutulmuş müddət və qaydada ) hüququ mövcud olmuşdur. Qeyd olunan qətnamələr qanuni qüvvəsində olduğundan bu iddianın (Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi) verilməsi əsassız hesab edilməlidir. İddiaçı iddianın əsasında duran razılıq ərizənin ona məxsus olmaması barədə mövqeyi sırf bu iddia ilə bağlı olmamaqla əvvəl həmin mənzil ilə bağlı çıxarılmış məhkəmə aktlarının mübahisələndirilməsi yolu ilə həyata keçirilməli idi. Digər məsələ ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı Şərur Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsindən məlumatlı olmuş (mülki iş üzrə tərəf olmuş) və onun bu iddianı (etirazını) orada mübahisələndirmək hüququ da mövcud olmuşdur. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hər iki cavabdehə qarşı vermiş olduğu iddiası tamamilə əsassız hesab edilməklə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın ikinci hissəsi olan mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının vermiş olduğu birinci tələb (Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi) rədd edildiyindən və ikinci tələb isə birinci tələblə bir başa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə alamaqla iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14rşı “çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14rşı “çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi əsassız olduğundan rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar