Məhkəmə qərarları › İş №e-2(006)-1918/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1918/2025

10.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1918/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndələri X1 və X4, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, iddiaçı X5 Cavabdeh qarşı «aliment və əlavə xərclərin tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı X8 Cavabdeh qarşı «aliment və əlavə xərclərin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hamilə olması ilə əlaqədar olaraq maddi cəhətdən dolanması üçün hər ay 200 manat alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı X8 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, hamiləliyi ilə əlaqədar olaraq maddi cəhətdən dolanması üçün hər ay 200 manat alimentin və bu günədək hamiləliklə bağlı müayinə və müalicələrə ödədiyi 1.080 manatın 1/2 hissəsinin, yəni 540 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı X8 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, hamiləliyi ilə əlaqədar olaraq maddi cəhətdən dolanması üçün hər ay 200 manat alimentin və bu günədək hamiləliklə bağlı müayinə və müalicələrə ödədiyi 2.100 manatın 1/2 hissəsinin, yəni 1.050 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 27 iyun 2024-cü il tarixdə nikah qeydiyyatından keçib, ailə qurmuşdur. Bir müddət yaxşı yaşamış, sonradan cavabdehlə aralarındakı münasibətlər pozulmuşdur. Cavabdeh onu saymamış, boş yerə davalar salmış, onu hamilə vəziyyətdə evdən qovmuşdur. 6 nömrəli qadın məsləhətxanasından verilmiş xx.xx.2025-ci il tarixli arayışda 24 həftəlik hamilə olduğu təsdiq edilmişdir. Hesab edir ki, birgə nikahdan hamilə olduğu və maddi yardıma ehtiyacı olduğu üçün hər ay Cavabdeh 200 manat məbləğində aliment tutulub ona verilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və bildirdi ki, 23 noyabr 2024-cü il tarixdə müayinə üçün qızı və Sərhənglə birlikdə xəstəxanaya getmişlər, lakin həmin vaxt Sərhəngin pulu olmamışdır, müayinənin pulunu özləri vermişlər. Pulu o Sərhəngə vermiş, Sərhəng isə kassaya ödəniş etmişdir. Bütün müayinələrin pulunu özləri vermişlər. Sərhəng heç bir müayinə xərcində kömək etməmişdir. Ümumiyyətlə qızı ər evini 18 noyabr 2024-cü il tarixdə tərk etdikdən sonra Sərhəng arvadı ilə maraqlanmamışdır. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və bildirdi ki, iddiaçının hamiləliyi ilə bağlı bütün müayinələrin xərcini Günanın valideynləri çəkmişlər, hazırda iddiaçının hamiləliyi ilə əlaqədar cavabdehdən onun xeyrinə aliment tutulmalı və təqdim etdikləri qəbzlərə əsasən müayinə xərclərin yarısı cavabdehdən onun xeyrinə tutulmalıdır.Odur ki,məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddianı qəbul etmədi, bildirdi ki, tərəflər faktiki münasibətlərini 18 noyabr 2024-cü il tarixdən kəsmişlər və ondan sonrakı dövrdə də müayinə xərclərində Sərhəng iştirak etmişdir. Tərəflər arasında münasibətlərin pozulmasına əsas iddiaçının birgə nikah dövründə aldığı mənzili anasına hədiyyə etməsi olmuşdur, cavabdeh bu məsələyə haqlı narazılığını bildirdiyi üçün münasibətlər pozulmuşdur. Qeyd edir ki, 23 noyabr tarixində olan müayinə pulunu Sərhəng özü ödəmişdir. Belə ki, buunnla bağlı tərəflər arasında vatsap yazışması var, onu da məhkəməyə təqdim edir. Hazırda yalnız iddiaçı yanvar və mart aylarında olan müayinələrə onsuz getmişdir. İddiaçı özü sosial şəbəkə üzərindən sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iddiaçı dietoloqdur və qazancı kifayət qədərdir. Təmsil etdiyi cavabdeh isə ümumiyyətlə işsizdir, qazancı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə yazılı çıxışını göndərərək göstərmişdir ki, iddiaçının ona qarşı olan aliment və əlavə xərclərə dair iddiasını qəbul etmir. İlk öncə qeyd edir ki, o, hazırda heç bir yerdə işləmir. İşsiz olmağı ilə bağlı müvafiq dövlət orqanında qeydiyyata alınmışdır. Hal-hazırda iş axtarır. İşləmədiyi üçün maddi vəziyyəti yaxşı deyildir, hələki anasının himayəsində yaşayır. Üstəlik, iddiaçı evdən gedərkən, bütün pullarını da özü ilə aparmaqla, onu maddi sıxıntıya salmışdır. İddiaçı isə hamilə olmasına baxmayaraq bu gün də dietoloqluq fəaliyyəti ilə məşğuldur və gəlirləri çox yaxşıdır. Maddi yardıma ehtiyacı yoxdur. Bunu onun bank hesablarına və ona məxsus sosial şəbəkə portallarına baxmaqla görmək olar. Əgər buna şübhəsi olan varsa, araşdırılma aparılması məqsədi ilə iddiaçının və onun yaxın adamlarının kart hesablarını hüquq mühafizə orqanlarına təqdim edə bilər. Baxılsın ki, adi kart hesabına bu qədər pul haradan yığılır. İddiaçı təzəlikcə bir neçə məşhurla reklam rolikləri çəkdirib, paylaşmaqla, dietoluqluq fəaliyyətini davam etdirməkdədir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş qaimələrə nəzər salınsa görünər ki, müalicə və müayinələrin bir neçəsi birgə yaşadıqları müddətdə ödənilmişdir. Məsələn: xx.xx.2024-cü il tarixdə - 179,16 manat, xx.xx.2024-cü il tarixdə - 372,23 manat, xx.xx.2024-cü il tarixdə - 13,09 manat, xx.xx.2024-cü il tarixdə - 160,57 manatlıq ödənişlər olmaqla, cəmi 725.05 manat ödənişi ödəməsinə baxmayaraq, iddiaçı həmin məbləğlərin də bölünməsini istəmişdir. Onu da qeyd edir ki, iddiaçı xx.xx.2024-cü ildə acıq edərək atası evinə getdikdən 5 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə müayinəyə belə iddiaçı və anasını özü aparmış və müayinə üçün lazım olan 750 manat vəsaiti özü ödəmişdir. İddiaçı birgə yaşadıqları dövrdə və xx.xx.2024-cü il tarixdə ödənilmiş ödənişləri də öz adına çıxaraq ondan tutulmasını məhkəmədən xahiş etmişdir ki, bu da absurd məsələdir. İddiaçı cəmi 580 manatlıq müayinə haqqını özü ödəmiş ola bilər. Bu da təbiidir. Çünki, həmin müayinələrdən məlumatı olmamışdır. Həmin ödənişlər aşağıdakılardır: 23.01,2025-ci il tarixli - 50 manat, 23.01,2025-ci il tarixli - 255 manat, mart ayı üzrə 3 qaimə üzrə 275 manat olmaqla, cəmi 580 manat ödəniş etmişdir. Bəs necə olur ki, o, təkbaşına iddiaçının müayinəsi üçün 1475,05 manat ödəniş edir, iddaçıdan buna görə heç nə ummur, istəmir, iddiaçı ödəniş edəndə yarısını ondan tələb edir? Belə çıxır ki, uşağın müayinəsini təkcə özü etməlidir? O, təkcə cavabdehin uşağı deyil axı. Hesab edir ki, iddiaçı hazırki iddia ərizələri ilə ona təsir göstərmək, onu alçaltmaq, onu özündən asılı vəziyyətdə saxlamaq niyyətindədir. İşin hallarından da göründüyü kimi, cavabdeh öz vəzifəsini layiqincə görmüşdür. İndi isə işləmədiyi üçün maddi vəziyyəti yaxşı deyil, iddiaçının hazırki müalicə xərcini ödəyə bilmir. Yaxşı olar ki, hazırki müalicə və müayinə xərclərini iddiaçı öz üzərinə götürsün. Bildiyi qədəri ilə müayinə və müalicə xərcləri tibbi sığorta tərəfindən qarşılanılır, yəni ödəniş etməyə gərək yoxdur. İş materialları: xx.xx.2024-cü il tarixdə verilmiş AZ-T seriyalı 067146 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında nikah 27 iyun 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 50 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Zamanlı soyadı verilmişdir. Bakı 18 saylı Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli MŞB/18/2025-00025 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə saat 10.00-da keçirilən mediasiya sessiyasına gəlmiş, cavabdeh isə mediasiya sessiyasına gəlməmişdir. 50 manat mediasiya xərci və 10 manat poçt xərci iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumatlara əsasən işsiz kimi qeydiyyatdadır və xx.xx.2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Cavabdeh iddia tələbinə etiraz barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmir. Qeyd edir ki, iddiaçı hamilə olmasına baxmayaraq bu gün də dietoloqluq fəaliyyəti ilə məşğuldur. Bununla bağlı gəliri çox yaxşıdır. Maddi yardıma ehtiyacı yoxdur. Bunun onun bank hesablarına və ona məxsus sosial şəbəkə portallarına baxmaqla görmək olar. İddiaçı bir neçə məşhurla reklamlar çəkdirib, öz dietoloqluq fəaliyyətini daha da genişləndirmişdir. Özü isə işsizdir, bununla bağlı müvafiq dövlət orqanında qeydiyyata alınmış, hal-hazırda iş axtarır, işləmədiyi üçün maddi vəziyyəti yaxşı deyildir. Hazırda anasının himayəsində yaşayır. Üstəlik, iddiaçı evdən gedərkən, bütün pullarını da özü ilə aparmaqla, onu maddi sıxıntıya salmışdır. İddiaçının hamiləliklə bağlı ödənilmiş müalicə və müayinə xərcinə gəldikdə isə, qeyd edir ki, ölkədə tibbi sığorta sistemi mövcuddur. Müayinə və müalicə olunmaq üçün pul xərcləməyə gərək yoxdur. Nə vaxt övladı dünyaya gələr, onda öz valideynlik borcu olaraq, övladının saxlanması üçün iddiaçıya aliment ödəyər. Hazırda iddiaçının saxlanılması üçün aliment ödəmək imkanı yoxdur. İddiaçı valideynlərinin sözü ilə ailəsini dağıtdı, onu qoyub valideynlərinin yanına getdi. Daha yaxşı olardı ki, valideynlərindən kömək istəsin, onsuz da iddiaçının qazandığı pulların bir hissəsi qardaşının və valideynlərinin məişət şəraitinin saxlanılmasına gedir. Ona görə də yuxarıda göstərdiklərinin nəzərə alınaraq, iddiaçı X5 ona qarşı "aliment və əlavə xərclərə” dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi, X12 küçəsində yerləşən 65 nömrəli ev xüsusi mülkiyyət kimi X5 adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. 02 noyabr 2024-cü il tarixdə notarial qaydada təsdiq edilməklə bağlanmış daşınma əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X8 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, X12 küçəsində yerləşən 65 nömrəli evini anası X2 bağışlamışdır. Ödəniş sənədlərindən görünür ki, iddiaçının müayinə edilməsi və müalicə olunması üçün: xx.xx.2024-cü il tarixli qəbzə əsasən 179 manat; xx.xx.2024-cü il tarixli qəbzə əsasən 13 manat; xx.xx.2024-cü il tarixli qəbzə əsasən 372 manat; xx.xx.2024-cü il tarixli qəbzə əsasən 160 manat; xx.xx.2024-cü il tarixli qəbzə əsasən 50 manat və 750 manat; xx.xx.2025-ci il tarixli qəbzə əsasən 50 manat və 255 manat; xx.xx.2025-ci il tarixli qəbzə əsasən 115 manat, 115 manat və 43 manat olmaqla, cəmi 2102 manat pul vəsaiti ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, lakin tərəflər arasında faktiki nikah münasibətlərinin xx.xx.2024-cü pozulması işin mübahisəsiz halıdır. 6 nömrəli qadın məsləhətxanasından verilmiş xx.xx.2025-ci il tarixli arayışda 24 həftəlik hamilə olduğu qeyd edilən iddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hamiləliyi ilə əlaqədar olaraq maddi cəhətdən dolanması üçün hər ay 200 manat alimentin və bu günədək hamiləliklə bağlı müayinə və müalicələrə ödədiyi 2.100 manatın 1/2 hissəsinin, yəni 1.050 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının dəlilləri cavabdeh tərəfindən ona hamiləliyi dövründə maddi yardım göstərilməməsindən və həmçinin bu dövr üçün spesifik olan tibbi müayinələrin xərclərinin iddiaçının özü tərəfindən ödənilməsindən ibarət olmuşdur. Cavabdehin mövqeyi isə cavabdehin işsiz olmaqla, maddi gəlirinin olmaması, iddiaçının özünün isə qazanca malik olmasından və tibbi xərclərin bir qisminin faktiki münasibətləri dövründə, bir tibbi müayinə xərcinin isə cavabdehin məhz özü tərəfindən ödənilməsindən və sonrakı müayinələrin isə əlavə xərc çəkilmədən icbari tibbi sığorta hesabına edilməsinin mümkünlüyü ilə bağlı olmuşdur. Məhkəmə iddiaçının onun hamiləlik dövrü üçün cavabdehdən aliment tutulması tələbini qismən əsaslı hesab edir və bu tələbin cavabdehin irəli sürdüyü dəlillərlə təkzib edilmədiyi qənaətinə gəlir. Belə ki, iddiaçının hamilə olması, cavabdehin bu dövr üçün iddiaçıya maddi yardım göstərməməsi işin mübahisəsiz halıdır və cavabdeh hər nə qədər də bu məsələni onun maddi gəlirinin olması ilə əlaqələndirsə də, ədalət naminə cavabdehin gəlirinin olub-olmamasından asılı olmayaraq cavabdehdən iddiaçının xeyrinə hamiləlik dövrü üçün 100 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə iddiaçının tibbi müayinə xərclərinə cavabdehdən pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə də iddia tələbi qismən əsaslıdır.Belə ki, tərəflərin faktiki olaraq ayrılma tarixinin 18 noyabr 2024-cü il tarixi olması hər iki tərəf təsdiq etmişdir. Demək ki, bu tarixədək tərəflər birgə yaşamış və təsərrüfat aparmışlar. Həmin dövrdə iddiaçı bir neçə tibbi müayinədən keçmişdir ki, həmin xərclər tərəflərin birgə təsərrüfat apardıqları dövrə aid olduğundan birgə xərclər kimi tərəflərdən biri digərindən tələb edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilən digər hal isə məhz xx.xx.2024-cü il tarixdə çəkilmiş tibbi müayinə xərcidir ki, iddiaçı bu xərcin cavabdehdən tutulmasını tələb edərək müvafiq müayinənin qeydiyyat sənədini təqdim etmişdir. Cavabdehin buna qarşılıq olaraq həmin müayinə xərcinin kassaya mədaxil edilməsini təsdiq edən sənədi təqdim etmişdir. Buna qarşılıq olaraq iddiaçı həmin gün üçün kamera görüntülərinin tələb edilməsi bağlı sorğu verilməsini xahiş etmiş, lakin xəstəxanadan iddiaçının özünə verilmiş məlumata əsasən görüntülərin təqdim edilməsi mümkün olmamışdır. Beləliklə də cavabdeh tərəfindən istər iddiaçı ilə aralarında olan vatsap tətbiqi üzərindən aparılmış mesajların mətnindən və istərsə də ödəniş qəbzindən bu qənaətə gəlmək mümkündür ki, həmin ödəniş iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən edildiyi üçün iddiaçının cavabdehlə faktiki münasibətləri pozulduqdan sonra çəkilmiş xərclər siyahısından həmin məbləğ xaric edilməlidir və cavabdehdən tələb edilməsi əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, tərəflərin faktiki münasibətlərinin pozulduğu tarixdən etibarəsn yalnız xx.xx.2024-cü il tarixli qəbzə əsasən 50 manat; xx.xx.2025-ci il tarixli qəbzə əsasən 50 manat və 255 manat;xx.xx.2025-ci il tarixli qəbzlərə əsasən 115 manat, 115 manat və 43 manat olmaqla, cəmi 628 manat məbləğində pulun ½ hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçının hamiləliyi dövrünə görə hər ay 100 manat sabit pul məbləğində aliment və həmçinin çəkilmiş əlavə tibbi xərclərə görə 314 manat məbləğində pul tutularaq iddiaçı X6 ödənilməlidir. Aliment tələbi üzrə illik ödəmələrin məcmusu nəzərə alınmaqla (100x12=1200; 200x1%=2; 32 manat cavabdehdən manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Tələb etməməsi nəzərə alınaraq ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt xərci iddiaçı X6 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçının hamiləliyi dövrünə görə hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh çəkilmiş əlavə tibbi xərclərə 314 (üç yüz on dörd) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aliment tələbi üzrə Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar