Məhkəmə qərarları › İş №e-2(006)-1970/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1970/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1970/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 17 aprel 2013-cü il tarixdə nikaha daxil olmuşlar və birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3844 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə çıxarılan zaman İddiaçı "xxxx" MMC-də işləyirdi və 6465 manat əmək haqqı alırdı. Hal hazırda İddiaçı 28 dekabr 2022-ci il tarixli əmrə əsasən işdən azad edilmişdir. Ona görə də, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin miqdarının azaldılaraq cavabdehin xeyrinə 220 manat sabit pul məbləğində tutulmasını xahiş edir.

3. Göstərilənlərə əsasən, alimentin miqdarının azaldılaraq Cavabdeh xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Daha sonra Cavabdeh məhkəməyə etiraz ünvanlayarq, bildirmişdir ki, iddiaçının işsiz statusuna malik olmasını təsdiq edən hər hansı sənəd məhkəməyə və cavabdehə təqdim edilməmişdir. İddiaçının maddi vəziyyətinin araşdırılması zamanı onun gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Bu hissədə xüsusilə qeyd etmək istəyirəm ki, İddiaçı ilk növbədə fərdi sahibkar kimi vergi uçotundadır və ********** VÖEN-nə sahibidir. İddiaçı uzun illərdir ölkənin qabaqcıl şirkətlərində və holdinqlərində daşınmaz əmlakın satışı, marketinqi və idarə edilməsi sahəsində yüksək inzibati vəzifələrdə çalışıb, bu sahədə ölkənin qabaqcıl peşəkarları sırasında tanınır və böyük nüfuza malikdir. Belə ki, iddiaçı 10 ilə yaxın "xxxx" MMC-də Daşınmaz Əmlak və Villalar üzrə Baş Menecer, o cümlədən “Bilgah Estates” Villa Rezort-da, “X5” və ReidCo yaşayış komplekslərində Baş Satış Meneceri vəzifəsində çalışıb. İddiaçı 2020-ci ildən Paşa İnşaatdan ayrıldıqdan sonra, 2021-2022-ci illər ərzində üç şirkətin qanuni təmsilçisi və direktoru vəzifəsində işləyib və 10.000 manat əmək haqqı və qazanc alıb. Həmin dövrdə iddiaçı, həmçinin “X3 Khatai” yaşayış kompleksinin İdarəedici direktoru olub. İddiaçının mülkiyyətində daşınar əmlak, həm də sahibliyində (istifadəsində) daşınmaz əmlak var. İşinin spesifikasından asılı olaraq da (daşınmaz əmlakın satışı, marketinqi və idarə edilməsi) onun hər zaman əmək haqqından əlavə digər qazancları olur və yaşayış səviyyəsi kifayət qədər yüksəkdir. Belə ki, onun uzun illərdir əldə etdiyi qazancı, daşınmaz bazarındakı nüfuzu və peşəkar bir kadr kimi tanınması, öz-özlüyündə sübut edir ki, iddiaçının maddi durumu yeni iş tapana qədər uşağına hazırkı alimenti ödəməyə nəinki kifayətdir, hətta ondan da artıqdır. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, özünü vəkil ilə təmsil etməsi belə sübut edir ki, iddiaçının vəziyyəti alimenti minimum həddə ödəyəcək qədər pis deyil, əksinə maddi vəziyyəti kifayət qədər yaxşı və stabildir. Diqqətəlayiq digər halların araşdırılması zamanı tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasım və s. məsələləri nəzərə alınmalıdır. İddiaçı 37 yaşlı fiziki sağlam və tam əmək qabiliyyətli insandır, işinin peşəkarıdır və onun işsiz olması faktiki olaraq imkansızdır. Onun özünü işsiz kimi qələmə verməsi də məhz övladının saxlanması üçün məhkəmə ilə müəyyən edilmiş alimentdən qaçmaq məqsədi güdür. Hətta qızına baxmaqdansa iddiaçı vəkillərə pul tökməyi daha üstün görür. İddiaçının uşağına münasibətdə atalıq vəzifəsini necə yerinə yetirməsi ilə bağlı bildirir ki, o, nikah dağıldıqdan sonra qızı ilə görüşmək istədiyini sözdə bildirsə də, uşağı ilə olan heç bir görüşə gəlməyib və bunun nəticəsində hər dəfə uşağına psixoloji sarsıntı yaşadıb. Ata tərəfindən uşağına göstərilən bu cür hörmətsiz, biganə, laqeyd davranış və münasibət uşağa mənəvi ziyan vurub və bu səbəbdən uşaq bir il ərzində fərdi psixoloqun yanında müayinə alıb, bunun üçün ödənişi isə bütövlüklə anası olaraq o qarşılamışdır. Göründüyü kimi, iddiaçı uşağına münasibətdə mənəvi öhdəliyini, vəzifəsini onsuz da yerinə yetirmir, bunun nəticəsində həm o, həm də övladı ciddi mənəvi iztirab keçirir. Yetkinlik yaşına çatmaq üzrə olan uşağın ata qayğısı olmadan böyüməsi onsuz da özlüyündə çox çətindir, əlavə olaraq da iddiaçının maddi vəziyyətinin kifayət qədər yüksək olmasına baxmayaraq uşağına qarşı maddi öhdəliyini, vəzifəsini icra etməkdən yayınmağa çalışması ədalət prinsipinə, yuxarıda ətraflı şəkildə qeyd edilən uşaq hüquqlarının qorunmasını təmin edən institutlara tamamilə ziddir! Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı “Uşaq hüquqları haqqında Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olması ilə bərabər uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məsğul olub-olmamasını, sağlamlığını və s. məsələlər nəzərə alınmalıdır. Belə ki, uşaq 5 yaşından hazıra kimi (9 yaşı tamam) artıq 4 ildir ki, özəl təhsil müəssisəsində xarici ölkənin tədris proqramı əsasında təhsil alır. Uşağın təhsil alacağı müəssisə, tədris proqramı və tədris xərcləri vaxtı ilə iddiaçı ilə birgə razılaşdırılıb və bu maddi məsuliyyəti o onunla birgə götürmüşdür. Lakin, hazırda iddiaçının belə iddia tələbi irəli sürməsi öz üzərinə götürmüş olduğu öhdəliklərdən tək tərəfli qaydada boyun qaçırmağı deməkdir. Bununla iddiaçı bilərəkdən uşağının təhsilinə qatqı verməkdən imtina edir və bununla da onun və uşağının qarşısında götürdüyü vədini və öhdəliyini pozur. O əvvəlcədən bilsəydi ki, uşağın təhsil alması ilə bağlı atası onu yarı yolda qoyacaq, belə böyük bir maddi öhdəliyin altına girməzdi. Hamılıqla tanınan bir faktdır ki, yeniyetmə yaşına çatan uşaqlarda adaptasiya çox cidd məsələdir və bu halda uşağı asanlıqla bir tədris müəssisəsindən çıxarıb başqasına keçirmək düzgün deyil. Birincisi, bu uşağın psixoloji və daha sonra fiziki sağlamlığına çox ciddi təsir göstərə bilər. İkincisi, uşağa məcburən bunu etdirmək onun hüquqlarının pozulması deməkdir. Üçüncüsü, uşaq ingilis dilində, dövlət tədris proqramından tamamilə fərqli tədris proqramı üzrə artıq 4 ildir təhsil alır və Bakıda bu kriteriyalara cavab verən dövlət tədris müəssisəsi yoxdur. Bugünkü gündə uşağının orta hesabla aylıq saxlanması (özəl məktəb ödənişləri, geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, piano dərsləri üzrə repetitor haqları, uşaq kitabxanası, dərmanlar, həkim baxışı və s.), sağlam qidalanması, tərbiyəsi, təhsili, istirahəti və dünyagörüşünün artması üçün maddi təminatı ən azı 5000 manat məbləğində xərc tələb edir və 2023-cü ilin yanvar ayından bu xərci tək başına özü qarşılayır. Nəticədə çox böyük maddi yük altına düşdüyündən bu artıq fiziki sağlamlığına da təsir etməyə başlayır. Bir anlıq bu vəziyyəti təsəvvür edin - hər gün uşağın həm mənəvi, həm də maddi təminatı tək bir valideyndən (cavabdehdən) asılıdır, çünki digər valideyn (iddiaçı) uşağına yardımçı dəstəkçi olmaqdansa, əksinə qəsdən uşağının vəziyyətini pisləşdirir. Bütün bunlar isə öz növbəsində belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının peşəsinin spesifikasını (daşınmaz əmlakın alğı-satqısı, marketinqi və idarə edilməsi) nəzərə alaraq, hətta rəsmi işsiz olduğu dövrdə belə maddi vəziyyətinin yüksək səviyyədə olduğu şübhə yaratmır. O, gənc, fiziki sağlam və tam əmək qabiliyyətli insandır, peşəsinin yüksək səviyyəli mütəxəssisidir, uşağın indiki təminat səviyyəsini saxlamaq üçün kifayət qədər maddi imkanları var. Alimentin minimum həddə endirilməsi tələbi sadəcə valideynlik vəzifələrinin icrasından təktərəfli olaraq boyun qaçırmaq məqsədilə irəli sürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır. Bu zaman uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsi nəzərə alınmalıdır. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu 27 iyul 2016-cı il tarixli Qərarında belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsiri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin qeyd etməliyəm ki, məhkəmə praktikasına əsasən də uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi faktı mütləq nəzərə alınmalıdır. İddiaçı tərəfindən qaldırılan məsələnin düzgün həll edilməsi üçün Ailə Məcəlləsinin müvafiq normalarına Konstitusiyanın və beynəlxalq hüquqi aktların yuxarıda göstərilən prinsipləri kontekstində baxılmasını vacib hesab edirəm. Nəzərə alınmalıdır ki. İddiaçının tələbi onun maddi vəziyyətinə təsir etməkdən əlavə, uşağın gələcək təhsilinə, onun fiziki, psixoloji sağlamlığına böyük təsir göstərəcəkdir. Məhkəmə nəzərə almalıdır ki, iddiaçının alimentin məbləğini birdən birə on dəfədən də çox həcmdə, yəni 2500 manatdan 220 manata əhəmiyyətli dərəcədə azaldılması tələbi təmin olunsa, təbii ki, bu qərar uşağın inkişafına və sağlamlığına təsirsiz ötüşməyəcəkdir. Bu səbəbdən iddia tələbinə münasibətdə ədalətli qərar verilməlidir, yəni Ailə Məcəlləsinin 76. 78 və 112-ci maddələri ilə nəzərdə tutulmuş aliment münasibətlərinin "Yaşayış minimumu haqqında" Qanunun minimum aliment məbləğinə dair normaları əsas götürülməklə deyil, məhz uşağın doğulduğu andan hazıra kimi davam edən təminat səviyyəsi çərçivəsində baxılıb qərar verilməlidir. Belə ki, ölkə üzrə minimum aliment məbləği qanunverici tərəfindən minimal təminat limiti kimi müəyyən edilib. Belə ki, bu minimumu cəmiyyətin bütün təbəqələrinə tətbiq etmək düzgün deyil - bu cür qərar özü özlüyündə ədalətsizliyə səbəb ola bilər. Məhkəmə, həmçinin nəzərə almalıdır ki. təyin olunmuş aliment ancaq uşağın saxlanmas, üçün tələb olunan xərclərə sərf olunur və alimentin miqdarı azaldıldığı təqdirdə o uşağı təkbaşına böyüdən ana kimi bu qədər böyük maliyyə öhdəliyinin altında qala bilməz. Uşağın əvvəlki təminatını əsassız şəkildə azaltdıqda isə daha əvvəl də qeyd edildiyi kimi, bunun onun mənəvi və fiziki sağlamlığına təsirsiz ötüşməyəcəyi aşkardır. Bu halda da uşağın himayədarı olaraq yenə valideynlərdən biri yəni ana təktərəfli qaydada əziyyət çəkmiş olacaq. Sosial və iqtisadi reallıqları da nəzərə aldıqda görünür ki bütün dünyada uşaqların maddi olaraq saxlanması xərclərinin böyük hissəsi həmişə ataların vəzifəsi olub. Uşağın daha çox təhsil, tərbiyə, təmizlik və sağlamlığının qayğısına qalmaqla məşğuldur. Ananın hətta işləməsi faktı belə onu sadalanan öhdəliklərin yerinə yetirilməsi öhdəliyindən heç vaxt azad etmir. Məhkəmə nəzərə almalıdır ki, atanın qısa müddətli sənəd üzərində "işsiz" qalması halı ona hüquq vermir ki, təktərəfli qaydada digər valideynin üzərinə bu qədər böyük maddi və mənəvi yük qoysun. Atası ilə normal ünsiyyət qura bilməyən uşağın həyatında bu boşluğu nisbətən dolduran faktor kimi məktəb və oradakı dostlarından, alışmış olduğu rahatlıqdan, əhatə olunduğu insanlardan qoparılması (hansı ki. alimentin azaldılması tələbi təmin olunduğu təqdirdə qaçılmazdır!) ona iki qat zərbə vura bilər, ananın və uşağın uzun müddətli iztirab çəkməsinə gətirib çıxara bilər. Məhkəmədən xahiş olunur ki, iddiaçının alimentin birdən birə bu qədər əhəmiyyətli fərqlə azaldılması tələbi altındakı səbəbi hərtərəfli araşdırsın. Ancaq bu şəkildə ədalət mühakiməsi öz funksiyasını normal həyata keçirmiş olacaqdır. Çünki heç bir ədalət anlayışı valideynlərdən birinə təktərəfli qaydada həm uşağın maddi, həm də mənəvi ehtiyaclarının qarşılaşması öhdəliyinin qoyulmasına göz yuma bilməz.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişdir.

7. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında nikah xx.xx.2020-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və alimentin tutulması qaydası (1/4 hissədə) müəyyən edilmişdir. Hazırda iddiaçı işləmədiyinə görə alimentin azaldılmasını xahiş etmişdir.

b) Mülki işin materialları:

9. İş materiallarında olan xx.xx.2022-ci il tarixli №FQS İR-69/22 saylı Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin surətindən görünür ki, Rəhbərlik bölməsində direktor vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.

10. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)-3844/2020 saylı qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Nizami rayon Qeydiyyat Şöbəsində 664 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması müəyyən edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir.

11. İş materiallarında olan Vergi ödəyicisinin fəaliyyətinin dayandırılmasına dair Arayışdan görünür ki, vergi ödəyicisi olan İddiaçı fəaliyyəti xx.xx.2020-ci il tarixdə dayandırlımışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

15. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

16. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

17. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

18. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.

20. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

21. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

22. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3844 saylı qətnaməsi ilə anası – Cavabdeh himayəsinə verilmişdir.

23. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı hal-hazırda rəsmi iş yeri olmadığı üçün, əvvəlki vəziyyətdə qalacağı təqdirdə süni şəkildə cavabdehin əmlak vəziyyətinin pisləşəcəyi ehtimalı olacağından, iddiaçının özünün əmək haqqısının ("PRAYSVOTERHAUSKUPERS SENTRAL EYŞA ƏND KOKASUS B.V." ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-da 7200 manat əmək haqqısı olması müəyyən edilmişdir) normal səviyyədə olması səbəbindən cavabdehə ödədiyi (əvvəlki əmək haqqı nəzərə alınaraq müəyyən edilmiş aliment məbləği) alimentin miqdarı azaldılmalıdır.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

25. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

26. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

27. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

28. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

29. Eyni Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

30. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

31. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, hazırki halda iddiaçının xx.xx.2010-cu il tarixli əmək fəaliyyətinə xitam verildiyi üçün rəsmi olaraq işsizdir. Bu səbəbdən iddiaçı alimentin azaldılmasını tələb etməkdə haqlıdır.

32. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

33. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3844 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3844 saylı qətnaməsi ilə təyin edilmiş aliment dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar