Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2008/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən «Mitsubishi Pajero» markalı, 001D057 dövlət qeydiyyat nişanlı avtomobildən ona məxsus «AUDİ Q7» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş 1.420 manat, əldən çıxmış faydaya görə 2.000 manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat olmaqla, cəmi 3.920 manat pul vəsaiti və ödənilmiş 60 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında xx.xx.2022-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Mitsubishi Pajero» markalı, 001D057 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta təminatı almışdır. Həmin avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə qəzaya uğramış, nəticədə iddiaçıya məxsus «AUDİ Q7» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. "xxxx" MMC Audi Bakı Mərkəzi tərəfindən tərtib edilmiş Qüsur aktına əsasən zərərin miqdarı 1.420 manat müəyyən edilmişdir. Buna görə də, cavabdehə ərizə ilə müraciət edərək hadisə ilə bağlı sığorta tədbirlərinin həyat keçirilməsi iddiaçı tərəfindən xahiş edilmişdir. İddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli AS-23/060 saylı məktubla cavab olaraq bildirilmişdir ki, avtomobilə texniki baxış keçirilərək və hesablama aktına əsasən dəymiş zərər cəmi 650 manat məbləğində müəyyən edilmişdir. Lakin "xxxx" MMC Audi Bakı Mərkəzinin tərtib etdiyi qüsur aktında isə avtomobilimə dəyən yekun zərərin miqdarı 1.420 manat müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya təklif etdiyi məbləğ sonuncunun avtomobilinə dəyən zərərdən xeyli azdır. İddiaçının avtomobili sığortalanmışdır və iddiaçı hər ay avtomobil üçün söğorta ödənişləri icra etmişdir. Cavabdeh iddiaçıya dəyən zərəri tam ödəməkdən imtina edir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus avtomobilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ziyan dəymişdir. İddiaçı məlum qəza hadisəsindən sonra avtomobilini təmir etməmişdir. Ekspertiza keçirilərkən zərurət yaranarsa qeyd edilən avtomobilə baxış keçirilə biləcəyi məhkəmənin nəzərinə çatdırılmışdır. İş üzrə ekspertiza keçirilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, "xxxx" ASC ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında xx.xx.2022-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Mitsubishi Pajero» markalı 001D057 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. X4 şirkətimizə ərizə ilə müraciət edərək həmin avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə qəzaya uğradığını və nəticədə «Audi Q7» markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsi qərara alınmışdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 650 manat məbləğində müəyyən edilmişdir. Daha sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-dən 1.420 manat sığorta ödənişinin, 2.000 manat əldən çıxmış faydaya görə pulun, 500 manat hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun və iddianın verilməsi üçün ödənilmiş 60 manat, ümumilikdə 3.980 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qeyd olunan iddia ərizəsində göstərilən xüsusatlarla bağlı aşağıdakıları bildirmək istəyirəm. İddiaçının nümayəndəsi X3 Cəmiyyətə təqdim etdiyi sığorta tələbi barədə ərizəyə əsasən "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyanın məbləği 650 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia tələbini qismən qəbul edir. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında xx.xx.2022-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanması, «Mitsubishi Pajero» markalı 001D057 dövlət qeydiyyat nişanlı avtomobilin sığorta olunaraq, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta təminatı alması; həmin avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə qəzaya uğraması, nəticədə iddiaçıya məxsus «AUDİ Q7» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi işin mübahisə edilməyən hallarıdır. Qeyd olunmalıdır ki, sığorta şəhadətnaməsinin surəti, yol-nəqliyyat hadisəsi ilə bağlı sənədlər (inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar və s.) məhkəməyə təqdim edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində məhz inzibati qaydada tənbeh edilmiş şəxsin təqsirli olması təsbit edilmiş, həmin qərar mübahisələndirilməmişdir. Tərəflər arasında mübahisəyə səbəb olan məqam vurulmuş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlıdır. Belə ki, "xxxx" ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli hesablama aktında iddiaçının idarə etdiyi avtomobilə cəmi 650 manat məbləğində maddi zərər vurulduğu qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən təqdim olunmuş qüsur aktından görünür ki, iddiaçının idarə etdiyi avtomobilə cəmi 1.420 manat məbləğində maddi zərər vurulduğu qeyd olunmuşdur. Məhkəmə işə obyektiv baxılması üçün müvafiq ekspertizanın keçirilməsi barədə qərardad qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4358 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı «Audi Q7» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.220 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 230 manat; Təmir-bərpa işlərinin qiyməti – 990 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 saylı məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədi müvafiq hesab olunduğundan 2017-ci il buraxılışlı «Audi Q7» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədi ilə zədələnmiş hissələrin (dəyişməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(006)-2008/2023 saylı mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanır. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış «Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi»nə dair metodik vəsaitdən istifadə edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən müvafiq hesaba 500 manat ödəniş edilmişdir. İddiaçı yuxarıda qeyd olunan hadisə ilə bağlı sığorta şirkətinə 23 yanvar 2023-cü il tarixli pretenziya məktubu ilə müraciət edərək, ona müvafiq ödəniş edilməsini xahiş etsə də, cavabdeh iddiaçının tələb etdiyi miqdarda sığorta ödənişinin verilməsindən imtina etmişdir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 21.1.3-cü maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda sığorta ödənişi verilmir. - 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. - 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. - 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş real maddi ziyanın əvəzi olan 1.220 manat sığorta ödənişini iddiaçıya ödəməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş zərərə görə 1.220 manat, vəkilə ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. 50 manat ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilə bilməz. Çünki, dəymiş zərər məbləği 1.220 manat təşkil edir və bundan daha artıq zərər vurulmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Habelə iddiaçı digər tələbləri ilə yanaşı əldən çıxmış fayda qismində 2.000 manat məbləğində pul tələb etsə də, məhkəmə hesab edir ki, iddia tələbini həmin hissədə əsaslandıra və buna dair hər hansı sübutlar təqdim edə bilməmişdir. Həmçinin, «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinin tələblərinə görə sığorta tələbi gəlir itkisi ilə bağlı olduqda sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəymiş zərərə görə 1.220 manat, vəkilə ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. 50 manat ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2008/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2008/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver