Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2030/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 15.000 (on beş min) manat və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron RPİ İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 icraatında İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuşdur. Cinayət işinin başlanmasına səbəb və əsas İddiaçı xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan 130 manat müqabilində beş ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,718 qram, 0,469 qram, 0,440 qram, 0,420 qram, 0,431 qram, ümumi təmiz çəkiləri 2,478 qram ağ rəngli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamin, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram, 0,377 qram, 0,286 qram, 0,420 qram, 0,131 qram, ümumi təmiz çəkiləri 1,290 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini və üzərində “Methadone 40... Faran” yazıları olan 01 ədəd blisterdə 10 ədəd dərman tabletinin tərkibində ümumilikdə təmiz çəkisi 0,4 qram olan metadon təsiredici maddəsini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 12 iyun 2024-cü il tarixdə saat 22:15 radələrində Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli gödəkcənin iç cibindən çıxardığı qara rəngli üstü şəkilli dəmir qabın içərisindən, beş ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,718 qram, 0,469 qram, 0,440 qram, 0,420 qram, 0,431 qram, ümumi təmiz çəkiləri 2,478 qram ağ rəngli kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram, 0,377 qram, 0,286 qram, 0,420 qram, 0,131 qram, ümumi təmiz çəkiləri 1,290 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd blisterdə İC ədəd dərman tabletinin tərkibində ümumilikdə çəkisi 0,4 qram, üzərində "Methadone 40... Faran” yazıları olan metadon təsiredici maddə aşkar olunaraq görürülməsi faktı ilə bağlı Abşeron RPİ-nin TŞ-də toplanmış təhqiqat materialı olmuşdur. 12 iyun 2024-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İddiaçı Abşeron RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Rəşad Cəfərov tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, barəsində həmin tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, daha sonra Abşeron Rayon Məhkəməsinin qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti 01 ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Abşeron RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Rəşad Cəfərov xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, şübhə kifayət qədər əsaslı olmadığından, təqsirləndirilən şəxs statusu İddiaçı üzərindən götürülmüş və o, saxlanıldığı Bakı İstintaq Təcridxanasından azad edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı qanunsuz və əsassız olaraq 7 ay 10 gün müddətində Bakı İstintaq Təcridxanasında saxlanılmaqla onun konstitusiya ilə müəyyən edilmiş hüquq və azadlıqları kobud şəkildə pozulmuşdur. İddiaçıya elan edilmiş ittiham tamamilə qanunsuz və qondarma olmuş, eyni zamanda ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə və təzyiqlərə yol verilmiş, qeyri-insani, insan ləyaqətini alçaldan hərəkət edilmiş, döyülmüş, işgəncələrə məruz qalmış və o, törətmədiyi cinayət əməlini etiraf etmək məcburiyyətində qalmışdır. Belə ki, narkotik vasitəsi məsələsinin iddiaçıya aidiyyəti olmamış, narkotik vasitə polis əməkdaşları tərəfindən qanunsuz olaraq onun üzərinə qoyulmuşdur. Heç bir əsas olmadan iddiaçıya qarşı bu cür qondarma, yalançı ittihamın verilməsi ona bir insan kimi çox dəhşətli şəkildə pis təsir etmiş, onu mənəvi cəhətdən çökdürmüş, həyatda yaşamağa həvəsini öldürmüşdür. Belə bir itthamla yaşamamaq üçün iddiaçı dəfələrlə özünü öldürmə həddinə çatmış, yaşamaq istəməmiş və intihar etmək istəmişdir. Hələ də onun psixologiyası düzəlməmiş, reabilitasiya olunmamış, həbsdən sonra uzun müddətli depressiyalar yaşamışdır. İddiaçıya vurulan mənəvi zərərə görə ona kompensasiya ödənilməlidir. Törədilmiş qanunsuzluqların xarakteri və həyata keçirilmə tərzi vəzifədən açıq-aşkar sui-istifadə edildiyini göstərir. Bu isə hüquq mühafizə orqanlarının maddi və mənəvi məsuliyyətinin dərəcəsinə və ölçüsünə birbaşa təsir edir. İddiaçı qeyd olunan dövr ərzində istintaq təcridxanasında ağır şəraitdə baxımsız və ac saxlanılmış, kameralarda sıxlıq olduğundan xüsusilə yay aylarında yatmaq, istirahət etmək və başqa zəruri tələbatları təmin etmək imkanı son dərəcə məhdudlaşmışdır. İddiaçının kamerada dəfələrlə halı pisləşmiş, müntəzəm dərman preparatlarını əldə etmək və qəbul etmək mümkün olmamış, azadlıq hüququnun məhdudlaşdırılması onu himayəsində olan yetkinlik yaşına çatmayan uşağına qayğı və diqqət göstərmək imkanından məhrum etmişdir. İddiaçı həbsdən əvvəl taksi sürücüsü kimi fəaliyyət göstərmiş, ailədə yeganə işləmək qabiliyyəti olan və qazanc gətirən şəxs olduğundan, həbsindən sonra ailəsinin vəziyyəti ağırlaşaraq ehtiyac içində yaşamağa məcbur olmuşlar. İddiaçının qanunazidd həbsindən ailə üzvləri də dərin sarsıntılar və cəmiyyətdə utanc hissləri keçirmişlər. Ağır bir maddə ilə ittiham olunmuş insanın ailəsinin, özünün və yaxın qohumlarının keçirdikləri hiss-həyəcan və dərin sarsıntıların əvəzini heç nə verə bilməz. Hüquq mühafizə orqanlarının qanunsuz və sui-istifadə tipli hərəkətləri iddiaçıya və ailəsinə ağır mənəvi ziyan vurmuşdur.
3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. Lakin “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Mülki Məcəllədə qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin tələbinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı məhkəməyə heç bir sübut göstərməmişdir. Həmçinin, iddiaçı ilə müvafiq vəkilin razılığı əsasında vəkillik fəaliyyətinin göstərilməsi üçün qarşılıqlı razılığı ifadə edən müqavilə bağlanmışdır. Bu müqavilənin bağlanmasına görə Maliyyə Nazirliyinin cavabdeh qismində nəzərdə tutulması hər hansı bir qanunvericilik aktlarında təsbit edilməmişdir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər və digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, İddiaçı vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirib, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın tam olaraq təmin edilməsini xahiş etmiş, digərləri isə nümayəndələrinin gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin və digər proses iştirakçılarının (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
7. Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, şübhə kifayət qədər əsaslı olmadığından, təqsirləndirilən şəxs statusunun İddiaçı üzərindən götürülməsi, İddiaçı saxlanıldığı Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasından dərhal azad edilməsi və s. qərara alınmışdır.
8. Abşeron Rayon Məhkəməsinin 4(012)-5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, AR Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlama müddəti 01 ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır.
9. Ödənişə dair xx.xx.2025-ci il tarixli sənəddən görünür ki, İddiaçı tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun hesabına (Vəkil təyinatı ilə) 300 manat məbləğində pul ödənilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı (Abşeron rayon Polis idarəsinin xx.xx.2024-cü il tarixli protokoluna əsasən həmin tarixdə tutulub, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı, AR CMin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən, barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilib, hərəkətləri: xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcrixanasına daxil olub, xx.xx.2024-cü il tarixdə Müalicə müəssisəsinə və xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına keçirilib) Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində AR CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilərək, şübhə kifayət qədər əsaslı olmadığından təqsirləndirilən şəxs statusu üzərindən götürülərək həmin təcridxanadan dərhal azad edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilsə də və son dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılsa da, Abşeron RPİ-nin İstintaq şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, şübhə kifayət qədər əsaslı olmadığından, təqsirləndirilən şəxs statusunun onun üzərindən götürülməsi və iddiaçının saxlanıldığı Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasından dərhal azad edilməsi qərara alınmışdır.
12. Hazırda İddiaçı qanunsuz həbsə alma nəticəsində ona mənəvi ziyan vurulduğunu bildirərək, 15.000 manat mənəvi zərərin və vəkil xərcinin cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini; cavabdeh isə özünü əsl cavabdeh saymayıb, iddianın təmin edilməməsini xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
13. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək, yəni 7 ay 10 gün müddətində qanunsuz olaraq həbsdə saxlanılmaqla onun azadlıq hüququ pozulmuşdur. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.
14. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qaldığına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
15. İddia tələbi ilə əlaqədar qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 7 ay 10 gün müddətinə həbsdə saxlanılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İddiaçının barəsində qanunsuz aparılan cinayət təqibi və iddiaçının qanunsuz olaraq həbsə alınması nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 15.000 manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, məhkəmə iş üzrə bütün diqqətəlayiq (hüquq pozuntusunun davam etmə müddəti və s.) halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 7.350 (yeddi min üç yüz əlli) manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 7.350 (yeddi min üç yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.
16. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
17. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.
19. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
21. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.
22. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 56.0.2-56.0.3. Bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
23. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
25. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
26. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
27. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.
28. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
29. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
31. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 7.350 (yeddi min üç yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən, hüquqi yardım göstərməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pulun 150 (bir yüz əlli) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli, məhkəmə xərcinin qalan hissəsi iddiaçının özünə aid edilməlidir.
Nəticə:
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 7.350 (yeddi min üç yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İş üzrə çəkilmiş hüquqi xidmət xərcinin 150 (bir yüz əlli) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilsin, hüquqi xidmət xərcinin qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova