Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2051/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ödənilməli olan 5 (beş) illik pul təminatından ona ödənilmiş olan 4.400 (dörd min dörd yüz) manat sığorta ödənişinin çıxılmaqla qalan məbləğin və İddiaçı2 ödənilməli olan 5 (beş) illik pul təminatından ona ödənilmiş olan 2.750 (iki min yeddi yüz əlli) manat sığorta ödənişinin çıxılmaqla qalan məbləğin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 peşəkar hərbçi olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində 23 ildən artıq hərbi xidmət keçmişdir. Belə ki, növbəti hərbi xidməti başa vurduqdan sonra xx.xx.2001-ci il tarixindən 4-cü korpusun 061 nömrəli əlahiddə batalyonunda bölüyün baş çavuşu vəzifəsinə təyin olunmuş, xx.xx.2002-ci il tarixindən Müdafiə Nazirliyinin “052” nömrəli hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət keçmişdir. O, 44 günlük müharibə dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar almış olduğu xəsarət nəticəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən 11 mart 2021-ci il tarixli 408 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmiş və 2021-ci ilin avqust ayının 14-də xəstəliyə görə ehtiyata buraxılmaqla tərxis olunmuşdur. Tərxis olunarkən ona 4.400 (dörd min dörd yüz) manat sığorta ödənişi verilmişdir. Digər İddiaçı2 isə peşəkar hərbçi olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində 24 ildən artıq hərbi xidmət keçmişdir. Belə ki, xx.xx.1999-cu ildə hərbi xidmətə çağırılaraq 776 saylı əlahiddə kəşfiyyat taborunda hərbi xidmətə başlamış, Müdafiə Nazirliyi tərəfindən xx.xx.1999-cu ildə “052” nömrəli hərbi hissəyə göndərilmiş və tərxis olunduğu günədək bu hərbi hissədə müxtəlif vəzifələrdə xidmət keçmişdir. İddiaçı2 44 günlük müharibə dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar almış olduğu xəsarət nəticəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komisyası tərəfindən 23 noyabr 2021-ci il tarixli 118 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmiş və 2022-ci ilin aprel ayının 04də xəstəliyə görə ehtiyata buraxılmaqla tərxis olunmuş, tərxis olunduğu günədək aylıq pul təminatı 989.10 (doqquz yüz səksən doqquz manat on qəpik) təşkil etmişdir. Tərxis olunarkən ona 2.750 (iki min yeddi yüz əlli) manat sığorta ödənişi verilmişdir. İddiaçılar cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət edərək “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbayan Respublikası Qanununun 20.11-ci bəndinə əsasən onlara ödənilməli olan 5 illik pul təminatından “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanuna əsasən iddiaçılara ödənilmiş olan sığorta ödənişini çıxmaqla qalan məbləğin, yəni arada yaranan fərqin ödənilməsini xahiş etsələr də, cavabdeh tərəfindən imtina edilmişdir. Göründüyü kimi, cavabdeh şirkət “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanunun müddəalarını əsas götürərək iddiaçılara sığorta ödənişini etmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, mülki işin materiallarında olan vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən İddiaçı1 baş gizir rütbəsində olmaqla xx.xx.1995-xx.xx.1998 və xx.xx.2001-xx.xx.2021-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Həmin fakt iş materiallarında olan H3 ******* nömrəli hərbi biletlə də təsdiq olunur. İş materiallarında olan N nömrəli h/h komandirinin əmrindən, 188 nömrəli xx.xx.2021-ci il tarixli çıxarışdan göründüyü kimi, İddiaçı1 xidmətdən ehtiyata buraxılarkən baş gizir rütbəsində olmuşdur. İddiaçı1 həqiqi hərbi xidmətdə olarkən xəsarət almasına görə (iş materiallarında olan xəstəlik haqqında 408 nömrəli xx.xx.2021-ci il tarixli şəhadətnamə ilə təsdiq olunur) sonuncunun Şirkətə edilmiş müraciətinə əsasən almış olduğu xəsarətin dərəcəsinə müvafiq olaraq 2.750 manat, həmin hadisə ilə əlaqədar xx.xx.2021-ci il tarixində İİİ dərəcəli əlillik təyin olunmasına görə (iş materiallarında olan TSEK-in elektron arayışı ilə təsdiq olunur) Şirkətə edilmiş digər müraciətinə əsasən 1650 manat olmaqla, ümumilikdə 4.400 manat sığorta ödənişi İddiaçı1 verilmişdir. Bundan başqa mülki işin materiallarında olan vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən İddiaçı2 baş gizir rütbəsində olmaqla xx.xx.1999-xx.xx.2022-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Həmin fakt iş materiallarında olan AO ******* nömrəli hərbi biletlə də təsdiq olunur. İş materiallarında olan N nömrəli h/h komandirinin əmrindən, 48 nömrəli xx.xx.2022-ci il tarixli və 254 nömrəli xx.xx.2020-ci il tarixli çıxarışlardan göründüyü kimi, İddiaçı2 xidmətdə olarkən və xidmətdən ehtiyata buraxılarkən baş gizir rütbəsində olmuşdur. İddiaçı2 həqiqi hərbi xidmətdə olarkən xəsarət almasına görə (iş materiallarında olan xəstəlik haqqında 118 nömrəli xx.xx.2021-ci il tarixli şəhadətnamə ilə təsdiq olunur) sonuncunun Şirkətə edilmiş müraciətinə əsasən almış olduğu xəsarətin dərəcəsinə müvafiq olaraq 2.750 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan və yuxarıda qeyd edilmiş sənədlərdən göründüyü kimi, iddiaçılar baş gizir hərbi rütbəsində olmuş, lakin onların kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları olmalarını təsdiq edən xidməti vəsiqənin surəti, yaxud kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin, habelə müvafiq icra hakimiyyəti orqanının arayışı təqdim edilməmişdir. İddiaçıların iddiasının hüquqi əsası kimi istinad etdikləri qanunla nəzərdə tutulmuş təminatı almaq üçün subyektiv hüquqları mövcud deyildir. Hazırki mülki işin materiallarında mövcud olan və sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən İddiaçı1 məxsus xəstəlik haqqında 408 nömrəli şəhadətnamə xx.xx.2021-ci il tarixinə, TSEKin arayışına əsasən əlilliyin təyin edilməsi xx.xx.2021-ci il tarixinə və İddiaçı2 məxsus 118 nömrəli şəhadətnamə xx.xx.2021-ci il tarixinə, bir sözlə, hər iki işdə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aiddir. İddiaçıların vermiş olduğu iddianın hüquqi əsası kimi istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.1997-ci il tarixdə qüvvəyə minmişdir. Hazırki iş üzrə iddiaçılar qanuna və təqdim olunmuş sənədlərə əsasən, sığorta olunan hərbi qulluqçu olmaqla, Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətdə olmuşlar. Həmin nazirliklə Şirkət arasında Qanunun qüvvəyə minməsindən başlayaraq 2022-ci il tarixinədək, hər il hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında 1 il müddətinə olmaqla, sığorta müqavilələri bağlanmış, müqavilələrə əsasən, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Qanunla müəyyən edilmiş qayda və şərtlərə uyğun olaraq həyata keçirilmişdir. İddiaçıların subyektiv hüququ olmuş olsaydı belə, onlar Müdafiə Nazirliyində xidmətdə olan hərbi qulluqçu olduqlarına görə, nazirliklə Şirkət arasında bağlanmış müqaviləyə uyğun olaraq iddiaçılar hərbi qulluqçu kimi Qanun əsasında sığortalanmış, həmin hərbi qulluqçulara görə Müdafiə Nazirliyi tərəfindən digər hərbi qulluqçularda olduğu kimi, Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin 1%-i, yəni 110 manat sığorta haqqı ödənilmişdir. Buna uyğun olaraq iddiaçılar 11000 manat məbləğində icbari şəxsi sığorta edilmişlər. Qeyd olunanlara əsasən, Şirkətlə Müdafiə Nazirliyi arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə yalnız 1 müqavilə bağlandığına və sığorta məbləği 11000 manatla məhdudlaşdığına görə sığorta hadisəsinin baş verdiyi halda sığorta şirkəti tərəfindən yalnız Qanuna və müqaviləyə uyğun olaraq müəyyən edilmiş faiz nisbətlərində sığorta ödənişi verilir. İddiaçıların iddia tələbini irəli sürərkən bunu “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbayan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən, 5 illik pul təminatı məbləğində sığortalanması ilə əlaqədar əsaslandırılmasına münasibətdə isə qeyd olunan maddi hüquq norması öz-özlüyündə realizə olunmur və onun həyata keçirilməsi üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşının xidməti etdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığorta şirkətinə qanunvericiliyə uyğun olaraq sığorta haqqı ödənilməlidir. Hazırki iş üzrə əgər iddiaçıların xidmət etmiş olduğu qurum onu adı çəkilən Qanuna uyğun olaraq sığorta etdirmiş olsaydı, bu halda iddiaçıların tələbi əsaslı olardı. Lakin sığorta etdirən, iddiaçıları yalnız Qanuna əsasən sığorta etdirdiyindən bunda sığorta şirkətinin öhdəliyi mövcud deyildir. Göründüyü kimi, iddiaçının əməkdaşı olduğu müvafiq icra hakimiyyəti orqanı ilə sığortaçı olan cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinin iddiaçıya münasibətdə məhz “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna uyğun şəkildə bağlanıbbağlanmamasını, habelə ödənilmiş sığorta haqqının da istinad edilən qanunda müəyyən edilmiş sığorta ödənişinə münasibətdə ödənilib-ödənilmədiyini müəyyən etmədən iddia tələbində əks olunmuş məbləğdə sığorta ödənişinin cavabdehdən tutulması qanunvericiliyin istinad edilən tələbləri baxımından yolverilməzdir. Belə ki, icbari sığorta müqaviləsinin sığortaçının təqsiri olmadan müvafiq qaydada bağlanmaması, habelə sığorta haqqının da müvafiq həddə ödənilməməsi Mülki Məcəllənin 897.3-cü maddəsi baxımından sığortaçının sığortaolunan qarşısında məsuliyyətini istisna edir. Göstərilənlərə əsasən, mülki iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iddiaçıların gəlməməsinə baxmayaraq, işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdiyindən, məhkəmə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iddianı qəbul etməyib, iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan AO seriyalı ******* nömrəli hərbi biletin 3-cü səhifəsindəki 9-cu qeyddən görünür ki, İddiaçı2 xx.xx.2022-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) ehtiyata buraxılıb. Mülki işin materiallarında olan N nömrəli hərbi hissəyə daimi buraxılış vərəqəsindən görünür ki, Baş gizir İddiaçı2 vəzifəsi kəşfiyyatçıdır. Mülki işin materiallarında olan xəstəlik haqqında xx.xx.2021-ci il tarixli 408 nömrəli şəhadətnamədən görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir, kəşfiyyatçı İddiaçı1 “partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, postkommotsion sindrom və davranış pozuntuları ilə təzahür edən nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. L1 fəqərəsinin sağ köndələn çıxıntısının qapalı cüzi yerdəyişmiş (xx.xx.2020) sağalmış sınığı. L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Posttravmatik bel-oma radikuliti, ağrı sindromu ilə. Qarının ön divarının əməliyyatdan (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. Hepatosteatoz” diaqnozu qoyulmuş, “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeyd edilmiş, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Mülki işin materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 188 nömrəli əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı1, xüsusi təyinatlı taborunun baş çavuşu Azərbaycan Respublikasının müdafiə nazirinin 19 iyun 2021-ci il tarixli 0187gm nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2021-ci ilin növbəti məzuniyyəti 50 (əlli) gün verilməklə 14 avqust 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 04 nömrəli əmri ilə “usta məharət dərəcəsi” verilmişdir. Baş gizir İddiaçı1 2021-ci ilin yanvar-iyun aylarındakı xidmətinə görə Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq olmuş və ona ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair xx.xx.2021-ci il tarixli elektron arayışından görünür ki, baş gizir İddiaçı1 xx.xx.1995-xx.xx.1998, xx.xx.2001-xx.xx.2021-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. HHK-nın rəyinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. Mülki işin materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci ildə “üzvi mənşəli şəxsiyyət pozğunluğu, Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı üzvi mənşəli şəxsiyyət pozuntusu. postkommotsion sindrom, ifadə olunmuş davranış pozuntuları, postravmatik stress pozuntusu, retroqrad amneziya ilə Vertebrogen lyumbalgiya. L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası Sağ göbək yırtığına görə aparılmış herniotomiya, hernioplastika cərrahi əməliyyatdan sonrakı vəziyyət Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, sol saidin ön səthinin kəsilmiş yarasından sonrakı vəziyyət. Postravmatik bel-oma radikuliti” diaqnozu qoyulmuş və xx.xx.2026-cı ilədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli 8/5103 nömrəli məktubdan görünür ki, İddiaçı1 ödənilən 3 illik həcmində kompensasiya Nazirlər Kabinetinin qərarına uyğun düzgün ödənilmişdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşlarının hərbi qulluqçularının 5 illik pul təminatı məbləğində sığorta olunması “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbayan Respublikası Qanununun 20.11-ci bəndində nəzərdə tutulmuşdur. Lakin, qeyd edilən bənddə sığorta edən (Müdafiə Nazirliyi) tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbayan Respublikası Qanununun 2.1.3-cü bəndinə uyğun sığorta edilirlər. Qeyd edilən bənddə sığortaolunan dedikdə barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər nəzərdə tutulur. Həmin qanunun 4.1-ci bəndinə əsasən sığortaolunan 11000 manat məbləğində sığorta edilir. İddiaçı1 aldığı xəsarətə uyğun olaraq bu bənddə göstərilən Qanunun 5.1.3-cü bəndinə uyğun sığorta məbləğinin alınması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edilə bilər. Ezamiyyə xərclərinin ödənişi ilə bağlı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 39.6.3cü yarımbəndinə uyğun olaraq pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissələrin səhra çıxışına cəlb edilmiş hərbi qulluqçularına ezamiyyə xərcləri (səhrada (çöldə) xidmətetmə pulu) ödənilmir. Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli müvafiq əmrinə uyğun olaraq N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə İddiaçı1 pul təminatı artım əmsalları tətbiq edilməklə ödənilmişdir. N nömrəli hərbi hissədən alınan məlumata əsasən İddiaçı1 təlimlərlə bağlı səhra çıxışlarında olmuş və bu səbəbdən də İddiaçı1 ezamiyyə xəclərinin ödənilməsi qanunvericiliyə uyğun deyildir. Mülki işin materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı1 təxris olunan günədək pul təminatı – 127,00 manat hərbi rütbə maaşı, 515,00 manat vəzifə maaşı, 160,50 manat xidmət illərinə görə faiz əlavəsi (25%) və 128,75 manat məharət dərəcəsinə görə olmaqla, cəmi 931,25 manat olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı1 ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış müqavilə əsasında tənzimlənir. Həmin müqaviləyə görə Müdafiə Nazirliyinin hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası, yalnız “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimlənir və bu Qanun sığorta ödənişlərinin qayda və şərtlərini müəyyən edir. İddiaçı1 19 noyabr 2020-ci il tarixində qanunverciliyin tələbinə əsasən 2750 manat, 02 noyabr 2021-ci il tarixində 1650 manat sığorta ödənişi verilmişdir. Bu səbəbdən əlavə sığorta ödənişinin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə görə müavinət İİİ qrup – 110 manat, müharibə əlillərinə təqaüd İİİ qrup – 330 manat, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 80 manat təyin edilmişdir. Mülki işin materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 254 nömrəli əmrindən çıxarışdan görünür ki, xüsusi kəşfiyyat vasitələri dəstəsindən baş gizir İddiaçı2 (pilotsuz uçuş aparatları üzrə) 27 sentyabr 2020-ci il tarixindən döyüş tapşırığının icrası ilə əlaqədar döyüş tapşırığına getmiş hesab edilmişdir. Mülki işin materiallarında olan xəstəlik haqqında xx.xx.2021-ci il tarixli 118 nömrəli şəhadətnamədən görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir, kəşfiyyatçı İddiaçı2 “F06.6, F07.2 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, postkommotsion sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntuları ilə təzahür edən nəticəsi. F43.1 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Sol diz oynağının medial meniskinin arxa buynuzunun İİ dərəcə degenerasiyası. Sol böyrəyin aşağı kasacığının mikroliti (4mm). Hepatosteatoz” diaqnozu qoyulmuş, “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeyd edilmiş, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Mülki işin materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 48 nömrəli əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı2, xüsusi kəşfiyyat vasitələri dəstəsinin pilotsuz uçuş aparatının hava kəşfiyyatı qrupunun baş texniki (pilotsuz uçuş aparatları üzrə) “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 28 yanvar 2022-ci il tarixli 012gm nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 2022-ci ilin hesabından qalan 50 (əlli) gün müddətinə məzuniyyət verilməklə 05 aprel 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə göndərilmişdir. Baş gizir İddiaçı2 2022-ci ilin yanvar-aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq olmuş, ona ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul təminatı verilmiş və 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair xx.xx.2022-ci il tarixli elektron arayışından görünür ki, baş gizir İddiaçı2 xx.xx.1999-xx.xx.1999, xx.xx.1999-xx.xx.2000 və xx.xx.2000-xx.xx.2022-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. HHK-nın rəyinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli 15/2809 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 180-24 nömrəli qərarının icrası ilə bağlı İddiaçı2 ərizəsinə Müdafiəsi Nazirliyinin müvafiq komissiyasında baxılmış, komissiyanın qərarı ilə İddiaçı1 üç illik pul təminatı məbləğində kompensasiya ödənilmişdir. Mülki işin materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 11 nömrəli arayışından görünür ki, 05 aprel 2022-ci il tarixində ehtiyata buraxılmış N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı2 pul təminatı – 127,00 manat hərbi rütbə maaşı, 515,00 manat vəzifə maaşı, 192,60 manat xidmət illərinə görə faiz əlavəsi (30 %) və məharət dərəcəsinə görə (10 %) 51,50 manat və 103,00 manat Azərbaycan Respublikası Prezidentinin 20 % əlavəsi olmaqla, cəmi 989,10 manat olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı2 ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin elektron informasiya bazasının məlumatına əsasən 15 yanvar 2021-ci il tarixdə 2750 (iki min yeddi yüz əlli) manat sığorta məbləği İddiaçı2 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış müqavilə əsasında tənzimlənir. Həmin müqaviləyə görə Müdafiə Nazirliyinin hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası, yalnız “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimlənir və bu Qanun sığorta ödənişlərinin qayda və şərtlərini müəyyən edir. Bu səbəbdən ona təkrar sığorta ödənişinin verilməsinin qeyri-mümkün olduğu qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Vətən müharibəsi iştirakçısı olduğuna görə İddiaçı2 xx.xx.2022-ci il tarixindən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 80 manat” təyin edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi (sığortalı) ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (sığortaçı) arasında bağlanmış hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında 01 yanvar 2019-cu il və 05 yanvar 2021-ci il tarixli müqavilələrdən görünür ki, həmin müqaviləyə və Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə əsasən icbari sığorta olunan hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər bir hərbi qulluqçu 11000 (on bir min) manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında – yəni 110 (yüz on) manat müəyyən edilir və “Sığortalı” tərəfindən “Sığortaçı”nın bankdakı hesabına ödənilir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri xx.xx.2022-ci il tarixədək Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü yarmbəndində sığortaolunan dedikdə, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər nəzərdə tutulur. Həmin qanunun 4.1-ci bəndinə əsasən sığortaolunan 11000 manat məbləğində sığorta edilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbayan Respublikası Qanununun 20.11-ci maddəsində isə sığortaedən tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilmişdir. Bu səbəbdən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbi ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. Qeyd edilənləri və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbayan Respublikası Qanununun 20.11-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığını nəzərə alaraq, kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının 5 illik pul təminatı miqdarında sığortalanması mümkün olmamışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbayan Respublikası Qanunu ilə deyil, hər il “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə sığortalanmışlar. Onların kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları olmalarını təsdiq edən sənəd məxfi olduğu üçün surətini məhkəməyə təqdim etmək mümkün deyildir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 15/1407 №-li cavab məktubundan görünür ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbayan Respublikası Qanunun icrası ilə bağlı Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq (məxfi) əmri ilə Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab olunan vəzifələrin Siyahısı təsdiq edilib. İddiaçı2 və İddiaçı1 Azərbaycan Ordusunda sonuncu tutduqları vəzifələri sözügedən əmrdə qeyd edilmədiyinə görə Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları hesab edilmirlər. Qeyd edilən Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektəri əməkdaşlarının (hərbi qulluqçularının) həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına, onların 5 illik pul təminatı məbləğində sığorta olunur. Həmin Qanunun 20.12-ci maddəsinə uyğun olaraq xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektəri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. İddiaçı2 və İddiaçı1 2020-ci ildə “Vətən müharibəsi” zamanı kəşfiyyat fəaliyyətinə cəlb edildikləri səbəbindən hər ikisi 3 illik pul təminatı məbləğində kompensasiya ilə təmin edilmişdirlər. Sözügedən Qaydaların 2.1-ci bəndinə əsasən 5 illik pul təminatı məbləğində kompensasiya xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (vəfat etmiş) hərbi qulluqçuların ailə üzvlərinə ödənilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı2 xx.xx.1999xx.xx.2022-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. O, 27 sentyabr 2020-ci il tarixindən xüsusi kəşfiyyat vasitələri dəstəsindən baş gizir (pilotsuz uçuş aparatları üzrə) qismində döyüş tapşırığının icrası ilə əlaqədar döyüş tapşırığına getmiş hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin elektron informasiya bazasının məlumatına əsasən 15 yanvar 2021-ci il tarixdə 2750 manat sığorta məbləği İddiaçı2 hesabına köçürülmüşdür (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 180-24 nömrəli qərarının icrası ilə bağlı İddiaçı2 ərizəsinə Müdafiəsi Nazirliyinin müvafiq komissiyasında baxılmış, komissiyanın qərarı ilə İddiaçı1 üç illik pul təminatı məbləğində kompensasiya ödənilmişdir). İddiaçı2 verilmiş N nömrəli hərbi hissəyə daimi buraxılış vərəqəsindən müəyyən edilir ki, onun hərbi rütbəsi baş gizir, vəzifəsi kəşfiyyatçı olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir, kəşfiyyatçı İddiaçı2 Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmaya görə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” məzmununda xəstəlik haqqında xx.xx.2021-ci il tarixli 118 nömrəli şəhadətnamə verilmiş, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Vətən müharibəsi iştirakçısı olduğuna görə İddiaçı2 xx.xx.2022-ci il tarixindən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 80 manat” təyin edilmişdir. xx.xx.2022-ci ildə hərbi geyim formasını daşımaq hüququ verilməklə xəstəliyə görə ehtiyata buraxılmışdır. İddiaçı2 ehtiyata buraxılan zaman xüsusi kəşfiyyat vasitələri dəstəsinin pilotsuz uçuş aparatının hava kəşfiyyatı qrupunun baş texniki (pilotsuz uçuş aparatları üzrə) olmuş, onun pul təminatı ümumilikdə 989.10 manat təşkil etmişdir. İş materialları əsasında müəyyən edilmişdir ki, o, eyni zamanda, birdəfəlik pul mükafatını almağa layiq hesab edilmiş, ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul təminatı verilmiş və 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir. Hazırda İddiaçı2 müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti olduğundan, ona ödənilməli olan 5 (beş) illik pul təminatından ödənilmiş olan 2.750 (iki min yeddi yüz əlli) manat sığorta ödənişinin çıxılmaqla qalan məbləğin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulmasını məhkəmədən xahiş edir. Digər İddiaçı1 xx.xx.1995-xx.xx.1998, xx.xx.2001-xx.xx.2021-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. 19 noyabr 2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən qanunverciliyin tələbinə əsasən 2750 manat, 02 noyabr 2021-ci il tarixində 1650 manat sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 04 nömrəli əmri ilə ona “usta məharət dərəcəsi” verilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir, kəşfiyyatçı İddiaçı1 Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmaya görə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” məzmununda xəstəlik haqqında xx.xx.2021-ci il tarixli 408 nömrəli şəhadətnamə verilmiş, xx.xx.2026-cı ilədək üçüncü dərəcəli əlillik təyin edilmiş, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçı1 xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə görə müavinət İİİ qrup – 110 manat, müharibə əlillərinə təqaüd İİİ qrup – 330 manat, xx.xx.2022-ci il tarixindən isə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 80 manat təyin edilmişdir. xx.xx.2021-ci ildə xəstəliyə görə ehtiyata buraxılmışdır. İddiaçı1 ehtiyata buraxılan zaman baş gizir, xüsusi təyinatlı taborunun baş çavuşu olmuş, onun pul təminatı ümumilikdə 931.25 manat təşkil etmişdir. İş materialları əsasında müəyyən edilmişdir ki, o, eyni zamanda, birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq hesab edilmiş, ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmişdir. Hazırda İddiaçı1 müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti olduğundan, ona ödənilməli olan 5 (beş) illik pul təminatından ödənilmiş olan 4.400 (dörd min dörd yüz) manat sığorta ödənişinin çıxılmaqla qalan məbləğin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə iddiaçıların iddiasına etiraz edərək, Müdafiə Nazirliyi ilə aralarında olan müqaviləyə əsasən onların sığortalanmasının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti olmayan hərbi qulluqçularla eyni qaydada həyata keçirilməsi səbəbindən iddianın əsassız olduğunu bildirir və təmin edilməməsini məhkəmədən xahiş edir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli cavab məktubu təqdim edilərək bildirilmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbayan Respublikası Qanununun 20.11-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığını nəzərə alaraq, kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının 5 illik pul təminatı miqdarında sığortalanması mümkün olmamışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbayan Respublikası Qanunu ilə deyil, hər il “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə sığortalanmışlar. Onların kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları olmalarını təsdiq edən sənəd məxfi olduğu üçün surətini məhkəməyə təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 15/1407 №-li cavab məktubunda isə qeyd edilmişdir ki, İddiaçı2 və İddiaçı1 Azərbaycan Ordusunda sonuncu tutduqları vəzifələri müvafiq məxfi əmrdə qeyd edilmədiyinə görə onlar kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları hesab edilmirlər. Məktubda daha sonra bildirilmişdir ki, İddiaçı2 və İddiaçı1 2020-ci ildə “Vətən müharibəsi” zamanı kəşfiyyat fəaliyyətinə cəlb edildikləri səbəbindən hər ikisi 3 illik pul təminatı məbləğində kompensasiya ilə təmin edilmişdirlər. Sözügedən məktubla əlaqədar qeyd edilməlidir ki, məktubda ifadə edilən fikirlər ziddiyyətli olduğundan həmin məktub məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Belə ki, müvafiq hərbi hissə iddiaçıların sonuncu tutduqları vəzifələrin kəşfiyyat fəaliyyətinə aid edilməməsini Azərbaycan Respublikası Müdafiə Nazirinin məxfi adlandırdığı əmri ilə əsaslandırır. Digər bir abzasda isə qeyd edilir ki, iddiaçılar 2020-ci ildə “Vətən müharibəsi” zamanı kəşfiyyat fəaliyyətinə cəlb edilmişlər. İş materiallarında olan mötəbər sübutlarla (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmrləri, xəstəlik haqqında şəhadətnamələr və s.) təsdiq olunur ki, iddiaçılar, həqiqətən də, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmuşlar. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıların kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmaları işin mübahisəsiz halıdır, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin xx.xx.2023-cü il tarixli 15/1407 №-li cavab məktubu isə ziddiyyətli olduğundan mötəbər sübut deyildir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tələbin təmin edilməsi üçün qanuni əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna görə də tələb təmin edilməməlidir. Məhkəmə gəldiyi qənaəti aşağıdakılarla əsaslandırır: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə görə, ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir. 8.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. 3-cü maddəsinə əsasən, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı, sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. 6-cı maddəsinə müvafiq olaraq, sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır. Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya ödəyir. Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir. Sığortaolunanlar hərbi qulluqçu statusu əldə etdikləri gündən bu Qanunla müəyyən edilmiş qaydada sığortalı tərəfindən sığorta olunurlar. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2-ci maddəsinə görə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. 20.11-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına Əsasən iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 897.2-ci maddəsinə əsasən xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 897.3-cü maddəsinə əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. 897.4-cü maddəsinə əsasən icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Sadalanan normaların məzmunundan da göründüyü kimi, icbari sığorta müqaviləsinin qanunla müəyyən edilmiş şəkildə bağlanmaması qanunvericiliklə sığortaçının deyil, sığorta etdirənin məsuliyyətinə aid məsələdir. Hazırki iş üzrə isə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı sığorta təminatı sığorta müqaviləsi ilə müəyyən edildiyindən və həmin müqavilələr əsasında sığortaçı sığorta olunanı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş sığorta ödənişi həddində sığortalamaması birbaşa olaraq sığortaçını sığorta olunan qarşısında məsuliyyətdən azad edir. 907.1-ci maddəsinə görə, icbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. 907.2-ci maddəsinə əsasən, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Yuxarıda qeyd olunan normalardan müəyyən olunur ki, icbari sığortalar üzrə sığorta hadisəsi hesab edilən hallar ödənilməli olan sığorta haqqı, sığorta ödənişinin həddi və hətta sığortaçı belə qanunla müəyyən edilsə də, icbari sığortalanmanın həyata keçirilməsi üçün imperativ olaraq sığorta etdirən müvafiq icra hakimiyyəti orqanı ilə sığortaçı arasında icbari sığorta müqaviləsinin bağlanması və qanunla müəyyən edilmiş sığorta ödənişinə uyğun müvafiq sığorta haqqının ödənilməsi tələb olunur. 911.2-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 916.1-ci maddəsinə görə, sığorta qaydalarında aşağıdakılar müəyyən edilməlidir: - müvafiq sığorta növünün aid olduğu və ya bu növdə birləşdirilmiş sığorta sinifləri; - sığorta predmetlərinin – sığorta olunanların, sığortalanan əşyaların və ya halların konkret kateqoriyası; - sığorta məbləğlərinin müəyyən edilməsi qaydası; - sığorta riskləri; - sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər; - sığorta müqaviləsinin bağlanması, həmçinin ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası; - tərəflərin hüquqları və vəzifələri; - sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri; - sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı; - sığorta ödənişinin verilməsindən imtinanın əsasları; - sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti; - sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti; - mübahisələrin həlli qaydası; - sığorta tarifləri və onların iqtisadi əsaslandırılması. 916.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 916.1.5-ci maddəsində nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər sığorta müqaviləsində razılaşdırılmaqla sığorta təminatına daxil edilə bilər. 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə əsasən, sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 935.2-ci maddəsinə əsasən bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Məhkəmə baxışı zamanı təqdim edilmiş sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında 01 yanvar 2019-cu il və 05 yanvar 2021-ci il tarixli müqavilələrə əsasən, “sığortaçı” “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qüvvədə olan Qanununa əsasən “sığorta olunan”ların icbari şəxsi sığortasının həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa uyğun olaraq hər bir hərbi qulluqçu 11000 (on bir min) manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında – yəni 110 (yüz on) manat müəyyən edilir və “Sığortalı” tərəfindən “Sığortaçı”nın bankdakı hesabına ödənilir. İşin hallarından görünür ki, iddiaçılar hərbi qulluqçu statusu ilə yanaşı, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyekti olmuşdur. Bu baxımdan iddiaçılara sığorta ödənişinin məhz “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş həddə ödənilməli olması qanunla nəzərdə tutulsa da, hazırki halda sığorta ödənişinin həmin Qanunla müəyyən edilmiş təminata uyğun olaraq verilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında 01 yanvar 2019-cu il və 05 yanvar 2021-ci il tarixli müqavilələr bağlanmış, həmin müqavilədə isə sığorta təminatı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna uyğun olaraq deyil, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanuna uyğun olaraq hesablanmışdır. Sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı sığorta təminatı sığorta qaydası və sığorta müqaviləsi ilə müəyyən edildiyindən və həmin müqavilələr əsasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş sığorta ödənişi həddində sığortalamaması, iddiaçıya iddia edilən Qanunda nəzərdə tutulan təminatın verilməsini mümkünsüz edir. Belə ki, nəzərdə tutulmuş məlumatların yanlışlığının sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olması sübuta yetirilmədiyindən onun mülki məsuliyyəti müəyyən edilmir. Bundan əlavə, mülki qanunvericilik məhz qanunun tələblərinə cavab verməli olan sığorta qaydaları əsasında sığorta münasibətlərinin tənzimlənməsini ehtiva etdiyindən, iddiaçının iddia etdiyi oxşar qanunlara (analogiya) və qanunvericiliyin iyeraxiyasına istinadən "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən 5 illik pul təminatı məbləğində sığorta ödənişinin həyata keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi dürüst müəyyən edilməli olan qaydaların mövcud olmaması səbəbindən də mümkün deyildir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatının və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilməsi müvafiq qanunda göstərilsə də, sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığorta qanunları ilə müəyyən edilməmişdir. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulan təminatın verilməsi mümkün olmadığından, hazırki iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2051/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2051/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver