Məhkəmə qərarları › İş №e-2(006)-2099/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2099/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2099/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09122014/141485 saylı Əsas Kredit müqaviləsinə əsasən cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində kredit xətti ayrılmışdır. Əsas Kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2014-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, 22 (iyirmi iki) faiz dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli Əlavə Kredit müqaviləsinin müddəti xx.xx.2016-ci il tarixli Əlavə Razılaşmaya əsasən xx.xx.2018-ci il tarixinədək uzadılaraq 3 (üç) ay müddətinədək güzəştli müddət tətbiq olunur. xx.xx.2016-cı il tarixli Əlavə Razılaşmaya əsasən cərimə faizləri standart faiz dərəcəsinə qədər azaldılır, aylıq ödəniş məbləği 1300 (bir min üç yüz) manat məbləğində müəyyən edilir və qalıq məbləğ müqavilə müddətinin sonunda tam ödənilir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatları kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ramana südçülük savxozu, Babək küçəsi, dalan 1-də yerləşən 29 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuş və Cavabdeh2 mülkiyyətində olan “Kia Sportage” minik markalı (Buraxılış ili-2011, Ban- KNAPC811DC7178172), rəngi tünd boz metallik, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 09 dekabr 2014-cü il tarixli 09122014/141485 saylı İpoteka müqaviləsi bağlanmışdır. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə borcalan və ipotekaqoyan Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli İpoteka Müqaviləsi imzalanmışdır. Bu razılaşma Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Eyni zamanda Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “Kia Sportage” minik markalı (Buraxılış ili-2011, Ban- KNAPC811DC7178172), rəngi tünd boz metallik, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2022-ci il tarixli **********307 və **********319 saylı bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 12818.59 (on iki min səkkiz yüz on səkkiz manat 59 qəpik) manat təşkil edir. Bundan 4552.09 (dörd min beş yüz əlli iki manat 09 qəpik) manat əsas, 6679.71 (altı min altı yüz yetmiş doqquz manat 71 qəpik) manat faiz borcu, 554.85 (beş yüz əlli dörd manat 85 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonraAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1031.94 (bir min otuz bir manat 94 qəpik) manat faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixində 1000 (min) manat məbləğində ödəniş etmişdir. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 12818.59 (on iki min səkkiz yüz on səkkiz manat 59 qəpik) manat - bundan 4552.09 (dörd min beş yüz əlli iki manat 09 qəpik) manat əsas, 6679.71 (altı min altı yüz yetmiş doqquz manat 71 qəpik) manat faiz borcu, 554.85 (beş yüz əlli dörd manat 85 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1031.94 (bir min otuz bir manat 94 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 128.46 (yüz iyirmi səkkiz manat 46 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ramana südçülük savxozu, Babək küçəsi, dalan 1-də yerləşən 29 nömrəli fərdi yaşayış evinə və ipoteka predmeti “Kia Sportage” minik markalı (Buraxılış ili - 2011, Ban: KNAPC811DC7178172), rəngi tünd boz metallik, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın və avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 kredit məhsullarından istifadə üçün kredit limiti verilməsi barədə razılığa gəlmiş, hər birinin məqsədi, məbləği və müddəti həmin müqavilə əsasında və çərçivəsində tərəflər arasında gələcəkdə bağlanacaq əlavə kredit müqaviləsi ilə müəyyən olunacaq ümumilikdə 150000 AZN və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 120 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müddət ərzində kredit limitini müəyyən edərək, Cavabdeh2 maliyyə vəziyyətini və dövriyyəsini təhlil etdikdən, müsbət nəticə aldıqdan sonra öz mülahizəsi əsasında kredit limiti çərçivəsində hər növ kredit məhsulları (kredit, kredit xətti, akkreditiv, overdraft və qarantiya) verə bilər. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətinə illik 22 faiz ödənilməsi şərtilə 50000 AZN məbləğində kredit vermişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC qarşısında Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipotekaverən və borcalan Cavabdeh2 özünə məxsus olan 2011-ci il buraxılışlı, “Kia Sportage minik” markalı, 90LV674 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2014-cü il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin (36 ay müddətinə illik 22 faiz ödənilməsi şərtilə 50000 AZN) icrasını təmin etmək məqsədilə ipotekasaxlayan İddiaçı ASC-nin xeyrinə yüklü etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipotekaverən və borcalan Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ramana südçülük sovxozu, Babək küçəsi, dalan 1-də yerləşən 29 nömrəli fərdi yaşayış evini xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin (ümumilikdə 150000 AZN və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 120 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müddət ərzində kredit limiti) icrasını təmin etmək məqsədilə ipotekasaxlayan İddiaçı ASC-nin xeyrinə yüklü etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh2 (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: aktiv) və əsas fəaliyyət istiqamətini muzdla və ya müqavilə əsasında heyvandarlıq sahəsində digər xidmətlərin göstərilməsi təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən, həmçinin, görünür ki, Cavabdeh1 (VÖEN: **********) xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: Fəaliyyətini müvəqqəti dayandırmış) və əsas fəaliyyət istiqamətini ət və ət məhsullarının pərakəndə satışı təşkil edir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması onun artıq fəaliyyət göstərmədiyi mənasına gəlmir, sadəcə fəaliyyətin müəyyən müddətə müvəqqəti olaraq dayandırılması və bir sıra dövlət orqanlarına bəyannamələrin (vergi, sosial və s. ilə əlaqədar hesabatlar) verilməməsi mənasına gəlir. Eyni zamanda qeyd edilməlidir ki, hazırki mübahisə üzrə iddiaçı LPO İddiaçı ASC vergi ödəyicisi kimi müvafiq qaydada dövlət qeydiyyatından keçmiş, Açıq Səhmdar Cəmiyyəti təşkilatihüquqi formasında fəaliyyət göstərən kommersiya hüquqi şəxsidir. Burada qeyd edilməlidir ki, mülki qanunvericiliyə əsasən, kommersiya hüquqi şəxsləri həyata keçirdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılır. Beləliklə, məhkəmə tərəfindən sənədlərin ilkin araşdırılması zamanı müəyyən edildi ki, hazırki iş üzrə tərəflər – iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********), cavabdehlər Cavabdeh2 (VÖEN: **********) və Cavabdeh1 (VÖEN: **********) vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinə malik olan, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. Başqa sözlə, hazırki mübahisənin subyektiv tərkibi kommersiya hüquqi şəxsi və fərdi sahibkar statusuna sahib olan fiziki şəxslərdir. Beləliklə, tərəflər vergi ödəyicisi olduğundan onlar arasında olan mübahisə də kommersiya mübahisəsidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış “əlavə kredit müqaviləsi”nə əsasən, Cavabdeh2 bankdan dövriyyə vəsaitinin artırılması məqsədilə kredit götürməklə, bank isə iddiaçıya kredit verməklə gəlir əldə etmək niyyətində olmuşlar. Digər Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsi isə əsas öhdəlikdən (əsas və əlavə kredit müqavilələri) törədiyi və əsas öhdəliyin təminat üsulu olduğu üçün tərəflər arasında yaranmış münasibətlər kommersiya münasibətləri, bu münasibətlərdən yaranan mübahisələr isə kommersiya mübahisələri hesab olunur. İddiaçı ilə Cavabdeh2 arasında olan müqavilə münasibətlərinin predmetini sahibkarlıq fəaliyyətindən gəlir əldə etmək təşkil etmişdir ki, bu da onlar arasında kommersiya münasibətlərinin yaranmasına gətirib çıxarmışdır. Zaminlik münasibətləri də məhz kommersiya məqsədilə rəsmiləşdirilmiş kredit müqavilələrinin təminatı məqsədilə bağlandığından, hazırki iş üzrə tərəflərin münasibətləri kommersiya xarakterli münasibətlərdən irəli gələrək yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki mülki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya xarakterli mübahisədir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının (bundan sonra – Qərarın) 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qərarın 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Qərarın 20-ci bəndinə müvafiq olaraq, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan hüquq münasibətlərinin, həm də mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 128.46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməli və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 128.46 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 128.46 (bir yüz iyirmi səkkiz manat, qırx altı qəpik) manat məbləğində pul ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar