Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-212/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, 527 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, cəmi 557 manat 40 qəpik məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə əlavə araşdırma aparılmasına zərurət olduğundan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli e-2(006)-4160/2022 saylı qərardadı ilə mülki işə ümumi iddia icraatı qaydasında baxılması mümkün hesab edilmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Babək prospektində "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü ilə sığortalanmış, Cavabdeh1 məxsus olan, idarəetmə hüququ əsasında Cavabdeh2 istifadəsinə verilmiş «BMW 745» minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) əmlak sığortası növü üzrə sığortalanmış "xxxx" markalı, **- VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Həmin zərərin aradan qaldırılması üçün ASC tərəfindən 1.915 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, həmin məbləğdən 1.388 manat məbləğində pul mütənasiblik qaydasında («İcbari sığortalar haqqında» Qanunun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərər çəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir) "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, MİP-TK-5588/15 saylı sığorta şəhadətnaməsinə əsasən "xxxx" markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş MYP 982171 saylı inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsinə görə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli zərərin hesablanması aktı və xx.xx.2015-ci il tarixli sığorta aktından müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ASC tərəfindən sığortalanmış "xxxx" markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2.015 manat məbləğində ziyan dəymişdir. xx.xx.2015-ci il tarixli sığorta aktından və iddia ərizəsinə əlavə edilmiş 04 dekabr 2015-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, dəymiş ziyanın aradan qaldırılması üçün 100 manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra ASC tərəfindən 1.915 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş AB seriyalı 238319 saylı qeydiyyat şəhadətnaməsinin və ƏN-İİ seriyalı 314623 saylı etibarnamənin surətlərindən müəyyən olunur ki, Cavabdeh2 istifadəsinə verilmiş «BMW 745» minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt Babazadə (Babayev) Hüseynəddin Bəradər oğluna məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1.915 manat məbləğində sığorta ödənişinin qalıq 527 manat məbləğində olan hissəsinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. Qeyd olunanlara əsasən ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1.915 manat məbləğində sığorta ödənişinin qalıq 527 manat məbləğində sığorta ödənişini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna malikdir. Bundan başqa, hesab edirlər ki, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddiaçının nümayəndəsi İlkin Xəlilov məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2015-ci il tarixdə bağlanmış MİP-TK-5588/15 nömrəli sığorta müqaviləsinə əsasən X1 məxsus olan "xxxx" markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tam sığorta növü üzrə sığortalanmışdır. Yol-nəqliyyat hadisəsi barədə sənədlərdən göründüyü kimi, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Babək prospektində "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü ilə sığortalanmış, Cavabdeh1 məxsus olan, idarəetmə hüququ əsasında Cavabdeh2 istifadəsinə verilmiş «BMW 745» minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də əmlak sığortası növü üzrə sığortalanmış "xxxx" markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Nizami RPİ DYPŞ-nin MYP 982171 nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh2 Abseyn oğlu «BMW 745» minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2015-ci il tarixli 1183/5 saylı zərərin hesablanması aktından görünür ki, "xxxx" markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün görülməli işlərə və ehtiyat hissələrinin alınmasına cəmi 2.015 manat pul vəsaiti tələb olunur. xx.xx.2015-ci il tarixli 1183/15 saylı sığorta aktından və 04 dekabr 2015-ci il tarixli 1109 saylı ödəniş tapşırığından görünür ki, 100 manat azadolma məbləği çıxılaraq, 1.915 manat X1 ödənilmişdir (bank hesabına köçürülmüşdür). xx.xx.2017-ci il tarixli sığorta aktından görünür ki, yuxarıda qeyd olunan sığorta ödənişi məbləğdən 1.388 manat hissəsi mütənasiblik qaydasında "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Sığorta ödənişi məbləğinin 1.388 manat hissəsinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilməsi nəzərə alınaraq, qalıq məbləğ 527 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının ona qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh2 tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 527 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, cəmi 557 manat 40 qəpik məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 527 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, cəmi 557 manat 40 qəpik məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-212/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-212/2023
14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver