Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2155/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti cavabdeh hesab edilmədiyindən iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində cavabdehin ləğv prosesində olması qeyd edilsə də, onun ləğvedicisinin təyin eidlməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Göstərilənlərə əsasən qeyd edilməlidir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh qismində göstərilən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində fiziki və hüquqi şəxslər çıxış edə bilər ki, iddiaçı hazırki halda fəaliyyət göstərməyən şəxsə qarşı iddia qaldırdığından və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti iş üzrə cavabdeh hesab edilmədiyindən bu iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2155/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2155/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver