Məhkəmə qərarları › İş №e-2(006)-216/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-216/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-216/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin tutulması və s.» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin, həmin məbləğin gecikdirildiyi vaxt üçün faizin və dövlət rüsumunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqavilə üzrə onun tərəfindən artıq ödənilmiş 20.000 manat pul vəsaiti, həmin məbləğin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 % olmaqla 7.000 manat pul vəsaiti və ödənilmiş 171 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2(006)- 216/2025 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, sonradan həmin qiyabi qətnamə ləğv edilmiş, sonrakı prosessual hərəkətlər icra olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 568-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binasının 4 giriş, 6 mərtəbədə, ümumi sahəsi, 152.24 m2 olan 298-299 saylı, 4 otaqlı mənzili Cavabdeh MMC tərəfindən tikilərək İddiaçı təhvil verilməli idi. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** nömrəli və ********** nömrəli çıxarışlardan göründüyü kimi İddiaçı müvafiq olaraq Yeni qaydalarla: ünvan 6 (90.1 m2 ) və Yeni qaydalarla: ünvan 1 ünvanlarında yerləşən mənzillər təhvil verilmişdir. Göründüyü kimi, İddiaçı verilmiş daşınmaz əmlakların ümumi sahəsi tərəflər arasında bağlanmış müqavilə ilə verilməsi nəzərdə tutulan mənzilin ümumi sahəsindən 16.64 m2 daha azdır və bu sahəyə görə ondan ümumi olaraq 20.000 manat əlavə ödəniş alınmışdır. Bundan başqa, qeyd olunmuşdur ki, yüksəkmərtəbəli binaların tikintisi sahəsində ixtisaslaşan və hər bir m2 sahənin dəyərini müəyyən edən cavabdeh mənzilin ümumi sahəsinin 152.24 m2 olmadığından məlumatlı olmağa borclu idi. Bu da cavabdehin (podratçının) bu qüsuru bilərəkdən gizlətməsi qənaətinə gəlməyə əsas verir və Mülki Məcəllənin 775-ci maddəsinin tələbləri baxımından cavabdehə (podratçıya) iddiaçı (sifarişçi) ilə aralarında bağlanmış müqavilənin 1.1-ci maddəsi üzrə əldə edilmiş razılaşmaya istinad etməsini hüquqi baxımdan istisna edir. Belə ki, cavabdeh mənzilin hər hansı hissəsi ilə bağlı güzəşt etməmiş və ödənişi məhz müqavilənin 1.1-ci bəndində göstərilmiş ölçüyə uyğun qəbul etmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı onun istifadə və sahibliyinə verilməmiş, habelə mülkiyyət hüququ tanınmamış sahə üçün də ödəniş etmişdir. Beləliklə, cavabdeh qeyd edilən podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya müqavilə üzrə müəyyən edilmiş sahədə mənzil təhvil verməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təhvil verilməmiş sahənin dəyərini iddiaçıya qaytarmalıdır. Sonradan, xx.xx.2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən artıq ödənilmiş mənzilin bazar dəyərinə uyğun olaraq 42.009 manat məbləğində pulun, müqavilə üzrə atrıq ödənilmiş 20.000 manat məbləğin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 % olmaqla 8.000 manat pulun və 242 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 568-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binasının 4 giriş, 6 mərtəbədə, ümumi sahəsi, 152.24 m2 olan 298-299 saylı, 4 otaqlı mənzili Cavabdeh MMC tərəfindən tikilərək İddiaçı təhvil verilməli idi. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** nömrəli və ********** nömrəli çıxarışlardan göründüyü kimi, İddiaçı müvafiq olaraq Yeni qaydalarla: ünvan 6 (90.1 m2 ) və Yeni qaydalarla: ünvan 1 ünvanlarında yerləşən mənzillər təhvil verilmişdir. Ekspert rəyi ilə müvafiq azaltma əmsalları tətbiq olunmaqla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları»na əsasən 137.5 m2 hesablanmışdır (152.24-137.5= 14.74). Göründüyü kimi, İddiaçı verilmiş daşınmaz əmlakların ümumi sahəsi tərəflər arasında bağlanmış müqavilə ilə verilməsi nəzərdə tutulan mənzilin ümumi sahəsindən 14.74 m2 daha azdır və bu sahəyə görə X2 MMC-nin hesabatına əsasən mənzilin bir m2 bazar dəyəri 2.850 manat müəyyən edilməklə, 14.74 m2 x 2.850 = 42.009 manat hesablanaraq, bu məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, xx.xx.2017-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 20.000 manat məbləğində pulun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 % olmaqla, ((20000*5/100/365*2920)) 8.000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Daha sonra, xx.xx.2026-cı il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, artıq alınmış (əsassız varlanma nəticəsində) 18.969 manat məbləğində real zərər, 32.216 manat məbləğində əldən çıxmış fayda, 9 illik gecikdirililmiş müddətə (illik 5 faiz olmaqla) 8.536 manat əldən çıxmış fayda, ümumilikdə maddi zərərin əvəzi olaraq 59.121 manat məbləğində vəsait və 367 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iş məhkəmənin icraatındadır. İddia ərizəsində müəyyən əlavə və dəyişikliyin edilməsi zərurəti yaranmışdır. Belə ki, hazırki işə baxılması artıq uzun müddətdir ki davam edir. Bu müddət ərzində daşınmaz əmlak bazarında yenə də yüksəliş olmuşdur. Bu isə öz yerində iddiaçıya vurulmuş zərərin (əldən çıxmış fayda) məbləğinin artmasına səbəb olmuşdur. Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş «Tikinti obyektlərinin sahəsinin və hecminin hesablanması Qaydaları 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Şəhərsalma Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cu maddasinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarına uyğun olaraq qeyd olunmalıdır ki, mənzillərin sahələri hesablanarkən azalma əmsalları tətbiq olunmalıdır. Mənzilə çıxarış verilərkən belə bu qayda tətbiq edilərək mənzil sahələri ölçülür və yekun olaraq çıxarışda da bu öz əksini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərərsosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Müasir bazar şəraitində mənzilin dəyərlənməsi və qiymətinin qalxması nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçı mənzili vaxtında əldə etsə idi, hazırda onu daha yüksək qiymətə özgəninkiləşdirmək, bundan əlavə daha yüksək 4 qiyməti olan əmlaka sahib olmaq hüququna malik olacaqdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2024-cü il tarixli 10/5144 saylı rəyindən gorünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Yasamal rayonu Əhmed Cəmil küçəsində inşa edilmiş, 23B saylı binanın 6cı mərtəbəsində yerləşən və iddiaçıya məxsus mənzilin (5 və 5A saylı mənzillər) faktiki sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələblərinə əsasən (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 141,8 m2 təşkil etdiyi müəyyən olunmuşdur (1-ci sual üzrə). Bakı şəhəri Yasamal rayonu Ərməd Cəmil küçəsində inşa edilmiş, 23B saylı binanın 6cı mərtəbəsində yerləşən və iddiaçıya məxsus mənzilin (5 və 5A saylı mənzillər) faktiki sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları»nın tələblərinə əsasən (müvafiq azalma əmsalları tətbiq olunmaqla) 137,5 m2 təşkil etdiyi müəyyən edilmişdir (2-ci sual üzrə). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsində inşa edilmiş, 23B saylı binanın 6- cı mərtəbəsində yerləşən və iddiaçıya məxsus mənzillərdə (5 və 5A saylı mənzillər) aparılmış təmir və yenidənqurma işləri nəticəsində mənzilin sahəsinin azalmadığı müəyyən edilmişdir (1-ci sual üzrə). Yuxarıda qeyd olunan ekspertiza rəylərindən də göründüyü kimi mənzilin təmiri zamanı sahədə azalma olmamışdır və faktiki olaraq alğısatqıda qeyd olunan sahədən faktiki mənzilin sahəsi azdır. Bu da öz növbəsində iddiaçının aldanıldığı və ona maddi (əldən çıxmış fayda və faktiki zərər) zərər vurulmuşdur. «X2» MMC-nin 13 sentyabr 2024-cü il tarixli 137 saylı hesabatından gorünür ki, Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış kompleksində yerləşən mənzilin 1 m2 nin qiymətləndirmə tarixinə olan dəyəri 2.850 manat müəyyən edilir. «X2» MMC-nin 20 oktyabr 2025-ci il tarixli, 383 saylı hesabatından görünür ki, Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış kompleksində yerləşən mənzilin 1 m2 nin qiymətləndirmə tarixinə olan dəyəri 3.040 manat müəyyən edilir. Yuxarıda qeyd olunan mütəxəssis hesabatlarından görünür ki, iddia qaldırılan dövrdə mənzilə qoyulmuş qiymət artaraq 3.040 manat olmuşdur. Bu daşınmaz əmlak bazarının real təzahürüdür ki, qiymətlər il ildən artmaqdadır. Yəni 8 il öncə mövcud vəsaitlə mənzil alanı bilirdisə, həmin məbləğdə vəsaitlə bu gün bu mümkn deyil. Yəni iddiaçı 8 il öncə aldadıldığını bilsə idi, əlbəttə ki, həmin dövrde artıq ödəmiş olduğu məbləği tələb edərdi. Lakin 8 il sonra hüqularının pozulduğunu anladıqda iddiaçıya nəinki real zərər, həmçinin əldən çıxmış fayda da zərər olaraq dəymişdir. 2024-cü il tarixdə tələb olunan maddi zərərin əvəzi olan vəsait tabii ki, bu gün artıq bu günkü qiymətlərlə nəzərə alınmalı və iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə araşdırılmasına tədim edilmiş sübutlardan aydın olur ki, Əmlak Komitəsi tərəfindən verilmiş çıxarış üzrə yaranmış sahə fərqi 16,64 m2 , ekspertiza rəyləri üzrə isə fərq 14,74 m2 təşkil edir. Hesab edir ki, Əmlak Komitəsi tərəfindən verilmiş çıxarış fərqin müəyyən edilməsində əsas götürülməlidir, belə ki, məhz bu dövlət qurumu daşınmaz əmlakların sahəsini qanunvericiliyə uyğun olaraq müəyyən edən və qeydiyyatını aparan yeganə səlahiyyətli orqan hesab edilir. Beləliklə işin hallarından müəyyən olunur ki, iddiaçıdan mənzilin hər kvadrat metrinə görə 1.140 manat 5 vasait alınmışdır. Yəni manzilin faktiki sahəsində yaranmış fərqə görə artıq alınmış (əsassız varlanma) olan 16,64*1140=18.969 manat vəsait real zərər, 16,64*3040=50.585 manat məbləğinin 50.585-18.969=32.216 manat olan hissəsi əldən çıxmış fayda, həmçinin artıq alınmış 18.969 manata 9 illik gecikdirilmiş müddətə (illik 5 faiz olmaqla) 8.536 manat əldən çıxmış fayda, ümumilikda 50.585+8.536=59.121 manat maddi zərər müəyyən edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia tələbinə verilmiş yeni dəqiqləşmə ərizəsi ilə bağlı məhkəmənin nəzərinə aşağıdakı xüsusatları çatdırmaq istəyir. Belə ki, MTK tərəfindən satılmış mənzillərin müqavilələrinə diqqət yetirilsə, rahatlıqla müəyyən etmək olar ki, MTK başqa bütün şəxslərə satılmış mənzilləri çöldən-çölə ölçülərlə nəzərə almış və ona uyğun müqavilələr tərtib etmişdir. Bu günkü gün isə Bakı şəhərində inşa olunan bütün binalarda satış çöldən-çölə ölçülərlə aparılması nəzərə alınsa, rahatlıqla müəyyən edilər ki, artıq bununla bağlı işgüzar adətlər formalaşmışdır. İddia tələbinin əldən çıxmış fayda tələbi hissəsi də tamamilə əsassız və qanunsuz olması onunla sübut olunur ki, hazırki mübahisə Mülki Məcəllənin 766-cı maddəsinin tələblərinə uyğun olaraq araşdırılmalı və buna uyğun həll edilməlidir. Belə ki, həmin maddənin dispozisiyasına görə sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Göründüyü kimi, sifarişçi 765-ci maddəyə uyğun olaraq icradan imtina etmirsə, yalnızca qüsur məmulatın qiymətini azaltdığı qədər pulu tələb edə bilər. Üstəgəl nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan mənzil 2019-cu ildə inşa olunaraq iddiaçıya təhvil verilmiş, iddiaçı qüsur barədə xəbərdar olduqdan 5 il sonra iddia qaldırmışdır. Bununla bağlı kifayət qədər yuxarı instansiya məhkəmələrinin mövqeyi olmasını nəzərə aldıqda, hazırki tələbin təmin edilməsi mümkün deyildir. Eyni zamanda, iddiaçı 5 % şəklində əldən çıxmış faydaya dair də tələb irəli sürür ki, 445.7-ci maddəyə diqqət yetirilsə aydın olur ki, iş 2024-cü ilin aprel ayından məhkəməyə təqdim edilməsinə baxmayaraq, iddiaçı 2019-cu ildən həmin mənzili təmir etdirərək yaşamış, üzərindən 5 il keçdikdən sonra pula ehtiyac yarandığı halda MTK-ya qarşı iddia qaldırmışdır. Hazırda MTK-nın pul ödənişini gecikdirməsi halı olmadığından və iddia tələbi əsaslı olmadığından hazırki iddia tələbi əsaslı ola bilməz. Bundan əlavə, işin əsas məqamı ondan ibarətdir ki, iddiaçı 2023-cü ildə çıxarış alsa da, həmin mənzil 2019-cu ildən həmin şəxsə təhvil verilmiş və sifarişçi mənzili təhvil alaraq, təmir etdirmişdir. Məlum olduğu kimi, təmir zamanı evin sahəsinin ölçülmədən təmir edilməsi mümkün deyildir və bu səbəbdən iddiaçı mənzilin sahəsinin içdən-içə 141.8 m2 olduğunu bilmiş və qəbul edərək yaşamışdır. Mülki Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Göründüyü kimi, iddiaçı sahəni biləbilə 2019-cu ildən qəbul etmiş və təmir etmişdir, bu səbəbdən iddiaçının bu əsaslarla tələb hüququ əmələ gəlmir. Yuxarıda qeyd edilənlərə əsasən, iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, məhkəməyə iddiaya etiraz təqdim etmişdir. Etirazda qeyd olunanları müdafiə edir. Hazırda isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək əlavə olaraq bildirir ki, İddiaçı tərəfindən ünvanlanmış iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə isə yekun iddia tələbi aşağıdakı formadadır: «Cavabdehdən artıq alınmış (əsassız varlanma nəticəsində) 18.969 manat məbləğində real zərər, 32.216 manat məbləğində əldən çıxmış fayda, 9 illik gecikdirilmiş müddətə (illik 5 faiz olmaqla) 8.536 manat əldən çıxmış fayda, ümumilikdə maddi zərərin əvəzi olaraq 59.121 manat məbləğində vəsaitin və 367 manat məbləğində dövlət rüsumu olaraq ödənmiş vəsaitin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarasınız». Aşağıda qeyd olunanlarla sübut edilir ki, İddiaçı iddiasının tamamilə əsassız olması ilə yanaşı, həm də iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür və iddia həmçinin bu səbəbdən rədd olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməli olan mənzil razılaşdırılmış müddətdə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli, 5 saylı arayışa əsasən İddiaçı Beytulla oğlu kommunal xidmətlərdən (işıq, qaz, su və s.) istifadə etməyə başladığı tarixdən olan məlumata əsasən Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi 23B-də yerləşən, Cavabdeh MTK-ya məxsus yaşayış binasında, mərtəbə 6, 298-299 saylı mənzillərdən 17 fevral 2020-ci il tarixdən etibarən istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 439.4-cu maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. 776.2-ci maddəyə görə əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Həmin Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi 7 barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiq edilməsi və bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi həmin Məhkəmənin Dacia S.R.L. v. Moldovaya qarşı (ərizə № 3052/04, 18 mart 2008-ci il tarixli qərar) qərarında məhkəmə qeyd etmişdir ki, iddia müddəti heç bir ayrı-seçkilik olmadan tətbiq edilməlidir. Əks təqdirdə, yekunlaşmalı olan hüquq münasibətlərinin dəyişdirilməsi hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edərdi. Göründüyü kimi, İddiaçı ən azı 2020-ci ilin fevral ayından etibarən mübahisə predmeti olan mənzildən istifadə etməkdədir. Qeyd olunan mənzili təhvil aldığı, təmir etdiyi müddətdən mənzilin ümumi sahəsi barədə məlumatlı olmuşdur. Buna baxmayaraq MTK-ya qarşı hər hansı bir iddia və tələb irəli sürməmişdir. İddiaçı yalnız 2024-cü ildə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, iddia müddətinin tətbiq edilərək, iddiaçı X1 iddiasının, digər əsaslarla yanaşı, həmçinin iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi səbəbindən rədd edilməsinə dair qətnamə qəbul etməyinizi xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış «Tikilməkdə olan çoxmənzilli yaşayış binasında mənzil satışına dair» müqavilədən görünür ki, icraçı Cavabdeh MMC ünvan 4 ünvanda tikilən çoxmənzilli yaşayış binasında ümumi sahəsi 152,24 m2 ibarət olan giriş (blok) 4, 6-cı mərtəbə, 4 otaqlı 298-299 saylı mənzili inşa edib təhvil verməyi; sifarişçi İddiaçı Beytulla oğlu isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə ödənişləri vaxtında və tam icra etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2- 2-1/2-19186/2025 saylı məktubundan görünür ki, hüquqi şəxs xx.xx.2016-cı il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınmış, xx.xx.2019-cu il tarixdə yenidən təşkil olunaraq Cavabdeh Mənzil Tikinti Kooperativinə (VÖEN **********) çevrilmişdir. Hüquqi şəxsə dair bütün məlumatları əks etdirən dövlət reyestrindən çıxarışın surəti təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli Ö/003160 saylı istismara hazırlıq aktından görünür ki, Azərbaycan Respublikası FHN TTNDA Baş Dövlət Tikinti Müfəttişliyinin rəis müavini İsmayıl Zeynalov tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 26 noyabr 2014-cü il tarixli 0164 saylı əmri ilə təsdiq edilmiş forma üzrə müvafiq akt tərtib edilmiş, aktda sifarişçi Cavabdeh MTK tərəfindən Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 374 nömrəli sərəncamına əsasən inşa edilən ünvan 5 ünvanlarında 3 girişli, 16 mərtəbəli (+zirzəmi, +dam (çardaq)) yaşayış binalarının (2, 3, 4 saylı binalar üçün) əsas göstəriciləri və sair zəruri məlumatlar qeyd edilmişdir. Akt obyektdə tikinti-quraşdırma işlərinin sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, Müfəttişlik tərəfindən Dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir. Akt Müfəttişliyin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələri tərəfindən imzalanmış, möhürlərlə təsdiq edilmişdir. 8 - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, AZ 1141, ünvan 6 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam pay şəklində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli 04/31943 inventar nömrəli texniki pasportdan görünür ki, AZ 1141, ünvan 6 ünvanda yerləşən mənzilə dair zəruri məlumatlar əks edilməklə, İddiaçı adına texniki pasport tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 23B, M6, m5 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam pay şəklində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli 04/31942 inventar nömrəli texniki pasportdan görünür ki, AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 23B, M6, m5 ünvanda yerləşən mənzilə dair zəruri məlumatlar əks edilməklə, İddiaçı adına texniki pasport tərtib edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 05 saylı arayışdan görünür ki, İddiaçı Beytulla oğlu kommunal xidmətlərdən (işıq, qaz, su və s.) istifadə etməyə başladığı tarixdən olan məlumata əsasən Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi 23Bdə yerləşən, Cavabdeh MTK-ya məxsus yaşayış binasında, mərtəbə 6, 298-299 saylı mənzillərdə 17 fevral 2020-ci il tarixdən etibarən istifadə etməkdədir. «X2» MMC-nin xx.xx.2024-cü il tarixli 137 saylı hesabatından görünür ki, Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış kompleksində yerləşən mənzilin 1 m2 nin qiymətləndirmə tarixinə olan dəyəri 2.850 manat müəyyən edilir. «X2» MMC-nin xx.xx.2025-ci il tarixli 383 saylı hesabatından görünür ki, Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış kompleksində yerləşən mənzilin 1 m2-nin qiymətləndirmə tarixinə olan dəyəri 3.040 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 10/5144 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsində inşa edilmiş, 23B saylı binanın 6-cı mərtəbəsində yerləşən və iddiaçıya məxsus mənzilin (5 və 5A saylı mənzillər) faktiki sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3cü maddələrinin tələblərinə əsasən (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 141,8 m2 təşkil etdiyi müəyyən olunmuşdur (1-ci sual üzrə). Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsində inşa edilmiş, 23B saylı binanın 6-cı mərtəbəsində yerləşən və iddiaçıya məxsus mənzilin (5 və 5A saylı mənzillər) faktiki sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları»nın tələblərinə əsasən (müvafiq azalma əmsalları tətbiq olunmaqla) 137,5 m2 təşkil etdiyi müəyyən edilmişdir (2-ci sual üzrə). Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. 9 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli 10/8068 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsində inşa edilmiş, 23B saylı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə (5 və 5A saylı mənzillər) aparılmış təmir və yenidənqurma işləri nəticəsində mənzilin sahəsinin azalmadığı müəyyən edilmişdir (1-ci sual üzrə). Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsində inşa edilmiş, 23B saylı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin (5 və 5A saylı mənzillər) çöldən-çölə sahəsinin (çöl və qonşu divarların yarısı, arakəsmələrin tutduğu sahə, şaxtaların tutduğu sahə daxil olmaqla) 151,1 m2 təşkil etdiyi müəyyən edilmişdir (2-ci sual üzrə). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü bəndlərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları»na əsasən Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsində inşa edilmiş, 23B saylı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin ümumi sahəsinin 137,5 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsində inşa edilmiş, 23B saylı binanın 6cı mərtəbəsində yerləşən mənzilin (5 və 5A saylı mənzillər) müvafiq azaltma əmsalları tətbiq olunmadan faktiki sahəsinin 141,8 m2 təşkil etdiyi müəyyən edilmişdir (3-cü sual üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Pretenziya məktubundan görünür ki, iddiaçı Cavabdeh MMC-yə müraciət edərək, pretenziyada qeyd olunan hüquqlarının təmin edilməsi və ödənişin 7 gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 172 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunması üçün «ExpressPay» ödəniş sistemi üzərindən 72 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2026-cı il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə cavabdehin ünvan 7 ünvanda tikdiyi çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 152,24 m2 olan 4 otaqlı, 298-299 saylı mənzilin alğı-satqısına dair müqaviləyə əsasən cavabdeh satıcı qismində həmin mənzilin (təmirsiz) 1 m2 üçün 1.140 manat olmaqla, ümumilikdə 173.608 manat məbləğində iddiaçıya satmış, sonuncu tərəfindən də tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı əslində mənzilin faktiki sahəsinin cəmi 135,6 m2 təşkil etməsini, mənzilin real sahəsinin müqavilədə göstərilmiş sahədən az olmasını, başqa sözlə, iddiaçıya müqavilədə göstəriləndən 16,64 m2 az ölçüdə olan mənzil verilməsini göstərərək cavabdeh tərəfindən həm müqavilənin şərtlərini, həm də mülki qanunvericiliyin normalarını kobud surətdə pozulmuş və bununla da iddiaçıya maddi ziyan vurulmasını iddia etmişdir. Cavabdeh tərəf isə iddiaçının mənzili uzun müddət öncə, 2019-cu ildə qəbul edərək, təmir işləri apardığını, həmin vaxt mənzilin sahəsini bilməli olduğunu, iddia müddətini ötürdüyünü, bundan başqa, formalaşmış işgüzar adətlərə görə tikinti sektorunda mənzillərin sahəsinin çöldən-çölə ölçülərinin nəzərə alındığını göstərmişdir. İddiaçı tərəfin vəsatəti üzrə iddia dəlillərinin əsaslı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və həmin ekspert rəyinə əsasən mübahisə predmeti olan mənzilin faktiki ümumi sahəsi 141,8 m2 təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 405.2-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmçinin qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Hazırki işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair müvafiq təhlil aparılması və mübahisəli müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri belə deməyə əsas verir ki, onların arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi, iddiaçı müqaviləyə uyğun məbləğdə ödəniş etmək vəzifəsini tam şəkildə icra etsə də, cavabdeh müqavilədə nəzərdə tutulan ölçüdə mənzil təhvil vermək üzrə vəzifəsini tam icra etməməklə iddiaçını, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Beləliklə iddiaçıya cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulduğundan daha az sahənin verildiyi, yəni müqavilə şərtlərinin lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu işdə olan sübutlara əsasən öz təsdiqini tapmış və toplanmış tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçıya müqavilədə nəzərdə tutulmuş sahədə mənzil təhvil verilməmiş, nəzərdə tutulan və təhvil verilmiş sahələr arasında fərq 10,44 kv.m olmuşdur. Məhkəmə göstərilən nəticəyə gələrkən iş üzrə aparılmış ekspertiza rəyini sübut növü kimi əsas götürmüşdür. İddiaçının tələbinin əsaslı olmasının təsdiq edən ekspertiza rəyi ilə bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. İddiaçı tərəf sahə fərqinin dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi sahənin 135,6 m2 olduğu üçün fərqin 16,64 m2 olmasına istinad etsə də, məhkəmə qeyd edir ki, ekspert rəyində ümumi sahənin hesablanmasının 3 halı, yəni, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaquli boşluqlar nəzərə alınmadan, əmsallar tətbiq edilməklə, divarların və arakəsmələrin dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə hesablanması göstərilmişdir ki, sonuncu hal mənzilin faktiki sahəsini özündə ehtiva etdiyindən məhkəmə ümumi sahənin 141,8 m2 təşkil etməsini qəbul edir və fərqin bu ölçüdən hesablanmasını mümkün sayır. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosessual normaların tələbləri baxımından hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində mənzilin faktiki sahəsinin 141,8 m2 təşkil etməsi ilə bağlı müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən göstərilən rəy hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyindən iddiaçının buna dair tələbləri qismən əsaslı hesab edilməli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə İddiaçı tərəfindən 10,44 m2 üçün artıq ödənilmiş 11.901,6 manat (1m2 1.140 manat olmaqla) pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı tərəf tələbində mənzilin 1 m2 üzrə xx.xx.2025-ci il tarixə bazar dəyəri 3.040 manat təşkil etməsi baxımından fərqli sahənin bu qiymətlə hesablanmalı olmasını iddia etsə də, məhkəmə hesab edir ki, həmin fərq ödənilməsi zamanı müqavilə üzrə müəyyən edilmiş 1 m2 üçün 1.140 manat nəzərə alınmalıdır. Məhkəmə digər iddia tələbləri olan 32.216 manat məbləğində əldən çıxmış fayda, 9 illik gecikdirililmiş müddətə (illik 5 faiz olmaqla) 8.536 manat əldən çıxmış fayda ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilən normanın dispozisiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqinə borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmaması baxımından qiymət verilməlidir, lakin cavabdeh tərəfindən iddiaçıya 11.901,6 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin verilməsi hazırki qətnamənin icrası ilə əlaqədar olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər.” Həmçinin cavabdehin borclu olduğu pulun ödənilməsi üzrə iddiaçının pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı sübut təqdim etməmişdir. Daha sonra məhkəmə hesab edir ki, müqavilə bağlanılarkən tərəflər mənzilin kv.m-nin qiyməti ilə razılaşdığından həmin məbləğdən artıq məbləğin tutulması qarşı tərəfin müqavilə öhdəliklərini tam yerinə yetirməsə də, mənafeyinə uyğun sayıla bilməz. Məhkəmə bu qənaətə gələrkən iddiaçının müqavilədə nəzərdə tutulmuş məbləğdən daha yüksək məbləğ tələb etməsini qeyd edilən rəy veriləndən sonra iddia tələbini də həmin rəyə uyğunlaşdırmasını nəzərə almış və bununla əlaqədar qeyd edir ki, hüququ pozulmuş şəxs hüquqlarının bərpası zamanı müqavilə şərtlərinə uyğun hərəkət etməli, niyyəti əlavə maddi qazanc əldə etməsinə yönəlməməlidir. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı ( artıq alınmış pulun tələbi) olduğundan hazırki mübahisəyə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11.901,6 manat məbləğində artıq ödənilmiş pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 126 manatı Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11.901,6 manat məbləğində artıq ödənilmiş pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 126 manatı Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar