Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2161/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərə görə 30.000 (otuz min) manat və dövlət rüsumuna görə ödənilmiş 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə 30.180 (otuz min yüz səksən) manat məbləğində pulun cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı avtobusla qatarın toqquşması nəticəsində doğma bacısı Mətanət İskəndərovanı itirmişdir. Belə ki, mərhum Mətanət İskəndərova iddiaçının həyatımdakı ən dəyərli varlıq olmuşdur. İnsanın öz doğmasını itirməsi, hələ belə bir faciəvi qəzada itirməsi nəticəsində keçirdiyi sarsıntını yalnız bu hissi yaşayanlar bilə bilər. İddiaçının ürəyi sızlayır, yaşadığı iztirabları bu acını yaşamayan heç bir insan hiss edə bilməz. İddiaçı bacısı ilə birlikdə yaşamışdır. Mətanət İskəndərova xasiyyətcə deyib-gülən, istiqanlı biri olmuş və onların münasibətləri bacı-qardaş kimi çox yaxşı olmuşdur. O, həyatının hər anında iddiaçıya dəstək olmuş, onu itirməklə ailədə dərin bir boşluq yaranmışdır. Həyatlarının hər anında Mətanət İskəndərovanın yoxluğu ilə qarşılaşmaq daxildəki iztirabları artırır. İddiaçı hər gün avtobus görəndə bu dəhşətli hadisəni xatırlayır. Bacısının təqsirləndirilən şəxslərin təqsiri ucbatından belə bir dəhşətli qəzada həyatını itirməsi, bu qəzanın qurbanı olması onun üçün dözülməzdir. Sevincikədəri birlikdə bölüşdüyü, fərəhləndiyi, qürur hissi keçirdiyi, saçlarını oxşadığı əziz bacısının artıq həyatında olmaması iddiaçının ürəyində silinməz dərin yara açmışdır. Mətanət İskəndərova 3 (üç) ilə yaxın bir müddətdə “Emiland” firmasında dərzi işləyirmiş. Mətanət İskəndərova səhər vaxtı, ondan bir qədər sonra da iddiaçı işə getmək üçün evdən çıxmışlar. İddiaçı dayanacaqda marşrut gözləyərkən ona xəbər vermişlər ki, şəhər istiqamətində avtobusun qatarla toqquşması səbəbindən qəza baş vermiş, ölən və yaralananlar var. Həmin vaxt iddiaçı həyəcan və stresli anlar yaşamış, bacısı Mətanətin həmin avtobusda olması ehtimalını düşünmək belə istəməmişdir. İddiaçı Mətanət İskəndərovanın iş yeri ilə əlaqə saxlayıb onun işə çatmadığını öyrənmiş, sonra vəziyyəti öyrənmək üçün tələsik özünü Lökbatan təcili tibbi yardım stansiyasına çatdırmış, dua etmişdir ki, bircə bacısına heç nə olmasın. Mətanət İskəndərovanın xəstəxanadakı yaralıların arasında olmadığını öyrəndikdən sonra Lökbatan qəsəbəsindəki morqa getmiş, orada canının bir parçası olan bacısının hərəkətsiz, cansız meyitini, başından ağır və ciddi xəsarətlər aldığını görmüşdür. İddiaçı qısa müddət ərzində doğma, əziz insanı - bacısını itirmişdir. Bu dəhşətli qəza baş verməsəydi, Mətanət İskəndərova həmişəki kimi işdən evə qayıdacaqdı, iddiaçı bacısının səsini, varlığını evdə hiss edəcəkdi. Bu səbəbdən iddiaçı sarsılır, bunun nə qədər ağır olduğunu kəlmələrlə ifadə edə bilmir, indiyədək iztirab çəkir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi qaldırılmış, X6, 2012-ci il avqust ayının 31-də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq, “Dəmir yolu keçidlərinin istismarına dair təlimat”ın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, eləcə də "xxxx" MMC-də sürücü işləyən “Lökbatan qəsəbəsi – 28 May küçəsi” 124-cü marşrut xətti ilə hərəkət edən X67 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı avtobusla hərəkət edərkən Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinin 3-cü hissəsinin, 2-ci və 5-ci bəndlərinin tələblərini pozaraq şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq, keçidə qatar (lokomotiv, drezina) yaxınlaşmasına əmin olmadan keçməməli olduğu halda, qanunun həmin tələblərini pozaraq sağ tərəfdən Bakı istiqamətində hərəkətdə olan qatarın yaxınlaşmasına, salondakı sərnişinlərin qatarın artıq çatmasını deyərək qışqırmalarına, keçidin yaxınlığında olan şəxslərin təhlükə barədə qışqırıb ona xəbər vermələrinə, habelə qatarın həyacan siqnalına əhəmiyyət verməyib avtobusu dayandırmayaraq qatarın qarşısına sürmüş, nəticədə saat 07:28 dəqiqədə sərnişin avtobusu açıq şlaqbaumdan keçərək 97 saylı Ağstafa-Bakı sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən - X23, X7, X40, X24, X15, X57, X11, X16, X41, X25, X42, X12, X32, X49, X43, X79, X8, X58, X17, X59, X2, X18, X68, X13, X50, X60 az ağır, X61, X33, X26, X14, X92 ağır xəsarətlər almış, X19, X44, X34, X20, X21, X69 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1(101)-248/2013 saylı hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, X67 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarı ilə hər iki şəxsə təyin edilmiş cəza 9 ilə qaldırılmışdır. Ali Məhkəmənin 28 oktyabr 2015-ci il tarixli qərarı ilə Eyyub İsmayılovun vəkili və məhkum Fərid Ağayev özü tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 sentyabr 2012-ci il tarixli 117 saylı rəyindən görünür ki, M.İddiaçının meyitinin məhkəmə-tibbi ekspertizasında-kəllənin sağ yarısında beyin toxumasına, beyin mədəciklərinə, beyinin yumşaq qişasına qansızma, sağ alın-gicgah nahiyyəsinin əzilmiş yarası, alt çənənin sol yarısının, sol əlin arxa səthinin sıyrıqları aşkar edildi. Yuxarıda qeyd olunan xəsarətlər başın və bədənin küt travması nəticəsində yaranmışlar, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu avtomaşının salon hissələrinin təsirindən əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və Mətanət İskəndərovanın ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. Onun ölümünə səbəb baş-beyin toxumasına, beyin mədəciklərinə qansızma ilə müşayiət olunan başın küt travması olmuş, ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm onun meyitinin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenitiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. Cavabdehin işçisinin qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində bacısı öldüyünə görə iddiaçıya mənəvi zərər dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində yaxın qohum sayılan bacısının faciəvi şəkildə ölməsindən sonra çəkdiyi iztirablar, sarsıntılar, hər gün iddiaçıya həmin hadisənin sanki bu gün baş verdiyini xatırladır. İddiaçı heç kimə bu halı yaşamağı arzu etmir, çünki baş vermiş faciəni hər gün yenidən yaşamaq davamlı əzablara, iztirablara səbəb olur. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə və işin halları ilə təsdiq olunur ki, iddiaçının bacısı cavabdehin işçisinin təqsirli hərəkəti nəticəsində ölmüş və hüquqazidd təqsirli hərəkət nəticəsində ona mənəvi zərər vurulmuşdur. İddiaçı 12 il keçməsinə baxmayaraq, bir qardaş olaraq bacısının itkisinin iztirabını çəkməsi azalmamış, bu səbəbdən o qanunun tələbləri baxımından hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi zərərin pul məbləğində ifadə olunmasını mümkün sayır. Mənəvi zərərin ölçüsü şəxsi məsələ olduğundan, ziyanın vurulma məbləğini ancaq bu iztirabı yaşayan şəxs təyin edə bilər. Bu baxımdan mərhum bacısının faciəvi şəkildə ölməsindən bu günədək davam edən iztirab, sarsıntı və bu kimi halları nəzərə alaraq iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq, 30.000 manat məbləğində pulun mənəvi zərərə görə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi pozulmuş hüquqlarının bərpası baxımından ədalətli olar. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin hüquqi şəxs olmaqla kifayət qədər vəsaitə malik olmasını, yüksək təhlükə mənbəyi sayılan nəqliyyat vasitələrilə sərnişin daşınması və təşkili ilə məşğul olarkən işlərinə məsuliyyətlə yanaşmamalarını, zərərin baş verməsinə səbəb olmuş hadisənin ağırlığını, yəni insan itkisini, iddiaçının keçirdiyi mənəvi iztirabların ağırlığını və davamlılığını nəzərə almalıdır. İddiaçının keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan, ya da unudulan hadisə deyildir. Məhkəmə baş verən hadisənin unudulmasının mümkün olmaması səbəbindən iddiaçının keçirdiyi iztirablarının ömür boyu davam edəcəyini nəzərə alaraq, mənəvi zərərin miqdarını tam şəkildə təmin etməlidir. Cavabdeh "xxxx" QSC iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı bacısı Mətanət İskəndərovanın baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi işin mübahisəsiz halıdır. İddiaçı baş vermiş hadisədən keçən ağlabatan müddət ərzində deyil, 12 il sonra mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. İddiaçı mənəvi ziyana görə 30.000 (otuz min) manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları əsaslandırmır. Həmçinin, hadisənin xx.xx.2012-ci il tarixdə baş verməsinə baxmayaraq, iddiaçı baş vermiş hadisədən keçən ağlabatan müddət ərzində deyil, 12 il sonra mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Bundan əlavə, baş vermiş hadisədə təkcə "xxxx" QSC-nin işçisinin deyil, həmçinin iş materiallarına əlavə olunmuş hökmün surətinə əsasən məhkum olunmuş "xxxx" MMC-də sürücü işləyən X45 təqsirkar hərəkətləri səbəb olmuşdur. Hazırki iddia ərizəsinin verilməsinə səbəb olan hal – 2012-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirkar olan şəxslərin dairəsi düzgün müəyyən edilməmişdir. Belə ki, mənəvi ziyan tələbi üzrə iddiaçının bacısının həlak olmasında təqsirli olan bütün subyektlər cavabdeh qismində cəlb olunmalıdırlar. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X9 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında İ-ИЕ seriyalı 306728 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X22, anası X35r. Doğum haqqında AЗ seriyalı ******* nömrəli şəhadətnamədən görünür ki, X20 26 dekabr 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X22, anası X35r. Ölüm haqqında AZ-İ seriyalı 557224 nömrəli şəhadətnamədən görünür ki, X20 xx.xx.2012ci il tarixdə baş beyninə qansızma səbəbindən ölmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1(101)-248/2013 nömrəli hökmündən görünür ki, İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi kimi göstərilmiş, X45 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və s. hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1686/15 nömrəli, xx.xx.2015-ci il tarixli qərarından görünür ki: - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli hökmü dəyişdirilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il artırılaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, X51 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il artırılaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış; - Hadisə zamanı X1 ağır zərər vuran xəsarətlər alaraq ölməsi işin mübahisəsiz halı olmuş; - kassasiya şikayətlərinin təmin edilməməsi, X6 və X67 barəsində Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 180 (bir yüz səksən) manat rüsum ödənilmişdir. İddiaçı cavabdeh “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X62rşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, o, mənəvi zərərə görə 30.000 (otuz min) manat və dövlət rüsumuna görə ödənilmiş 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə 30.180 (otuz min yüz səksən) manat məbləğində pulun cavabdeh “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X66 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1837/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X62rşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi (qatarla avtobusun toqquşması) zamanı avtobusda olan X20 – İddiaçı bacısı həmin hadisə nəticəsində ağır xəsarətlər alaraq ölmüşdür. X10 həmin hadisədə aldığı xəsarətlər səbəbindən ölməsinin, iddiaçının onun hüquqi varisi olmasının, sözügedən hadisədə həm "xxxx" MMC-nin sürücüsünün, həm də "xxxx" QSC-nin keçid nəzarətçisinin təqsirlərinin müəyyən edilməsinə və onlara müvafiq cəzalar verilməsinə dair məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı bacısının həmin hadisə səbəbindən ölməsi nəticəsində ona vurulmuş 30.000 manat mənəvi zərərin "xxxx" QSC-dən tutulmasını tələb edir. İddiaçı, eyni zamanda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə eyni əsaslarla, eyni predmet barəsində, lakin başqa cavabdehə - “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X62rşı iddia ərizəsi ilə müraciət edərək, bacısının həmin hadisə səbəbindən ölməsi nəticəsində ona dəymiş 30.000 manat mənəvi zərərin “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ-dən tutulmasını tələb edir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" QSC-nin və "xxxx" MMC-nin işçilərinin təqsirinin müəyyən edildiyi hadisə səbəbindən iddiaçının bacısının ölməsi və bunun nəticəsində iddiaçının iztirab çəkməsi, ona mənəvi zərər dəyməsi hazırkı işin mübahisəsiz halını təşkil edir. Lakin məhkəmə hesab edir ki, bu hadisədə iş üzrə cavabdeh olan "xxxx" QSC-nin işçisi olmuş şəxsin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya dəyən zərərin məbləğinin 30.000 manat qiymətləndirilməsi ədalətli və ağlabatan deyildir. Belə ki, məhkəmə iş üzrə diqqətəlayiq olan bütün halları – hadisənin baş verməsindən uzun zaman keçməsini, hadisə üzrə müxtəlif işəgötürənləri olan iki təqsirləndirilən şəxsin olmasını və iddiaçının, eyni zamanda təqsiri müəyyən edilmiş digər şəxsin işəgötürəninə qarşı da eyni əsaslarla eyni predmet barəsində olan iddia ərizəsinin aidiyyəti məhkəmənin icraatında olmasını və s. halları nəzərə alaraq hesab edir ki, iddiaçıya məhz cavabdehin işçisi olmuş şəxsin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş mənəvi zərərin 10.000 manat məbləğində qiymətləndirilməsi daha ağlabatan və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" QSC-dən mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1, 1108.3-cü maddələrinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1113.1-ci maddəsinə müvafiq olaraq, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X31 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olubolmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Qərarda mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilmişdir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, yuxarıda qeyd edilən normalara istinadən məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" QSC-dən mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun 61 (altmış bir) manat hissəsi cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun 61 (altmış bir) manat hissəsi cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı verilsin, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2161/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2161/2024
09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver