Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2171/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublı̇ kası Baş Prokurorluğunu cəlb edilməklə) "mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq və məhkəmə orqanlarının qanunsuz qərarları nəticəsində 3 (üç) il 2 (iki) ay 4 (dörd) gün müddətinə qanunsuz olaraq həbsdə saxlanıldığı müddətdə keçirdiyi mənəvi sarsıntı və iztirablara görə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 (bir yüz min) manat miqdarında pul kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaitindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Oğuz Rayon Polis Şöbəsinin İstintaq Qrupunun müstəntiqi Səid Abbasi tərəfindən 01 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə 48 (qırx səkkiz) saat müddətinə şübhəli şəxs qismində tutulmuşdur. 03 avqust 2020-ci il tarixdə isə ona həmin maddələrlə ittiham elan edilərək təqsirləndirilən şəxsi qismində tanınmışdır. Azərbaycan Respublikası Oğuz Rayon Məhkəməsinin 03 avqust 2020-ci il tarixli qərarı ilə barəsində 4(dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Oğuz Rayon Məhkəməsinin 27 noyabr 2020-il tarixli, 4(054)- 11/2020 iş nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay həddində, yəni, 01 mart 2021-ci il tarixinədək uzadılmışdır. Bundan sonra, cinayət işinin istintaqı yekunlaşmış və iş baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-96/2021 iş nömrəli məhkəmənin hazırlıq iclasının qərarına əsasən, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X9 (sədrlik edən), X8 və X1 ibarət tərkibdə) 22 dekabr 2021-ci il tarixli, 1(091)-96/2021 nömrəli hökmü ilə CM-in 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CMin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaların qismən toplanılması və İddiaçı qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 01 avqust 2020-ci ildən hesablanması, İddiaçı yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınması, İddiaçı barədə seçilmiş həbs qətimkan tədbirinin hökmqanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikası Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(091)-96/2021 nömrəli hökmündən dövlət ittihamçısı apellyasiya protesti, müdafiəçi isə apellyasiya şikayəti vermiş və Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 1(107)-124/2022 iş nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(102)-169/2023 nömrəli (hakimlər Şahin Yusifov (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Rəşad Abdulovdan ibarət tərkibdə) qərarı ilə kassasiya protesti təmin edilməmiş, müdafiəçilər B.Y.Hacıyevin və Vəkil kassasiya şikayətləri qismən, müdafiəçi E.N.Əliyevin kassasiya şikayəti isə tam təmin edilmiş, X2 və İddiaçı, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 1(107)-159/2023 iş nömrəli qərarı ilə təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 1(091)- 96/2021 nömrəli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, İddiaçı barədə seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 1(102)-998/2024 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, İddiaçı və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnsan hüquqlarının, o cümlədən azadlıq hüququnun müdafiəsi ilk növbədə dövlət daxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. Məhkəmə Azərbaycan Respublı̇ kası Baş Prokurorluğunu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qüvvədə olan qanunvericiliyinə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirablı, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habele mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntılarına sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikir formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. İş materiallarına əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına getirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyinə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan hazırki iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-96/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı CM-in 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 228.1-ci maddəsi ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılması və İddiaçı qəti olaraq altı il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 avqust 2020-ci ildən hesablanması hökm edilmişdir. - Cinayət işinin materiallarında olan 01 avqust 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, İddiaçı həmin tarixdə, saat 13:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət işinin materiallarında olan Oğuz Rayon Məhkəməsinin 03 avqust 2020-ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər İddiaçı və X2 hər biri barədə 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-124/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər İddiaçı müdafiəçisi Vəkil və X2 müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, İddiaçı və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum olunmalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 1(091)-96/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-169/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya protestinin təmin edilməməsi, müdafiəçilər B.Y.Hacıyevin və Vəkil kassasiya şikayətlərinin qismən, müdafiəçi E.N.Əliyevin kassasiya şikayətinin isə tam təmin edilməsi, X2 və İddiaçı, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-159/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs X2 müdafiəçisi X10, İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, İddiaçı və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum olunmalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 1(091)-96/2021 nömrəli hökmünün ləğv edilməsi, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraətin verilməsi, X7 barədə seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi hökm edilməsi. -Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-998/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya protestinin təmin edilməməsi, İddiaçı və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 03 il 02 ay 04 gün müddətinə həbs qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 03 il 02 ay 04 gün müddətinə həbs qətimkan tədbirinə görə 38.135 manat (bir ay üzrə 1000 manat x 03 il 02 ay 04 gün) məbləğində müəyyən olunmalıdır. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 38.135 (otuz səkkiz min yüz otuz beş manat) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 38.135 (otuz səkkiz min yüz otuz beş manat) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2171/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2171/2025
24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver