Məhkəmə qərarları › İş №e-2(006)-2181/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2181/2023

25.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2181/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə mənəvi zərərin əvəzi olaraq 200.000 (iki yüz min) manat tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı adlandırılacaq) 7 avqust 2018-ci ildə həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü zərərçəkmiş şəxsin apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilib, iddiaçının barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilib, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Ali Məhkəmənin 06 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçının müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilib, iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarı ləğv edilib və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmü ilə İddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilib, iddiaçıya Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilib, iddiaçının barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilib. Ali Məhkəmənin 05 may 2022-ci il tarixli qərarı ilə kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin prezidenti Ceyhun Abbasov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2021-ci il tarixli hökmü kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçı onun barəsində qanunsuz olaraq aparılmış cinayət təqibinə görə həbs edildiyi taxirdən məhkəmə iclasından azad edildiyi tarixədək əsassız olaraq 3 (üç) il 01 (bir) ay 14 (on dörd) gün həbdə saxlanılıb. İstintaq orqanının qanunsuz hərəkətləri nəticəsində həbsdə saxlanılmaqla iddiaçı mənəvi zərərə məruz qalıb, mənəvi sarsıntı çəkib. İddiaçının qanunsuz həbsdə saxlanılmağı onunla yanaşı, valideynləri üçün də narahatlıq yaradıb, onların Təcridxana, məhkəmə yollarında qalmasına səbəb olub, eyni zamanda iddiaçıda narahatlıq, məyusluq, əzab əziyyət yaradıb. İddiaçının azadlıq hüququndan məhrum olmağı nəticəsində 3 il 01 ay 14 gün həbsdə qalmağı mənəvi iztirabların ağırlığına, cəmiyyətdə ona qarşı mənfi reaksiyaya səbəb olmağına və bütün bunların iddiaçının psixoloji-mənəvi durumuna təsir edib. İddiaçı hesab edir ki, 3 il 01 ay 14 gün qanunsuz olaraq həbsdə saxlanılmağına görə mənəvi zərərin əvəzi olaraq cavabdeh tərəfindən 200.000 manat kompensasiya ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə mənəvi zərərin əvəzi olaraq 200.000 (iki yüz min) manatın, maddi zərərin əvəzi olaraq (əldən çıxmış fayda) 7990 manatın, cəmi 207990 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı həbs edilməzdən əvvəl 01 avqust 2018-ci ilə qədər "xxxx" MMC-nin marketinq şöbəsinin mütəxəssis-brend meneceri vəzifəsində işləyib, işdən azad edildikdən başqa yerdə işləmək istəyib, lakin onun həbs edilməsi işləməsinə mane olub. İddiaçı həbs edildiyi tarixdən məhkəmə iclasından azad edildiyi tarixədək əsassız olaraq 3 (üç) il 01 (bir) ay 14 (on dörd) gün həbsdə saxlanılıb. İddiaçı 07 avqust 2018-ci ildən 21 sentyabr 2021-ci ilə qədər həbsdə olub. İddiaçı əmək qabiliyyətli şəxs olub, həbsdə qalması nəticəsində gəlirdən məhrum edilib. Minimum aylıq əmək haqqı 2018-ci ilin yanvarın 1-dən 130 manat, 2019-cu ilin martın 1-dən 180 manat, 2019-cu ilin sentyabrın 1-dən 250 manat, 2022-ci ilin yanvarın 1-dən 300 manat müəyyən edilib (Sərəncamların surəti ərizəyə əlavə edilir). İddiaçının 07 avqust 2018-ci ildə həbs edildiyini, 21 sentyabr 2021-ci ildə həbsdən azad edildiyini nəzərə alaraq onun məhrum edildiyi əmək haqqını minimum aylıq əmək haqqı məbləğindən hesablansa onun məhrum edildiyi əmək haqqı – cəmi 7990 manat təşkil edir. (07 avqust 2018 – 01 mart 2019-a qədər – 7 ay*130 manat =910 manat; 02 mart 2019 – 01 sentyabr 2019-a qədər– 6 ay*180 manat = 1080 manat; 02 sentyabr 2019-cu ildən sonra– 24 ay *250 manat = 6000 manat). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 1(101)-63/2020 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 avqust 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1049/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxs "xxxx" MMC-nin prezidenti Ceyhun Abbasov tərəfindən verilmiş apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Orxan Kəngərli tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməsi, məhkum olunmuş şəxs İddiaçı müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 1(101)-63/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi hökm edilmişdir. Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-724/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında görünür ki, kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin prezidenti Ceyhun Abbasov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 1(103)- 1049/2021 nömrəli hökmü kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 1(101)-63/2020 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1049/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmış və sözügedən hökm Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-724/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə aktlarından İddiaçı 03 (üç) il 01 (bir) ay 14 (on dörd) gün müddətində həbsdə saxlanıldığı müəyyən olunmuşdur. Hazırda iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 7.990 manat, mənəvi ziyana görə 200.000 manat, cəmi 207.990 manat həcmində zərərin dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 37.500 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2018-ci il tarixə kimi "xxxx" MMC-nin marketinq şöbəsinin mütəxəssis-brend meneceri vəzifəsində işləyibdir. İddiaçı cinayət məsuliyyətinə cəlb olunması və həbsdə olma müddət isə xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Odur ki, iddiaçıya vurulmuş maddi ziyanla bağlı (əmək haqqının itirilməsi) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi subyektiv cavabdehlik daşımır. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Məhkəmə həmçinin iddiaçının bu tələbini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə təmin edərək qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi zərərin əvəzi оlаn 37.500 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 37.500 manat pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 37.500 (otuz yeddi min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar