Məhkəmə qərarları › İş №e-2(006)-2210/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2210/2025

12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2210/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli şifahi borc müqaviləsinə əsasən 1.740 manat məbləğində borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 93,5 manat pul, mənəvi zərərə görə 1.000 manat məbləğində pul olmaqla, cəmi 2.833,5 manat pul vəsaitinin və ödənilmiş 48,34 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli şifahi borc müqaviləsinə əsasən cavabdehə 1.100 ABŞ dolları (1.870 AZN ekvivalentində) məbləğində pul vəsaiti borc vermiş və cavabdeh həmin pulun hissə-hissə 4 həftə ərzində, yəni xx.xx.2024-cü il tarixədək qaytarılmasını öz öhdəsinə götürmüşdür. Həmçinin, cavabdehə 2023-cü ildə borc verilmişdir və 2024-cü ildə növbəti borc verilən vaxtda həmin borcdan 270 manatı qalmışdı. Beləliklə, cavabdehin ümumi borcu 2.140 manat təşkil etmişdir. Lakin razılaşmanın sonuncu icra müddətinin başa çatmasına baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik yerinə yetirilməmiş, borcun böyük hissəsinin qaytarılması təmin edilməmiş, bunun nəticəsində qanunla qorunan mənafeləri pozulmuş və bunların nəticəsi olaraq maddi, o cümlədən mənəvi ziyana məruz qalmışdır. Qeyd etmək istəyir ki, cavabdeh ilə uzun müddətdir tanışdır. Cavabdeh kosmetoloq kimi fəaliyyət göstərir və ona dəfələrlə xidmətlər göstərmişdir. Cavabdeh bir neçə il «Gənclik»də salonda fəaliyyət göstərmiş və borcun verilməsi anında orda fəaliyyət göstərməyə davam etmişdir. xx.xx.2024-cu il tarixdən Cavabdeh mesajlarda pulu yığıb qaytaracağına dair söz verməyə başlamış, lakin hər dəfə yeni bəhanələr demişdir. Beləliklə, Cavabdeh öhdəliyini icra etməmiş, telefon zənglərinə və mesajlarına vaxtında və ya ümumiyyətlə cavab verməmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli yazışmalarında danışdıqları kimi öhdəliyini lazımınca icra etməmiş, yəni hər şənbə günü 500 manatı göndərməmişdir. Cavabdeh isə növbəti həftədən başlayacağını vəd etmişdir. xx.xx.2024-cü il tarixdə qızının hesabına 100 manat köçürmə etmişdir. Həmçinin, o, özü cavabdehin iş yerinə gedib 100 manat məbləğində xidmət almışdır və 100 manatı borcdan əvəz etmişlər. Beləliklə, cavabdeh 20 yanvar 2024-cü il tarixədək borcun 1.000 manat məbləğində olan hissəsini qaytarmalı idi, lakin cəmi 200 manat qaytarmışdır. Halbuki, 270 manat məbləğində pulu əvvəlki borcdan da qaytarmalı idi. Cavabdehlə əlaqə saxlamaq məqsədilə onun işlədiyi salona gəlməyə qərar vermişdir. Lakin salon işçiləri bildirmişlər ki, Cavabdeh həmin salonda artıq fəaliyyət göstərmir. Eyni zamanda, Cavabdeh vaxtında cavab verməmişdir və cavab verəndə yeni bəhanələrlə borcunu bir həftə sonra qaytarmağı vəd etmişdir. Bir neçə aydan sonra tanışlarının köməyi vasitəsi ilə cavabdehin işlədiyi iki salonu tapmış və həmin salonda 28 avqust 2024-cü il tarixdə cavabdehlə görüşmüşdür. Həmin gün, 100 manat ona nağd formada vermiş və qalan borcu yaxın zamanlarda ödəyəcəyinə söz vermişdir. Sonuncu dəfə 1 oktyabr 2024-cü il tarixdə 100 manat məbləğində onun kart hesabına köçürmə etmişdir. Təkrar vədlər verməyə dəvam edərək, borcunun qalan hissəsini qaytarmamışdır. Həmçinin, 2024-cü ilin oktyabr ayında o, Nəsimi RPİ 19-cu polis şöbəsinə müraciət etmişdir. PŞ tərəfindən cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlanılmış və sonuncu ona borclu olduğunu təsdiq etmişdir. Baxmayaraq ki, dəfələrlə polis şöbəsinə çağırılmışdır, ora yaxınlaşmamış və borcunu qaytarmaq üçün heç bir addım atmamışdır. Nəticədə, polis şöbəsi tərəfindən ona mübahisənin mülki xarakterli olduğuna görə aidiyyətli məhkəmə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Ümumilikdə fərqli tarixlərdə, daha dəqiq ifadə etdikdə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə 400 manat qaytarmışdır. Ümumi borcun 1.740 manat hissəsi qalmışdır. Mövcud qanunvericiliyin, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi borc müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ mövcuddur. Hazırki işin hallarından da göründüyü kimi onun tərəfindən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə 1.870 manat məbləğində borc verilmiş və həmin öhdəliyin icrasının son müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Artıq həmin tarixdən etibarən cavabdehə etdiyi bütün xəbərdarlıqlara baxmayaraq borcun ona ödənilməsi təmin edilməmişdir. Buna görə də, hazırda 01 fevral 2025-ci il tarixdən cavabdehə rəsmi pretenziyanın göndərildiyi xx.xx.2025-ci il tarixədək olan müddət, yəni 1 il müddəti üçün illik 5 % olmaqla hesablanmış 93,5 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi üçün qanuni və hüquqi əsaslar yaranmışdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi zərər anlayışı sadəcə şəxsin əmlakına dəymiş real zərərlə ifadə olunmur, həm də qeyri-əmlak hüquqlarının pozulması nəticəsində hesablanmalı olan kompensasiya məbləğini də ehtiva edir. Hazırki iş üzrə də ərizənin giriş və təsviri hissəsində göstərdiyi kimi cavabdeh inam və güvənindən dəfələrlə istifadə edərək onu aldatmış, hər dəfə müxtəlif bəhanələr gətirərək borca verdiyi pulu mənimsəmiş və onu şiddətli formada əsəb keçirməyə vadar etmişdir. Bu haldan sonra onun ətrafındakı digər insanlara, hətta öz yaxınlarına belə inamı zəifləmiş, cəmiyyətdə bir fərd olaraq sağlam münasibətlər qura bilməsinə olan inancı sarsılmışdır. Qeyd edilənlərə əsasən, hər nə qədər keçirdiyi stres və mənəvi iztirabların ekvivalenti olmasa da, hesab edir ki, 1.000 manat məbləğində mənəvi zərər məbləği cavabdehdən tutularaq ona ödənilməlidir. Qanunvericiliyə uyğun olaraq, borclunun borcu etiraf etməsini göstərən hərəkətlər, məsələn, borcun bir hissəsinin ödənilməsi, iddia müddətinin axımının dayanmasına və ödənişdən sonra yeni iddia müddətinin başlamasına səbəb olur. Cavabdeh borclu tərəfindən son ödənişin xx.xx.2024cü il tarixdə edildiyi və bu ödənişin müqavilə müddəti bitmədən, yəni iddia müddəti keçmədən həyata keçirildiyi nəzərə alınaraq, yeni müddət xx.xx.2024-cü ildən başlamalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, cavabdeh borcla razılaşsa belə, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 93,5 manat pul, vurulmuş mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Hesab edir ki, gecikdirilmiş müddət 1 ildir, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək. Həmçinin, dəymiş mənəvi zərəri onunla əsaslandırır ki, borcun qaytarılması ilə bağlı cavabdehə müraciət etmək istədikdə cavabdeh zənglərə cavab verməmişdir. Bununla da anası, yəni iddiaçı xeyli əsəb keçirərək stress keçirmiş və yuxu rejimi pozulmuşdur. Yalnız 3 aylıq müalicədən sonra sağalmışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında telefon zəngi vasitəsi ilə Cavabdeh ilə əlaqə saxlanılmışdır. Cavabdeh iddiaçıya 1.750 manat borcunun olduğunu etiraf etmişdir. İş materialları: Bakı şəhəri Nəsimi RPİ 19-cu PŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Seymur qızının xx.xx.2024-cü il tarixdə 19-cu PŞ-yə ünvanladığı müraciətə əsasən onunla telefon əlaqəsi saxlanılmış, qeyd olunan xüsusatlar araşdırılmışdır. Araşdırma aparılarkən əvvəlcədən tanıdığı Cavabdeh borc verdiyi pulu geri qaytarmaması səbəbindən aralarında yaranmış mübahisəli məsələnin mülki xarakterli olması nəzərə alınaraq, ona dəymiş maddi-mənəvi ziyanla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı Cavabdeh xx.xx.2024cü il tarixli şifahi qaydada əvəzsiz borc müqaviləsinə əsasən verdiyi borcun qaytarılmasını, eləcə də vurulmuş mənəvi ziyanın, gecikdirilmiş vaxt üçün 80 manat pul vəsaitinin ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2024-cü il tarixli kartdan-karta ödənişlə bağlı sənədlərdən görünür ki, 5261 63** **** 7230 nömrəli kartdan 5239 15** **** 1970 nömrəli karta 40 manat və 60 manat pul köçürülmüşdür. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 49,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş Whatsup mobil tətbiqi üzərindən danışıqların qeydə alındığı diskə baxış keçirilərkən tərəflər arasında şifahi borc münasibətlərinin olduğu aydın olur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, tərəflər arasında dəyəri qanunla müəyyən edilən məbləğə uyğun olaraq şifahi borc münasibətləri yaranmışdır.Belə ki, iddiaçının cavabdehə verdiyi borc məbləği 1870 manat təşkil etmişdir ki, həmin məbləğin yazılı qaydada təsdiqinə zərurət yoxdur. İddiaçının cavabdehə iddia olunan məbləğdə pul verməsi tərəflər arasında mobil tətbiq üzərindən aparılan yazışmalarla və cavabdehlə məhkəmə iclası zamanı telefon danışığı ilə təsdiq olunur. Cavabdeh yuxarıda qeyd olunan borc müqaviləsi üzrə İddiaçı borc almış, borc məbləğinin qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, borcun cüzi hissəsini ödəsə də, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 1.740 manat təşkil edir. İddiaçı cavabdehdən borcu ödəməsini tələb etsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bu səbəbdən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə verdiyi borc məbləği 1870 manat təşkil etmiş, habelə daha əvvəlki tarixdə yaranmış borc münasibətlərinə əsasən cavabdeh ödəniş etmiş, sonrakı müddətdə isə cavabdeh borc məbləğindən 100 manat qaytarmışdır.Nəticə etibarilə cavabdehin iddiaçıya 1740 manat borcu qalmaqdadır ki, cavabdeh özü də bunu telefon danışı zamanı təkzib etməmişdir. Bununla yanaşı borclunun borcunun ödəməsini gecikdirməsi iddiaçıya gecikdirilmiş vaxt üçün əlavə faiz hesablanması hüququ vermişdir.Tərəflər arasında faiz hesablanması barədə razılıq olmasa da, gecikdirilmiş vaxt üçün faiz ödənilməsini tələb etmək hüququ qanunla tənzimləndiyi üçün iddiaçı bu hissədə tələbi əsaslı hesab edilir. Lakin məhkəmə iddiaçının mənəvi zərərin tutulması hissəsində iddia tələbi əsaslı hesab etmir. Belə ki, mənəvi zərər tələbi maddi zərər tələbi ilə əlaqədar olsa da, hər bir halda əsaslı hesab edilə bilməz. İddiaçı tərəfindən ona dəymiş mənəvi zərərin hansı sarsıntıya gətirib çıxarması kifayət qədər əsaslandırılmamış və buna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli şifahi borc müqaviləsinə əsasən 1.870 manat məbləğində borc, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 93,5 manat pul vəsaiti (1870x5:100=93,5) Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 38,33 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.Qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli şifahi borc müqaviləsinə əsasən 1.740 (bir min yeddi yüz qırx) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 93,5 (doxsan üçn manat əlli qəpik) manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 38,33 (otuz səkkiz manat otuz üç qəpik) manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar