Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2221/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı "təhsil haqqının qaytarılması və sair" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı "təhsil haqqının qaytarılması və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Slavyan Universitetinin ona verdiyi yanlış və natamam məlumat səbəbindən ödədiyi 800 manat təhsil haqqını və 4 manat bank rüsumunun geri qaytarılması, 40 manat sağlamlıq haqqında arayış üçün ödənişin geri qaytarılması, universitetin məqsədli şəkildə işini uzatması nəticəsində onun bir illik vaxt itkisinə məruz qalmağını nəzərə alaraq, ona dəymiş mənəvi zərərin kompensasiya edilməsi, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, İddiaçı Söhrab qızı, 2024-2025-ci tədris ili üçün Bakı Slavyan Universitetinin əlavə təhsil proqramına psixologiya ixtisası üzrə xx.xx.2024-cü il tarixində qəbul olunmuş və xx.xx.2024-cü il tarixində 804 manat (4 manat bank xidməti daxil olmaqla) ödəniş (qəbz sənədlərə əlavə olunub) etmişdir. Qəbul olunmamışdan öncə ona bildirimişdir ki, birbaşa İİ kursa (qiyabi) qəbul ediləcəkdir. Lakin qəbul olunduqdan və 800 (səkkiz yüz) manat təhsil haqqı ödənişi etdikdən sonra, tədrisin ilk günlərində qrupdan başqa tələbəyə verilmiş arayış əsasında qrupa məlum oldu ki, onlar kursa qəbul edilmişlər. Universitetin cavabına əsasən, bu ixtisas üzrə ilk qəbul olduğuna görə İİ kurs mövcud deyilmiş. Bundan əlavə, ona əvvəlcədən dərslərin axşam saatlarında keçiriləcəyi barədə məlumat verilməmişdi. Ailəli olduğu üçün bu onun üçün çətinlik yaratdı. Məlumatsız buraxıldığı bu hallar onun təhsil planlarını pozmuş, vaxt və maliyyə itkisinə səbəb olmuşdur. Bu səbəbdən universitetə tədrisin əvvəlində ərizə ilə müraciət edərək çıxışını və ödədiyi məbləğin geri qaytarılmasını tələb etdi. Lakin universitetin tələbə şöbəsi ərizəsini rektorun məzuniyyətdə olduğunu və əvəzedici şəxsin olmamasını bildirərək rəhbərliyə təqdim etməmişdir. Oktyabr ayında universitetə yaxınlaşaraq problemi bildirdikdə, ərizəsini yazdırıb özlərində saxladılar. Dəfələrlə müraciət etməyinə baxmayaraq, ərizənin rəhbərliyə təqdim olunmadığını bildirdilər. İşin qəsdən uzadıldığını başa düşərək, 29 oktyabr 2024-cü il tarixində rəsmi qaydada poçt vasitəsilə ərizəsini (sənədlərə əlavə olunub) universitetə göndərdi. Lakin bu dəfə də məsələ süni şəkildə uzadıldı və yalnız dekabrın sonunda ona cavab (təqdimat ərizəyə əlavə olunub) verildi. Ona bildirildi ki, universitetin əlavə təhsil proqramı ilə bağlı məhkəmədə işi olduğuna görə, ödədiyi məbləğin qaytarılması mümkün deyil, çünki bu, onların başına problem aça bilər. Göründüyü kimi, universitetin məsuliyyətsiz yanaşması və məqsədli gecikdirməsi onun ödənişini geri ala bilməməsinə hesablanmışdır. O, ödənişin əhatə etdiyi 1 aylıq tədris günündən dərslərdə 9 gün iştirak etmiş və imtahanlarda iştirak etməmiş, təhsilə davam etməmişdir. Bundan əlavə, universitetə qəbul olmaq üçün 40 (qırx) manat məbləğində sağlamlıq haqqında arayış üçün dövlət rüsumunun ödənişini etmişdir. Lakin universitetin yanlış məlumatlandırması və süni maneələr yaratması səbəbindən bu ödənişlər onun üçün tamamilə səmərəsiz olmuşdur. Cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Slavyan Universiteti 2024-2025-ci tədris ili üçün Əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə qəbul komissiyasının iclasının 1 nömrəli Protokoluna əsasən, tələbə İddiaçı Əlavə təhsilin təkrar ali təhsil istiqaməti “Psixologiya” ixtisası üzrə müsabiqədən uğurla keçmişdir. Müsabiqədə iştirakçılara Bakı Slavyan Universitetində əlavə təhsilin təşkili qaydaları haqqında ətraflı məlumat verilmişdir. Bakı Slavyan Universitetinin xx.xx.2024-cü il tarixli 21/2 saylı Əmrinə əsasən, İddiaçı 2024/2025-ci tədris ilində “Psixologiya” ixtisası üzrə ödənişli əsaslarla Əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə Bakı Slavyan Universitetinin tələbələri sırasına qəbul edilmişdir. Tələbə illik təhsil haqqının yarısını ödəyərək dərslərdə iştirak etmişdir. Bu barədə tələbələrin məşğələlərə davamiyyət jurnallarında qeydlər aparılmışdır. Tələbə 2024-cü il oktyabr ayının sonunda ərizə ilə müraciət etmiş, lakin ərizəsini geri götürmüşdür. Daha sonra xx.xx.2024-cü il tarixində yenidən ərizə ilə müraciət edərək tələbələr sırasından xaric edilməsini və ödədiyi təhsil haqqının geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli 28/2 saylı əmrə əsasən İddiaçı öz istəyi ilə universitet tələbələri sırasından xaric edilmiş, ərizənin təhsil haqqının geri qaytarılması hissəsi əsassız olduğundan imtina olunmuşdur. İddiaçı cavabdeh Bakı Slavyan Universitetinin etirazının təkzibi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqdim etdiyi etiraz məktubunun rədd edilməsinə dair hüquqi addım atılmasını xahiş etmişdir. Etirazın təkzibi ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin etiraz məktubunun 2-ci abzasında qeyd edildiyi kimi, guya müsabiqədə iştirakçılara əlavə təhsilin təşkili qaydaları barədə məlumat verildiyi bildirilir. Lakin o və digər tələbələrə müsabiqə zamanı heç bir izahat verilməmiş, yalnız uğurla keçdikləri təqdirdə təbrik edilmişlər. Universitetin qəbul əmrindən də göründüyü kimi kurs qeyd olunmamışdır. Universitetin Əlavə Təhsil Şöbəsi onlara birbaşa İİ kursdan başlayacaqlarını bildirmiş, lakin sonradan bu vədin yerinə yetirilmədiyi ortaya çıxmışdır. Cavabdehin 3-cü və 4-cü abzaslarında göstərilən dərs davamiyyəti barədə qeyd edilənlərə münasibət bildirir. O ilk iddia ərizəsində cəmi 9 gün dərsə qatıldığını açıq şəkildə qeyd etmişdir. Başqa bir tələbəyə verilmiş arayış əsasında onlara məlum oldu ki, İ kursa qəbul olunmuşlar. Universitetin təqdim etdiyi dərs davamiyyəti jurnalı da onun İ kursdan başladığını bildiyi gündən sonra dərslərə qatılmadığını sübut edir. Tələbə Təhsil Şöbəsi ona çıxış üçün ərizə yazdırmış, lakin tarix yazılmasını sonraya saxlayacaqlarını bildirmişdir (əlavədə ərizəni təqdim etdi). Bu onu şübhələndirdiyi üçün vəkillə məsləhətləşdi və onun tövsiyəsi ilə tarixi özü yazmalı olduğunu öyrəndi. Cavabdeh tərəfdən təqdim edilən ərizənin yazılması və qəbul edilməsi prosesinin qeyri-qanuni və məqsədli şəkildə uzadıldığını bildirir. Universitetin məsuliyyətsiz və məqsədli şəkildə işi yubadaraq onun ödədiyi məbləği geri almağına mane olmaq istədiyi açıq-aşkardır. Daha sonra universitetə yaxınlaşdıqda ərizənin qəbul edilmədiyini, rektorun məzuniyyətdə olduğunu və onu əvəz edəcək şəxsin olmadığını dedilər. Uzun müddət süründürməçilikdən sonra tarixsiz ərizəni geri alaraq yeni ərizə tərtib edib rəsmi qaydada poçt vasitəsilə universitetə göndərdi. O, universitetdə təhsil almamışdır, yalnız 9 gün dərsə qatılmış və imtahanlarda iştirak etməmişdir. Cavabdehin öz-özünü maliyyələşdirən Universitet olmasını əsas gətirməklə almadığı təhsil üçün ödənişin (və digər xərclərin) geri qaytarılmamasını əsaslı hesab etmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən iddia ərizəsinin məzmununda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi Nümayəndə yuxarıda qeyd edilən etiraz ərizəsinin məzmununda izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, yalnız iddiaçı iştirak etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Bu səbəbdən məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: -Bakı Slavyan Universitetinin xx.xx.2024-cü il tarixli, 92 saylı “qəbul komissiyasının yaradılması” barədə əmrin surətindən görünür ki, 2024/2025-ci tədris ilində Bakı Slavyan Universitetinə Əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə müraciət etmiş şəxslərin qəbulunun keçirilməsi məqsədilə aşağıdakı tərkibdə komissiyanın yaradılması: sədr: X4- Tədris işləri üzrə prorektor, üzvlər: Rzayev Məmmədtağı həsən oğlu- tədris şöbəsinin müdiri, X3- yüksək təhsil mərkəzinin direktoru, X1- təlim prosesinin təşkilinə dəstək şöbəsinin müdiri, X7- Əlavə təhsil bölməsinin müdiri əmr edilmişdir. -Bakı Slavyan Universiteti 2024-2025-ci tədris ili üçün Əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə qəbul komissiyasının iclasının 1 nömrəli protokolunun surətindən görünür ki, “Psixologiya” ixtisası üzrə 80 namizəddən 19 nəfər müsahibəyə gəlmədi, 61 nəfər müsahibədə iştirak edir. Müsahibənin nəticəsi bunlardan 2 nəfər müsahibədən keçə bilmədi. 59 nəfər müvəfəqiyyətlə keçdi. -Bakı Slavyan Universitetinin xx.xx.2024-cü il tarixli, 21/2 nömrəli əmrin surətindən görünür ki, təkrar ali təhsil almaq üçün müraciət etmiş, xx.xx.2024-cü il tarixli 92 saylı əmrlə yaradılmış qəbul komissiyasının müsahibəsindən müvəfəqiyyətlə keçmiş aşağıda adları qeyd olunan şəxslər 2024-2025-ci tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla Əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə Bakı Slavyan Universitetinin tələbələri sırasına qəbul edilsinlər. -İddiaçı Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyeva ünvanladığı ərizənin surətindən görünür ki, o, 2024-2025 tədrisilində Bakı Slavyan Universitetinin Əlavə Təhsil bölməsinin “Psixologiya” ixtisasına ödənişli əsaslarla qəbul olmuşdur. Öz istəyi ilə universitet tələbələri sırasından xaric etmələrini ondan xahiş etmişdir. Dərslərdə iştirak etməmişdir. Ödədiyi ödənişlərin geri qaytarılması barədə ona köməklik göstərməsini xahiş etmişdir. -xx.xx.2024-cü il tarixli təqdimatın surətindən görünür ki, İddiaçı ərizəsinin “universitet tələbələri sırasından xaric edilmə” hissəsinin nəzərə alınması, lakin “təhsil haqqının geri qaytarılması” hissəsinin imtina olunması məqsədəuyğundur. -Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 28/2 nömrəli əmrin surətindən görünür ki, İddiaçı, əlavə təhsil bölməsinin “Psixologiya” ixtisası üzrə təhsil alan (qiyabi, ödənişli əsaslarla) İ tədris ili tələbəsi öz istəyinə əsasən tələbələr sırasından xaric edilmişdir. Tələbənin təhsil haqqı borcu yoxdur. -Tələbələrin məşğələlərə davamiyyəti ilə bağlı sənədin surətindən görünür ki, İddiaçı oktyabr ay boyunca 9 gün dərslərdə iştirak etmişdir. - ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 386.1 və 386.2-ci maddələrinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən, öhdəlikdən bu və ya başqa məlumatı almaq hüququ irəli gələ bilər. məlumat verilməsi onun öhdəliyin məzmununu müəyyənləşdirmək üçün əhəmiyyətli olduğu və kontragentin belə məlumatı öz hüquqlarına xələl gətirmədən verə biləcəyi halda da təmin edilməlidir. məlumatı alan onun verilməsi xərclərinin əvəzini mükəlləfiyyətli şəxsə ödəməlidir. Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.4 və 424.5-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı iş üzrə İddiaçı cavabdeh Bakı Slavyan Universitetindən ona verdiyi yanlış və natamam məlumat səbəbindən ödədiyi 800 manat təhsil haqqını və 4 manat bank rüsumunun geri qaytarılmasını, 40 manat sağlamlıq haqqında arayış üçün ödənişin geri qaytarılmasını, universitetin məqsədli şəkildə işini uzatması nəticəsində onun bir illik vaxt itkisinə məruz qalmağını nəzərə alaraq, ona dəyən mənəvi zərərin kompensasiya edilməsini, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş əmr və iclas protokolları göstərir ki, əlavə təhsilin təkrar ali təhsil istiqaməti “Psixologiya” ixtisası üzrə müsabiqədən uğurla keçmiş, Bakı Slavyan Universitetinin xx.xx.2024-cü il tarixli 21/2 saylı Əmrinə əsasən, İddiaçı 2024/2025-ci tədris ilində “Psixologiya” ixtisası üzrə ödənişli əsaslarla Əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə Bakı Slavyan Universitetinin tələbələri sırasına qəbul edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ixtisas üzrə ilk qəbul olduğuna görə İİ kurs mövcud olmadığını, bundan əlavə, ona əvvəlcədən dərslərin axşam saatlarında keçiriləcəyi barədə məlumat verilmədiyini və ailəli olduğu üçün bunların onun üçün çətinlik yaratmasını bildirərək əvvəlcədən universitet tələbələri sırasından xaric edilmək istədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş materiallardan görünür ki, tələbə illik təhsil haqqının yarısını ödəyərək dərslərdə iştirak etmiş, bu barədə tələbələrin məşğələlərə davamiyyət jurnallarında qeydlər aparılmışdır. Məhkəmə iddianın “40 manat sağlamlıq haqqında arayış üçün ödənişin geri qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı iddianın bu hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, həmçinin iddia 800 manat pulun qaytarılması hissəsində də təmin edilmədiyindən, iddia bu hissə də rədd edilməlidir. Məhkəmə mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İddiaçı universitetin məqsədli şəkildə işini uzatması nəticəsində onun bir illik vaxt itkisinə məruz qalmağını nəzərə alaraq, ona dəymiş mənəvi zərərin kompensasiya edilməsini də məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı cavabdeh Bakı Slavyan Universitetinin məqsədli şəkildə işi uzatması, ona yanlış məlumat verməsini təsdiqləyən sübutlar təqdim etmədiyindən, həmçinin iddia maddi ziyan hissəsində də təmin edilmədiyindən, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı "təhsil haqqının qaytarılması və sair" tələbinə dair iddiası əsassız olduğundan, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı "ödənişlərin geri qaytarılması tələbinə dair" iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2221/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2221/2025
29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver