Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2226/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı (üçüncü şəxs qismində «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi cəlb edilməklə) «sığorta ödənişinin məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı (üçüncü şəxs qismində «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi cəlb edilməklə) «sığorta ödənişinin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən ona istehsalatda baş vermiş qəza nəticəsində vurulmuş zərərə görə ödənilən aylıq 624,53 manat məbləğində sığorta ödənişinin «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində tarif maaşlarında kütləvi artımlara müvafiq olaraq xx.xx.2018-ci il tarixdən 20 %, xx.xx.2019-cu il tarixdən 20 %, xx.xx.2022-ci il tarixdən 20 % artırılmalı olduğu müəyyən edilərək 2018-2023-cü dövr üçün artıma müvafiq ödənişlərin ona birdəfəlik ödənilməsinin; həmçinin xx.xx.2023-cü il tarixdən etibarən ömürlük sığorta ödənişinin hazırda müəyyən olunan tarif (vəzifə) maaşına mütənasib olaraq hesablanaraq hər ay ona ödənilməsinin Cavabdeh Sığort Şirkəti ASC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində quyuların yeraltı təmiri üzrə operator vəzifəsində işlədiyi dövrdə 16 may 2015-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 50 % itirərək 2-ci dərəcəli əlillik təyin olunmuşdur. «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh Sığorta Şirkəti arasında bağlanmış «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsinə əsasən, ona Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 2006-cı il üzrə iddiaçının tarif maaşına mütənasib olaraq aylıq sığorta ödənişi hesablanmış və ödənilmişdir. Lakin «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işçilərin tarif maaşlarında 2017-ci il üzrə kütləvi artım olsa da, cavabdeh sığorta şirkəti tərəfindən artıma müvafiq sığorta ödənişi artırmadığına görə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASCyə qarşı məhkəməyə müraciət edərək, sığorta ödənişinin artırılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli 2(006)-1060/2018 saylı qətnaməsi ilə kütləvi artımı təsdiq edən sübut təqdim edilmədiyinə görə iddia rədd edilmişdir. Lakin İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-8574/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli 2(006)-1060/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilərək, iddiaçıya ödənilən sığorta ödənişi məbləğinin xx.xx.2017-ci il tarixdən 15 faiz artırmalı olduğu müəyyən edilərək artıma müvafiq ödənişlərin həyata keçirilməsi vəzifəsinin Cavabdeh Sığorta Şirkətinə həvalə edilməsi, Cavabdeh Sığorta Şirkətindən iddiaçının xeyrinə 15 manat, dövlət büdcəsinə isə birinci instansiya məhkəməsindən baxılması ilə əlaqədar 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh Sığorta Şirkəti kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsinin xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019 tarixli 2(102)-2386/2019 saylı qərarı ilə Cavabdeh Sığorta Şirkətinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Beləliklə, hazırki iş üzrə qətnamə qanuni qüvvəyə minmiş və bu gün də icra edilməkdədir. Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinə əsasən, həmin qətnamə ilə müəyyən edilən halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində 2018-2023-cü illər ərzində də bir neçə dəfə vəzifə (tarif) maaşlarında kütləvi artım olmuşdur. Lakin İddiaçı ödənilən sığorta ödənişi məbləği müvafiq olaraq artırılmalı olduğu halda artırılmamışdır. Bununla da iddiaçının hüquqları kobud şəkildə pozulmuş, o, ödənişdən məhrum edilmişdir. İddiaçıya hal-hazırda 2017-ci il üzrə tarif maaşına müvafiq olaraq cəmi 624,53 manat məbləğində sığorta ödənişi ödənilir. Halbuki iddiaçının sığorta ödənişinin məbləği 2018-2023-cü illər ərzində «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işçilərin tarif maaşılarınm kütləvi artımı nəticəsində müvafiq olaraq cavabdeh tərəfindən hesablanmalı və artım günündən etibarən ödənilməli idi. Belə ki, sözügedən şirkətdə tarif maaşlarında kütləvi artımların olub-olmaması barədə dəqiq məlumatın verilməsi ilə əlaqədar şirkətə vəkil sorğusu ünvanlanmışdır. «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli M 279/EA saylı cavab məktubda bildirilmişdir ki, 01 yanvar 2017-ci il tarixdən etibarən İ № 01 saylı 27 yanvar 2017-ci il tarixli əmr-qərara əsasən 15 %, 01 may 2018-ci il tarixdən İ № 01 saylı 18 may 2018-ci il tarixli əmr-qərara əsasən 20 %, 01 oktyabr 2019-cu il tarixdən İ № 02 saylı 01 oktyabr 2019-cu il tarixli əmr-qərara əsasən 20 % və 01 fevral 2022-ci il tarixdən İ № 01 saylı 28 fevral 2022-ci il tarixli əmr-qərara əsasən 20 % idarədə əmək haqqında kütləvi artım edilmişdir. Bu artımlar «Quyuların yeraltı təmiri üzrə operator» vəzifəsinə də şamil olunmuşdur. Göründüyü kimi, iddiaçının əmək haqqısında müvafiq artımlar olsa da, iddiaçıya ödənilən 2018-2023-cü illər üzrə sığorta ödənişlərində heç bir artım olmamışdır. Belə olan halda, iddiaçıya 2018-2023-cü illər üzrə ödənilməmiş sığorta haqqları birdəfəlik məbləğ şəklində ödənilməli, 2023-cü ildən etibarən isə hər ay artırılmış məbləğdə sığorta haqqı ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya yazılı etiraz təqdim edərək izahatında bildirdi ki, iş materiallarından göründüyü kimi, 16 may 2015-ci il tarixdə bədbəxt hadisə baş vermişdir və Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya aylıq sığorta ödənişi həyata keçirilir. İddiaçı iddia ərizəsində «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il № 3 saylı Qərarının 3.5ci bəndinə istinad edərək aylıq ödənilən sığorta ödənişinin tarif (vəzifə) maaşlarının kütləvi artımına uyğun ödənilməsini tələb edir. Lakin bu zaman iddiaçı nəzərə almır ki, istinad etdiyi yuxarıda qeyd olunan 3.5-ci bənd «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi, yəni 03 iyul 2010-cu il tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğini tənzimləyir. Belə ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 oktyabr 2010-cu il tarixli № 192 saylı Qərarının 2-ci bəndinə əsasən, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə tənzimlənir. Göründüyü kimi, iddiaçıya münasibətdə bədbəxt hadisə 16 may 2015-ci il tarixdə, yəni «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdən əvvəl yox, sonra baş vermişdir. Odur ki, hazırki hadisə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il № 3 saylı Qərarının 3.5ci bəndinə istinad edilə bilməz və bu münasibətlərə tətbiq edilə bilməz. Digər tərəfdən isə, iddiaçı iddia ərizəsində tarif maaşlarında kütləvi artımların olması ilə bağlı «X4 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 29 mart 2023-cü il tarixli №279/EA saylı məktubuna istinad etməsinə baxmayaraq, məktubda qeyd olunanları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, müəssisədə tarif (vəzifə) maaşlarının kütləvi şəkildə artırılmasını təsdiq edən müvafiq Əmr və buna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, o cümlədən Dövlət Vergi Xidmətinin müvafiq informasiya sistemində edilmiş dəyişiklikləri təsdiq edən çıxarışlar iş materiallarında yoxdur. Odur ki, təkcə 29 mart 2023-cü il tarixli №279/EA saylı məktubuna istinad edərək, Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə sığorta ödənişi məbləğinin artırılması öhdəliyi qoymaq qanunauyğun deyildir. Hazırki iddia üzrə cavabdehdən 5 il üçün sığorta ödənişinin tarif (vəzifə) maaşlarının kütləvi artımına uyğun ödənilməsini tələb edilir. Bildirir ki, qanunvericiliyə uyğun olaraq, məhkəmə hər bir iş üzrə tələbin hüquqi əsasını müəyyən etməlidir. İddiaçı 5 il ərzində qeyd edilən artımlarla bağlı cavabdehə müraciət etməmiş, tələb irəli sürməmiş və sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1125.1-ci maddəsinə əsasən, zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üc illiyə təyin edə bilər. Odur ki, iddiaçının hazırda 5 il, yəni 2018- 2023-cü il dövrü üçün artıma müvafiq olaraq sığorta ödənişinin birdəfəlik ödənilməsi tələbi üçün heç bir hüquqi əsas yoxdur. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı «sığorta ödənişi məbləğinin artırılması» tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxs «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli 2(006)-1060/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində quyuların yeraltı təmiri üzrə operator peşəsində işlədiyi dövrdə 16 may 2015-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 50 faizini itirərək 2-ci dərəcəli əlil olması ilə bağlı Cavabdeh Sığorta şirkəti tərəfindən ona verilən orta aylıq emək haqqı məbləğinin 50 faizini təşkil edən 624,53 manat məbləğində aylıq sığorta ödənişinin «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2017-ci il tarixdə işçilərin tarif (vəzifə) maaşlarının 15 faizi kütləvi artımına mütənasib olaraq artırılaraq həmin tarixdən ona ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli 2(103)-8574/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli 2(006)-1060/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək İddiaçı ödənilən sığorta ödənişi məbləğinin xx.xx.2017-ci il tarixdən 15 faiz artırılmalı olduğu müəyyən edilərək artıma müvafiq ödənişlərin həyata keçirilməsi vəzifəsi Cavabdeh Sığorta şirkətinə həvalə edilmiş, Cavabdeh Sığorta şirkətindən İddiaçı xeyrinə 15 manat, dövlət büdcəsinə işə birinci instansiya məhkəməsində baxılması ilə əlaqədar 30 manat dövlət rüsumu tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2386/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli 2(103)-8574/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir ki, iddiaçı «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində quyuların yeraltı təmiri üzrə operator peşəsində işləyərkən 16 may 2015-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və əmək qabiliyyətini 50 faiz itirməsi ilə əlaqədar ona 2-ci dərəcəli əlillik təyin olunmuşdur. «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsinə əsasən ona Cavabdeh Sığorta şirkəti tərəfindən orta aylıq əmək haqqı məbləğinin 50 faizini təşkil edən 624,53 manat məbləğində aylıq ödəniş verilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi müəssisədə xx.xx.2017-ci il tarixdən etibarən işçilərin əmək haqlarında kütləvi artım olduğu təsdiq edildiyindən «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 3.5-ci bəndinə əsasən iddiaçıya ödənilməli olan aylıq ödəncin məbləği həmin tarixdən artırılmalı olduğu halda cavabdeh bu artıma müvafiq sığorta ödənişinin artırılmasından əsassız imtina etmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərək, İddiaçı ödənilən sığorta ödənişinin məbləğinin xx.xx.2017-ci il tarixdən 15 faiz artırılmalı olduğunu müəyyən edərək, ödənişlərin həyata keçirilməsi vəzifəsinin Cavabdeh Sığorta Şirkətinə həvalə olunmasını qət etmişdir. İşin yuxarıda qeyd edilən halları mübahisə edilə bilməz. İş materiallarına əlavə olunmuş «X4 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 279/EA saylı məktubundan görünür ki, 01 yanvar 2017-ci il tarixdən etibarən İ № 01 saylı 27 yanvar 2017-ci il tarixli əmr-qərara əsasən 15 %, 01 may 2018-ci il tarixdən İ № 01 saylı 18 may 2018-ci il tarixli əmr-qərara əsasən 20 %, 01 oktyabr 2019-cu il tarixdən İ № 02 saylı 01 oktyabr 2019-cu il tarixli əmr-qərara əsasən 20 % və 01 fevral 2022-ci il tarixdən İ № 01 saylı 28 fevral 2022ci il tarixli əmr-qərara əsasən 20 % idarədə əmək haqqında kütləvi artım edilmişdir, həmin artımlar «Quyuların yeraltı təmiri üzrə operator» vəzifəsinə də şamil olunmuşdur. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi iş üzrə preyudisial əhəmiyyət kəsb etməklə, nəinki mübahisə edilməyən faktlar, eləcə də tətbiq edilən hüquq normaları baxımından da vacibdir. Həmin iş üzrə tətbiq edilmiş qanun normaları qüvvədə olmaqla, eynilə hazırki iş üzrə də tətbiq edilməklə, iddia tələbi təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ödənilən sığorta ödənişi məbləğinin xx.xx.2018-ci il tarixdən 20 faiz, xx.xx.2019-cu il tarixdən 20 faiz, xx.xx.2022-ci il tarixdən 20 % artırılmalı olduğu müəyyən edilərək, 2018-2023-cü dövr üçün artıma müvafiq ödənişlərin İddiaçı birdəfəlik ödənilməsi və xx.xx.2023-cü il tarixdən etibarən ömürlük sığorta ödənişinin hazırda müəyyən olunan tarif (vəzifə) maaşına mütənasib olaraq hesablanaraq hər ay İddiaçı ödənilməsi Cavabdeh Sığorta şirkətinə həvalə edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ödənilən sığorta ödənişi məbləğinin xx.xx.2018-ci il tarixdən 20 faiz, xx.xx.2019-cu il tarixdən 20 faiz, xx.xx.2022-ci il tarixdən 20 % artırılmalı olduğu müəyyən edilərək, 2018-2023-cü dövr üçün artıma müvafiq ödənişlərin İddiaçı birdəfəlik ödənilməsi və xx.xx.2023-cü il tarixdən etibarən ömürlük sığorta ödənişinin hazırda müəyyən olunan tarif (vəzifə) maaşına mütənasib olaraq hesablanaraq hər ay İddiaçı ödənilməsi Cavabdeh Sığorta şirkətinə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-2226/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2226/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver