Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2250/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək haqqı və əmək haqqının gecikdirilməsi nəticəsində ödəncin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək haqqı və əmək haqqının gecikdirilməsi nəticəsində ödəncin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən 25 may 2021-ci il tarixinədək "xxxx" QSC-yə elektromexanik vəsifəsində işlədiyi müddətdə cavabdeh təşkilat tərəfindən 8 aylıq əmək haqqını ödəmədiyinə görə 4.480 manat, əmək haqqının gecikdirilməsinə görə 1.200 manat məbləğində ödənc, hüquqi yardıma görə 90 manat, vəkil orderi üçün 100 manat, mediasiya rüsumu 60 manat, yol xərci üçün 100 manat olmaqla, ümumilikdə 6.030 manat pul vəsaitinin cavabdeh "xxxx" QSC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə "xxxx" QSC-yə elektromexanik vəsifəsinə işə qəbul olunmuşdur. 25 may 2021-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə əsasən öz təşəbbüsü ilə "xxxx" QSCnin 01/K-0078 saylı əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh təşkilatla əmək münasibətlərində olduğu müddətdə son haqq-hesabı ödənilmədiyi üçün ƏƏSMN-in X1 Xidmətinə (DƏMX) xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Müfəttişlik İXM-nin 192.4cü maddəsinə əsasən İnzibati Tənbehvermə haqqında Qərar qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən qərarın qəbul edilməsində səbəb "xxxx" QSC tərəfindən səkkiz aylıq əmək haqqının ödənilməməsidir. Göründüyü kimi, 3 il müddətində işlədiyi cavabdeh təşkilat 8 aylıq əmək haqqını ona ödəməmiş və bununla da əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Nəticədə, onun 4.480 manat əmək haqqı ödənilməmişdir. Bu səbəbdən məcbur qalıb könüllü ərizəsi ilə həmin iş yerindən çıxmalı olmuşdur və hal-hazırda işsizdir. Qeyd edir ki, hər gecikdirilən gün üçün gecikdirilmiş əmək haqqının bir faizi miqdarında ona ödənc ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Buna görə də, həm 4.480 manat əmək haqqı, həm də əmək haqqının gecikdirilməsinə görə 1.200 manat məbləğində ödənc verilməlidir. Buna görə də, ona həm 4.480 manat əmək haqqı, həm də əmək haqqının gecikdirilməsinə görə 1.200 manat, ümumilikdə 5.680 manat məbləğində pul verilməlidir. İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh "xxxx" QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə işəgötürən (cavabdeh) "xxxx" QSC arasında bağlanmış 07 mart 2018-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı həmin QSC-yə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həmin QSC-də xx.xx.2021-ci il tarixədək işləmişdir. Öz xahişi nəzərə alınaraq Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən işəgötürənin xx.xx.2021-ci il tarixli 01/K-0078 saylı əmri ilə işdən azad edilmişdir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçıya işdən azad olunan dövrədək olan müddətdə cəmi 8 ayın əmək haqqı ödənilməmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət edərək, ona ödənilməli əmək haqqının ödənilməsini tələb etmişdir. Lakin onun müraciəti təmin olunmamışdır. İddiaçı bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə, daha sonra mediasiya institutuna, nəhayət məhkəməyə müraciət etmişdir. İddiaçı mediasiya xərci kimi 60 manat pul vəsaiti ödəmişdir. Cavabdeh iddiaçının 8 aylıq əmək haqqının iddiaçıya ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ay bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 2-ci bəndinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçıya əmək haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə ödənilməli olsa da, 6 ay əmək fəaliyyəti ilə bağlı ona ödənilməli olan əmək haqqı tam və vaxtında ödənilməmiş, cavabdehin iddiaçıya borcu qalmışdır. Əmək Məcəlləsinin 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Məhkəmə hesab edir ki, iddia əmək haqqının ödənilməsi hissəsində qismən təmin edilməli, qalıq qalmış 4141 manat 38 qəpik əmək haqqı məbləği cavabdeh "xxxx" QSCdən tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, 2020-ci ildən başlayaraq iddiaçıya əmək haqqı qeyri sabit ödənilmişdir. İşdən çıxdığı xx.xx.2021-ci Bundan başqa, məhkəmə hesab edir ki, iddia - bu günə qədər ödənilməli olan əmək haqqının ödənilməməsinə görə məhkəmə qətnaməsi çıxarılan günədək hər gün üçün 1 % dəbbə pulu tutulmasına dair hissədə qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirldikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli, qalıq qalmış 8 aylıq əmək haqqı məhkəmə qətnaməsi çıxarılan günədək hər gün üçün 1 % dəbbə pulu hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçıya ödənilməli məbləğin miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçının əmək haqqı ilə bağlı dəqiq məlumatlar olmadığından, bu məbləğ icra icraatı çərçivəsində hesablanaraq iddiaçıya ödənilməldir. Eləcə də, mediasiya sessiyasına görə ödənilmiş 60 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki, Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/5-00729 saylı arayışdan göründüyü kimi, iddiaçının nümayəndəsi tərəfindən 110 manat mediasiya xərci ödənilmişdir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia qalan hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı ona yuxarıda qeyd edilən məbləğdən artıq zərər vurulmasına, həmçinin hüquqi yardıma görə 90 manat, vəkil orderi üçün 100 manat, yol xərci üçün 100 manat pul vəsaiti ödəməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 8 ay üçün ödənilməmiş əmək haqqı, həmin əmək haqqı ödənilməyən gündən başlayaraq, hazırkı qətnamə qəbul edilən günədək olan dövr üçün ödənilməli məbləğin 1 %-i həddində dəbbə pulu hesablanaraq və 60 manat mediasiya xərci cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 8 ay üçün ödənilməmiş əmək haqqı, həmin əmək haqqı ödənilməyən gündən başlayaraq, hazırkı qətnamə qəbul edilən günədək olan dövr üçün ödənilməli məbləğin 1 %-i həddində dəbbə pulu hesablanmaqla cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilsin. 60 manat mediasiya xərci cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-2250/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2250/2022
02.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver