Məhkəmə qərarları › İş №e-2(006)-2455/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2455/2024

27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2455/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehdən onun xeyrinə 35 000 manat məbləğində mənəvi zərərə görə pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bu hadisə nəticəsində canının bir parçası, gözünün ağı-qarası oğlu X3 gənc yaşında itirmişdir. O, ürəyi yaralı bir ana kimi yaşadığı faciəni kəlimələrlə ifadə edə bilmir. Övladını hələ ömrünün baharında, 23 yaşında itirmişdir. Bir ana üçün öz övladının ölümünə şahidlik etmək qədər ağır bir faciə ola bilməz. Bu yaşlı vaxtında balasına bağladığı ümidləri bu hadisə ilə bir andaca məhv olmuşdur. Qeyd etmişdir ki, onlar Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndindəki evdə yaşamışlar. 2 qızını gəlin köçürmüş, onlar öz ailələri ilə birlikdə ayrı yaşayırlar. Arzusu o olmuşdur ki, bircə ən kiçik övladı, son beşiyi Yaqubun da ən xoş günlərini görmədən bu dünyadan köçməsin. Cavabdehin işçisinin təqsiri üzündən qismət olmamışdır. Bu yaşında oğlunu itirməklə çəkdiyi əzab-əziyyətlər onu davamlı sarsıdır. Həyat eşqi sönüb, sanki həyatının mənasını itirmişdir. Oğlunu min-bir əzab-əziyyətlə böyüdüb boya-başa çatdırmış, lakin önündə olan sevincli, xoş günlərini, toyunu, övladlarını görmədən onu itirmişlər. Bu ona sözlərlə əvəz edə bilməyəcəyi dərəcədə əzab verir. Oğlunun həyatda olmasını düşünmək onu aciz vəziyyətə salır və bu ona davamlı iztirab verir. Oğlu pis vərdişlərdən uzaq, zəhmətkeş olmuşdur. O vətənə borcunu verərək əsgərlik xidmətindən qayıtdıqdan sonra əzab əziyyətlə, fəhləlik etmişdir. Yay aylarında gilas bağlarında meyvə yığmaqla öz halal zəhməti ilə pul qazanaraq onlara, yəni yaşlı ata anasına baxmışdır. O, vəfat etdiyi ildə qonşuluqda yaşayan Yaşar Hüseynovun bağında işləyərək həm qonşuya kömək edir, həm də dolanışıqları üçün qazanc əldə etməyə çalışmışdır. Yoldaşı həmin gün birdən qışqırıq səsi eşitmiş, Yaşarın həyat yoldaşı Sevinc müəllimə ağlaya-ağlaya dərhal qonşuları haraylayaraq köməyə çağırmışdır. Yoldaşı qonşunun bağına tərəf keçəndə oğlu Yaqubun yerdə uzandığını, başının da Yaşarın oğlu Ramilin qucağında olduğunu görmüşdür. Oğlu sanki can verən kimi nəfəs almış, gözləri yumulmuşdur. Köməkləşib Yaqubu onun avtomobilinin arxa oturacaqlarına uzadaraq xəstəxanaya çatdırmaq istəsələr də oğlu keçinmişdir. Gənc oğlunun meyitini gətirmişlər. Həmin anları düşünəndə sarsılır, ürəyi parçalanır. Ana üçün gözünün ağı-qarası bircə oğlunu hadisənin sabahısı günü kənd qəbiristanlığında dəfn etməyi nə qədər ağır mənzərə olduğunu yəqin ki, hər kəs təsəvvür edir. Həmin gündən onun gözündə yaş qurumamışdır. Hadisə baş verən günün axşamı məlum olmuşdur ki, Yaqub bağda olan gilas ağacının yuxarı hissəsində olan meyvələri yığmaq üçün bağda olan dəmir nərdivanı ağaca söykəməyə çalışarkən nərdivanın yuxarı hissəsi bağın ərazisindən, ağacın yaxınlığından keçən yüksək gərginlikli elektrik hava xəttinə toxunduğundan onu elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. Oğlunun ölməsinə görə Xaçmaz rayon prokurorluğunda araşdırma aparılmış cavabdehin işçisi məculiyyətə cəlb edilmiş və cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, ittihama əsasən təqsirləndirilən şəxs X6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 Təchizatı və Satışı İdarəsinin Xaçmaz Elektrik Şəbəkəsinin mühəndisi vəzifəsində işləyərkən, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə edilmiş şəxs kimi Xaçmaz rayonu, Qımıl-Qışlaq kənd sakini X4 məxsus bağ sahəsinin həmin ərazidən keçən 10 kv-luq RTS Hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi halda həmin elektrik hava xəttinin etibarlı işini təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətlər, yəni texniki baxışlar, profilaktik yoxlamalar, cari və əsaslı təmirlər aparılmaqla hadisə baş verdiyi hissəsində elektrik naqillərinin normativ aktın tələblərinə uyğun hündürlükdə olmasını təmin və ağaclıq olan yerlərdə elektrik xəttinin işinin pozulmasına gətirə bilən ağac budaqların kəsilməsini təşkil etməməklə "Elektrik qurğularının quraşdırma qaydalan 2.4.37, 2.4.42, 2.5.107, 2.5.111 bəndlərinin və "Elektrik stansiyaları və şəbəkələrin texniki istismarı qaydaları"nın 5.7.1, 5.7.10, 5.7.11, 5.7.16, 5.7.19-cu bəndlərini tələblərini pozduğuna görə 16 iyun 2020-ci il tarixdə, saat 15 radələrində Xaçmaz rayonu, Qımıl-Qışlaq kənd sakini X2 həmin gilas bağında ağacın yuxarı hissəsində olan meyvəni yığmaq məqsədilə dəmir konstruksiyalardan hazırlanmış hündürlüyü 6 metr olan nərdivanı ağaca söykəmək istəyərkən nərdivanın üst hissəsinin yüksək gərginlikli elektrik hava xəttinə toxunması səbəbindən sağ ayaqaltı, sağ ayağın beşinci barmağı və sol ayağın ikinci barmağı nahiyələrində "elektrik nişanələri" xəsarətləri alaraq ehtiyatsızlıqdan hadisə yerində ölməsinə səbəb olmuş, bununla da, o, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmədiyindən səhlənkarlıq etmiş, əməli ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 1(067)-106/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddələri tətbiq edilməklə 2 il sınaq müddəti ilə cəzası şərti hesab edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 1(067)-106/2021 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən və ittihamdan görünür ki, hadisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Bundan başqa hökmdən görünür ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 30 saylı rəyindən görünür ki, Yaqub Bağırovun meyitinin bədən səthində sağ ayaqaltı, sağ ayağın beşinci barmağı və sol ayağın ikinci barmağı nahiyələrində "elektrik nişanələri" vardır ki, bunlar da yüksək gərginlikli elektrik cərəyanının təsirindən əmələ gəlmişdir. Yaqub Bağırovun ölümünə səbəb elektrik vurma olmuşdur, ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Y.Bağırovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi zərər dəymişdir. Oğlunu belə bir səhlənkar hadisə üzündən itirmək və baş verən hadisəni hər keçən gün xatırlamaq onun mənəvi iztirabını gündən-günə daha da dərinləşdirir. Yaşadığı acını sözlərlə ifadə etməkdə çətinlik çəkir. Onun üçün ən əziz olan, sevincini, kədərini paylaşdığı, gecələri yatmayıb sabaha qədər yuxusuz gecələrini verdiyi insanı itirmək ona unudulması mümkün olmayan davamlı əzab və iztirab verir. Bu hadisə onu dərindən sarsıdır, yaşama sevincini əlindən alıb, psixoloji cəhətdən ona çox böyük təsir edir. İndi onun yanında olmalı olan övladının hiss etmək istədiyi sevgisini ala bilməməsi acizliyini hiss etdirir, onu çox sarsıdır. Heç bir valideyn övladını belə faciəvi şəkildə itirməməlidir. Səhlənkarlığın və məsuliyyətsizliyinin əvəzini cavabdeh ödəməlidir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlərlə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum oğlunun ölümü nəticəsində keçirdiyi məyusluq, nigaranlıq, qeyri müəyyənlik, mənəvi sarsıntı, əzab, iztirab kimi halları nəzərə alaraq, ona dəymiş mənəvi zərər cavabdeh X9 Cəmiyyətindən alınaraq ona ödənilməlidir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35 000 000 manat mənəvi zərərə görə kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASCnin nümayəndəsi X5 iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 1(067)- 106/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 Təchizatı və Satışı İdarəsinin Xaçmaz Elektrik Şəbəkəsinin mühəndisi vəzifəsində işləyən X6 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhum olunması, ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasının 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi hökm edilmişdir. Hökmdən həmçinin müəyyən olunur ki, Yaqub Bağırovun ölümünə səbəb elektrik cərəyanının vurması olmuşdur. Dəyən zərər məhz cavabdeh "xxxx" ASC-nin işçisinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan, iddiaçının mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının yeganə oğlu ölmüşdür. İddiaçı oğlunun ölümü nəticəsində mənəvi sarsıntı keçirmişdir. Belə ki, iddiaçı hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda eyni zamanda göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar seçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində isə qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Habelə Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin işçisinin təqsiri üzündən iddiaçının oğlunun ölümü nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin, mənəvi zərərin həcmi 35000000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 30000 manat məbləğində müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmin Qərarla belə nəticəyə gəlinmişdir ki, “ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 180 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 180 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar