Məhkəmə qərarları › İş №e-2(006)-2460/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(006)-2460/2021

06.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2460/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, iddiaçı X1 Cavabdeh Firmasına qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqının ödənilməsi” tələbinə mülki iş üzrə əlavə qətnamənin çıxaılmasına 06 dekabr 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X3 Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.02.2019-cu il tarixli əmək müqaviləsi üzrə ödənilməmiş 4900 manat əmək haqqı məbləğinin, əmək haqqının gecikdirilməsinə görə 06.11.2020-ci il tarixdən hesablanmaqla hər gecikdirilmiş günə görə (101 gün) 49 manat olmaqla, cəmi 4949 manat faiz məbləğinin, ümumilikdə 9849 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 18 fevral 2019-cu ildən (müqavilənin bitmə tarixi 17.02.2021-ci il) Cavabdeh Firmasında “menecer” vəzifəsində işə başlamışdır. İşinə daim məsuliyyətli yanaşmış və rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında icra etmişdir. İşlədiyi dövrdə əmək intizamını, əmək funksiyalarını qəti surətdə pozmamışdır. Bu şirkətdən əvvəl də o, müxtəlif iş yerlərində işləmiş və ona tapşırılan işləri vicdanla, lazımınca yerinə yetirmişdir və bir dəfə də olsun barəsində hər hansı intizam xarakterli tədbir görülməmiş, gördüyü işlərdən çox razı qalmışlar. Cavabdehlə aralarında olan əmək müqaviləsinə 06 noyabr 2020-ci il tarixdən xitam verilsə də, hazırki günədək ona ödənilməli olan 4900 əmək haqqı cavabdeh tərəfindən qəsdən ödənilməmişdir. Dəfələrlə cavabdehə bu məsələ ilə bağlı müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehdən 06 noyabr 2020-ci il tarixdən hər gün üçün 1 % hesablanmaqla iddia ərizəsini məhkəməyə təqdim etdiyi 15 fevral 2021-ci il tarixədək 49 manat tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli, 2(006)-2460/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2111 manat məbləğində pulun Cavabdeh Firmasından alınaraq iddiaçı X2 ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manatın 6 manatının Cavabdeh Firmasından tutularaq dövlət gəlirinə alınması qət edilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə MPM-nin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan əlavə qətnamənin çıxarılması barədə ərizəyə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli, 2(006)-2460/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2111 manat məbləğində pulun Cavabdeh Firmasından alınaraq iddiaçı X2 ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manatın 6 manatının Cavabdeh Firmasından tutularaq dövlət gəlirinə alınması qət edilmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, yuxarıda qeyd edinlərdən göründüyü kimi, əmək haqqının gecikdirilməsinə görə 06.11.2020-ci il tarixdən hesablanmaqla hər gecikdirilmiş günə görə (101 gün) 49 manat olmaqla, cəmi 4949 manat faiz məbləğinin Cavabdeh Firmasından tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi məhkəmə baxışı zamanı müzakirə olunsa da, məhkəmənin bu tələbə münasibəti qətnamənin nəticə hissəsində qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Həmin Məcəllənin 229.3-cü maddəsinə əsasən əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. Məhkəmə iddia “əmək haqqının gecikdirilməsinə görə bir faizi məbləğində ödənc verilməsi” hissəsində əsassız olduğu üçün hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Bu Məcəllənin “Qeyd” hissəsinə görə bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Belə ki, sözügedən maddənin dispozisiya şərtlərinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmadıqda normada qeyd olunan qaydada ödənc hesablanır. Normanın qeyd hissəsində deyilir ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi işəgötürənin özündən asılı olmayan digər səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Hazırki halda, iddiaçının iddia etdiyi tələblərlə cavabdeh razılaşmır və bu hal tərəflər arasında artıq fərdi əmək mübahisəsinin yaranmasına səbəb olub. Ona görə də bu hal tərəflər arasında açıq-aşkar əmək mübahisəsi yaratdığından və uzun müddət davam etdiyindən mübahisə, yəni iddia tələbinin bu hissəsi Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilməlidir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbləri hazırki əmək mübahisəsinə o, vaxt tətbiq edilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Əmək Məcəlləsinin 287-ci maddəsində isə göstərilir ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəbdən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddənin tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzrsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürən tərəfindən ödənilməlidir. Lakin, əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Çünki həmin vəziyyətdə işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilməməsi aktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilə bilər. Əmək Məcəlləsinin 172-ci maddəsinin qeydindən də göründüyü kimi “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülür. Göründüyü kimi sözügedən maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Hazırki halda fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil edir. Belə ki, cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirir və borcun olduğu yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün cavabdehdən iddiaçının xeyrinə əmək haqqının bir faizi məbləğində ödənc verilməsi üçün hüquqi əsaslar yoxdur və iddia bu hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,229, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh Firmasına qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası “əmək haqqının gecikdirilməsinə görə 06.11.2020-ci il tarixdən hesablanmaqla hər gecikdirilmiş günə görə (101 gün) 49 manat olmaqla, cəmi 4949 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində rədd edilsin. Əlavə qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar