Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2471/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasını işə cəlb etməklə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı « Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələri üzrə pozuntunun tanınması və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasını işə cəlb etməklə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələri üzrə pozuntunun tanınması və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6.2, 7 və 18-ci maddələrinin hakim Cavabdeh2 tərəfindən pozuntusunun tanınması və barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılması əsası kimi Cavabdeh2 müvafiq qərarının əsassız olması səbəbindən qanunsuz cinayət təqibinə məruz qaldığı, başlanılmış cinayət işinə xitam verilməli olduğu halda xitam verilməməsi səbəbindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 10.000 (on min) manat pul tutularaq ona ödənilməsinin təmin edilməsidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Həmin Məcəllənin 1101.3-cü maddəsinə əsasən, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Azərbaycan Respublikası CPM-in 7.0.4-cü maddəsinə əsasən, cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Azərbaycan Respublikası CPM-in 39-cu maddəsinə əsasən, aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.1. cinayət hadisəsi olmadıqda; 39.1.2. əməldə cinayət tərkibi olmadıqda; 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə); 39.1.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə); 39.1.5. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); 39.1.6. şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda; 39.1.7. şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda; 39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə); 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə); 39.1.10. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla); 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda; 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Beləliklə, iddia tələbinin 1-ci hissəsi olan Avropa İnsan Hüquqları Konvensiyasının 6.2, 7 və 18-ci maddələrinin pozuntusunun tanınması insan hüquqlarının qorunması sahəsində regional nəzarət mexanizmi qismində çıxış edən Avropa İnsan Hüquqları Məhkəməsinin müstəsna səlahiyyətlərinə aiddir və Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyində hüquq pozuntusunun mülki məhkəmə icraatı qaydasında tanınması nəzərdə tutulmadığından iddia tələbinin hüquqi əsasıda mövcud olmur və məhkəmə qaydasında baxılması istisna olunur. Bundan əlavə, iddia tələbinin 2-ci hissəsi olan iddiaçının qanunsuz cinayət təqibinə məruz qaldığı üçün cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 10.000 (on min) manat pulun tutularaq iddiaçıya ödənilməsidə bu məhkəmə qaydasında baxılmalı olan tələb deyildir. Belə ki, cinayət təqibi Azərbaycan Respublikası CPM-in tələblərinə əsasən həyata keçirilir. Cinayət təqibi üzrə cinayət qanununda nəzərdə tutulmuş əmələ hüquqi qiymətin verilməsi müvafiq səlahiyyətli məhkəmələrə (məhkəmənin çıxarmış olacağı yekun məhkəmə aktından verilmiş şikayət üzrə yuxarı instansiya məhkəməsi) aid olduğundan, hal-hazırda iddia tələbinə mülki məhkəmə icraat qaydasında bu məhkəmədə hüquqi qiymət verilməsi mümkün deyildir. Odur ki, iddiaçı barəsində onun məhkum edilməsinə dair xüsusi ittiham növündə cinayət təqibinin nəticəsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş aktı olmadığından cinayət təqibi həyata keçirilməklə ona maddi və ya mənəvi zərər vurulması halı movcud deyildir. Qeyd olunan xüsusatlara hüquqi qiymət verilməsi cinayət təqibi üzrə ədalət mühakiməsinin həyata keçirilməsi qaydasında səlahiyyətli məhkəmələrə aiddir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasını işə cəlb etməklə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı « Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələri üzrə pozuntunun tanınması və kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası ilə bağlı mülki işə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasını işə cəlb etməklə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı « Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələri üzrə pozuntunun tanınması və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-2471/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2471/2022
12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver