Məhkəmə qərarları › İş №e-2(006)-2476/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2476/2025

08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2476/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı dəymiş 500000 (beş yüz min) manat məbləğində mənəvi zərərin cavabdeh vasitəsilə dövlət büdcəsindən tutulması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir (iddia tələbinə texniki düzəliş edilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il təvəllüdlü Bakı şəhəri Xəzər rayonunda anadan olmuş İddiaçı 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi Liseyə daxil olmuş, 2012-ci il tarixdə X7 hərbi məktəbə daxil olmuş, 2016-cı ildə Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi, 2016-cı ilin iyul ayında N nömrəli hərbi hissənin 4-cü tabor, 10-cu bölüyünün, 1-ci tağımına komandir vəzifəsinə, 2016-cı ilin noyabr ayında N nömrəli hərbi hissənin 2-ci tabor, 4-cü bölüyünə tağım komandiri, düşmənlə təmas xəttinə, yəni N nömrəli hərbi hissənin 2-ci tabor, 4-cü bölük, 1-ci tağımın komandiri vəzifəsinə təyin edilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs İddiaçı göstərmişdir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Tərtər rayonunda yerləşən N nömrəli hərbi hissənin 4-cü tabor 10-cu ehtiyat bölüyündə tağım komandiri, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək həmin hərbi hissəsinin 2-ci tabor 4-cü bölüyünün 1-ci tağım komandiri vəzifəsində xidmət etmişdir. xx.xx.2017-ci il tarixdə gecə saat 1 radələrində bölük komandiri əvəzi baş leytenant Yusif Əsədov tabor komandiri Daşqın Süleymanov ilə yeraltı rabitə ilə əlaqəyə çıxaraq əsgər Turan İbrahimlinin mövqedən itməsini, 30-45 dəqiqə ərzində axtarılmasını bildirdikdən sonra sonuncu X1 markalı avtomaşında yata bilmə ehtimalını da yoxlamağı tapşırsa da, sonuncu aşkar edilməmişdir. Bir müddət sonra əsgər Baləli Quliyev ona yaxınlaşaraq bölük istiqamətində güllə atılmasını demiş, güllə atılan istiqamətə gedərək gecə görmə cihazı ilə müşahidə aparmış, hər iki istiqamətdən atəşkəsin pozulmamasını müşahidə etmiş, bu barədə bölük komandiri Yusif Əsədova məruzə etdikdə rabitədə Daşqın Süleymanovun səsi gəldiyindən birbaşa ona olanları məruzə etmiş, həmin anda Yusif Əsədov sonuncuya 17-ci posta getməsini bildirmiş və rabitə əlaqələri kəsilmişdir. Bir müddət sonra rabitə ilə bildirilmişdir ki, Turan İbrahimli 17 nömrəli mövqedə MAXE Elvin Məmmədlinin köməkliyi ilə tapılmış, sonradan məlum olmuşdur ki, X3 Qəhrəmanov tərəfindən 17-ci posta aparılaraq orada saxlanılmış, sonuncunun hansı məqsədlə Turanı 17-ci posta aparması bilinməmişdir. xx.xx.2017-ci il tarixdə komandir müavini baş leytenant X4 İbrahimli haqqında soruşduqda məlum olmuşdur ki, 1-ci korpus komandiri Hikmət Həsənov sonuncuya 200 manat məbləğində pul və 10 günlük məzuniyyət vermiş, Turan İbrahimli guya milli qəhrəman Mübariz İbrahimov kimi şücaət göstərmək məqsədilə 17-ci posta getməsi barədə Anar Sadıqova bildirmişdir. Həmin gün gecə 1 radələrində 13-cü postda baş leytenant Yusif Əsədov və gizir Xəlilov postda qalmaqla digər hərbi qulluqçular bölüyə düşürülmüş və onlara heç bir məlumat verilməmiş, sonradan hərbi hissənin kəşfiyyat qüvvələri postları təhvil almışlar. Bu barədə Firdovsi Bəyovdan məlumat almış, bütün manqa, o cümlədən MAXE Müşfiq Əhmədli ilə birlikdə bölüyə düşmüşlər. Düşmənə hücum olacağı halda hücumda iştirak etməsi səbəbindən mayor Firdovsi Bəyova yaxınlaşmaq istəmiş, baş leytenant Anar Sadıqov hər kəsin qərargah binasına getməli olacaqlarını söyləmişdir. Sonuncudan bunun səbəbini maraqlansa da, heç bir məlumata malik olmamasını bildirmiş, sadəcə smartfon telefonların işlədilməsi qadağan edildiyindən telefonların gizlədilməsini demişdir. Səhər açılana yaxın N nömrəli hərbi hissənin qərargahına çatdıqda qarşılarına 2 maskalı əlində silah olan hərbi qulluqçular çıxmış və tank taboruna yollanmalarını bildirmişdir. Bu hadisədən 2 ay əvvəl Firdovsi Bəyov ona kəşfiyyatın komanda müşahidə məntəqəsi komandiri vəzifəsinə təyin olunmağı təklif etmiş, o, isə təxris olunmaq istədiyini bildirdiyi üçün təklifi qəbul etməmiş, tank taboruna gedərkən sonuncu və yanında olan mayor rütbəli hərbi qulluqçu maşında onları müşayiət etmiş, tank taboruna çatdıqda mayor Firdovsi Bəyov mobil telefonları əllərindən almış və sadəcə danışmalarını demişdir. Heç kimdən səs çıxmayanda bir-bir yanına çağıraraq nə bilirsən danış demiş, növbə ona çatanda isə nə barədə danışmasını soruşmuş, sonuncu nə bilirsən danış cavabını vermişdir. Bir şey bilməməsini bildirdikdən sonra yerinə qayıtması göstəriş verilmiş, bir müddət sonra tank taborunun binasının 2-ci mərtəbəsinə qaldırılaraq bir sinifdə otuzdurulmuşlar. Həmin vaxt polkovnik Mübariz Rzayev içəri daxil olmuş, hərbi telefonuna zəng gələn zaman “bəli cənab general deyərək” çölə çıxmış, sonra polkovnik BabəkSəmidli onu yanına çağırıb danışmasını bildirmiş, həmin vaxt əlində olan siyahıda adları qeyd edilən şəxslərlə bağlı soruşulmasını başa düşdüyündən heç bir məlumatı olmamasını məruzə etmiş, sonuncu onu and verməyi bildirdiyindən and vermişdir ki, heç bir məlumatı yoxdur. Başqa bir otaqda hərbi həkimlər tərəfindən bütün hərbçilərin anal dəlikləri yoxlanılmış, tanımadığı polkovnik onu da yoxlamış və “təmizdir” dediyindən buraxılmışdır. Taborun komandir müavini, kapitan Rövşən Qəribov, bölüyün giziri Mamedlə birlikdə silahların təhvil-təslimi üçün tabora getdikdə X8 Qəribova zəng edərək geri qayıtmalarını bildirdiyi üçün geri qayıtmışlar. xx.xx.2017-ci il tarixdə yeməkdən çıxdıqdan sonra mayor Anar Cavadov onu axtarmış, sonuncunun yanına getmiş, Anar Cavadov briqada komandirinin avtomaşınına minməsini dediyi üçün avtomaşına yaxınlaşmış, həmin vaxt üzdən gördüyü adını bilmədiyi hərbi hissənin kəşfiyyat bölüyünün hərbçisi onu avtomaşına otuzduraraq gözlərini bağlamış və maşını sola sürməyi tapşırmışdır. Sürücü isə sağa getməli olmasını bildirdiyi üçün sağa dönmüş və onun Şıxarx qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin köhnə qərargahına aparıldığını anlamışdır. 2 dəqiqə yol getdikdən sonra baş leytenant tərəfindən maşından düşürülmüş və hərbi polisə məxsus olan pilləkənli maşına otuzdurulmuş, 1-2 dəqiqədən sonra 2 nəfər şəxs tərəfindən sürüyə-sürüyə maşından düşürülərək pilləkənlərlə yuxarı mərtəbəyə qaldırılmış, paltarları əynindən çıxarılmış, gözləri açılanda başının üstündə hərbi hissə komandiri polkovnik-leytenant Teymur Məmmədovu görmüş, yenidən rəngsaz skoçu ilə gözləri bağlanmışdır. Daha sonra Teymur Məmmədov danışmasını əmr etmiş, nə barədə danışmasını soruşduqda sonuncu onun üzləşdiriləcəyini bildirmişdir. Ətrafdan qışqırıq səsləri eşitsə də, istənilən şəxslə üzləşəcəyini demiş, bundan sonra MAXE Mehman Hüseynov döyülərək onun qarşısına gətirilmiş və danışmasına dair əmr verilmişdir. Sonuncu qışqırdığı vaxt söyərək ona nə deyə biləcəyini demiş, Mehman isə “komandir bağışla səni demirdim, Faiq Əhmədovu deyirdim” deyə cavab vermiş, həmin vaxt Teymur Məmmədov kürəyinə mismarlı taxta ilə vurmuş, Mehman onun yanından aparıldıqdan sonra üzərinə su tökülüb plastik borularla döyülərək danışması əmr edilmişdir. Bir müddət döyüldükdən sonra Vüsal Abdullayevin yanında olmasını bilmiş, onu və digərlərini söyərək onlara görə gətirilməsini, sonuncu isə cavabında nə bilirsə danışmasını demişdir. Həmin vaxt pəncərənin açılma səsini eşitmiş, kimsə Elxan Ağazadənin özünü pəncərədən atmasını demiş, sonuncu geri gətirildikdən sonra yenidən döyülmüş və qışqıraraq evdə diskin olmasını bildirmişdir. xx.xx.2017-ci il tarixdə polkovnik Mübariz Rzayev onu bilmədiyi başqa bir otağa aparıb qarnına və boynuna təpik-yumruq zərbələri vurmuş, daha sonra başqa otağa aparılaraq döyülməyə başlamışdır. Yerdə oturduğu vaxt Müşviq Əhmədli yanına gətirilmişvə sonuncunu kimsə təhqir edərək söymüş, cavab qaytardıqda daha şiddətli döyərək söymüşlər. Müşviq Əhmədli işgəncəyə dözməyərək ürəyini tutduqdan sonra döyülməsi dayanmış və digər otağa aparılmışdır. Yanında olan şəxslərdən biri qışqıraraq “vətənə xəyanət etmərəm” demiş, səsdən Faiq Əhmədov olmasını bilmiş, daha sonra general-mayor Hikmət Həsənov onu ayaq üstə qaldırıb başqa otağa aparmış, heç nə bilmədiyi məruzə etdikdə sonuncu onu taxta ilə döymüşdür. Həmin vaxt işgəncələrə dözmədiyi üçün huşunu itirmiş, üzünə su tökərək ayıltmışlar. Yerdə oturduğu vəziyyətdə silahı doldurma səsləri eşitdiyindən özünü öldürüb canını qurtarmaq üçün ayağı ilə silahı axtarmış, onun hərəkətini görən Teymur Məmmədov “nə edirsən” demiş, silahı axtardığını dedikdə, onları öldürmək istəməsini soruşmuş, cavabında özünü öldürüb şəhid olmaq istədiyini bildirmişdir. Teymur Məmmədov barmağ ıilə başına vuraraq “sən hələ ölə bilməzsən” deyib gülmüş, başqa bir adam isə “qaqa səbirli ol” demişdir. Bundan sonra başqa bir otağa aparıldıqda əsgər X6 İbrahimovu 13-cü postda erməniyə verməsini soruşmuş, sonuncu ilə üzləşməyə hazır olmasını dedikdə Vüsal İbrahimov onların yanına gətirilmiş, həmin vaxt sonuncu onunla ümumiyyətlə postda olmamasını demişdir. Həqiqətin bu cür olmasını desə də, ona məhəl qoymadan yenidən döymüşlər. Daha sonra Mehman Hüseynovla üzləşdirmək üçün başqa bir otağa aparılmış, sonuncu onun qarşısında Elxan Ağazadə ilə birlikdə oturmuş, Mehman Hüseynova nə etməsini soruşsa da, sonuncu sakit durmuş, heç kimin əleyhinə ifadə verməməsini desə də, onu başqa otağa apararaq ağzıüstə uzadıb plastik butulkanı anal dəliyinə daxil edərək hədələmişlər. Qeyd edilənlərə baxmayaraq o, yenidən Mehman Hüseynovla üzləşdirilmək üçün başqa bir otağa aparılmış, orada sonuncuya oğulları barədə suallar verilmiş, həmçinin onun oğullarının da “petux” olacağı deyilmişdir. Daha sonra Mehman diz-dirsək vəziyyətində saxlanılaraq anal dəliyinə butulka yeridilmiş, ondan sonra isə Elxan Ağazadənin anal dəliyinə butulka salınmışdır. Bu göstərişi Teymur Məmmədov versə də, icra edənlərin kim olmasını bilməmiş, butulka yeridilməsi zamanı huşunu itirmiş, ayılanda ağ kafelin üstündə olmasını görmüş, həmin vaxt yanında əsgər Tələt Xankişizadə olmuş, sonuncu onun əllərinin açılmasına köməklik etməsini və qaçmaq istəməsini bildirmiş, qaçması halında onun tutub öldürəcəklərini bildirdiyi üçün sonuncu fikrindən daşınmış, Tələt Xankişizadə ilə danışmasını gördükdən sonra sağ və sol ayağının altına boru ilə vurmuşlar. Bundan sonra Teymur Məmmədovun göstərişi ilə başqa bir otaqda bədəninə elektrik cərəyanı ilə işgəncə verilmiş, Hikmət Həsənov isə briqadanın həkimini çağıraraq kiminsə sinirinə iynə vurmağı və bu iynədən sonra həmin şəxsin şikəst olmasını demiş, həmin iynənin ona da vurulacağından qorxduğu üçüni fadə verməyə razı olmuş və Mehman Hüseynovun ifadəsində göstərdiklərini təsdiq edəcəyi halda sərbəst buraxacaqlarını bildirmişlər. Bundan sonra əlləri və gözləri açılaraq paltarları geyindirilmiş, başqa bir otaqda video çəkilişlə ifadəsi alınaraq Mehman Hüseynovun ifadəsi ona deyilməklə təkrarlamışdır. Aşağı mərtəbəyə düşürüldükdə Cabir Qəhrəmanov və X2 Hüseynova işgəncə verərək yumruq-təpiklə döyməsini görmüş, işgəncə görən uşaqlardan onun başına sidiyə getməsi deyilmiş, əsgərlər isə yalnız onun başına tüpürmüşlər. Həmçinin, Ağa Şahpələngov və əsgər Tələt Xankişizadə döyülməklə etiraf etmələri tələb edilmiş, həmin vaxt Mehman Hüseynov qışqıraraq Cabirə onu başqa otağa aparmasını, ona sözü olmasını demiş, sonuncu israrla sözünü deməyi tələb etmiş, daha sonra başqa otağa aparılmışdır. Daha sonra Elxan Ağazadə mülki paltarda başına torba keçirilmiş vəziyyətdə yanlarına gətirilmiş, Rövşən Qəribov onun başından tutaraq qolunun altına salıb yumruqla başına vurmuşdur. Sonuncu Elxandan kimə işləməsini soruşanda, sonuncu erməni milli təhlükəsizlik nazirliyində işləyən Artyoma işləməsini demiş, bundan sonra sırada dayananlar qərargahın maliyyə otağına salınmış, Qiyas Abbasov, polkovnik rütbəli adını bilmədiyi digər hərbi qulluqçular qapıdan içəri baxaraq onlara gülmüşlər. Daha sonra hərbi polisin maşınına mindirilmiş, maşında olduğu müddətdə Tələt Xankişizadə pəncərədən baxaraq xərəkdə Elxan Ağazadəni təcili tibbi yardım maşını ilə aparılmasını bildirmişdir. Mehman Hüseynovun onun əleyhinə vermiş olduğu ifadəsi elan edilmiş, inanmadığı üçün üzləşməsini tələb etmiş, daha sonra etiraf etmədiyi üçün Şəhriyar Ağayev, Kərim Yasərli ilə birlikdə yenidən işgəncə yerinə qaytarılmışdır. O cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 30 aprel 2017-ci il tarixdən 9 iyun 2017-ci il tarixədək, cəmi 10 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. O, Tələt Xankişizadə, Nurlan Cəbrayılzadə, Ağa Şahpələngov, Bəhlul Məmmədağazadə, Əlzamin Quliyev və xatırlamadığı əsgərlər xx.xx.2017-ci il tarixdə Bərdə şəhərində yerləşən hərbi polisin hauptvaxtına aparılmış, hauptvaxtın rəisi onu yanına çağırmış, Hikmət Həsənovun aprel döyüşlərində Mehman Hüseynovun ermənilərlə əlaqəsi olduğu üçün ona 10 gün həbs verdiyini demişdir. Yenidən Tərtər hərbi prokurorluğuna aparılmış, sənədlərə imza etdirildikdən sonra Tərtər Hərbi Məhkəməsinə aparılaraq barəsində xx.xx.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Hərbi prokurorluqda Kərim Yasərli ilə üzləşmiş, sonuncu işgəncələrin təsiri altında onun əleyhinə vermiş olduğu ifadələrə görə üzr istəmiş, məhkəmədə etmədiyi əmələ görə ona 20 il müddətə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan başqa iddiaçı əsassız azadlıqdan məhrum olduğundan haqqında çox ciddi ittihamlarla onun nüfuzuna xələl vurulmuşdur. İşin ictimailəşdirilməsi nəinki onun, hətta onun ailəsinin nüfuzuna ciddi xələl gətirmişdir. Ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması, yaddaş pozğunluğu və s. nəticəsində 500.000 (beş yüz min) manat məbləğində mənəvi zərərə uğramışdır. Hal-hazırda iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş zərərin əvəzinin cavabdeh vasitəsilə dövlət büdcəsindən iddiaçının xeyrinə ödənilməsini xahiş edir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, əvvəlki işdə özünə vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmişdir. Hazırda isə fiziki zərərə görə kompensasiya istəyir. Buna görə də iddiaya mahiyyəti üzrə baxılıb təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4615/2023 nömrəli qətnaməsini nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4615/2023 nömrəli qətnaməsindən görünür ki: - İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı dəyən 500.000 (beş yüz min) manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (1-2-ci bəndlər). - Hazırda iddiaçı 5 il 7 ay müddət ərzində əsassız yerə azadlıqdan məhrum edildiyinə və həbsdə olduğu müddətdə 8 gün ağır işgəncələrə məruz qaldığına görə ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir (8-ci bənd). - İşin mübahisəsiz halıdır ki, İddiaçı 5 il 7 ay müddət ərzində əsassız yerə azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində 8 gün müddətində ağır işgəncələrə məruz qalmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 5 il 7 ay müddətinə həbsdə olmağına görə 100.500 (bir ay üzrə 1.500 manat x 67 ay) məbləğində müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 100.500 (bir yüz min beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir (25-27-ci bəndlər). - İddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 100.500 (bir yüz min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir (“qət etdi” hissəsi).

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2302/2023 nömrəli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2024-cü il tarixdə icra vərəqəsi verilmişdir.

8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Digər məhkəmə və icra işləri barədə məlumatlar” bölməsinin “İcra işləri” pəncərəsindən görünür ki, İddiaçı tələbkar, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin borclu olduğu, 100.500 manat məbləğində tələb üzrə xx.xx.2024-cü il tarixli icra işi “icra edilib” statusundadır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçının cavabdehə qarşı eyni predmet barəsində eyni əsaslar üzrə eyni iddia tələbinin qismən təmin edilməsinə dair qanuni qüvvəyə minmiş (hətta icra edilmiş) məhkəmə qətnaməsi vardır. Həmin qətnamədə iddiaçının hazırda mübahisələndirdiyi “nüfuzuna xələl vurulma, müəyyən hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması” məsələlərinə də müvafiq hüquqi qiymət verilmiş, belə ki, ona vurulmuş mənəvi zərərin həcmi müəyyənləşdirilərkən məhkəmə bütün bu faktları nəzərə aldığını qeyd etmişdir.

c) Məhkəmənin mövqeyi:

10. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisə üzrə artıq qanuni qüvvəsini almış (və icra edilmiş) məhkəmə qətnaməsi mövcud olduğundan, eyni iddiaçının eyni cavabdehə qarşı eyni predmet barəsində eyni əsaslar üzrə hazırkı tələbi yenidən məhkəmə araşdırmasının predmeti ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir.

11. Məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsi hüququndan istifadə etməyin şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür tələblər üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu əsası ilə xitam verilməsi həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsin yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda, mülki hüquqda hüquqdan sui-istifadənin qadağan edilməsi institutunun yaranmasına da zərurət və əsas olmazdı.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 261.0, 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarı: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmin qərara əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

14. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair hazırkı iş üzrə icraata xitam verilməli, iddiaçıya eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır.

Nəticə:

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar