Məhkəmə qərarları › İş №e-2(006)-2490/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2490/2022

01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2490/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə xx.xx.2012 il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış, 2051 nömrə il qeyd olunmuş nikahın pozulması, uşaqların onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış, 2051 nömrə ilə qeyd olunmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı övladları olmuşdur. Hal-hazırda cavabdehlə xasiyyətləri uyğun gəlmir. Bununla əlaqədar onunla cavabdeh arasında nikah qeydi pozulmalıdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanılmış nikahın pozulması, uşaqaların onun himayəsində qalması və hər uşağa görə hər ay 500 manat, cəmi 1000 manat məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək nikahın pozulmasına etiraz etmədiyini, uşaqların ananın himayəsində qalmasına və hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1.000 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş, AZ-İ serialı, 816158 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2051 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Miralayev, arvada İsmayılova soyadı verilmişdir. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü tarixdə verilmiş AZ-İİİ seriyalı 103029 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə xx.xx.2013-cü il tarixində doğum haqqında akt qeydləri kitabında 2024 nömrə ilə qeyd edilmişdir. 3 Saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı tarixdə verilmiş AZ-İİİ seriyalı 850595 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə xx.xx.2016-cı il tarixində doğum haqqında akt qeydləri kitabında 5943 nömrə ilə qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barərədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatmamışlar. Məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salmış, lakin barışıq olmamış, iddiaçı nikahın pozulmasında təkid etmişdir. Cavabdeh nikahın pozulmasına razı olduğunu, uşaqların iddiaçının yanında saxlanılmalarına və hər ay hər uşağa görə 500 manat məbləğində alimentin iddiaçının xeyrinə ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 19.1 və 20-ci maddələrinə əsasən AM-nin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iddia tələbinin “nikahın pozulması” hissəsi ilə əlaqədar hesab edir ki, tərəflərin birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğuna görə onların arasında bağlanmış nikah pozulmalıdır. Həmin Məcəllənin 22-ci maddəsində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim edə bilərlər. Qeyd edilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iddianın “yetkinlik yaşına çatmayan uşaqların anasının yanında qalması” hissəsi ilə əlaqədar uşaqların yetkinlik yaşına çatmadığını və ana qayğısına ehtiyacının olduğunu, həmçinin cavabdehin bu barədə etirazı olmadığını nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması müəyyən edilməlidir. AM-nin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-nin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AM-nin 100.2-ci maddəsinin tələblərinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minimumu uşaq üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Məhkəmə iddianın “alimentin tutulması” hissəsi ilə əlaqədar hesab edir ki, tərəflərin birgə nikahlarından olan uşaqların ananın - iddiaçının himayəsinə verilməsi, uşaqların saxlanmaları üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 500 manat məbləğində alimentin tutulmasına cavabdehin etirazı olmadığı və uşaqların əvvəlki təminat səviyyələrinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi nəzərə alınaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1.000 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2051 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları müəyyən edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1.000 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qətnamə “alimentin tutulması” hissəsində dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 234.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2051 nömrə ilə qeyd edilmiş nikah pozulsun. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları müəyyən edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə «alimentin tutulması» hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar