Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2490/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "X19 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "X19 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə 60.000 (altmış min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Cənub RETSİ”nin X5 “Ləkin” şəbəkə sahəsində usta işləyən X2 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə iddiaçının oğlu X15 ölümünə, qızı X9 ağır xəsarət almasına və digər şəxslərin ölümünə və müxtəlif xəsarətlər almasına səbəb olmuşdur. Cəlilabad rayon məhkəməsinin 19 fevral 2010-cu il tarixli, 1(073)-39/2010 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X22-Təcrübi və X12 rayon şöbəsinin 30 sentyabr 2009-cu il tarixli 17 nömrəli ekspert rəyindən görünür ki, X1 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X1 sağ əlin 1-2-3-4-cü barmaqlarında sol saidin və hər iki ayaqların elektrik cərəyanı termiki yanıqları müəyyən olunmuşdur. Qeyd olunan xəsarətlərdən yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 sentyabr 2009-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(073)-39/2010 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin “Cənub RETSİ”-nin X5 “Ləkin” şəbəkə sahəsində usta işləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi və qızının ağır xəsarət alması ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. O, əziz oğlunu itirmiş, həmçinin qızı da ağır xəsarət alıb, bu itkini və ağrını söz ilə ifadə etmək çətindir, çünki bunlar daha duyğusal hisslərdir. Bu baxımdan mərhum oğlunun ölümü və qızının ağır xəsarət alması nəticəsində keçirdikləri stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməlidir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 60.000 (altmış min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 270 (iki yüz yetmiş) manat dövlət rüsumunu alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada İddiaçı xeyrinə 60.000 (altmış min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 270 (iki yüz yetmiş) manat dövlət rüsumunu alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və "X19 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada İddiaçı xeyrinə 60.000 (altmış min) manat məbləğində mənəvi zərərə görə kompensasiya və ödənilmiş 270 (iki yüz yetmiş) manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahata verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X16 bildirmişdir ki, həmin hadisə 2009-cu ildə baş verib və 2009-cu ildə həmin təqsirləndirilən şəxsə hökm oxunub. Həmin vaxtda "xxxx" ASC fəaliyyətə başlamamışdı. "xxxx" ASC fəaliyyətə 2015-ci ildə başlayıb. Həmin vaxt qeyd edilən stansiya "xxxx" ASC-nin balansında olub. Hesab edir ki, "xxxx" ASC-yə qarşı iddianın qaldırılması əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər "X19 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil2 bildirmişdir ki, hal-hazırda Yüksək X8 MMC-nin balansında stansiya yoxdur, "xxxx" ASC yarandıqdan sonra onun tərkibinə keçib və bu barədə müvafiq fərmanda da qeyd edilib. Onlara qarşı qaldırılan iddianı əsassız hesab edir və rədd edilməsini xahiş edir. İş materialları: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 xx.xx.2009-cu il tarixli 17 nömrəli ekspert rəyindən görünür ki, X1 meyidinin üzərində olan xəsarətlər yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən əmələ gəlmiş və onun ölümünə səbəb yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X4 29 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 1(073)-39/2010 nömrəli hökmü ilə, təqsirləndirilən X10 Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, yəni elektrik mantyoru fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, 2009-cu ildə X15 ölümü ilə bağlı "xxxx" ASC-nin təqsiri olmayıb. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(073)-39/2010 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X10 "Şirvan Yüksək X8" MMC-nin X11 Elektrik Şəbəkə rayonun Ləkin kənd yarımstansiyasının növbətçi elektrik montyoru vəzifəsində çalışan, Azərbaycan Respublikasının CM-in 162.2ci maddəsi ilə təqsirli bilinərək elektrik montyoru fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2009-cu ildə "Şirvan Yüksək X8" MMC-nin X11 Elektrik Şəbəkə rayonun Ləkin kənd yarımstansiyası "xxxx" Dövlət Şirkətinin strukturuna daxil idi. Qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1206 nömrəli sərəncamı ilə "xxxx" ASC təsis edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli, 190 nömrəli qərarı ilə "xxxx" ASC-nin strukturu təsdiqlənmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, "xxxx" ASC-nin İddiaçı qarşısında mənəvi ziyanın ödənilməsi öhdəliyi mövcud deyildir. Bu səbəbdən, İddiaçı 2(006)- 2490/2024 saylı mülki iş üzrə cavabdeh "xxxx" ASC-ə qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası "xxxx" ASC-ə münasibətdə əsassız olduğundan müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2010-cu il tarixli, AÜ/127 nömrəli “Şirvan Yüksək X8” Məhdud Məsuliyyətli Cəmiyyətin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində ********** nömrəli şəhadətnamə ilə xx.xx.2008ci il tarixində qeydiyyatdan keçmiş nizamnaməsində dəyişiklik edilməsi” haqqında əmrindən görünür ki, “Şirvan Yüksək X8” Məhdud Məsuliyyətli Cəmiyyətin adı dəyişdirilərək “X19 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2008-ci il tarixli, AÜ/117 nömrəli “İmişli bölgə şöbəsində xx.xx.2002-ci il tarixində 0602-A1-25 nömrə ilə dövlət qeydiyyatına alınmış “X27 X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin” nizamnaməsinə edilmiş dəyişiklik” haqqında əmrindən görünür ki, cəmiyyətin nizamnaməsinin titul vərəqində və mətnində “Əli Bayramlı” sözü “Şirvan” sözü ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli, 13-9/2-2387/15/24 nömrəli məktubla bildirmişdir ki, "xxxx" ASC-nin tərkibindəki “Şirvan X13 Şəbəsi" (YGEŞ) MMC hüquqi şəxs olaraq, hazırda "X19 Şəbəsi” (REŞ) MMC kimi fəaliyyət göstərir. "Əli Bayramlı YGEŞ” MMC, 07 mart 2002-ci il tarixində 0602A1-25 dövlət qeydiyyatından keçib. Əli Bayramlı şəhərinin adının Şirvan olaraq dəyişdirilməsi ilə 20 may 2008-ci il tarixində ********** nömrə ilə qeydiyyatdan keçərək "xxxx" MMC adlandırılıb, 09 avqust 2010-cu il tarixində ********** nömrə ilə adının "Şirvan REŞ” MMC olaraq dəyişdirilməsi (YGEŞ-REŞ ilə əvəzlənib) ilə əlaqədar yenidən qeydiyyatdan keçmişdir. 35/10 kV-luq “Ləkin" kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" MMC-nin tabeliyində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti haqqında” 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamına əsasən "xxxx" ASC-nin Respublika ərazisində istehlakçıların elektrik enerjisi ilə təmin edilməsi fəaliyyəti "xxxx" ASC-yə ötürüldüyü üçün istehlakçıların elektrik enerjisi ilə təchizatına aid əmlak və digər avadanlıqlar, o cümlədən 35/10 kV-luq “Ləkin” yarımstansiyası 2015-ci ilin aprel ayından "xxxx" ASC-yə təhvil verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 26-cı maddəsinin İ hisssinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, X13 enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41 -ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, əməkdaş X2 növbətçi elektrik mantyoru vəzifəsində işləyərkən üzərinə qoyulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi funksiyalarının icrası qaydalarına əməl etməməsi nəticəsində iddiaçının oğlu X21 ölmüş və qızı X17 ağır xəsarət almışdır. İş materiallarından görünür ki, iddiaçı pul tələbini cavabdeh qismində cəlb etdiyi hüquqi şəxsin əməkdaşının törətdiyi hadisə nəticəsində oğlunun ölməsinə görə mənəvi zərər vurulması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, oğlunun vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və oğlunun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyasının ödənilməsi vasitəsi ilə müəyyən qədər təsəlli ala bilər. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 30.000 (otuz min) manat pul vəsaiti vurulmuş mənəvi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi daha ədalətli və ağlabatandır. Məhkəməyə iddiaya cavab verməli olan cavabdeh barəsində qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, hadisənin baş verməsində təqsirli "Şirvan X13 Şəbəsi” MMC-nin Cəlilaba X13 Şəbəkə rayonunun “Ləkin" kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X10 olmuşdur. 35/10 kV-luq “Ləkin" kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" MMC-nin tabeliyində olması nəzərə alınmaqla hazırki iddia üzrə cavabdeh "X19 Şəbəsi” (REŞ) MMC hesab edilməklə iddiaçının tələbi yalnız ona münasibətdə təmin edilməlidir. Belə ki, Ləkin kənd yarımstansiyasının "xxxx" ASC-yə 2015-ci ildən sonra verilməsi və "X19 Şəbəsi” (REŞ) MMC-nin "xxxx" ASC-nin tabeliyində olsa da, müstəqil hüquqi şəxs olması digər cavabdehlərin mülki məsuliyyətini istisna edir. Məhkəmə göstərilən nəticəyə gələrkən yuxarı instansiya məhkəmələrinin iddiaçının digər ailə üzvlərinin də bu tip iddiaları üzrə hüquqi mövqelərini nəzərə alınmasını zəruri sayır. Belə ki, həmin qərarlarda göstərilmişdir ki, ailədə baş vermiş faciə ilə bağlı (ata oğlunu, arvad ərini itirmiş) hər bir ailə üzvünün bu itki ilə bağlı mənəvi sarsıntı keçirməsi əsası ilə ayrılıqda cavabdehə qarşı qeyd edilən iddialarla müraciət etməsi onların hüququ olsa da, bu halda sonuncunun maddi vəziyyətinin nəzərə alınması qanunvericiliklə tənzimlənir. Yuxarıda qeyd edilən Plenum qərarında göstərildiyi kimi mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınmasının zəruriliyi və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalı olması nəzərə alınmalıdır.Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmalı və cavabdehin də maliyyə vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, məlum hadisənin üzərindən 15 il sonra iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntılar ilk günkü qədər dərin olmasa da, insanın, xüsusilə də milli dəyərlərdən irəli gələrək gələcəklə bağlı ümidlərin birbaşa bağlı olduğu övladın itkisi daim insana təsir edir. 15 ildə bu hisslərin də azalmasını və qanunvericiliklə də məhz mənəvi ziyanın mahiyyətindən irəli gələrək onun tələb edilməsinə görə iddia müddətinin tətbiq edilməməsini nəzərə alaraq iddiaçıya 30.000 manat məbləğində kompensasiya ödənilməsini məhkəmə ağlabatan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 270 manat dövlət rüsumu cavabdeh "X19 Şəbəsi” (REŞ) Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. İddia digər cavabdehlərə münasibətdə və qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 180 (yüz səksən) manat dövlət rüsumu cavabdeh "X19 Şəbəsi” (REŞ) Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2490/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2490/2024
04.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver