Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2535/2024 23.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6, cavabdeh "xxxx" ASC və "X16 Şəbəkə" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "X16 Şəbəkə" MMC-yə qarşı "mənəvi zərərin tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "X16 Şəbəkə" MMC-yə qarşı "mənəvi zərərin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə 60.000 (altımış min) manat məbləğində mənəvizərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin cənub RETSİ-nin X5 Ləkin şəbəkə sahəsində usta işləyən X3 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - X11 və digər şəxslərin ölümünə səbəb olmuşdur. Cəlilabad rayon məhkəməsinin 19 fevral 2010-cu il tarixli, 1(073)-39/2010 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını məntəqə tiplicəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X12 rayon şöbəsinin 30 sentyabr 2019-cu il tarixli 16 nömrəli ekspert rəyindən görünür ki, X1 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X1 sağ əlin, saidin və hər iki ayaqların elektrik cərəyanı texniki yanıqları müəyyən olunmuşdur. Qeyd olunan xəsarətlərdən yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 sentyabr 2009-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(073)-39/2010 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin Cənub RETSİ-nin X5 Ləkin şəbəkə sahəsində usta işləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri,ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində mənə maddi və mənəviziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində anasının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Uşaq atadan deyil, Anadan yetim qalır. O əziz anasını itirmiş, bu itkini sözilə ifadə etmək çətindir, çünki bunlar daha duyğusal hisslərdir. Bu baxımdan mərhum anasının ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdeh X21 Cəmiyyətindən alınaraq ona ödənilməlidir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada İddiaçı xeyrinə 60.000 (altmış min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 270 (iki yüz yetmiş) manat dövlət rüsumunu alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 "X16 Şəbəkə" MMC-nin cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Bundan sonra cavabdeh "X16 Şəbəkə" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı cavabdeh ”X16 Şəbəkəsi” MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məlum haldır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin qanunvericilikdə dəymiş mənəvi zərərin konkret qiymət meyarı nəzərdə tutulmadığından məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Bu səbəbdən hesab edirik ki, iddiaçı ona dəymiş mənəvi zərərin 60.000 (altmış min) manat həcmində müyyən etməklə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış, şişirdilmiş kompensasiya məbləği tələb etməklə əssasız varlanmağa əsas verən tələb irəli sürmüşdür. AR Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)- 388/2023 saylı qərarında qeyd olunmuşdur ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalmasının labüddür a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X13 izahat verərək bildirmişdir ki,həmin hadisə 2009-cu ildə baş verib və 2009-cu ildə həmin təqsirləndirilən şəxsə hökm oxunub. Həmin vaxtda "xxxx" ASC fəaliyyətə başlamamışdı. "xxxx" ASC fəaliyyətə 2015-ci ildə başlayıb. Həmin vaxt qeyd edilən stansiya Cavabdeh2 ASC-nin balansında olub. Hesab edir ki, "xxxx" ASC-yə qarşı iddianın qaldırılması əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC və "X16 Şəbəkə" MMC-nin nümayəndəsi Vəkil2 bildirmişdir ki Onlara qarşı qaldırılan iddianı əsassız hesab edir və rədd edilməsini xahiş edir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 xx.xx.2009-cu il tarixli 16 nömrəli ekspert rəyindən görünür ki, X1 meyitinin üzərində olan xəsarətlər yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən əmələ gəlmiş və onun ölümünə səbəb yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X4 29 sentyabr 2009-cu il tarixdə, saat 23:45-də xəstəxanada vəfat etmişdir. - Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2010-cu il tarixli, 1(073)-39/2010 nömrəli hökmü ilə, təqsirləndirilən X9 Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, yəni elektrik mantyoru fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. - Cəlilabad rayon Qeydiyyat şöbəsinin 29 fevral 2024-cü il tarixli arayışından görünür ki, X15 xx.xx.2009-cu ildə Azərbaycan Respublikasının Cəlilabad rayonu Badamağac kəndində ölmüşdür. Ölüm haqqında 26 oktyabr 2009-cu ildə 153 nömrəli akt qeydi tərtib olunmuşdur. - xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli, 13-9/2-2831/15/24 nömrəli məktubla bildirmişdir ki, X10 Elektrik Şəbəkə Rayonunun 35/10 kv-luq Ləkin yarımstansiya xx.xx.2009-cu ildə "xxxx" ASC-nin “X14 Elektrik Şəbəsi" MMC-nin struktur tərkibində olmuşdur. “X14 Elektrik Şəbəsi" MMC-nin adı, "xxxx" ASC-nin rəhbərliyinin xx.xx.2010-cu il tarixli əmrinə əsasən dəyişilərək "X16 Şəbəsi” MMC adlandırılmışdır. “X14 Elektrik Şəbəsi" MMC hazırda "X16 Şəbəsi” MMC kimi fəaliyyət göstərir. “X14 Elektrik Şəbəsi" MMC-nin hüquqi varisi "xxxx" ASC "X16 Şəbəsi” MMC-dir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamına əsasən "xxxx" ASC yaranmış, istehlakçıların enerjisi ilə təchizatının təmin olunması məqsədi ilə bütün X8 "xxxx" ASC, “Cənub” RETSİ-nin balans mənsubiyətinə verilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Konstitusiyasının: 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 26-cı maddəsinin İ hisssinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41 -ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, əməkdaş X3 növbətçi elektrik mantyoru vəzifəsində işləyərkən üzərinə qoyulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi funksiyalarının icrası qaydalarına əməl etməməsi nəticəsində iddiaçının anası X15 ölmüşdür. Hazırda iddiaçı pul tələbi ilə məhkəməyə müraciət edərək öz iddiasını cavabdeh qismində cəlb edilən hüquqi şəxsin əməkdaşının törətdiyi hadisə nəticəsində anasının ölməsinə görə mənəvi zərər vurulması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, baş vermiş cinayət hadisəsi nəticəsində anasının ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, anasının vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və oğlunun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyasının ödənilməsi vasitəsi ilə müəyyən qədər təsəlli ala bilər. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 30.000 (otuz min) manat pul vəsaiti vurulmuş mənəvi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi daha ədalətli və ağlabatandır. Məhkəmə iddiaya cavab verməli olan cavabdeh barəsində qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, hadisənin baş verməsində təqsirli "X14 Elektrik Şəbəsi” MMC-nin X10 Elektrik Şəbəkə rayonunun “Ləkin" kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X9 olmuşdur. 35/10 kVluq “Ləkin" kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" MMC-nin tabeliyində olması nəzərə alınmaqla hazırki iddia üzrə cavabdeh "X16 Şəbəsi” (REŞ) MMC hesab edilməklə iddiaçının tələbi yalnız ona münasibətdə təmin edilməlidir. Belə ki, Ləkin kənd yarımstansiyasının "xxxx" ASC-yə 2015-ci ildən sonra verilməsi və "X16 Şəbəsi” (REŞ) MMC-nin Cavabdeh2 ASC-nin tabeliyində olsa da, müstəqil hüquqi şəxs olması digər cavabdehlərin mülki məsuliyyətini istisna edir. Məhkəmə göstərilən nəticəyə gələrkən yuxarı instansiya məhkəmələrinin iddiaçının digər ailə üzvlərinin də bu tip iddiaları üzrə hüquqi mövqelərini nəzərə alınmasını zəruri sayır. Belə ki, həmin qərarlarda göstərilmişdir ki, ailədə baş vermiş faciə ilə bağlı hər bir ailə üzvünün bu itki ilə bağlı mənəvi sarsıntı keçirməsi əsası ilə ayrılıqda cavabdehə qarşı qeyd edilən iddialarla müraciət etməsi onların hüququ olsa da, bu halda sonuncunun maddi vəziyyətinin nəzərə alınması qanunvericiliklə tənzimlənir. Yuxarıda qeyd edilən Plenum qərarında göstərildiyi kimi mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınmasının zəruriliyi və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalı olması nəzərə alınmalıdır. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmalı və cavabdehin də maliyyə vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, məlum hadisənin üzərindən 15 il sonra iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntılar ilk günkü qədər dərin olmasa da, insanın, xüsusilə də milli dəyərlərdən irəli gələrək gələcəklə bağlı ümidlərin birbaşa bağlı olduğu övladın itkisi daim insana təsir edir. 15 ildə bu hisslərin də azalmasını və qanunvericiliklə də məhz mənəvi ziyanın mahiyyətindən irəli gələrək onun tələb edilməsinə görə iddia müddətinin tətbiq edilməməsini nəzərə alaraq iddiaçıya 30.000 manat məbləğində kompensasiya ödənilməsini məhkəmə ağlabatan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pul vəsaiti və 270 (iki yüz yetmiş manat) manat dövlət rüsumu cavabdeh "X16 Şəbəsi” (REŞ) Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. İddia digər cavabdehlərə münasibətdə və qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pul vəsaiti və 270 (iki yüz yetmiş manat) manat dövlət rüsumu cavabdeh "X16 Şəbəsi” (REŞ) Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2535/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2535/2024
23.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver