Məhkəmə qərarları › İş №e-2(006)-2544/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2544/2023

03.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2544/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Abdulova İlahə Telman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək mübahisəsi ilə əlaqədar pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək mübahisəsi ilə əlaqədar pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən xx.xx.2017-ci il tarixindən hazırki tarixədək, yəni iddia ərizəsi məhkəməyə təqdim edilən tarixədək hər ay üçün 1500 manat olmaqla ödənilmiş mükafat məbləğinin hesablanaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə əmək müqaviləsi bağlayaraq QSC-nin İnfrastruktur Departamentinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Onun tabeliyində çalışan işçilər də olmuşdur. Daha sonra, xx.xx.2020-ci il tarixində İnfrastruktur Departamentinin Təchizat şöbəsi infrastruktur Departamentinin Aparat Təchizat bölməsi olmuş və o həmin tarixdən bölmə rəisi vəzifəsinə keçirilmişdir. Bu vəzifədə də çalışarkən tabeliyində müfaviq işçilər və rəis müavini də çalışmışdır. "Azərbaycan Dəmir Yollan” QSC-də xx.xx.2017-ci il tarixindən işə başlamaqla ona tapşırılan hər bir işi layiqincə vicdanla yerinə yetirməyə çalışmışdır. Bununla əlaqədar QSC tərəfindən tabeliyində çalışan bütün işçilərə, həmçinin bölmənin rəis müavininə aylıq hesablanmaqla müəyyən pul məbləği mükafat olaraq verilsə də, lakin bölmə rəisi vəzifəsində çalışmağına baxmayaraq ona heç bir mükafat ödənilməmişdir. Bununla da ona qarşı ayri-seçkiliyə yol verilmişdir. 2022-ci ilin iyul ayında onun rəisi olduğu şöbə və sonradan da bölmənin işçilərinə mükafatların verildiyi ona məlum olmuşdur. Bundan sonra isə rəisi olduğu bölmənin işçilərinə, hətta bölmənin rəis müavininə mükafatın verildiyi halda ona heç bir mükafat məbləğinin verilməməsi ilə ona qarşı açıq-aşkar ayrıseçkiliyin edildiyini anlayaraq “ADY’ QSC-yə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. 26 iyul 2022ci il tarixində “ADY’ QSC-nin rəhbərliyinə ərizə ilə müraciət etdikdən sonra 2022-ci ilin dekabr ayından ona hər ay 700 manat məbləğində olmaqla mükafat ödənilməyə başlanıldı. Lakin iddiaçı xx.xx.2017-ci il tarixindən başlamaqla indiyə kimi QSC-də şöbə rəisi, sonradan isə bölmə rəisi vəzifəsində çalışır və həmin tarixdən onun tabeliyində olan işçilər və bölmə rəisinin müavini hər ay mükafat kimi pul məbləği almışlar. Hətta bölmə rəisinin müavininə, vəzifəyə təyin olunan vaxtdan əmək haqqından əlavə cavabdeh tərəfindən hər ay mükafat kimi 1100 manat məbləğin əmək haqqı kartına ödənişin olunduğu barədə iddiaçıda məlumat vardır. Bundan əlavə, iddiaçının tabeliyində olan iki işçisi üçün də hər ay mükafat nəzərdə tutulmuşdur. Əgər fərz etsək ki, səmərəli işlərinə görə bölmənin hər bir işçisinə və rəis müavininə mükafat şəklində pul məbləği verilirsə, səmərəli fəaliyyətdə bölməyə rəhbərlik edən bölmə rəisinin də əməyi vardır. "xxxx" QSC-də hər bir işçiyə vəzifəsinə uyğun olaraq müvafiq məbləğlər ödənilsə də, heç bir cəzalandırılması olmamasına baxmaq 2022-ci ilin dekabr ayına qədər heç bir səbəb göstərilmədən mükafat məbləği ödənilməmişdir. "xxxx" QSC-nin hər bir işçisinə hər ay mükafat kimi sabit məbləğin ödənilməsi bu ödənişlərin fərdi xarakterli deyil, faktiki olaraq əmək haqqına əlavə kimi kütləvi şəkildə həyata keçirildiyini sübut edir. Hesab edir ki, cavabdeh QSC tərəfindən ona qarşı açıq-aşkar ayrı-seçkiliyə yol verilmişdir. Bölmə rəisi vəzifəsində çalışmağına baxmayaraq tabeliyində çalışan işçilər, rəis müavini də QSC-də çalışan digər işçilərdə olduğu kimi ona heç bir mükafat ödənilməmiş, ona qarşı keyfiyyətlər, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə açıq-aşkar ayrı-seçkiliyə yol verilmişdir. Hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixindən hazırki tarixindən hazırki tarixədək, yəni iddia ərizəsi məhkəməyə təqdim edilən tarixədək hər ay üçün 1500 manat olmaqla ödənilməmiş mükafat məbləğinin hesablanaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh tərəf iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək mübahisəsi ilə əlaqədar pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixədək hər ay üçün 1500 manat olmaqla ödənilməmiş mükafat məbləğinin hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı qəbul etmir və aşağıdakı əsaslara görə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci ssəsində əmək haqqının anlayışı verilmişdir. Həmin normaya əsasən əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviiəsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu nəzərdə tutulur. Xüsusilə vurğulanmalıdır ki, mükafat, bir qayda olaraq, işçinin tutduğu vəzifənin ierarxiyası (rəhbər işçi olması səbəbi ilə) və fərdi keyfiyyətləri ilə bağlı ödənilmir. Mükafatın ödənilməsi bilavasitə işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmaqla onun əməyinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə və maddi marağının artırılması məqsədilə həyata keçirilir. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir. Məlum olduğu üzrə, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə müvafiq olaraq əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Cavabdeh ilə iddiaçı arasında sərbəst iradələri altında bağlanmış xx.xx.2017-ci il tarixli 98 nömrəli əmək müqaviləsində müqavilə tərəfləri iddiaçıya hər ay ştat cədvəlinə uyğun məbləğdə əmək haqqı ödənilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilədə iddiaçıya əmək haqqından savayı işəgötürən tərəfindən aylıq və ya illik mükafatın ödənilməsi nəzərdə tutulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın" 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Nəzərə almaq lazımdır ki, hazırki mübahisə predmeti olan iddiaçının əmək münasibətləri üzrə mükafat almaq barədə "qanuni gözlənti”si (legitimate expectation) bütün hallarda mükafatın verilməsi vəzifəsinin əmək qanunvericiliyində cavabdehin vəzifəsi qismində təsbit edildiyi halda əsaslı ola bilər. Eyni zamanda, əmək müqaviləsinin iddiaçı tərəfindən mübahisələndirilmədiyi nəzərə alınmaqla vurğulanmalıdır ki, əmək müqaviləsinin imzaladığı tarixdən orada mükafatın verilməsinin nəzərdə tutulmamasının ona məlum olması buna dair formalaşa biləcək “qanuni gözlənti” ilə yanaşı “hüquqi gözlənti” ni də ardadan qaldırır. İddaçı ilə bağlanmış əmək müqaviləsində mükafatın verilməsi nəzərdə tutulmadığından, bununla bağlı tərəflər arasında əlavə razılaşma olmadığından, habelə iddiaçının üzvü olduğu Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı ilə cavabdeh arasında bağlanmış kollektiv sazişdə bu sahədə iddiaçının əlavə təminatı təsbit edilmədiyindən cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyi yaranmır, mütənasib olaraq iddiaçıya fərdi əmək mübahisəsi zəmnində onu tələb etmək hüququnu formalaşdırmır. Həmçinin, cavabdehin hər bir işçisinə hər ay mükafat kimi sabit məbləğin ödənilməsinin bu ödənişlərin fərdi xarakter deyil, faktiki olaraq əmək haqqına əlavə kimi kütləvi şəkildə həyata keçirilməsi hissəsində bildirir ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsi ilə əmək haqqına əlavənin anlayışı təsbit edilmişdir. Həmin normaya əsasən əmək haqqına əlavə dedikdə, əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc nəzərdə tutulur. İddiaçının tutduğu vəzifə əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərə aid olmadığından, habelə gördüyü işinin xarakteri Əmək Məcəlləsinin 160-163-cü və 166-cı maddələri ilə təsbit edilən hallar ilə bağlı olmadığından hazırki mübahisənin predmeti ilə əlaqələndirilə bilməz. Hazırki mübahisənin xüsusiyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinin predmetinə aid edilir. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri tərəflərin hüquq bərabərliyi prinsipi əsasında nizama salınır. Həmin Məcəllənin 294-cü maddəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Mülki- Proessual Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sözügedən fərdi əmək mübasəsi zəmnində iddiaçı ona “mükafatın verilməsinin” qanuni və ya hüquqi zəruriliyinə əsaslandığı fakt və halları iddia ərizəsində göstərməmiş, bunu təsdiq edən və onun birbaşa və dolayı ayrı-seçkiliyə məruz qalmasına səbəb olan sübutları iddia ərizəsinə əlavə etməməmiş, formal xarakterli ifadələr qeyd etməklə və qanunvericiliyin bir-biri ilə əlaqəsi olmayan normalarını sadalamaqla kifayətlənmişdir. Əmək münasibətləri zəminində iddiaçının ayrı-seçkiliyə məruz qalmasına səbəb olan digər işçilərə münasibətdə fərqli rəftar və bərabərlik hüququ pozulmasına gətirib çıxaran fakt və əsasların olmaması onun iddia etdiyi halları əhəmiyyətsiz etməklə formal ifadələrə çevirir. Onu qeyd etmək lazımdir ki, hazırki iddia tələbinin predmeti olan iddiaçının diskriminasiyaya məruz qalmasını sübut etmək yükü birbaşa iddiaçının vəzifəsidir. Əks halda cavabdehin düzgünlük prezumpsiyası öz qüvvəsini saxlayır. İddiaçı onun əmək haqqıdan irəli gələn ödəmələrin ödənilməsi məsələsi ilə bağlı hüquqlarının pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və həmin hüququn onun ayrı-seçkilikdən yaranan “qanuni gözləntisi" olması ilə əlaqələndirilmişdir. “Qanuni gözlənti”nin əmək müqaviləsi ilə və ya qanunvericiliklə müəyyən edilən hüquqlardan irəli gəldiyini nəzərə alındıqda və mövcud müqavilə və qanunvericilikdə işəgötürənin belə bir vəzifəsi təsbit edilmədiyindən hazırki mübahisə predmeti olan mükafatın iddaçı tərəfindən tələb etmək hüququ yoxdur. Belə olan halda hazırki mübahisə predmeti üzrə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən olunmuş iddia müddəti tətbiq edilə bilməz. İddiaçının cavabdehə ünvanladığı və iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan göründüyü üzrə iddiaçının tələbi işəgötürənin təşəbbüsü ilə işçilərə ödənilməsi ehtimal etdiyi mükafatlar üzrə ona münasibətdə ayrı-seçkiliyin tətbiq olunması ilə bağlı olmuşdur. Əmək Məcəlləsinin 16-cı maddəsinin 5-ci hissəsini və 288-ci maddəsini nəzərə alaraq iddaçının iddia etdiyi ayrıseçkiliklə bağlı mübahisələr üzrə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilən 1 aylıq iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqları vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. qərarları). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2018-ci il tarixli qərarı). Bu baxımdan da, iddiaçının iddia etdiyi ona qarşı ayrı-seçkiliyin tətbiqi iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etdiyi gün məlum olduğu üçün 1 aylıq iddia müddətinin axımı məhz bu tarixdən hesablanmalıdır. Əks halda yanlış olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tətbiqi iddiaçıya üstün hüquqların əldə edilməsinə, əsassız iddia müddətlərinin tətbiqinə və məhkəmə müdafiəsinin hüququnun təmin edilməsində bərabərlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaya uyğun izahat verərək, bildirmişdir ki, müəsisədə işçilərə kütləvi şəkildə əmək haqqlarından əlavə mükafat şəklində əmək haqqı kartlarına hər ay əlavə pul köçür. Bununla bağlı şahidlərin dindirilməsini xahiş edir. Yaxud cavabdeh bununla bağlı məhkəməyə sənəd versin ki, həqiqətən də mükafat şəklində verilmiş pul məbləği bütün işçilərə aid deyildir. Əgər işgüzar keyfiyyətlər nəzərə alınırdısa bugünki gün cavabdehin nümayəndəsi sənəd təqdim etsin ki, iddiaçı barəsində müəssisə tərəfindən hər hansı intizam tədbiri, xəbərdarlıq, töhmət, şiddətli töhmət olmuşdur. Bu dövlət büdcəsindən maliyyələşən orqandır. Səhmləri dövlətə məxsus təşkilatdır. Cavabdeh təşkilat tərəfindən işçilərə mükafatın ödənilməsi və ödənilməməsi səbəbi göstərilməlidir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təqdim etdiyi etiraza uyğun izahat verərək, bildirmişdir ki, onlar mükafatın verilməsini inkar etmir. Lakin hər ay siyahı hazırlanır, sədrə təqdim olunur, sədr şəxsin işgüzarlığını nəzərə alıb, siyahı üzrə kimlərə mükafat verilməsini təyin edir. Burada diskriminasiya yoxdur. Ümumi 100 faiz işçinin 3-5 faizinə verilirsə burada heç bir diskriminasiyadan söhbət gedə bilməz. 15000 işçidən 500 işçiyə mükafat verilir. Onlar əmri təqdim edə bilməz, bu kommersiya sirridir. Dövlət büdcəsindən maliyyələşən orqan deyil, səhmlər dövlətə məxsusdur amma onlar özü-özünü maliyyələşdirir, yükdaşımalar sahəsində xidmətlər göstərir. İddiaçı işə gəlsə də həqiqətən işləməyib. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddiaya uyğun izahat verərək, bildirmişdir ki, mükafatın verilməsini müavinindən öyrənmişdir. Ona kimi mükafatdan xəbəri olmamışdır. Bugünə qədər iki təşklatda Avtoyolda və Dəmiryolda işləmişdir. Avtoyolda saxlanma rəisi işləmiş, tender üzrə mütəxəssisdir. Dəmiryola isə birbaşa təchizat rəisi vəzifəsinə gəlmişdir. Əgər bacarıqsız işçi olsaydı 15 il Avtoyolda saxlanma rəisi olmazdı. 2017-ci ildən 2020-ci ilə kimi təchizat rəisi vəzifəsində çalışmış, 2020-ci ildən X7 bölməsi olmuşdur. Təşkilatda hamının mükafat aldığı barədə gec məlumatı olmuşdur. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində 2015-2021-ci illər ərzində aparıcı hüquqşünas vəzifəsində işləmiş və mükafatı hər ay sabit məbləğdə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində 1977-ci ildən operator, mütəxəssis, mühasib vəzifəsində, Yükdaşımanın Yük və Kommersiya Xidmətinin Planlama şöbəsində işləmiş, 07.2023-cü il tarixdən öz ərizəsi ilə işdən çıxmışdır. Mükafatı 2017-ci ildən hər ay paket şəklində karta köçürülməklə almışdır. Kimin nə qədər məbləğdə almasını bilmir, lakin bütün idarədə hamının bir nəfər kimi aldığını deyə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində 1991-2023-ci illər ərzində işləmişdir. 32 il Təsərrüfat Departamentinin rəis müavini olmuş, mükafatı 2017-ci ildən hər ay karta köçürülməklə almışdır. Məbləğ açıqlanmırdı amma bütün işçilərə verilirdi, hamı alırdı. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan ИT № ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Təchizat Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020ci il tarixdə İnfrastruktur Departamentinin Aparatının Təchizat bölməsinə bölmə rəisi vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 98 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, müqavilə şərtlərində İddiaçı vəzifə maaşından əlavə mükafat verilməsi göstərilməmişdir. İş materiallarında olan ərizənin surətindən görünür ki, iddiaçı ona da mükafatın verilməsi üçün "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş və ona ünvanlanan cavab məktubunda müraciətinə baxılacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 13-1/2-3215/2023 nömrəli xəbərdarlıq bildirişi təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrin surətindən görünür ki, İnfrastruktur departamentinin aparatının Təchizat bölməsinin rəisi İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Bakı 9 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışınından görünür ki, cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan "xxxx" QSC-nin aparatının İnfrastruktur Departamentinin ştat cədvəlinə edilən dəyişikliklərin siyahısı üzrə ştat cədvəlindən çıxarışdan görünür ki, İnfrastruktur Departamentinin Təchizat bölməsinin bölmə rəisinin vəzifə maaşı 863 manat təşkil edir. İş materiallarında olan ABB-nin əmək haqqı çıxarışlarından görünür ki, iddiaçı "xxxx" QSC-də işlədiyi dövr ərzində aylıq vəzifə maaşına uyğun əmək haqqı almışdır. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" QSC ilə əmək müqaviləsi bağlayaraq QSC-nin İnfrastruktur Departamentinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, daha sonra, xx.xx.2020-ci il tarixində İnfrastruktur Departamentinin Təchizat şöbəsi infrastruktur Departamentinin Aparat Təchizat Şöbəsinin bölmə rəisi vəzifəsinə keçirilmişdir. 26 iyul 2022-ci il tarixində “ADY’ QSC-nin rəhbərliyinə ərizə ilə müraciət edərək ona da digər işçilərə verildiyi kimi vəzifə maaşından əlavə mükafatın verilməsini tələb etmişdir. Hazırda iddiaçı QSC tərəfindən ona qarşı açıq-aşkar ayrı-seçkiliyə yol verildiyini hesab edərək, xx.xx.2017-ci il tarixindən hazırki tarixədək, yəni iddia ərizəsi məhkəməyə təqdim edilən tarixədək hər ay üçün 1500 manat olmaqla ödənilməmiş mükafat məbləğinin hesablanaraq iddiaçıya verilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir, iddiaçıya qarşə diskriminasiyaya yol verilmədiyini qeyd edərək, həmçinin iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə hazırki tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə müvafiq olaraq əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu nəzərdə tutulur. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Eyni Məcəllənin 158-ci maddəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir. Qeyd edilən qanunvericilik normalarına istinadən məhkəmə edir ki, mükafat, bir qayda olaraq, işçinin tutduğu vəzifənin ierarxiyası (rəhbər işçi olması səbəbi ilə) və fərdi keyfiyyətləri ilə bağlı ödənilmir. Mükafatın ödənilməsi bilavasitə işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmaqla onun əməyinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə və maddi marağının artırılması məqsədilə həyata keçirilir. İş materiallarından da göründüyü kimi cavabdeh ilə iddiaçı sərbəst iradələri əsasında bağladıqları xx.xx.2017-ci il tarixli 98 nömrəli əmək müqaviləsində iddiaçıya hər ay ştat cədvəlinə uyğun məbləğdə əmək haqqı ödənilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilədə iddiaçıya əmək haqqından əlavə işəgötürən tərəfindən aylıq və ya illik mükafatın ödənilməsi nəzərdə tutulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın" 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Nəzərə almaq lazımdır ki, hazırki mübahisə predmeti olan iddiaçının əmək münasibətləri üzrə mükafat almaq barədə "qanuni gözlənti”si (legitimate expectation) bütün hallarda mükafatın verilməsi vəzifəsinin əmək qanunvericiliyində cavabdehin vəzifəsi qismində təsbit edildiyi halda əsaslı ola bilər. Eyni zamanda, əmək müqaviləsinin iddiaçı tərəfindən mübahisələndirilmədiyi nəzərə alınmaqla vurğulanmalıdır ki, əmək müqaviləsinin imzaladığı tarixdən orada mükafatın verilməsinin nəzərdə tutulmamasının ona məlum olması buna dair formalaşa biləcək “qanuni gözlənti” ilə yanaşı “hüquqi gözlənti” ni də aradan qaldırır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddaçı ilə bağlanmış əmək müqaviləsində mükafatın verilməsi nəzərdə tutulmadığından, bununla bağlı tərəflər arasında əlavə razılaşma olmadığından, habelə bununla bağlı hər hansı kollektiv saziş məhkəməyə təqdim edilmədiyindən cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyi yaranmır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hər bir işçisinə hər ay mükafat kimi sabit məbləğin ödənilməsinin bu ödənişlərin fərdi xarakter deyil, faktiki olaraq əmək haqqına əlavə kimi kütləvi şəkildə həyata keçirilməsi hissəsində bildirir ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsi ilə əmək haqqına əlavənin anlayışı təsbit edilmişdir. Həmin normaya əsasən əmək haqqına əlavə dedikdə, əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc nəzərdə tutulur. İddiaçının tutduğu vəzifə əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərə aid olmadığından, habelə gördüyü işinin xarakteri Əmək Məcəlləsinin 160-163-cü və 166-cı maddələri ilə təsbit edilən hallar ilə bağlı olmadığından hazırki mübahisənin predmeti ilə əlaqələndirilə bilməz. Hazırki mübahisənin xüsusiyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinin predmetinə aid edilir. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri tərəflərin hüquq bərabərliyi prinsipi əsasında nizama salınır. Sözügedən fərdi əmək mübahisəsi zəminində iddiaçı ona “mükafatın verilməsinin” qanuni və ya hüquqi zəruriliyinə əsaslandığı fakt və halları sübut edə bilməmişdir. Məhkəmə bir daha qeyd edir ki, cavabdeh ilə iddiaçı arasında sərbəst iradələri altında bağlanmış xx.xx.2017-ci il tarixli 98 nömrəli əmək müqaviləsində müqavilə tərəfləri hər ay ştat cədvəlinə uyğun məbləğdə iddiaçıya əmək haqqının ödənilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilədə iddiaçıya əmək haqqından əlavə işəgötürən tərəfindən aylıq və ya illik mükafatın ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin bununla bağlı kollektiv müqavilənin bağlandığına dair hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. İddiaçının "xxxx" QSC tərəfindən diskriminasiyaya məruz qalmasına dair irəli sürdüyü dəlillər, həmçinin şahid ifadələri isə sübut növü kimi təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Məhkəmə həmçinin şahidlərin ifadələrinə hüquqi qiymət verərək, hesab edir ki, şahid ifadələri də 15000 nəfər işçidən 500 nəfərə pul mükafatının verildiyini dolayı təsdiq edir. Yəni diskriminasiya halı olmamış, mükafat verilməsi nəzərdə tutulan şəxslərə onların şəxsi işgüzarlıq və peşəkarlıq səviyyələri ilə müəyyən edilməklə verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin predmeti olan iddiaçının diskriminasiyaya məruz qalmasını sübut etmək yükü birbaşa iddiaçının vəzifəsi olduğundan cavabdehin düzgünlük prezumpsiyası öz qüvvəsini saxlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə cavabdeh tərəfindən iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddianın özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsinə də ehtiyac qalmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək mübahisəsi ilə əlaqədar pul tələbinə” dair iddiası rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək mübahisəsi ilə əlaqədar pul tələbinə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar