Məhkəmə qərarları › İş №e-2(006)-2591/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2591/2024

15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2591/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan 2 övladı - 31 oktyabr 2016-cı il təvəllüdlü X4 və 05 oktyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay onun bütün qazanclarından 1/3 hissədə alimentin tutularaq, iddiaçıya ödənilməsi, həmçinin mediasiya təşkilatına ödədiyi 50 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə rəsmi nikahı xx.xx.2012-ci ildə bağlanmışdır. Birgə nikahdan 2 övladı - 31 oktyabr 2016-cı il təvəllüdlü X4 və 05 oktyabr 2013-cü il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh ilə bir müddət birgə yaşadıqdan sonra aralarında ailə həyatı faktiki olaraq pozuldu. Onların ər-arvad münasibətləri artıq kəsilmişdir, birgə təsərrüfat aparmırlar. Hazırda nikah formal xarakter daşıyır, ailənin bərpası isə heç cür mümkün deyil. Buna görə Cavabdeh ilə ailə münasibətlərinin bərpası və onların yenidən birgə yaşamaları qeyri-mümkündür. Bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və nikahı pozulmuşdur, lakin aliment vəsaiti müəyyən edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4096/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların himayədə saxlanması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində bağlanmış və Bakı şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 720 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları – İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00273 nömrəli arayışdan görünür ki, Cavabdeh tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməmişdir. Arayışa əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4751/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “valideynin razılığı olmadan ölkə hüdudlarından kənara uşağın çıxarılması” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2023cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 18 yaşına çatanadək (daimi əsaslar olmadan), atası – Cavabdeh razılığı olmadan, sonuncuya öncədən rəsmi məlumat verilməklə anası İddiaçı ilə birgə Azərbaycan Respublikasının hüdudlarından kənara sərbəst getməsinə və qayıtmasına icazə verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə xatırladır ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Məhkəmənin qiymətləndirməsi: Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı onun cavabdehlə birgə nikahından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (digər gəlirlərin) 1/3 hissəsi məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək, iddiaya öz münasibətini bildirməmişdir. Lakin tərəflər arasında daha əvvəl nikahın pozulması tələbinə dair məhkəmə mübahisəsi zamanı cavabdeh nikah pozulduqdan sonra uşaqların ananın himayəsində saxlanmasına etiraz etməmişdir. Məhkəmə hər bir halda uşağın üstün mənafeyinin təmin olunmasını əsaslı və iddianın təmin edilməsini məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay qazancın (digər gəlirlərin) 1/3 hissəsi məbləğində aliment tutulmalıdır. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay qazancın (digər gəlirlərin) 1/3 hissəsi məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar