Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2641/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “ödənilməmiş əmək haqqı və digər vəsaitlərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “ödənilməmiş əmək haqqı və digər vəsaitlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, son haqq-hesabı, yəni 2021-ci ilin iyun ayından etibarən işdən öz xahişi ilə çıxdığı vaxtadək (xx.xx.2021) ona ödənilməli olan 1140 (min yüz qırx) manat məbləğində pul vəsaiti, eyni zamanda 2020-ci ilin yanvar ayından xx.xx.2021-ci il tarixədək istifadə olunmamış məzuniyyət müddətinin orta əmək haqqına müvafiq olaraq hesablanaraq, cavabdeh "xxxx" QSC tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək "xxxx" QSC-də çalışmışdır. Aralarında bağlanılmış müqaviləyə əsasən, aylıq əmək haqqı 550 (beş yüz əlli) manat müəyyən olunmuşdur. Cavabdeh ilə bağlanılmış müqavilə əsasında o, öz öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, cavabdeh tərəfindən 2021-ci ilin iyun ayından etibarən ödənilməli olan aylıq əmək haqqı 550 (beş yüz əlli) manat, ümumilikdə 1140 (min yüz qırx) manat məbləğində pul vəsaiti bugünədək ona ödənilməmişdir. O, 2021-ci ilin iyun ayından etibarən ona əmək haqqının ödənilməməsi səbəbindən xx.xx.2021-ci il tarixində ərizə yazaraq işdən çıxmışdır. Bundan başqa Cəmiyyət tərəfindən 2021-ci ilin iyun ayından işdən öz xahişi ilə çıxdığı vaxtadək (xx.xx.2021) ona ödənilməli olan lakin ödənilməmiş aylıq əmək haqqının (təxminən 2 ay yarım), istifadə olunmamış məzuniyyətə görə ödənilməmiş son haqq hesabın hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsini zəruri hesab edir. Sözügedən əmək mübahisəsi ilə əlaqədar Cəmiyyətə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə tərəfindən müraciət olunsa da, mübahisə öz həllini tapmamışdır. Əmək Müfəttişliyi tərəfindən ona göndərilmiş xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubda da xx.xx.2021-ci il tarixində Cəmiyyətə aralarında olan əmək münasibətlərinə xitam verildiyi, lakin Cəmiyyət tərəfindən AR Əmək Məcəlləsinin 82-ci maddəsinin 2-ci hissəsinin tələbinin pozulduğu qeyd edilmişdir. Cəmiyyət tərəfindən yol verilmiş hüquq pozuntusu ilə əlaqədar olaraq AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq Cəmiyyət barəsində xx.xx.2021-ci il tarixində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati tənbeh tətbiq olunmuşdur. Bundan başqa mübahisənin məhkəmədən kənar mediasiya prosesində həll edilməsi üçün mediasiya prosesinin tətbiq edilməsi barədə təklif göndərilsə də, cavabdeh mübahisənin həllində maraqlı olmamış və buna dair xx.xx.2022-ci il tarixində MŞB-5-00986 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, cavabdeh "xxxx" QSC tərəfindən pozulmuş hüquqlarının bərpası, son haqq-hesabının, yəni 2021-ci ilin iyun ayından etibarən işdən öz xahişi çıxdığı vaxtadək (xx.xx.2021) ona ödənilməli olan, lakin ödənilməmiş aylıq əmək haqqının, ümumilikdə 1140 (min yüz qırx) manat məbləğində pul vəsaitinin, eyni zamanda istifadə olunmamış məzuniyyətə görə ödənilməmiş son haqq-hesabınln cavabdeh tərəfindən ona ödənilməsini qanunauyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdeh "xxxx" QSC məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə baxış iclasında iştirakını təmin etməmişdir. Məhkəmə xatırladır ki, AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Geyd edilənlərə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, bu Arayış "xxxx" QSC İddiaçı tərəfindən təsvir edildiyi kimi, əmək haqqı, istifadə olunmuş məzuniyyət və son haqqı-hesaın ödənilməsi tələbinə dair mübahisə üzrə xx/xx/2022-ci il tarixində, 16:30-16:40 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmədiyini təsdiq etməkçün verilir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: N.Axundov). İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə "xxxx" QSC arasında bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycab Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verildiyi məlum olmuşdur. Əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin, son haqqı-hesabın düzgün hesablanıb ödənilməsi barədə E.Xəlilova xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktub ünvanlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2992/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “ödənilmiş əmək haqqının və digər vəsaitlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İş materiallarında olan İddiaçı məxsus Sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər "xxxx" MMC-də “elektromexanik, liftlər üzrə” vəzifəsində çalışmışdır. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" QSC-nin Baş direktoru X1 ərizə ilə müraciət edərək 23 avqust 2021-ci il tarixdən etibarən işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 01/K-0171 nömrəli Əmrin surətindən görünür ki, "xxxx" QSC-də xx.xx.2020-ci il tarixində Elektromexanik vəzifə üzrə İddiaçılə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən 23 avqust 2021-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli, MN № ******* saylı İnzibati xəta haqqında Protokoldan görünür ki, İddiaçı müraciətinə baxılarkən işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Nəticədə, "xxxx" QSC-nin baş direktoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt İddiaçı tərəfindən təqdim olunmuş sənədlər ilə təsdiq edilir. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, bu Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 62-ci maddəsinin 5-ci hissəsinə əsasən, işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin tələblərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, İddiaçı 2020-ci ilin yanvar ayından "xxxx" QSC-də çalışmış, xx.xx.2021-ci il tarixdə ərizə ilə işəgötürənə müraciət edərək, 2021-ci ilin iyun ayından etibarən ona (1140 manat məbləğində) əmək haqqı ödənilmədiyinə görə işdən azad edilməsini xahiş etmişdir. Nəticədə, İddiaçı 01/K-0171 №-li Əmrlə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı işdən azad edilməsi barədə "xxxx" QSC -nin xx.xx.2021-ci il tarixli 01/K-0171 №-li əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı işə götürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmiş, lakin son haqq hesab və istifadə olunmamış məzunuyyət haqqı ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası, son haqq-hesab və digər ödəmələr sonuncu iş günü işçiyə verilməli olduğu halda işəgötürən tərəfindən qanun pozuntusuna yol verilərək ona əmək haqqı və son haqq-hesab hesablanıb ödənilməmişdir. Qeyd edilən pozuntularla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən "xxxx" QSC-nin vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı əmək müqaviləsi ləğv edilərkən "xxxx" QSC tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı son haqq-hesabı, yəni 2021-ci ilin iyun ayından etibarən işdən öz xahişi ilə çıxdığı vaxtadək (xx.xx.2021) ona ödənilməli olan 1140 (min yüz qırx) manat məbləğində pul vəsaiti, eyni zamanda 2020-ci ilin yanvar ayından xx.xx.2021-ci il tarixədək istifadə olunmamış məzuniyyət müddəti orta əmək haqqına müvafiq olaraq hesablanaraq, cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia ərizəsi təmin edilsin. İddiaçı son haqq-hesabı, yəni 2021-ci ilin iyun ayından etibarən işdən öz xahişi ilə çıxdığı vaxtadək (xx.xx.2021) ona ödənilməli olan 1140 (min yüz qırx) manat məbləğində pul vəsaiti, eyni zamanda 2020-ci ilin yanvar ayından xx.xx.2021-ci il tarixədək istifadə olunmamış məzuniyyət müddəti orta əmək haqqına müvafiq olaraq hesablanaraq, cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2641/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2641/2022
10.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver