Məhkəmə qərarları › İş №e-2(006)-266/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-266/2022

05.05.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-266/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqı» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə son haqq-hesabı olaraq 4400 manatın, onun gecikdirilməsinə 6960 manatın, maddi zərər 1000 manatın, mənəvi zərər 1000 manatın, cəmi 13360 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2018-2019-cu il üçün məzuniyyət haqqı 1013,04 manatın, 2019-2020-ci il üçün məzuniyyət haqqı 1013,04 manatın, 2020-2021-ci il üçün natamam il üçün məzuniyyət haqqı 559,20 manatın, 2021-ci ilin əmək haqqısı kimi 1200 manatın, bu məbləğlərin gecikdirilmələrinə görə 16882,35 manatın, cəmi 20667,63 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 01.05.2008-ci il tarixdə əmək fəaliyyətinə başlamış, cavabdehə proqramçı-mühəndis vəzifəsinə işə qəbul edilmiş, 15.12.2020-ci il tarixdə cavabdehdə Beynəlxalq iqtisadi əlaqələr üzrə mütəxəssis vəzifəsinə keçirilmiş və 22.01.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq öz xahişi əsasında işdən azad edilmişdir. İddiaçı işdən çıxdıqdan sonra son 1 ayın əmək haqqısı, həmçinin son 2 il yarımın məzuniyyət haqqısı ona cavabdeh tərəfindən ödənilməmişdir. Dəfələrlə cavabdehə müraciətlərin fayda vermədiyindən X1 müraciət etmiş, hətta cavabdehin vəzifəli şəxsləri barəsində inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar da qəbul edilmişdir. Lakin bundan sonra da iddiaçının son haqq-hesabı ödənilməmişdir. Əmək haqqı və məzuniyyət pulunun ödənilməməsi iddiaçıya maddi zərər və mənəvi zərər vurmuşdur. Belə ki, həmin ödənişi bu ilin yanvar ayının axırında almalı olduğu halda hələ də istədiyi kimi istifadə edə bilmir, zəruri xərclərini ödəyə bilmir. Ailəsində də bununla bağlı narahatçılıq vardır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 01.05.2008-ci il tarixli ******* saylı Əmək kitabçasından görünür ki, iddiaçı 01.05.2008-ci il tarixdə cavabdehə proqramçı-mühəndis vəzifəsinə işə qəbul edilmiş, 15.12.2020-ci il tarixdə Beynəlxalq iqtisadi əlaqələr üzrə mütəxəssis vəzifəsinə keçirilmiş və 22.01.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin iddiaçıya ünvanlanmış 21.04.2021-ci il tarixli **********5 saylı məktubundan görünür ki, "xxxx" QSC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən iddiaçı ilə Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə 25.01.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda təqdim olunan sənədlərdən iddiaçının son haqq-hesabının ödənilmədiyi məlum olmuş və bu səbəbdən Cəmiyyətin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Son haqq-hesabının ödənilməsi barədə “Bakı OTİS Lift" QSC-nin rəhbərliyinə məktub ünvanlanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.04.2022-ci il tarixli 4 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı, onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi müddət ərzində ödənilməli olan, lakin ödənilməmiş məzuniyyət haqqı 2018-2019-cu il üçün 1013,04 manat, 2019-2020-ci il üçün 1013,04 manat, 2020-2021-ci natamam il üçün 559,20 manat, ödənilməmiş 2021-ci il üzrə əmək haqqı məbləği 1200 manat, ödənilməmiş bütün məbləğlərin gecikdirilməsinə görə hesablanmış məbləğ 16882,35 manat, cəmi 20667,63 manat təşkil edir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı 01.05.2008-ci il tarixdə cavabdehə proqramçı-mühəndis vəzifəsinə işə qəbul edilmiş, 15.12.2020-ci il tarixdə Beynəlxalq iqtisadi əlaqələr üzrə mütəxəssis vəzifəsinə keçirilmiş və 22.01.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddia ərizəsindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 21.04.2021-ci il tarixli **********5 saylı məktubundan göründüyü kimi iddiaçı işdən azad olunarkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü iddiaçıya təqdim olunmamışdır. Bu işin mübahisəsiz halıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.04.2022-ci il tarixli 4 nömrəli mütəxəssis rəyindən görünür ki, cavabdeh tərəfindən ödənilməmiş iddiaçının son haqq-hesabı, istifadə edilməmiş əmək məzuniyyətinə görə 2018-2019-cu il üçün 1013,04 manat, 2019- 2020-ci il üçün 1013,04 manat, 2020-2021-ci natamam il üçün 559,20 manat, əmək haqqına görə 2021-ci il üçün 1200 manat təşkil etmişdir. Göründüyü kimi iddiaçı 3785,28 manat məbləğində son haqq-hesabını almamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ona ödənilməli olan lakin ödənilməyən 3785,28 manat son haqq-hesabının ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş son haqq-hesabın vaxtında verilmədiyi üçün hər gecikdirilmiş günə görə hesablanmış məbləğin ən azı bir faizi həcmində gündəlik ödəncin verilməsi ilə bağlı tələbi də əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.04.2022-ci il tarixli 4 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı, onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi müddət ərzində ödənilməli olan, lakin ödənilməmiş son haqq-hesabın ödənilməsinin gecikdirilməsinə görə hesablanmış məbləğ 16882,35 manat təşkil edir. Lakin məhkəmə hesab edir ki, son haqq-hesabın ödənilməsinin gecikdirilməsinə görə tələb olunan 16882,35 manat məbləğ son haqq-hesab üzrə yaranmış 3785,28 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 3000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2018-2019-cu il üçün məzuniyyət haqqı 1013,04 manat, 2019-2020-ci il üçün məzuniyyət haqqı 1013,04 manat, 2020-2021-ci il üçün natamam il üçün məzuniyyət haqqı 559,20 manat, 2021-ci ilin əmək haqqısı 1200 manat, bu məbləğlərin gecikdirilmələrinə görə 3000 manat, cəmi 6785,28 manat tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 2018-2019-cu il üçün məzuniyyət haqqı 1013,04 manat, 2019-2020-ci il üçün məzuniyyət haqqı 1013,04 manat, 2020-2021-ci il üçün natamam il üçün məzuniyyət haqqı 559,20 manat, 2021-ci ilin əmək haqqısı 1200 manat, bu məbləğlərin gecikdirilmələrinə görə 3000 manat, cəmi 6785,28 manat tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar