Məhkəmə qərarları › İş №e-2(006)-2767/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2767/2024

09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2767/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı valideynin razılığı olmadan uşaqların ölkə xaricinə aparılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası Cavabdeh razılığı olmadan onunla ölkə hüdudlarından kənara getmələrinə icazənin verilməsi və X3 ilə bağlı sənədləşmənin (pasport və digər sənədlərin alınması) aparılmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah xx.xx.2013-cü il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində 667 saylı qeydlə bağlanmışdır. Həmin nikahdan 04 mart 2015-ci il təvəllüdlü qızları X3 doğulmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, azyaşlı uşağın ana himayəsində saxlanılması qət edilmişdir. Birgə nikahdan doğulmuş 04 mart 2015-ci il təvəllüdlü qızı X3 məhkəmə qətnaməsi ilə cavabdehin himayəsində saxlanılsa da, 27 mart 2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında cavabdehlə aralarında Saziş bağlanılmışdır. Sazişə əsasən cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 atası olaraq onun yanında qalmasına razılıq vermişdir. Uşağın saxlanılması ilə bağlı bütün xərclər də ona aid olacaqdır. İddiaçı xx.xx.2017-ci il təvəllüdlü Ülviyyə Bayramovanın onunla ünsiyyətdə olmasına və öncədən razılaşdırılan günlərdə qalmasına, sərbəst görüşməsinə razılıq verir. Sazişdə nəzərdə tutulmasa da, cavabdehlə aralarındakı şifahi razılığa əsasən Cavabdeh övladları X1 ölkədən çıxarılmasına və ölkəyə qaytarılmasına habelə uşağın şəxsiyyəti ilə bağlı bütün sənədləşmənin cavabdehin iştirakı olmadan aparılmasına dair razılıq ərizəsi verməsi ilə bağlı öhdəlik götürsə də, buna əməl etməmişdir. Belə ki, uşağın xaricdə müalicəsi ilə bağlı cavabdeh bir dəfə müraciəti əsasında yalnız Türkiyə Respublikasına razılıq versə də, sonradan sənədləşmə və başqa ölkələrlə bağlı razılıq verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr məhkəmədən öncə Mediasiya qaydasında həll olunmalıdır. Bu qanun mübahisələrin həllinin alternativ üsulu kimi mediasiyanın təşkili sahəsində ictimai münasibətləri nizama salır, onun prinsiplərini və həyata keçirilməsi qaydlarmı, həmçinin mediatorların statusunu müəyyənləşdirir. Tərəfindən Cavabdeh mediasiya təklifi barədə məktub göndərilmiş, cavabdehdən bu təklifə heç bir cavab gəlmədikdə Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş V.Y.Qaracayev xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası təyin olunsa da, cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı olaraq X2 iştirak etmiş və mediasiya xərci kimi 50 manat məbləğində ödəniş etmişdir. Bu haqda Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/18/2024-00109 nömrəli xx.xx.2024-cü il tarixli X2 iştirak edilməməsi barədə Arayış tərtib edilmişdir. Hesab etmişdir cavabdeh aralarındakı razılığa əməl etmədiyi üçün övladının cavabdehin razılığı olmadan da ölkə hüdudlarından kənara çıxarılmasına və qaytarılmasına, övladı ilə bağlı hər hansı sənədləşmənin aparılmasına dair məhkəmə qətnaməsi çıxarıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-330/2017 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanması qət edilmişdir. İş materiallarında olan Bakı 18 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər xx.xx.2015-ci il təvəllüdlü X1 atası İddiaçı yanında saxlanılması barədə razılığa gəlmişlər. İşin araşdırılmış hallarından görünür ki, tərəflər arasında rəsmi nikah qeydi pozulmuş, hazırda iddiaçının yanında olan xx.xx.2015-ci il təvəllüdlü X3 ilə ölkə hüdudlarından kənara çıxmasına cavabdeh tərəfindən razılıq verilmədiyindən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində isə təsbit edilmişdir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 61.1 və 61.2-ci maddələrinə görə isə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1 və 9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Qeyd olunan qanunvericiliklərin tələblərindən görünür ki, 18 yaşına çatmamış vətəndaşın ölkədən getməsini valideynlərinin razılığının olması ilə tam məhdudlaşdırmamış, mübahisə halında bu hüququn məhkəmə tərəfindən həll olunması imkanını təsbit etmişdir. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxlər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin muhafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq Hüquqları Haqqında Konvensiya»sının 9cu maddəsinin İ bəndinin mənasından görünür ki, uşağın ən yaxşı mənafeyi üçün valideynlər bir-birindən ayrı yaşadıqda, uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda və ya digər konkret halda, uşağın valideynlərinin birindən və ya hər ikisindən ayrı düşməsi barədə məhkəmə qərar qəbul edə bilər. İstinad olunan hüquq normalarının məzmunundan aydın olur ki, iddiaçının uşağı ilə birgə yaşayan valideyn kimi öz uşağının maraqlarını üstün tutmaq şərti ilə ona dair qərar qəbul etmək, hazırkı halda onu Azərbaycan Respublikasından xaricə aparıb-gətirmək, onun daha yaxşı təhsil almaq, istirahətini və sağlamlığını təmin etmək üçün tədbirlər görmək hüququ vardır. Bu hüquq uşağın daha yaxşı tərbiyəsinin psixoloji və mənəvi təminatı kimi qəbul edilməlidir. Məhkəmə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununu və BMTnin 20 noyabr 1989-cu il tarixli «Uşaq Hüquqları Haqqında Konvensiya»da uşaqların mənafeyinin üstün tutulmasının təsbit edilməsini nəzərə alaraq hesab edir ki, uşağın mənafeyi üçün bütün zəruri tədbirlər görülməli, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, dünya görüşünün zənginləşdirilməsi üçün lazım olunan şəraiti valideynlər tərəfindən yaradılmalıdır. Ona görə də uşağın xarici ölkəyə daimi deyil, müvəqqəti olaraq səyahət üçün aparılması, zəruri halda xarici ölkədə təhsil alması və səhəti ilə bağlı müayinə olunması üçün aparılması uşağın, istirahəti, dünyagörüşünün artması, təhsilinin inkişafı və səhətinin qorunması baxımından mənafeyinə uyğundur və bu hal digər valideyinin uşaqla ünsiyyət hüququnu tam məhdudlaşdırmır. Eyni zamanda məhkəmə qeyd edir ki, hər bir şəxs ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir, heç kəs bu hüquqdan məhrum edilə bilməz və yalnız qanunvericilikdə nəzərdə tutulmuş zəruri hallarda bu hüquq məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı müəyyən vaxtlarda ölkəni tərk etmək məcburiyyətində olduğundan və hazırki halda isə birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın ölkə hüdudlarından müvəqqəti kənara çıxarılmasının məhdudlaşdırılması üçün zəruri hallar müəyyən edilmədiyindən, iddianın təmin edilməməsi üçün əsaslar mövcud deyildir. Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13 nömrəli xx.xx.2021-ci il tarixli qərarının 1.7-ci bəndinə əsasən məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır. Həmin Qərarın 4.2-ci bəndində əsasən Miqrasiya Məcəlləsinin 9.1-ci, 9.2-ci, 11.1-ci və 11.2-ci maddələrinə əsasən, bu kateqoriya işlər üzrə tələb “yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi” məzmununda qoyulmalıdır. İddia tələbinin məzmunu bu şəkildə qoyulmadıqda, məhkəmələr MPM-in 14 və 53-cü maddələrinə əsasən iddiaçıya tələbin dəqiləşdirilməsini təklif edə bilər, təklifin qəbul edilib-edilməməsindən asılı olmayaraq, qətnamənin nəticə hissəsi tələbin məzmunu ilə bağlı qanunvericiliyin göstərişlərinə uyğun olmalıdır. Məhkəmə iddia tələbinin “X3 ilə bağlı sənədləşmənin (pasport və digər sənədlərin alınması) aparılmasına icazə verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsassız olmaqla təmin edilməməlidir. Belə ki, yetkinlik yaşına çatmayan uşaqlara ümumvətəndaş pasportunun verilməsi müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir və hazırki iş üzrə cavabdeh kimi göstərilən şəxsin üzərinə belə bir icazənin verilməsi öhdəliyi qoyula bilməz. Yəni, iddia tələbinin həmin hissəsində Cavabdeh iddiaya cavab verən şəxs kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X3 anası Cavabdeh icazəsi olmadan yetkinlik yaşına çatanadək atası İddiaçı ilə birlikdə müvəqqəti olaraq ölkədən getməsinə icazə verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X3 anası Cavabdeh icazəsi olmadan yetkinlik yaşına çatanadək atası İddiaçı ilə birlikdə müvəqqəti olaraq ölkədən getməsinə icazə verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar