Məhkəmə qərarları › İş №e-2(006)-2786/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2786/2022

23.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2786/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanının irəli sürdüyü ittihama əsasən İddiaçı cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək, bu məqsədlə 2018-ci ilin avqust ayının ortalarında saat 21 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 02a nömrəli binanın qarşısında, həmin vaxt yaşadığı evə gedən tanıdığı və onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan 15 mart 2003-cü il təvəllüdlü X4 görüb onunla getməyi təklif etmiş, Darya Simakina buna etiraz etdikdə onun əlindən tutaraq, özünün yaşadığı binaya tərəf aparmış, Darya Simakina qışqıraraq əlini onun əlindən dartıb çıxartmaq istəsə də, sonuncunun bu qışqırıqlarına məhəl qoymayaraq, əlini buraxmamış və Darya Simakinanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi H.Məmmədov küçəsi, keçid 1594, 5 saylı binanın 4-cü blokunun 2-ci mərtəbəsinə apararaq orada əli ilə Darya Simakinanın ağız nahiyəsindən tutaraq sonuncunun əynində olan tünd göy rəngli şortikini və altında olan ağ rəngli tumanını zorla aşağı çəkib divara söykəyərək, öz cinsi ehtirasını pozğun formada ifadə edərək, yetkinlik yaşına çatmayan Darya Simakinaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, İddiaçı təkrarən öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gəlib, bu məqsədlə 2018-ci ilin noyabr ayının ortalarında saat 13 radələrində, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 02a saylı binanın qarşısında məktəbdən çıxıb yaşadığı evə gedən tanışı və onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan 15 mart 2003-cü il təvəllüdlü Darya Simakinanı görüb, əlindən tutaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 01 nömrəli binanın 3-cü blokunun 2-ci mərtəbəsinə apararaq, orada əli ilə Darya Simakinanın ağız nahiyyəsindən tutmaqla, sonuncunun əynindəki qara cins şalvarını və ağ rəngli alt tumanını zorla aşağı çəkib divara söykəyərək, öz cinsi ehtirasını pozğun formada ifadə edərək, yetkinlik yaşına çatmayan Darya Simakinaya qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. 12 yanvar 2019-cu il tarixində fakta görə cinayət işi başlanılmış və 10 aprel 2019-cu il tarixində iddiaçı şübhəli şəxs kimi müəyyən olunaraq tutulmuşdur. 12 aprel 2019-cu il tarixində cinayət işi üzrə İddiaçı CM-nin 150.2.3-cü maddəsi ilə ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2019-cu il tarixində iddiaçı barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmiş, lakin məhkəmə tərəfindən təqdimat təmin edilməmiş və iddiaçı barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2019-cu il tarixli qərarla cinayət işi üzrə əməl CM-nin 150.2.3-cü maddəsindən həmin Məcəllənin 150.2.3 və 150.2.5-ci maddələrinə tövsif edilmiş, iddiaçı yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 150.2.3 və 150.2.5-ci maddələri ilə ittiham elan edilməklə barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilmiş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, cəzasının əvvəli 07 oktyabr 2019-cu il tarixdən hesablanmışdır. Həmin hökmdən təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi apelyasiya şikayəti verərək müdafiə etdiyi şəxsə CM-nin 150.2.3 və 150.2.5-ci maddəsi ilə bəraət verilməsini və təxirəsalınmadan məhkəmə zalından azadlığa buraxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(103)- 61/2020 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərаrdаn kаssаsiyа şikаyəti vеrilərək, qərаrın ləğv еdilməsi və Həmzətоv Rəsul Həmzətоviçin əməllərində Аzərbаycаn Rеspublikаsı CM-nin 150.2.3 və 150.2.5-ci maddələrinin tərkibi оlmаdığınа görə, həmçinin təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində olan cinayət təqibi üzrə icraata bərаətvеrici əsаslаrlа xitam verilməsi хаhiş оlunmuşdur. Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsinin Cinаyət Kоllеgiyаsının 1(102)-116/2021 sаylı, xx.xx.2021-ci il tаriхli Qərаrı ilə məhkumun müdafiəçisi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-663/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə məhkumun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə məhkum olunmasına dair 07 oktyabr 2019-cu il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-417/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə kassasiya protesti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 663/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə iddiaçının seksual xarakterli zorakılıq hərəkətlərində ittiham edilib qanunsuz olaraq 695 gün (23 ay) saxlanılması kimi ağır və aşağılayıcı cinayət əməlinin törədilməsi nəticəsinə gəlindi. Dövlət orqanlarının etdiyi səhv nəticəsində qanunsuz olaraq cinayət təqibinə məruz qalması və tutulmağı özünə, ailəsinə və yaxınlarına çox böyük maddi və mənəvi zərər vurmuşdur. Göstərilənlərə əsasən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 (yüz min) manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 663/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum İddiaçı müdafiəçiləri X6 və X1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə məhkum olunmasına dair xx.xx.2019-cu il tarixli, 1(101)-823/2019 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydasının İddiaçı izah edilməsi, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 160 manat məbləğində pulun dövlətə aid edilməsi hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-417/2022 saylı qərarı ilə kassasiya protestinin təmin edilməməsi, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 663/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı 23 ay müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, 23 ay müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ay üçün 1000 manat olmaqla, 23 ay üçün 23000 manat məbləğində müəyyən olunmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 23.000 (iyirmi üç min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 23000 (iyirmi üç min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar