Məhkəmə qərarları › İş №e-2(006)-2820/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2820/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2820/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “sığortaçının üzərinə sığorta ödənişinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “sığortaçının üzərinə sığorta ödənişinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq qalıq borc məbləğinin ödənilməsi öhdəliyinin, habelə dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat vəsaitin tutulmasının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, iddiaçı onlara müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ölüm haqqında şəhadətnaməni ikinci dəfə dəyişdirmiş, lakin dəyişdirəndən sonra yenidən onlara müraciət etməli idi. May ayının 2-si tərəf yeni şəhadətnaməni təqdim etmiş və bununla bağlı halhazırda araşdırılma aparılır. İddiaçı məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə etməmişdir. Bu səbəbdən hazırki iş üzrə ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə isə iddia tələbini müdafiə etmiş və əlavə olaraq ərizənin baxılmamış saxlanılmasına münasibətdə qeyd etmişdir ki, onlar iki dəfə imtina məktubu aldıqdan sonra məhkəməyə müraciət etmişlər. 29 mart 2023-cü il tarixdə verilən imtina məktubunda da qeyd edilmişdir ki, mübahisə məhkəmə qaydasında həll oluna bilər. Bu səbəbdən də onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin baxılmamış saxlanılmasına zərurət olmadığından, işə baxılmasının davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, cavabdehin nümayəndəsi tərəfindən verilən şifahi vəsatəti nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İş materiallarından göründüyü kimi, iddiaçı ikinci ölüm haqqında şəhadətnaməni xx.xx.2023-cü il tarixdə almışdır. Lakin, bundan sonra cavabdeh "xxxx" ASC-yə müraciət edilməsi barədə hər hansı bir sənəd iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə iclasında müəyyən edildiyi kimi, İddiaçı ikinci dəfə ölüm haqqında şəhadətnaməni aldıqdan sonra cavabdehə müraciət etməmiş, birbaşa məhkəmədə iddia qaldırmışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığortaçının üzərinə sığorta ödənişinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalı, dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260; 263- 264; 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “sığortaçının üzərinə sığorta ödənişinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsində icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar