Məhkəmə qərarları › İş №e-2(006)-2836/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2836/2024

03.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2836/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdehnə qarşı «müvafiq hərəkətlərin edilməsinin qadağan olunması, tikinti işlərinin dayandırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «müvafiq hərəkətlərin edilməsinin qadağan olunması, tikinti işlərinin dayandırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən aidiyyət normalarına riayət edilmədiyindən (iş üzrə müstəsna aidiyyət normaları tətbiq edilməli olduğundan) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Həmin maddənin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Hazırki halda iddia tələbi iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 38 saylı bağ sahəsində cavabdeh tərəfindən aparılan tikinti işlərinin aparılmasının dayandırılması vəzifəsinin qoyulması, cavabdehə istənilən növ tikinti işlərinin həyata keçirilməsinin qadağan edilməsi və s. olduğundan, məhkəmə hesab edir ki, mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən müstəsna aidiyyətlə bağlı normalar rəhbər tutulmalıdır. Məhkəmə hesab edir ki, indiki vəziyyətdə mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən müstəsna aidiyyətlə bağlı normalar rəhbər tutulmalıdır. Belə olan halda, mülki işə ərazi aidiyyəti üzrə müvafiq məhkəmədə (Sabunçu Rayon Məhkəməsində) baxılmalıdır. Odur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı elektron qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı tərəfindən 80 AZN (səksən manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, İddiaçı tərəfindən ödənilmiş 80 AZN (səksən manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı «müvafiq hərəkətlərin edilməsinin qadağan olunması, tikinti işlərinin dayandırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən ödənilmiş 80 AZN (səksən manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar