Məhkəmə qərarları › İş №e-2(006)-2860/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2860/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2860/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «müqavilə üzrə yaranan öhdəliklərin icrası» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilə üzrə yaranan öhdəliklərin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 dekabr 2017-ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda təşkilati-hüquqi forması MTK) ilə aralarında bağlanmış 036 saylı müqavilə əsasında ona məxsus sökülmüş mənzilin ərazisində Cavabdeh tərəfindən tikilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış kompleksində ona veriləcək mənzilin hansı blokda, mərtəbədə yerləşdiyi, neçə saylı mənzil olması barədə ona yazılı məlumat vermək və onu həmin mənzillə tanış etmək öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 dekabr 2017-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında 036 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 43,0 m2-dən ibarət yaşayış sahəsinin Cavabdeh MMC-yə təhvil verilməsindən və Cavabdeh MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzlli hündürmərtəbəli yaşayış evində 48,7 m2, təmirli mənzilin İddiaçı verilməsindən ibarətdir. Sözügedən ərazidə Cavabdeh MMC tərəfindən çoxmənzilli hündürmərtəbəli yaşayış sahəsi inşa edilmiş və İddiaçı həmin yaşayış komplesində hansı mənzil ilə təmin ediləcəyinə dair birmənalı məlumatı mövcud deyildir. 25 oktyabr 2023-cü il tarixdə cavabdehə 464/341 saylı vəkil sorğusu göndərilmiş və 30 dekabr 2017-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 036 saylı müqavilə əsasında İddiaçı məxsus sökülmüş mənzilin ərazisində Cavabdeh MMC tərəfindən tikilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış kompleksində yerləşən hansı mənzilin İddiaçı veriləcəyi barədə ətraflı (hansı blok, mərtəbə, mənzil nömrəsi və s.) məlumat verilməsi xahiş edilmişdir. Sözügedən vəkil sorğusuna bu günə kimi cavab verilməmişdir. 20 fevral 2024-cü il tarixdə cavabdehə 34/341 saylı pretenziya məktubu göndərilmiş və 30 dekabr 2017-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 036 saylı müqavilə əsasında İddiaçı məxsus sökülmüş mənzilin ərazisində Cavabdeh MMC tərəfindən tikilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış kompleksində yerləşən hansı mənzilin İddiaçı veriləcəyi barədə ətraflı (hansı blok, mərtəbə, mənzil nömrəsi və s.) məlumat verilməsi və İddiaçı Fyodorovnin həmin mənzil ilə tanış edilməsi xahiş edilmişdir. Sözügedən pretenziya məktubuna bu günə kimi cavab verilməmişdir. 30 dekabr 2017-ci il tarixli 036 saylı müqavilə əsasında tərəflər arasında müqavilə öhdəlikləri yaranmışdır.Hesab edir ki, Cavabdeh MTK 30 dekabr 2017-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 036 saylı müqavilə əsasında İddiaçı məxsus sökülmüş mənzilin ərazisində Cavabdeh MTK tərəfindən tikilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış kompleksində İddiaçı veriləcək mənzilin hansı blokda, mərtəbədə yerləşdiyi, neçə saylı mənzil olması barədə iddiaçıya yazılı məlumat verməli və İddiaçı həmin mənzillə tanış etməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının hansı səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi onlara məlum deyil və iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2017-ci il tarixli 036 saylı müqavilənin 1.1.1-ci bəndinə əsasən Cavabdeh MTK ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 48,7 m2, təmirli mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Hal-hazırda həmin kompleksin tikintisi başa çatmamışdır, yəni bina istismara verilməmişdir. Bina istismara verildikdən sonra müqavilə üzrə nəzərdə tutulmuş mənzil iddiaçıya təhvil veriləcəkdir. Məhkəmə tərəfindən iddiaçının iddia tələbi təmin edilsə belə, qətnamənin icrası mümkün olmayacaqdır. Kompleksin tikintisi davam etdiyi təqdirdə iddiaçıya həmin mənzilin göstərilməsi mümkün deyildir. Bundan əlavə olaraq, tərəflər arasında müqavilə mövcuddur. Tərəflərin öhdəlikləri həmin müqavilənin şərtlərində qeyd edilmişdir. Əgər Cavabdeh MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasından imtina edərsə və ya icra etməzsə, bu halda iddiaçının müqavilə üzrə öhdəliyin icrası ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranardı. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, pretenziya ilə cavabdehə müraciət etmişdir və cavabdeh tərəfindən ona bu günədək cavab verilməmişdir. Bildirir ki, həmin pretenziyaya şifahi olaraq İddiaçı cavab verilmiş və binanın hazırda istismara qəbul edilmədiyindən mənzilin göstərilməsinin mümkün olmadığı bildirilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbləri baxımından iddiaçının belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassız və lüzumsuzdur. Həm məhkəmənin icraatında olan işlərin yükünü artırır, həm də iddia tələbi özündə hər hansı bir məna ifadə etmir. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materialları: İddiaçı ilə Cavabdeh MTK (müqavilə bağlanan dövrdə təşkilati-hüquqi forması MMC olmuşdur) 30 dekabr 2017-ci il tarixdə 036 saylı müqavilə bağlamışlar. Müqavilənin predmeti adlı birinci bəndinə (1.1, 1.1.1, 1.1.2, 1.2-ci yarımbəndlərinə) əsasən tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü bəndinin tələblərinin və bu müqavilənin icrası ilə əlaqədar olaraq üzərilərinə aşağıda göstərilən məzmunda öhdəliklər götürmüşlər: 1.1.1. əmlak mülkiyyətçisi bu Müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 140213 saylı çıxarışla öz mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 43,0 m2, 1/2 paylı mülkiyyət (faktiki sahə - 40,6 m2) ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür; 1.1.2. tikinti şirkəti ünvan 2 ünvanda yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 48,7 m2, təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür; 1.2. tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və əmlak mülkiyyətçisini təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir. Əmlak mülkiyyətçisinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh MTK vergi uçotu orqanında ********** VÖEN-lə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Təqdim olunmuş sənədlərdən görünür ki, öncələr hüquqi şəxsin təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olmuşdur. 25 oktyabr 2023-cü il tarixli 464/341 saylı məktubdan görünür ki, iddiaçının vəkili cavabdehə müraciət edərək, 1) 30 dekabr 2017-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 036 saylı müqavilə əsasında İddiaçı məxsus sökülmüş mənzilin ərazisində Cavabdeh MMC tərəfindən tikilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış kompleksində yerləşən hansı mənzilin İddiaçı veriləcəyi barədə ətraflı (hansı blok, mərtəbə, mənzil nömrəsi və s.) məlumat verilməsini; 2) 30 dekabr 2017-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 036 saylı müqavilə əsasında İddiaçı məxsus sökülmüş mənzilin ərazisində Cavabdeh MMC tərəfindən tikilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış kompleksində yerləşən mənzillərin nə vaxtdan İddiaçı təhvil verilməsi barədə məlumat verilməsini; 3) İddiaçı veriləcək mənzilin hal-hazırda təmirli olubolmaması barədə ətraflı məlumat verilməsini xahiş etmişdir. 20 fevral 2024-cü il tarixli 34/341 saylı pretenziya məktubundan görünür ki, tərəflər arasında 30 dekabr 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçıya təhvil verilməli olan mənzilin hansı blokda (girişdə), hansı mərtəbədə yerləşməsi və nömrəsi barədə məlumat verilməsi, eləcə də iddiaçının həmin mənzillə tanış edilməsi tələb olunmuş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh xəbərdar edilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 388-ci maddəsinə əsasən öhdəlikdən bu və ya başqa məlumatı almaq hüququ irəli gələ bilər. məlumat verilməsi onun öhdəliyin məzmununu müəyyənləşdirmək üçün əhəmiyyətli olduğu və kontragentin belə məlumatı öz hüquqlarına xələl gətirmədən verə biləcəyi halda da təmin edilməlidir. məlumatı alan onun verilməsi xərclərinin əvəzini mükəlləfiyyətli şəxsə ödəməlidir. 425.1.-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 566.1-ci maddəsinin tələbinə görə, öhdəliyin icrasının gedişi barədə kreditorun borcludan məlumat almaq hüququ vardır. Öhdəliyin icrası barədə məlumatı aşağıdakılar verməlidirlər: bu Məcəllə və ya müqavilə üzrə bu vəzifənin tapşırıldığı şəxs; borclunun işlərini tamamilə və ya qismən həyata keçirən şəxs; gəlir və xərclərlə bağlı idarəetmə barədə hesabat verməli olan şəxs. 566.3-cü maddəsinə əsasən əgər məlumat verməli olan şəxs məlumatı yalnız böyük xərc çəkməklə verə bilərsə, xərci kreditor çəkir. 566.4-cü maddəsinə əsasən verilmiş məlumatın lazımi vicdanlılıqla tərtib olunmadığını ehtimal etməyə əsas olduqda, kreditorun tələbi ilə borclu və ya vəkil edilmiş şəxs məlumatın vicdanla tərtib olunduğuna yazılı surətdə inandırmalıdır. Məhkəmə mübahisəsi əmələ gəldikdə, bu cür yazılı inandırmanın sübutetmə qüvvəsi vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə iddiaçıya təhvil verilməli olan mənzilin hansı girişdə (blokda), hansı mərtəbədə yerləşdiyi və nömrəsi barədə hərhansı məlumat yoxdur. Bu cür məlumatların müqavilədə yer alması əhəmiyyətli və önəmlidir. Həmin məlumatların müqavilədə yer almaması, həmin məlumatların cavabdehdə olmamasına dəlalət etmir. Çünki istənilən mənzil-tikinti kooperativi, yaxud bina və fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, digər infrastrukturla bağlı işləri görən fiziki və hüquqi şəxslərdə müvafiq layihə sənədlərində binaların, mənzillərin, bina girişlərinin (blokların) şərti nömrələri mövcud olur, mənzillərin hansı mərtəbədə yerləşdiyi də müfəssəl şəkildə göstərilir. Layihə sənədlərində mənzillərin yaşayış və qeyri-yaşayış sahəsi barədə və s. zəruri məlumatlar da yer alır. İddiaçı vəkili vasitəsi ilə sorğu ünvanlayaraq, cavabdehdən zəruri məlumatların verilməsini xahiş etmiş, lakin cavabdeh bu məlumatları yazılı şəkildə iddiaçı tərəfə təqdim etməmişdir. Halbuki cavabdeh öhdəliyin icrasının gedişi barədə iddiaçını məlumatlandırmalıdır. Cavabdeh tərəf binada yerləşən mənzillərin sayını, həmin mənzillərə dair bağlanmış müqavilələrin sayını, Mənzil Tikinti Kooperativi kimi özünə, eləcə də, müqavilə tərəflərinə lazım olan bilgilərə, məlumatlara malik olmalıdır. Ümumiyyətlə hazırki mülki iş üzrə mübahisə predmeti olan müqavilədə iddiaçıya verilməsi nəzərdə tutulan mənzilin hansı blokda, hansı mərtəbədə yerləşməsi, mənzilin nömrəsi ilə yanaşı digər zəruri bilgilər də yer almır. Məsələn, müqavilədə «…bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində...» şərti yer alsa da, müqavilənin heç bir bəndində tikintinin başa çatması müddəti qeyd olunmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının ona verilməsi nəzərdə tutulan mənzilin hansı blokda, hansı mərtəbədə yerləşməsi, mənzilin nömrəsi ilə bağlı məlumatı cavabdehdən tələb etməsi ədalətli, qanuni tələbdir və həmin məlumatlar cavabdeh tərəfindən iddiaçıya təqdim olunmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, 30 dekabr 2017-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 036 saylı müqavilə əsasında İddiaçı məxsus sökülmüş mənzilin ərazisində Cavabdeh MTK tərəfindən tikilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış kompleksində İddiaçı veriləcək mənzilin nömrəsi, yerləşdiyi blok və mərtəbə barədə İddiaçı yazılı məlumat vermək öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iİddia qalan hissədə təmin edilə bilməz. Belə ki, binanın tikintisi başa çatmamışdır və cavabdeh tərəf obyektiv reallıqla bağlı olaraq mənzili iddiaçıya fiziki cəhətdən, vizual şəkildə göstərə, onu mənzillə tanış edə bilməz. Cavabdehin iddiaya etirazında qeyd etdiyi bu məqam əsaslı və ədalətli olmaqla, MTK-nın üzərinə hazırda icra edilməsi mümkün olmayan öhdəliyin – iddiaçının mənzillə tanış edilməsi öhdəliyinin qoyulması barədə icrası məcburi göstəriş verilməsi ağlabatan sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30 dekabr 2017-ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 036 saylı müqavilə əsasında İddiaçı məxsus sökülmüş mənzilin ərazisində Cavabdeh MTK tərəfindən tikilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış kompleksində İddiaçı veriləcək mənzilin nömrəsi, yerləşdiyi blok (girişi) və mərtəbə barədə İddiaçı yazılı məlumat vermək öhdəliyi Cavabdeh Mənzil Tikinti Koopetavinin üzərinə qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar