Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2865/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda barəsində bəraət hökmü çıxarıldığından cinayət məsuliyyətinə qanunsuz cəlb edilərək tutulmaqla qətimkan tədbiri kimi 1 il 1 ay 4 gün müddətində həbsdə saxlandığına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ona dəymiş mənəvi ziyan kimi 55.000 manat, məhkəmə xərcləri və məsrəflərinə görə isə cəmi 500 manat, o cümlədən: a) hüquqi yardıma görə ödənilən məbləğ (hüquqi yardım məbləği) – 161 manat; b) tapşırığın icrası ilə bağlı vəkilin çəkdiyi xərclər, o cümlədən nəqliyyat xərcləri – 339 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 12 mart 2020-ci il tarixdə saat 10- 11 radədələrində qeydiyyatda olmaqla yaşadığı Sumqayıt şəhəri 10-cu mikrorayon ev 54də yerləşən 10 saylı mənzilə sanki basqın etmiş 10-12 nəfər polis əməkdaşları oğlu Kamranı itələyib yerə yıxmış, oğlunun üstündən keçərək onu, iş yoldaşı Tahir Şahbazovu və dostluq münasibətlərində olduğu Emil Abbasovu tutaraq, mənzilə heç bir baxış və axtarış keçirmədən onların üçünü də Sumqayıt şəhəri Polis İdarəsinə aparmışlar. Burada saatlarla fasiləsiz olaraq psixi təzyiqlərə məruz qaldığından, həmçinin məhz Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirilib məhkəməyə veriləcəyinə söz verildiyindən, habelə narkotik tələbatına görə çox ciddi ağrıları olduğundan əlacsız qalıb polisin təkliflərini qəbul etmiş, yəni nə desələr edəcəyinə razılaşmışdır. Bundan sonra onu Sumqayıt şəhəri Polis İdarəsinin 1-ci Polis Bölməsinə təhvil vermişlər və həmin Polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən «qarajlıq» deyilən yerə aparılmışdır. Burada ona sellofan kisədə narkotik vasitə marixuana veriləcəyi və video çəkilişlə həmin narkotik vasitənin ondan götürüləcəyi barədə əvvəlcədən təlimatlanlandırılmışdır. Bundan sonra ona bir ədəd narkotik vasitə qurudulmuş marixuana ilə dolu sellofan torba verilmiş və o əlində həmin torba ilə qarajların arxasından çıxarkən polislər tərəfindən tutularaq yenidən Sumqayıt şəhəri Polis İdarəsinin 1-ci Polis Bölməsinə aparılmışdır. Həmin bölmədə isə içində narkotik vasitə olan yuxarıda qeyd etdiyi sellofan torba ilə fotoşəkilləri çəkilmış və təhqiqatçı tərəfindən kompüterdə yazılmış bütün sənədləri imzalamaq məcburiyyətində qalmışdır. Bununla da, o, guya cinayət başında yaxalanmışdır. Polis əməkdaşlarının verdiyi, lakin ona aidiyyəti olmayan narkotik vasitə qurudulmuş marixuana, guya satış məqsədi ilə əldə etdiyi, ona məxsus narkotik vasitə kimi götürüərək sənədləşdirilmışdır. Vurğulanmalıdır ki, faktiki olaraq tutulduqdan sonra müdafiə hüquqları kobud şəkildə pozulmuş, hüquq və vəzifələri izah edilməmiş, dırnaq arası istintaq hərəkəti ona formal olaraq kağız üzərində təyin olunmuş müdafiəçinin iştirakı olmadan belə keçirilməklə keyfiyyətli hüquqi yardım almaq hüququ təmin edilməmiş, habelə latın qrafikasını bilmədiyindən təqdim olunmuş sənədləri, o cümlədən ifadələrinin yazıldığı protokolları belə, oxumadan imza etməli olmuşdur. Bundan başqa, saxlandıqdan sonra ona müdafiəçi təyin, sonra təqdim edilməli, məhz müdafiəçinin iştirakı ilə ətrafında istintaq hərəkətləri keçirilməli olduğu halda, o, faktiki olaraq şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı və məhkəmənin qərarı olmadan, habelə şübhəli şəxs qismində tutma protokolu tərtib ounmadan belə barəsində qanunsuz və əsassız olaraq küçədə şəxsi axtarış və götürmə aparılmışdır. 12 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində 48 saata tutulduqdan sonra barəsində «həbs» qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirildikdə məlum olmuşdur ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yox, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Bununla bağlı etraz və iradlarına baxmayaraq məhkəmə tərəfindən barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və onu Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasına göndərmişlər. Barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti bir neçə dəfə artırılaraq, birinci instansiya məhkəməsinin hökmü çıxarılanadək fasiləsiz olaraq düz 1 il 1 ay 4 gün, yəni 12 mart 2020-ci il tarixdən 16 aprel 2021-ci il tarixədək Sumqayıt RPİ-nin X7 və X3 saxlanılmışdır. Sumqayıt ŞPİ-nin İstintaq Şəbəsində aparılmış ibtidai araşdırma yekunlaşdıqdan sonra onu məhkəmə məsuliyyətinə vermişlər və Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 1(101)-191/2021 saylı hökmü ilə (sədrlik edən C.İ.Hüseynov, hakimlər E.H.İsmayılov və S.İ.Əliyev) Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, habelə əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilmiş və barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Həmin hökm ilə, həmçinin ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması da izah olunmuşdur. Qeyd edilən hökmdən narazı qalan dövlət ittihamçısı Orxan Səmədov apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 1(101)-191/2021 saylı hökmünün ləğv edilməsi, onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2021-ci il tarixli, 1(105)-433/2021 saylı qərarı ilə (sədrlik edən hakim X5) apellyasiya protestinin təmin edilməməsi və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 1 (101)-191/2021 saylı bəraət hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bu qərar elan olunduğu andan dərhal qanuni qüvvəyə minmişdir. Həmin qərardan dövlət ittihamçısı Səyavuş Sadıqov tərəfindən verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli, 1(102)-359/2022 saylı qərarı ilə (sədrlik edən hakim X1) həmin kassasiya şikayəti təmin edilməmiş və ona Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2021-ci il tarixli, 1(105)-433/2021 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə, ona məlum olmayan səbəblərdən, ola bilsin ki, kiminsə sifarişi ilə, ya da öz işlərindəki statistikanın xətrinə buna heç bir qanuni əsas olmadan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən əvvəlcə qanunsuz olaraq psixi və fiziki təzyiqlərə məruz qalmış, sonra da heç bir aidiyyəti olmayan ağır cinayətə görə məsuliyyətə cəlb olunaraq düz 1 il 1 ay 4 gün insanın ən ali arzusu, ən ülvi istəklərindən olan azadıqdan məhrum olmaqla Sumqayıt ŞPİ-nin X7 və 3 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. Bütün bu müddət ərzində səhhətində ciddi problemlər yaranmış, o cümlədən onda olan xəstəliklər daha da kəskinləşmişdir. Beləliklə, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmış, uzun müddət qapalı şəraitdə saxlanıldığından səhhətində ciddi problemlər yaranmışdır. Hazırda müalicəyə ehtiyacı vardır. Həmçinin hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 il 1 ay 4 gün həbsdə saxlanılaraq azadlıq hüququndan məhrum edilməsi onda son dərəcə inamsızlıq, narahatlıq, məyusluq hissləri keçirməsinə, streslər, əzab və əziyyətlər yaşamasına bilavasitə qaçılmaz səbəb olmuşdur. Bu hərəkətlər onun, həmçinin fiziki və mənəvi sarsıntılar keçirməsini labüd etmişdir. Belə ki, baş vermiş hadisə nəticəsində onun həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması mübahisəsizdir. Hazırda barəsində cinayət təqibi üzrə icraat qurtardığından cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq, iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 1(101)-191/2021 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(105)-433/2021 saylı qərarından görünür ki, bəraət hökmündən verilmiş apellyasiya protesti təmin edilməmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 1(101)-191/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-359/2022 saylı qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(105)-433/2021 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Yuxarıda sadalanan iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində (1 il 1 ay 4 gün) əsassız yerə həbsdə saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqazidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 13.000 (on üç min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 13.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı X2 vurulmuş mənəvi zərərə görə 13.000 (on üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı mənəvi zərərlə yanaşı ona cavabdeh tərəfindən maddi zərərin ödənilməsini də tələb etmişdir. Bu hissədə tələbini çəkdiyi məhkəmə xərcləri və məsrəfləri, hüquqi yardım və nəqliyyat xərcləri ilə əlaqələndirmişdir. Məhkəmə iddia tələbinin “nəqliyyat, məhkəmə xərcləri və məsrəfləri” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbini həmin hissədə kifayət qədər əsaslandırmamış və məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının hüquqi yardıma görə vəkilə ödəniş etməsini təsdiq edən sənəd (qəbz) məhkəməyə təqdim edilsə də, həmin qəbzdən məlum olur ki, qəbzin tarixi xx.xx.2023-cü il tarixə təsadüf edir. Məhkəmə qeyd edir ki, iddiaçının vəkilə ödəmiş olduğu məbləğ hazırki mülki işlə bağlıdır. Məhkəmə iddiaçının hazırki tələbi ilə hüquqi yardımdan istifadə etmədən də məhkəməyə müraciət edə biləcəyini, habelə cavabdehin iddiaçı tərəfindən öz istəyinə görə ona göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş məbləği ödəməyə borclu olmamasını nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı X2 vurulmuş mənəvi zərərə görə 13.000 (on üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2865/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2865/2023
23.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver