Məhkəmə qərarları › İş №e-2(006)-296/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-296/2024

25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-296/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-yə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-yə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40.000 manat mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlər «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum böyük qardaşının sağlamlıq imkanlarının məhdud olması həm ailələrinin, xüsusilə də qardaş olaraq onun iztirab yeri olmuşdur. O, demək olar ki, qardaşının vəfatına qədər həyatını qardaşının qorunmasına, sağlamlığını yenidən qazanmasına həsr etmişdir. Keçən bu uzun illərdə qardaşının yaşayış tərzinin çətinliklərdən uzaq olması üçün əlindən gələn hər şeyi etməyə çalışmışdır. Qardaşının sağlamlığında olan problemlər, atacağı hər addımda onu iki dəfə düşündürüb, qarşısına çıxan imkanlarda hər zaman ilk öncə qardaşını düşünüb ondan uzaq qalmasının qardaşına yaradacağı çətinliklərini nəzərə almalı olmuşdur. Qardaşı Anar hərbi xidmətdə Vətən borcunu yerinə yetirərkən xəstələnmişdir. Hərbi xidmətdə olduğu vaxt xəstəliyi ciddiyə alınmamış və vəziyyəti ağırlaşdıqdan sonra müayinə edilərək vərəm diaqnozu qoyulmuşdur. Vərəm diqanozunun nəticəsi olaraq Hərbi xidmətdən vaxtından əvvəl tərxis olunduqdan sonra həm qardaşı üçün, həm də özü və ailəsi üçün çətin günlər başlamışdır. Uzun illər vərəm xəstəliyindən əziyyət çəkməsi sonradan onun psixi pozğunluğuna gətirib çıxarmışdır. Uzun illər həm hərbi xidmət dövründə və sonrasında onların qardaşının sağlamlığı üçün çəkdikləri əziyyətlər həkim ehtiyatsızlığı ucbatından puç olmuşdur. Belə ki, qardaşı X18 Rayonlararası Psixiatriya Xəstəxanasında «psixi pozğunluq» diaqnozu ilə xəstəxanaya qəbul edilmişdir və diaqnoza uyğun olaraq konservativ müalicələrə başlanılmışdır. xx.xx.2022-xx.xx.2022-ci il aralığında qardaşının müalicəsi davam etmişdir. xx.xx.2022-ci il tarixdə stasionar müalicə müddətində diffuz peritonit nəticəsində qardaşının vəziyyəti ağırlaşmış, lakin bu patoloji vəziyyət müəyyən edilmədiyindən qardaşı vəfat etmişdir. Qardaşı psixi pozğunluqdan əziyyət çəkdiyi üçün ağrılarını büruzə vermək iqtidarında olmamışdır. xx.xx.2022-ci ildə saat 22 radələrində qardaşı qan qusmuş və vəziyyəti kəskin surətdə pisləşməyə başlamışdır. Bu səbəbdən X2 işçiləri X4 çağırış vermişdir. Həmin gün gecə növbəsində olan təqsirləndirilən şəxs - X14 çağırışı qəbul etmiş, həkim Vüsal Fərzəliyevin göstərişi ilə həmin xəstəxanaya getmiş və Anar Əsgərovun vəziyyəti ilə maraqlanmışdır. Xəstəxananın işçiləri xəstənin Mərkəzi Xəstəxanaya aparmasını istəsə də, Musayev Salman qan axmasının qarşısını alması üçün qardaşına hər ehtimala qanaxmasının qarşısını almaq üçün 2 ml «ditsinon» iynəsi vurmuşdur. O, qardaşını vəziyyətinin ağırlaşacağı təqdirdə xəstəxanaya aparacağını bildirmişdir və psixiatriya xəstəxanasının işçilərinin qardaşının vəziyyətilə bağlı xəbərdarlığına məhəl qoymamışdır. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 124-cü maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Bütün bunlardan aydın olur ki, təqsirləndirilən şəxs - X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. O, qardaşının ağır vəziyyətinə məhəl qoymayaraq ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmünə əsasən X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 10 %-i məbləğində pul tutmaqla 2 il müddətdə islah işləri cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Salyan rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmü ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Belə ki, Salyan rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, məhkum olunan şəxs X14 hadisəni törədərkən «Salyan Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin Təcili və X15 Stansiyasında feldşer işləmişdir. Göründüyü kimi, onun qardaşının vəfatına səbəb «Salyan Rayon Mərkəzi Xəstəxanası» publik hüququ şəxsinin TTTYS əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona qardaşının ölümü ilə bağlı dözülməz mənəvi zərər dəymişdir. Qardaşı onun üçün çox əziz və dəyərli idi. Qardaşının əvvəllər də zehni xəstəlikdən əziyyət çəkməsi və belə vəziyyətdə bu cür faciəvi şəkildə bir həkimin ehtiyatsızlığı ucbatından əziyyət çəkərək həyatdan köçməsi yadına düşdükcə ona izahı mümkün olmayanbir əzab verir. İllər boyu qardaşının müalicəsindən ötrü dəfələrlə həkimlərə, xəstəxanalara üz tutmuşlar. Düzdür, qardaşının diaqnozu ağır idi, amma yenə də ümidlərini azaltmamışlar. Hər dəfə əqli problemli qardaşının az da olsa, yaxşılaşacağını ümidlə gözləmişlər. Çox təəssüf, ümidlə gözlədikləri müalicənin axırı qəfil ölüm olmuşdur. Heç kimə zərəri dəyməyən, ürəyitəmiz qardaşının ölümü ürəklərinə dağ çəkmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qardaşının faciəvi şəkildə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı mənəvi sarsıntılar, stress, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Çəkdiyi mənəvi ziyanın dərəcəsini ondan başqa heç kəs bilə bilməz. Bu səbəbdən yuxarıda qeyd etdiyi halları, iztirabını, əzab və sarsıntılar nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 40.000 manat məbləğində pul cavabdehlər Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi «Salyan Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən müştərək qaydada alınaraq ona ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak etmiş cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin vəkili Vəkil2 iddianı qəbul etməmiş, iddiaya etiraz ərizəsi təqdim edərək onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının iddia ərizəsi ilə qəti surətdə razı deyil. Nəzərzə çatdırmaq istəyir ki, mərhum X13 uzun müdət vərəm xəstəliyindən əziyyət çəkmiş və psixologiyası alt-üst olmuşdur. Bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixdə mərhum Anar Əsgərovun vəziyyəti kifayət qədər kritikləşmiş və o, qan qusmağa başlamışdır. Bunu İddiaçı da öz ərizəsində qeyd etmişdir. Belə ki, Anar Əsgərov hərbi xidmət zamanı xəstələnmiş və daha sonra vəziyyəti ağırlaşmışdır. Vəziyyəti ağırlaşdıqdan sonra müayinə olunmuş və ona «Vərəm» diaqnozu qoyulmuşdur. Anar Əsgərovun uzun illər vərəm xəstəliyindən əziyyət çəkməsi onun psixologiyasının pozulmasına gətirib çıxarmışdır. Psixi pozuntu ilə əlaqədar X18 Rayonlararası Psixiatriya Xəstəxanasında «psixi pozuntu» dioqnozu ilə xəstəxanaya qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Anar Əsgərovun vəziyyəti kəskinləşmiş, qan qusmağa başlamışdır. Bu səbəbdən xx.xx.2022-ci il saat 22:00 radələrində xəstəxanaya X2 işçiləri tərəfindən çağırış verilmişdir. Xəstəxanada həmin gün gecə növbəsində olan X14 çağırışı qəbul edərək həmin xəstəxanaya getmiş və İddiaçı qardaşı Anar Əsgərovu müayinə etmişdir. Müayinə bitdikdən sonra Salman Musayev yenidən müəssisəyə qayıtmışdır. Lakin daha sonra xəstənin vəziyyəti pisləşmiş və vəfat etmişdir. Baş vermiş hadisə Salyan Rayon Məhkəməsi tərəfindən araşdırılmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı qərarına əsasən xəstəxananın işçisi X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 10 faizi miqdarında islah işləri cəzasına məhkum edilmişdir. Müəssisənin maliyyə vəziyyəti qənaətbəxş deyildir, iddiaçı tərəfindən tələb olunan məbləğin xəstəxana tərəfindən qarşılanması mümkünsüzdür. Qeyd etmək istəyir ki, Anar Əsgərovun vəfatı tamamilə X9 ehtiyatsızlığı və Anar Əsgərovun vəziyyətinin kritik olması ilə bağlıdır və Salman Musayev bu əməli ilə bağlı Salyan Rayon Məhkəməsi tərəfindən cəzalandırılmışdır. Bir daha bildirmək istəyir ki, İddiaçı qardaşı Anar Əsgərovun ölümündə xəstəxananın heç bir təqsiri olmamışdır. İddiaçı irəli sürdüyü iddiada cavabdeh kimi xəstəxananı göstərməsi isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı ona dəymiş mənəvi ziyanın ödənilməsi üçün xəstəxanaya 40.000 manat məbləğində iddia irəli sürmüşdür. Nəzərə çadırmaq istəyir ki, heç bir təqsirlərinin olmamasına baxmayaraq xəstəxananın bu məbləği ödəməsi qeyri-qanuni və əsassızdır. Çünki, xəstəxananın maliyyələşdirilməsi dövlət tərəfindən aparılmaqdadır və həmin maddi vəsait vətəndaşlara xidmət etmək və daha keyfiyyətli tibbi xidmət göstərmək üçündür. 40.000 manat müəssəsə tərəfindən ödəniləcəyi təqdirdə xəstəxananın maaliyə cəhətdən iflic olması qaçınılmazdır. Yuxarıda saydığı hallardan görünür ki, müəssisənin hazırki işə cavabdeh qismində cəlb olunması tamamilə qanunsuz və əsassızdır. İddiaçının qardaşı Anar Əsgərovun vəfatı X9 ehtiyatsızlığı ilə bağlıdır və hazırki işin müəssisə ilə heç bir əlaqəsi yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar əsassız faktlardan ibarət olmaqla yanaşı heç bir hüquqi əsası mövcud deyildir. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ məhkəməyə müraciət edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmündən görünür ki, X14 02 aprel 2020-ci il tarixdən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdaretmə Birliyi «Salyan Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin Təcili və X7 Stansiyasında feldşer vəzifəsində işləyərkən 15 may 2022-ci il tarixdə saat 21:00-dan 16 may 2022-ci il tarixə saat 09:00-dək xidməti üzrə növbədə olduğu müddətdə 15 may 2022-ci il tarixdə saat 21:54-də Salyan rayonu Şorsulu kəndində yerləşən Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında «şizofreniya paranoid forma» diaqnozu ilə müalicədə olan ağrılarını xəstəliyi səbəbindən büruzə vermək iqtidarında olmayan X5 qan qusması ilə bağlı həmin xəstəxananın tibb işçiləri tərəfindən Salyan Rayon Təcili və X7 Stansiyasına verilmiş çağırış əsasında göstərilən psixatriya xəstəxanasına gedib Anar Əsgərovu ilkin müayinə edərək onun nəbzini yoxlayıb təzyiqinin aşağı olduğunu müəyyən etdikdən sonra psixiatriya xəstəxanasının böyük tibb qardaşı X10, kiçik tibb işçiləri X6, X1 xəstə Anar Əsgərovun qan qusması barədə məlumat vermələrinə əhəmiyyət verməyib, sonuncunun ölümünə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda bunu görməyərək qüvvədə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş feldşerin nümunəvi vəzifə təlimatının 6, 9, 12-ci bəndləri ilə müəyyən olunmuş müalicə-profilaktika və sanitar-profilaktika yardımı, ağır xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin X7 göstərməklə həkimə qədər tibbi yardım göstərməli, əhalinin müxtəlif qruplarının (uşaqlar, yeniyetmələr, hamilə qadınlar, müharibə iştirakçıları və əlillər, ağır xəstəliklər keçirmiş pasiyentlər, xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər) dispanser müşahidəsini təşkil etməli və aparmalı olduğu halda həmin təlimatın tələblərini pozub, öz işinə laqeyd münasibət göstərməklə üzərinə düşən vəzifələrini yerinə yetirməyərək Anar Əsgərovda hər hansı qanaxma müşahidə etmədiyi üçün ona «burun qanaxması» diaqnozu qoyaraq qanaxmanın qarşının alınması üçün 2 ml «ditsinon» iynəsi vurmaqla kifayətlənib, patoloji vəziyyətilə əlaqədar Anar Əsgərovun profil üzrə mütəxəssis cərrah tərəfindən konsultativ baxışının təmin edilməsi və tibb müəssisəsində cərrahi müdaxilə icra edilməklə ixtisaslı tibbi yardım göstərilməsi məqsədilə hospitalizasiya etməməsi nəticəsində sonuncunun həmin gün saat 23:45-də müalicə aldığı Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiya səbəbindən ölümünə səbəb olmaqla, ehtiyatsızlıqdan adam öldürmə cinayətini törətmişdir. X14 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Hökmdə onun cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkməsinin əvvəlinin aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablanması, X9 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının X9 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilməsi barədə icrası məcburi digər göstərişlər də verilmişdir. Həmin hökm qanuni qüvvəyə minmişdir və hazırki mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli 3-28/2-96/2024 saylı məktubdan görünür ki, Salyan rayon Mərkəzi Xəstəxanası Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən 2020-ci il 01 yanvar tarixindən etibarən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyinə verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən mənəvi təzminat hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin feldşeri olmuş X9 təqsiri səbəbindən iddiaçının qardaşı vəfat etmişdir. Məhkəmə həmçinin vurğulayır ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və X8 haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə, iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə ağlabatan həddə, yəni 30.000 (otuz min) manat məbləğində pul vəsaiti tutulmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 30.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3.-ci maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar məhkəmə iddia qaldırarkən dövlət rüsumunun ödəməkdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə əlaqədar dövlət rüsumu ödəməkdən azad edilsə də, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən Dövlət büdcəsinə 210 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul vəsaiti cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən tutularaq İddiaçı ödənilməlidir. İddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 210 manat pul vəsaiti dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 180 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul vəsaiti cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 210 manat pul vəsaiti dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 180 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar