Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2965/2025 19.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 8 saylı X1 müəssisəsinə ezam olunduğu xidmət müddətində ödənilməmiş ezamiyyə xərclərinin məbləğinin müəyyən edilməsi, ödənilməmiş ezamiyyə xərclərinin, 8 saylı X1 müəssisəsində işlədiyi dövr üzrə iş saatlarından artıq əməyə cəlb olunduğuna görə ödənilməmiş məbləğin həcmiminin müəyyən edilməsi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.
Əsaslandırıcı hissə: a) Tətbiq olunan hüquq: 3.Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Maddə 3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Maddə 3.2. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Maddə 20.2. Penitensiar xidmətin və tibb xidmətinin əməkdaşları üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir: 20.2.4. Kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr: - ədliyyə giziri.
4. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı: Bənd 12. İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.
5. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə: Bənd 1.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti (bundan sonra - Penitensiar xidmət) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 153.2.1-ci maddə. Ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
b) Məhkəmənin mövqeyi:
8. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı pozulmuş hüquqlarının bərpası məqsədilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Penitensiar xidmətin 8 saylı X1 müəssisəsinin əməliyyat-rejim şöbəsinin nəzarətçisi ədliyyə giziri İddiaçı ədliyyə qulluqçusu olmuşdur. Yəni, iddiaçı dövlət qulluğunun xüsusi növündə - Ədliyyə orqanlarında qulluq keçən işçi olmuşdur. Belə olan halda məhkəmə Ali Məhkəmənin Plenumunun qərarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbinə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında müvafiq inzibati məhkəmədə baxılmalıdır. Çünki, hazırkı iddia tələbinə baxılması rayon məhkəməsinin səlahiyyətlərinə deyil, inzibati məhkəmənin səlahiyyətinə aiddir. Buna görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
Nəticə:
9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırkı məsələ ilə bağlı inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova