Məhkəmə qərarları › İş №e-2(006)-3036/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3036/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3036/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmlakın girovdan azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı «əmlakın girovdan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan və banka ipoteka qoyulmuş ipoteka predmeti olan «Chevrolet Cruze» markalı **-CV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin girovdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 qarşı «borcun tutulması və tutumun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-207/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 107130-1-3546/2 nömrəli «Nağd pul krediti Müqaviləsi»nə əsasən xx.xx.2023-cü il tarixinə banka borcu olduğu 133158,89 ABŞ dolları məbləğində əsas borc, 7987,69 ABŞ dolları məbləğində faiz, 760,71 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə isə 21907,29 ABŞ dolları pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 155,72 manat dövlət rüsumunun qanun üzrə vərəsəsi İddiaçı tutularaq Cavabdeh Açıq Səhimdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh X1 mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş ipoteka predmeti olan «Chevrolet Cruze» minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən, qeyd edilən pul məbləğinin Cavabdeh ASC-yə ödənilməsi barədə iddiası iş üzrə iddia müddəti ötürülməsi səbəbindən rədd edilmişdir. Belə ki, cavabdeh X6 ilə Cavabdeh ASC arasında bağlanmış 107130-1-3546 saylı, xx.xx.2012-ci il tarixli «Avtomobil krediti müqaviləsi»nə əsasən cavabdehə avtomobil satın alınması üçün 60 ay müddətinə illik 18 % hesablanmaqla 22056 ABŞ dolları məbləğində kredit verilmişdir. «Kredit müqaviləsi»ndən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi Bank ilə cavabdeh arasında 1071xx-xx-3878 saylı, xx.xx.2012-ci il tarixli «İpoteka müqaviləsi (avtomobil)» bağlanılmışdır və həmin müqaviləyə əsasən ipoteka qoyanın mülkiyyətində olan «Chevrolet Cruze» minik markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayanın, iddiaçının xeyirinə yüklü edilmişdir. Bundan başqa, Bankla İ.X.Hənifəyev arasında bağlanmış «xx.xx.2012-ci il tarixli 107130-1-3546 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 27 avqust 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən İ.X.Hənifəyevin Banka xx.xx.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 12872.96 ABŞ dolları məbləğində borcu illik 18 % hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, tərəflər arasında xx.xx.2015-ci il tarixli 1071xx-xx-3878 saylı ipoteka müqaviləsinə 27 avqust 2015-ci il tarixli 1 saylı Razılaşma bağlanmışdır. Bundan başqa, bankla İ.X.Hənifəyev arasında bağlanmış «xx.xx.2012-ci il tarixli 107130-1-3546 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 15 yanvar 2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən İ.X.Hənifəyevin Banka xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 13570 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 19 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, tərəflər arasında xx.xx.2016-cı il tarixli 1071xx-xx-3878 saylı ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixli 2 saylı Razılaşma bağlanmışdır. xx.xx.2023-cü il tarixli 2 saylı razılaşmaya əsasən 13570.00 ABŞ dolları məbləğində krediti 19 ay müddətinə xx.xx.2017-ci il tarixədək qaytarmaqla bağlı tərəflər öz üzərinə öhdəlik götürmüşlər. Cavabdeh tərəfindən sonuncu 140 manat kredit borcunu xx.xx.2018-ci il tarixdə e-manat vasitəsi ilə iddiaçıya məxsus hesaba ödəniş etmişdir. Belə olduğu halda tərəflər arasında sonuncu dəfə xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən kredit müqaviləsi üzrə öhdəliyin bitməsi 19 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək nəzərədə tutulmuş olsada, lakin cavabdeh sonuncu 140 manat kredit borcunu xx.xx.2018-ci il tarixdə e-manat vasitəsi ilə iddiaçıya məxsus hesaba ödəniş etmişdir. Belə olduğu halda iddia müddətinin axımı cavabdehin iddiaçıya məxsus hesaba 140 manat ödəniş etdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Cavabdehin iddiaçıya məxsus hesaba sonuncu ödəniş tarixi xx.xx.2018-ci il tarixdən tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən kredit müqaviləsi üzrə öhdəliyin 19 ay müdətinə bitməsinə əsalanan iddiaçı hesab edir ki, iddia müddətinin bitməsi üçün sonuncu gün xx.xx.2021-ci il tarixdə bitmişdir. Amma buna baxmayaraq iddiaçı iddia ərizəsini xx.xx.2021-ci il tarixədək 3 il müddətinə verməli olduğu halda 3 illik iddia müddətini ötürərək iddia ərizəsini xx.xx.2023-cü il taixdə, yəni 5 il 3 ay 28 gün sonra elektron məhkəmə sistemi vasitəsi ilə Abşeron rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə haqlı olaraq, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müqavilə tələblərindən irəli gəldiyindən və iddia müddəti ötürüldüyündən məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. Avtomobilin girovda qalması iddiaçının mülkiyyət hüquqularını pozur. Belə olan halda hesab edir ki, banka ipoteka qoyulmuş ipoteka predmeti olan «Chevrolet Cruze» minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil girovdan azad edilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini qeyd edərək, məhkəmədən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılması və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya etiraz göndərmiş və qeyd etmişdir ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh ASC-yə qarşı «əmlakın girovdan azad edilməsi» tələbinə dair iddiası üzrə mülki iş vardır. İddia tələbinə və iddia ərizəsinin əsaslandığı dəlillərə etiraz edirlər. İddiaçı əmlakın girovdan azad edilməsinə dair iddia tələbinin dəlili əsassız olduğundan onunla razılaşmırlar. Birinci halla bağlı bildirmək istəyir ki, Abşeron rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli e-2(012)-207/2024 saylı qətnaməsi ilə Cavabdeh ASC tərəfindən X1 vərəsəsi X4 qarşı qaldırılmış iddia rədd edilmişdir. Qeyd olunur ki, X6 (vəfat edən) ilə Cavabdeh ASC arasında xx.xx.2012-ci il tarixdə 107130-1-3546 saylı «Avtomobil kredit müqaviləsi» bağlanmışdır. «Kredit müqaviləsi»ndən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka qoyanın mülkiyyətində olan «Chevrolet Cruze» minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayanın/Bankın xeyrinə yüklü edilmişdir. İddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan avtomobilin girovdan azad edilməsini məhkəmədən xahiş edir. Halbuki avtomobilin girovdan azad edilməsi borclu tərəfindən kredit müqaviləsi üzrə borc tam ödənildikdən sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Göründüyü kimi, Abşeron rayon Məhkəməsinin e-2(012)-207/2024 saylı qətnaməsi ilə iddia rədd olunsa da, bu, ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İş materiallarından göründüyü kimi, X6 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və xx.xx.2017-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı ona düşən pay üzrə vərəsəliyini qəbul etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 vafat etdiyi tarix üzrə 13904.65 ABŞ dolları məbləğində borcu hesablanmışdır və hal-hazırda qeyd olunan borcda heç bir dəyişiklik yoxdur. Bu isə iddiaçının «hüququnun pozulduğu»na dair iddiasındakı məqsədinin hüququnun bərpa edilməsi deyil, əksinə məhkəmə sisteminin mühüm vaxtının alınmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, aparılan araşdırmalar zamanı iddiaçının bildirdikləri öz təsdiqini tapmamışdır. Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Göründüyü kimi, İddiaçı tərəfindən, əmlakın girovdan azad edilməsi tələbinə uyğun olaraq heç bir hərəkətlər görülməmişdir. Bütün göstərilənlər iddia ərizəsinin tam əsassız olduğunu sübut edir, odur ki, təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı X3 əmlakın girovdan azad edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli e-2(012)-207/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh X5 qarşı «pul» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 noyabr 2016-cı il tarixli AZ-İ seriyalı 837117 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində insultdan vəfat etmiş, 15 noyabr 2016-cı il tarixdə bu barədə müvafiq akt qeydləri kitabında 1438 saylı akt qeydi aparılmışdır. Cavabdeh tərəfindən məhkəməyə verilmiş məlumatdan aydın olur ki, X6 vəfat edəndən sonra, İddiaçı mərhumun vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat orqanına müraciət etmiş, xx.xx.2017-ci il tarixdə adına müvafiq şəhadətnamə verilmiş və o, özünə düşən pay həddində vərəsəliyi qəbul etmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. “İpoteka haqqında” azərbaycan Respublikası Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli e-2(012)-207/2024 saylı qətnaməsindən göründüyü kimi, Cavabdeh ASC ilə X6 arasında bağlanmış kredit müqaviləsi üzrə tələblərə münasibətdə iddia müddəti keçsə də, bu, həmin müqavilənin təminatı kimi çıxış edən ipoteka (girov) müqaviləsi üzrə yüklü edilmiş «Chevrolet Cruze» markalı **-CV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə münasibətdə ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb deyil. Qanunvericilikdə ipotekaya xitam verilməsinin dəqiq əsasları müəyyən edilmişdir. İddiaçının irəli sürdüyü dəlil ipotekaya xitam verilməsi üçün qanunla müəyyən edilmiş əsaslarda qeyd edilməmişdir.Bu səbəbdən, iddia əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «əmlakın girovdan azad edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əmlakın girovdan azad edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar