Məhkəmə qərarları › İş №e-2(006)-3111/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3111/2022

29.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3111/2022 29.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «aliment tələbi»nə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «alimentin yarısının bank hesabına köçürülməsi tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi nikah qeydiyyatı aparılmadan ailə münasibətlərində olmuşlar. Tərəflərin xx.xx.2019-cu il təvəllüdlü X7 adlı bir övladları dünyaya gəlmişdir. Hal-hazırda tərəflər faktiki ayrı yaşayırlar. xx.xx.2019-cu il təvəllüdlü X7 anası, yəni İddiaçı himayəsində yaşayır. Tərəflər xx.xx.2021-ci il tarixdə Mediasiya mərhələsində “Barışıq sazişi” bağlamışdılar. Həmin sazişə əsasən Cavabdeh 05 dekabr 2021-ci i tarixdən başlayaraq övladı X1 üçün 500 manat ödəyir. Mediasiya prosesi aparılarkən cavabdeh işsiz olduğunu qeyd etmişdir. Məhz bu səbəbdən də, tərəflər ümumi razılığa gəlmişdirlər. Bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh ona işləməməsi barədə yalnış məlumat vermişdir. Bu məlumatın doğruluğunu dəqiqləşdirmək üçün, xx.xx.2022-ci il tarixdə “MediClub M.M.M” şirkətinə tərəflərindən rəsmi sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə “MediClub M.M.M” tərəfindən bildirilmişdir ki, Cavabdeh həqiqətən də “MediClub M.M.M” tibbi servis şirkətində xx.xx.2020-ci il tarixdən “Off shore” tibbi xidmətlər üzrə menecer vəzifəsində çalışır və orta əmək haqqı Ştat cədvəlinə uyğun olaraq 6.134 manat təşkil edir. Göstərilənlərə əsasən tərəflərin xx.xx.2019-cu il tarixdə anadan olmuş X12 adlı oğlunun saxlanılması üçün Cavabdeh 1 uşağa görə—qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, X1 üçün müəyyən edilən alimentin tutulma vaxtının 2021-ci ilin noyabr ayından başlayaraq hesablanmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı «alimentin yarısının bank hesabına köçürülməsi tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış və mediator X5 tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən, cavabdeh hər ay xx.xx.2019-cu il təvəllüdlü övladı X2 üçün iddiaçıya 500 manat məbləğində aliment ödəyir. Hazırda iddiaçı tərəfindən alimentin məbləğinin artırılmasına dair iddia qaldırılıb və iş məhkəmənin icraatındadır. Uşağa görə ödənilən alimentin yarısı onun adına müvafiq bank hesabı açılaraq, həmin hesaba köçürülməsi daha uyğundur. Əgər gələcəkdə alimentin miqdarı artırılmasa belə, hazırda ödənilən 500 manat bir uşağın ehtiyaclarının ödənilməsi üçün hazırda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən olunduğunu nəzərə alınsa, bu, yüksək məbləğ hesab olunmalıdır. Hətta 500 manatın yarısı 250 manat da yaşayış minimumundan 57 manat çoxdur. Həmçinin cavabdehdən əlavə, iddiaçının da bir valideyn kimi övladını saxlamaq vəzifəsi var. Göstərilənlərə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdeh tərəfindən ödənilən aliment məbləğinin yarısının onun adına açılacaq bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinə etiraz edərək, tələbin baxılmamış saxlanılmasını, qarşılıqlı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş AZ-İV № 333196 saylı doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 06 sentyabr 2019-cu ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin iddia üzrə iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən ilkin iddia üzrə iddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan "xxxx" MMM-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh "xxxx" MMM tibbi servis şirkətində xx.xx.2020-ci il tarixindən “Off shore” tibbi xidmətlər üzrə menecer vəzifəsində çalışır. Cavabdeh orta əmək haqqı ştat cədvəlinə uyğun olaraq 6134 manat məbləğində təşkil etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin faktiki nikahlarından bir övladları anadan olmuş, hazırda tərəflərin münasibətləri pozulmuş, onlar birgə yaşamırlar, hazırda ilkin iddia üzrə iddiaçı aliment tələb edir, ilkin iddia üzrə cavabdeh isə ödənilən alimentin yarısının bank hesabına köçürülməsini tələb edir. Əsaslandırıcı hissə: Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə— valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMTnin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə ilkin iddia tələbinin “X1 üçün müəyyən edilən alimentin tutulma vaxtının 2021-ci ilin noyabr ayından başlayaraq hesablanması” hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə alimentin hər ay 500 manat məbləğində olmaqla ödənilməsi barədə razılıq əldə edilməsi ilə bağlı barışıq sazişi bağlanılsa da, lakin sonradan məlum olmuşdur ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh işləməməsi barədə yanlış məlumat verilmişdir. Belə ki, ilkin iddia üzrə cavabdehin rəsmi iş yeri olmaqla, əmək haqqı məbləği 6134 manat təşkil edir. Belə olan halda, ilkin iddia üzrə iddiaçı hazırki iddia tələbini qaldırmaqda haqlı olmuşdur. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Məhkəmə qeyd edir ki, əgər müəyyən olunarsa ki, valideyn alimenti tam olaraq təyinatı üzrə, yəni uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərcləmir, belə halda 55.3-cü maddə tətbiq edilə bilər. Göründüyü kimi bu norma dispozitivdir, imperativ deyil. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia üzrə cavabdehin aldığı aliment məbləğinin uşağın xərclərindən kənara xərcləməsini sübut edəcək heç bir hal göstərilməmişdir. Əksinə, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə alimentin tutulmasına əsas olan amilləri, alimentin uşağın saxlanmasına, təhsil və tərbiyəsinə xərclənən vəsait olmasını və ən əsası alimentin miqdarının uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməli olmasını nəzərə almamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə “ilkin iddianın baxılmamış saxlanılması barədə ərizə” ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi alimentin artırılması barədə deyil, məhz aliment tələbidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edilən ərizənin “alimentin artırılmasına dair dövlət rüsumunun ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edilən ərizənin “tərəflərin mediasiya prosesində iştirak qaydasının pozulması və ilkin iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması” hissəsi ilə bağlı qeyd edir ki, həmin hallar məhkəmə tərəfindən öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin faktiki nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda aliment tutularaq İddiaçı verilməli, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə -100 manat məbləğində dövlət rüsumu tutulur. Hazırki halda, məhkəmə hesab edir ki, aliment məbləğinin ¼ hissədə tələb edilməsi qiymətləndirilməyən iddialar katerqoriyasına aid edildiyindən, dövlət rüsumunun məbləği 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin faktiki nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda aliment tutularaq İddiaçı verilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Dövlət rüsumu olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar