Məhkəmə qərarları › İş №e-2(006)-3190/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3190/2022

28.10.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3190/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK (hazırda QSC) ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə, ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllə, 2-ci bina, mənzil 7, sahəsi 113,2 kv.m. olan 3 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh 134.400 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqaviləsinin 7.3-cü bəndinə Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 5-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu borcu 19.980 manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozulmuşdur. "xxxx" MTK (hazırda QSC) ilə "xxxx" ASC arasında X2 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq QSC-nin daşınmaz əmlakları və əmanəti həmin bankın girovundadır. Bundan başqa, bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. AAB ASC ilə "xxxx" MTK (hazırda QSC) arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği QSCnin ABB ASC-də yerləşdirilmiş əmanətinə yönəldirilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 134.400 manat kredit götürmüşdür. İddiaçı və cavabdeh arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və QSC qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaaminlik müqavilələri ləğv edilir, payçı QSC-dən aldığı mənzili geri qaytarır, QSC isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında QSC-yə ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borcu və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 və 8.11-ci bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcə də kredit müqaviləsinin 7.3, 13.2, 13.9-cu bəndlərinin şərtlərini kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqaviləsinin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən "xxxx" MTK (hazırda QSC) və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllə, 2-ci bina, mənzil 7, sahəsi 133,2 kv.m. olan 3 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc ala isə qeyrişərtsiz olaraq həmin sahəni boşaldır. "xxxx" MTK (hazırda QSC) zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllə, 2-ci bina, mənzil 7, sahəsi 113,2 kv.m. olan 3 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. "xxxx" MTK (hazırda QSC) Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X3 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə özü olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllə, 2-ci bina, mənzil 7, sahəsi 113,2 kv.m. olan 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə , həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda QSC maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərər uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq "xxxx" MTK (hazırda QSC) ilə Cavabdeh arasında bağlanmış ********* saylı xx.xx.2019-cu il tarixli Payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllə, 2-ci bina, 7 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı "xxxx" QSC-ya qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh ödəmənin hazırda tam mümkün olmadığını, gecikmələrinin isə ölkədə baş vermiş pandemiya nəticəsində yarandığını qeyd etmişdir.

5. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, ********* nömrəli payçı müqaviləsinin surətindən görünür ki, MTK pay qismində çıxış edən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllədə tikilməkdə olan 2-ci binasında, 1-ci blok, 1-ci mərtəbə 7L №-li, 3 otaqlı mənzil tikib və payçı Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Payçı bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 3324-cü məhəllədə tikilməkdə olan 2-ci binasında, 1-ci blok, 1-ci mərtəbə, 7L №-li, 3 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin "xxxx" MTK-nın Əcəmi filialı yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-2.4-cü bəndərinə əsasən mənzilin hesablaşma sahəsi 113,2 kv.m. təşkil etmişdir. Mənzilin 1 kv.m. - 1593,64 manat olmaqla, müqavilənin ümumi dəyəri 180.400 manat təşkil etmişdir. Müqavilənin ilkin ödənişi 25,48 faiz, yəni 45.960 manatdır. Payçı Cavabdeh müqavilə qiymətinin qalan 134.440 manata bərabər tutulan məbləğini, payçı, MTK və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.

7. İş materiallarında olan «Borc verən» qismində "xxxx" ASC ilə «Borc alan» qismində Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 030 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" MTK ilə borcverən "xxxx" ASC arasında bağlanmış X2 saziş çərçivəsində borc verən bu müqaviləyə əsasən borc alan Cavabdeh 240 ay müddətinə (xx.xx.2039-cu il tarixədək) 134.440 manat məbləğində, kreditdən istifadəyə görə illik 10% faiz ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verən "xxxx" ASC-yə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Kreditin təyinatı: Saziş çərçivəsində ünvan 1 ünvanında tikilən, bina 2, 1 blok, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 113,2 kv.m. olan 3 otaqlı 7L nömrəli mənzilin alınması.

8. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 030-X.İ. nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" MTK Cavabdeh ilə kreditor arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030 nömrəli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca iccra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh və "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli mənzilin kreditinə tutmanın yönəldilməsi haqqında bildirişindən görünür ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030 №-li təminatlı kredit müqaviləsinə əsasən bank Cavabdeh 134.440 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə, kredit üzrə faizləri hər ayın 05-i tarixdən gec olmayaraq ödəməli idi. Borclu Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş cədvəli üzrə əsas və faiz borcu 19980 manat təşkil edir və bununla da o müqavilə şərtlərini və AR Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Kredit müqaviləsinin 13.2-ci bəndinə əsasən borcalan öz üzərinə götürdüyü öhəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borc alan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər müddətində aparılmadıqda Borc verən Borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2019-cu il tarixli 030 №-li "xxxx" QSC Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3224-cü məhəllə, 2ci bina, blok 1, 1-ci mərtəbə, 7L nömrəli, 3 otaqlı, 113,2 kv.m. olan mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirirlər ki, 5 iş günü müddətində banka olan ödəniş cədvəli üzrə 19980 manat borcu ödəməsə, ABB borcu tələb etməklə 030 №-li 030 №-li xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini "xxxx" QSC yə müraciət edərək, o isə öz növbəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3224-cü məhəllə, 2-ci bina, blok 1, 1-ci mərtəbə, 7L nömrəli, 3 otaqlı, 113,2 kv.m. olan mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir.

10. İş materiallarında olan "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, "xxxx" MTK-nın (hal-hazırda QSC) Əcəmi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli payçı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllə, bina 117B, mərtəbə 1, 3 otaqlı, 7L saylı mənzilin Cavabdeh satılması nəzərdə tutulmuşdur. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli payçı müqaviləsində nəzərdə tutulan mənzil dəyərinin ödənilməsi üçün Cavabdeh "xxxx" ASC tərəfindən kredit verilmişdir. Tərəflər arasında izalanmış kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-yə xx.xx.2022-c il tarixə aylıq kredit məbləğindən 19.950 manat borcu qalmaqdadır. Nəzərinə çatdırmaq istəyirlər ki, bu məktubun çatdırılma tarixdən 10 gün ərzində 19950 manat dəyərində borc məbləği "xxxx" ASC-yə Cavabdeh tərəfindən ödənilmədiyi halda bütün mümkün hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəkdir.

11. İş materiallarında olan "xxxx" ASC-nin Səbail filialı tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2019-cu il tarixli, 030 saylı kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kreditlərin təminatı olaraq ABB ASC ilə "xxxx" QSC arasında bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği "xxxx" QSC-nin ABB ASC-də yerləşdirilmiş əmanətinə yönləndirilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixdə payçı müqaviləsinə əsasən "xxxx" MTK (hazırda QSC) Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllə, bina 117B, mərtəbə 1, 3 otaqlı, 7L saylı mənzili tikib payçı Cavabdeh mülkiyyətinə verməyi, payçı isə müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi qiyməti 180.400 manat olmuş, Cavabdeh 45.960 manat ilkin ödəniş etmiş, qalan 134.440 manat pulu "xxxx" ASC ilə aralarında bağlanan kredit müqaviləsinə əsasən bankdan aldığı kredit vəsaiti hesabına ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 240 ay müddətinə, illik 10%-lə 134.440 manat kredit verilmişdir. "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış zaminlik müqaviləsinə əsasən MTK həmin müqavilə üzrə öhdəliklərin icrasının təmini üçün zamin durmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun 19.980 manat borcu yaranmışdır. Cavabdehin bank qarşısında öhdəliyini icra etmədiyinə görə bank qalıq borc məbləği iddiaçının bankda yerləşdirilmiş əmanətinə yönəldirilmişdir. Hazırda iddiaçı pay müqaviləsinin ləğv edilməsini, cavabdehin mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini məhkəmədən xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır və təmin edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) .

16. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

17. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır.

18. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

19. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).

20. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

21. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

22. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.

23. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir.

24. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir.

26. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli payçı müqaviləsinin 4.2.7-ci və 8.1-ci bəndlərinə əsasən Cavabdeh müqavilə üzrə öhdəliklərin lazımınca icra edilmədiyi halda iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vardır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

30. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

31. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən müqavilə üzrə aylıq ödənişlərin lazımınca edilməməsi əhəmiyyətli pozuntudur. Bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı zamindir və iddiaçı "xxxx" QSC bu müqavilə üzrə öhdəliklərin icrasına görə cavabdehlə birgə məsuliyyt daşıyır. Göründüyü kimi, "xxxx" QSC-nin Cavabdeh ilə bağlanmış müqavilənin ləğv edilməsini tələb etməsi həm tərəflər arasında bağlanmış müqaviləyə, həm də mülki qanunvericiliyə uyğundur.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli payçı müqaviləsi ləğv edilməlidir.

33. Məhkəmə iddia tələbinin cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya qaytarılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

36. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən payçı Cavabdeh tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutulan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında "xxxx" MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda MTK "xxxx" ASC və payçı Cavabdeh arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirməlidir.

38. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin 2 ay müddətindən artıq gecikdirildiyi halda, "xxxx" MTK müqaviləni birtərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçı Cavabdeh qaytarılır.

39. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh tərəfindən üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda mənzilin iddiaçıya qaytarılması müəyyən edilmişdir.

40. Eyni zamanda bu bənd Azərbaycan Respublikası Mülki Məcəlləsinə də uyğundur.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

42. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilməsə də, nəzərə alınmalıdır ki, onun ödənilməmiş 19.980 manat məbləğində borcu qalmışdır. Bu isə o deməkdir ki, öhdəliyin müəyyən hissəsi cavabdeh tərəfindən icra edilmiş, hazırda iddiaçıya qaytarılması müəyyən edilən mənzil üçün cavabdeh müəyyən qədər pul ödəmişdir.

43. Belə olan halda həmin mənzilin iddiaçıya qaytarılması həm də ona görə vacibdir ki, iddiaçı bu mənzili satışa çıxararaq başqa şəxsə satsın və müqavilədə müəyyənləşdirilmiş bəzi xərcləri çıxdıqdan sonra qalan məbləği cavabdehə qaytarsın. Belə ki, bu şərt tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndində qeyd edilmişdir. Odur ki, mənzilin iddiaçıya qaytarılması həm də cavabdehin mənafeyinə xidmət etmiş olur.

44. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" MTK (hazırda "xxxx" QSC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ********* saylı payçı müqaviləsi ləğv edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllə, 2-ci bina, 7 saylı mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı "xxxx" QSC-yə təhvil verilməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

48. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi (hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ********* saylı payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllə, 2-ci bina, 7 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar