Məhkəmə qərarları › İş №e-2(006)-325/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-325/2025

30.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-325/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialının vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialına qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialına qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialından iddiaçıya ödənilməmiş əmək haqqına görə 61193 (altımış bir min yüz doxsan üç) manat, əmək haqqının gecikdirilməsinə görə 23950 (iyirmi üç min doqquz yüz əlli) manat və iddiaçıya vurulmuş mənəvi ziyana görə 10000 (on min) manat, cəmi 95143 (doxsan beş min yüz qırx üç) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialında Sürücü vəzifəsində işləmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən beş günlük iş həftəsi və gündəlik səkkiz saat olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmuşdur. Lakin İddiaçı ilə 5 günlük iş və 40 saatlıq həftəlik iş vaxtı olması barədə əmək müqaviləsi bağlanmasına baxmayaraq, həftənin 6-cı günü və iş vaxtından əlavə də işləmişdir. İddiaçı 2018-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialında ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 07:00-dan 18:15-dək və eyni zamanda iş vatından əlavə olaraq işləmişdir. Buna baxmayaraq, iddiaçıya əlavə işlədiyi günlərə görə heç bir ödəniş verilməmişdir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verildikdən sonra, iddiaçı şənbə günləri və iş vaxtından əlavə işlədiyinə görə əlavə əmək haqqı ödənişlərini cavabdehdən tələb etdikdə, cavabdeh bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsində bütün bu hallar öz əksini tapıb və şirkətin sizə hər hansı verəcəyi qalmamışdır. İddiaçı Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialında 2018-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayınadək ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 07:00-dan 18:15dək və eyni zamanda iş vatından əlavə olaraq işlədiyi müddəti hesabladıqda, cavabdeh tərəfindən iddiaçıya əlavə iş saatına görə 4949 (4949 saatX10AZN=49490 AZN) manat, qeyri-iş günlərinə görə 11703 manat olmaqla, ümumilikdə cavabdeh tərəfindən iddiaçıya 61193 (altımış bir min yüz doxsan üç) manat məbləğində əlavə iş saatları və qeyri iş günləri işlədiyinə görə əmək haqqı ödəməli idi. İddiaçı iş vaxtından artıq vaxtda işə cəlb olunduğuna görə əlavə əmək haqqı ödənişini tələb etmiş, lakin cavabdeh “X1 Services LTD” şirkətininin filialı tərəfindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 61193 (altımış bir min yüz doxsan üç) manat məbləğində əlavə iş saatları və qeyri-iş günləri işlədiyinə görə əmək haqqı ödənilməmişdir. Odur ki, əmək haqqı ilə yanaşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-cı maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının gecikdirilməsinə görə hər gün üçün bir faiz məbləğ hesablanmaqla, cəmi 23950 (iyirmi üç min doqquz yüz əlli) manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən əsassız olaraq uzun müddət iddiaçının əmək haqqı ödənilmədiyi üçün iddiaçı ailəsinin maddi tələbatlarını ödəyə bilməmişdir. Nəticədə, ailəsinin minimal maddi tələbatlarının təmin edilməsi mümkün olmadığı üçün iddiaçı uzun müddətdir ki, psixoloji və mənəvi sarsıntı keçirmişdir.

3. Cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialı tərəfindən etiraz göndərilərək əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə rəsmi əmək müqaviləsi bağlamışdır. İşlədiyi yerdə şəxs üçün yüksək səviyyədə əmək şəraiti yaradılmış, yüksək əmək haqqı ilə təmin olunmuşdur. Əmək haqqı rəsmi qaydada ödənilmiş, pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş lazımi tədbirlər yerinə yetirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.8-ci maddəsinə əsasən işçi gündə 8 saatdan və həftədə 40 saatdan artıq olmayaraq işləyir. Müqavilənin 4.9-cu maddəsinə əsasən əsas iş vaxtı vəzifə təlimatına əsasən müəyyən olunur. Müqavilənin 4.10-cu maddəsinə əsasən istirahət günləri vəzifə təlimatına əsasən müəyyən olunur. İddiaçı tərəfindən imzalanmış vəzifə təlimatına əsasən gündəlik iş saatları 6 saat 40 dəqiqə, həmçinin istirahət günü həftədə bir gün müəyyən olunmuşdur. Beləliklə, buradan aydın və birmənalı göründüyü kimi müqavilənin şərtlərinə əsasən istirahət günü həftədə bir gün müəyyən edildiyindən həftənin şənbə günü iş günü kimi müəyyən edilmişdir. Buna görə də şənbə günü qeyri-iş günü olmadığından həmin gün işlədiyinə görə iddiaçının əlavə əmək haqqı tələbi tamamilə qanunsuz və əsassızdır. İddiaçının əmək müqaviləsinə əlavədə qeyd olunur ki, iş vaxtının hesablanmasında iş vaxtının cəmlənmiş uçotu qaydaları tətbiq edilir. Belə ki, iddiaçı gündə 6 saat 40 dəqiqə, həftədə 40 saatdan çox olmayaraq həftədə 6 gün işləmişdir. Beləliklə də qanunvericiliyin bununla bağlı heç bir tələbi pozulmamışdır. İddiaçı tərəfindən imzalanmış əmək müqaviləsinə əlavənin şərtlərinə əsasən iş saatlarının hesablanmasında iş vaxtının cəmlənmiş uçotu tətbiq edilir. İş və istirahət vaxtları növbə cədvəlləri ilə tənzim olunur. İş materiallarında olan növbə cədvəllərindən göründüyü kimi işçi səhər saat 07:00-dan 10:00-a qədər və günortadan sonra isə 15:40-dan 18:50-yə qədər işləməlidir. Bu zamanlar arasında olan müddət isə iş vaxtı hesab olunmur və işçinin sərbəst qeyri-iş saatlarıdır. Bu zamandan işçi sərbəst olaraq istifadə edir, o istədiyi təqdirdə evinə və ya başqa bir yerə gedə bilər və ya iş yerində yaradılmış istirahət zalında gözləyə bilər. Bu zaman işçilərə pulsuz yemək, isti və soyuq içkilər də verilir. Gözləmə zalında yaradılmış komfort şərait iş materiallarına əlavə edilmiş şəkillərdən aydın görünür. Əvvəllər işçilərə bu fasilə zamanı şirkətin onlara həvalə edilmiş maşınları ilə evə getməyə də icazə verilmiş, lakin sonradan sürücülərin şirkətin maşını ilə bu zaman kəsiyində taksi xidməti göstərdikləri aşkar edildiyindən buna qadağa qoyulmuş və fasilə zamanı ictiami nəqliyyat ilə evə gedib qayıtmağa icazə verilmişdir. Bu sürücülərin o cümlədən iddiaçının yeganə işləri şirkətin əməkdaşlarının Bakı şəhərinin müxtəlif yerlərindən səhər dərin özüllər zavoduna aparmaq, axşam isə geriyə gətirməkdən ibarət olmuşdur. Bunun üçün səhər maksimum 1,5 saat, axşam da 1,5 saat vaxt sərf olunur. Qalan bütün müddət ərzində isə sürücülər boş qalır və heç bir iş görmürlər. Məhz buna görə də müəssisədə iş vaxtının cəmlənmiş uçotu rejimi tətbiq edilməklə iş vaxtı ortada 5,7 saat fasilə müəyyən edilməklə iki hissəyə ayrılmışdır. Sürücülər isə gündə ən çoxu 3-4 saat işləyirlər. Bunu iddiaçının özünün məhkəməyə təqdim etdiyi cədvəldə əks olunan idarə etdiyi maşının gündəlik qət etdiyi kilometrlərdən də aydın şəkildə görmək olar. İddiaçı gündəlik təqribən 70-120 km məsafədə maşını idarə etmişdir. Bunun üçün isə 3 saat da lazım deyil. Ona görə də iddiaçının faktiki olaraq işlədiyi zaman gündəlik maksimum 3-4 saatdan artıq ola bilməz. Buna baxmayaraq işəgötürən işçiyə 40 saatlıq iş vaxtı müəyyən etmiş və ona aylıq tam məbləğdə maaş ödəmişdir. İşçinin işləməli olduğu saatlar, fasilə vaxtları, iş və istirahət günləri müqavilənin şərtlərində göstərildiyi kimi növbə cədvəlləri ilə müəyyən edilmişdir. İş materiallarında hər ay üçün tərtib edilmiş növbə cədvəlləri mövcuddur. Həmin cədvəllərlə işçilər onların iş yerlərində asılmaqla əvvəlcədən tanış edilir. İddiaçı da bu cədvəllərlə tanış olmuş, iş vaxtının nə vaxt başladığını və nə zaman bitdiyini dəqiq bilmişdir. İşlədiyi uzun illər ərzində bir dəfə də olsun işə gecikmədiyi və buna görə barəsində iltizam tədbiri görülmədiyibunun bariz sübutudur. Növbə cədvəllərindən (shift plan) əlavə olaraq hər ay işçilərin işlədikləri əsas və əlavə iş vaxtlarını, bayram və istirahət günlərini özündə əks etdirən iş vaxtı cədvəlləri (time sheet) tərtib edilir. Burada işçinin ayın hansı günü işlədiyi, hansı günü işləmədiyi, istirahət və bayram günləri işləyib-işləmədiyi, hansı gün iş vaxtından artıq saatlar işlədiyi, hansı gün xəstə olduğu, hansı gün məzuniyyətdə olduğu öz əksini tapmışdır. Hətta burada işçiyə idarə etdiyi maşını yaşadığı ərazidə park etmək üçün ona hansı günlərdə pul verilməli olması belə göstərilmişdir. Bundan sonra isə növbə cədvəlləri və iş vaxtı cədvəlləri əsasında hər ay əmək haqqının hesablanması sənədi tərtib edilir. Bu sənəddə işçinin hesablanmış əsas əmək haqqı, xəstəlik günləri üçün ödənişi, işlədiyi istirahət və ya bayram günləri üçün ödəniş, iş vaxtından artıq saatlar üçün ödəniş, tutulmalı olan vergilər, DSMF tutmalar, sığorta üçün ödənişlər və işçiyə həmin ay üçün ödənilməli olan məbləğ öz əksini tapmışdır. Həmin sənəd iki nüsxədən ibarətdir. Nüsxələrdən biri işçiyə verilir, digər nüsxə isə işəgötürəndə qalır. İşçi işəgötürəndə qalan nüsxədə imza edərək bu sənədin surətini aldığını və orada göstərilənlərin doğru olduğunu təsdiq edir. İşçi hansı ayda və gündə qeyri-iş günlərində və iş vaxtından artıq işləmədiyini özü təsdiq etmişdir. Buna baxmayaraq işçi işdən çıxdıqdan sonra hazırkı iddiaları irəli sürmüşdür. Cavabdeh müəssisədə işçilərin əmək haqqının hesablanması və ödənilməsindən narazı olan işçilər üçün müraciət forması mövcuddur. Bütün işçilərin də bu barədə məlumatı vardır. Hər hansı şikayəti olan işçilər bu müraciət formasını doldurub işəgötürənə müraciət edirlər və həmin işçilərə yazılı formada cavab verirlərək müraciətlərinin əsaslı və ya əsassız olması barədə məlumat verilir. İşçilər tərəfindən edilən çox sayda müraciətlər iş materiallarına əlavə edilmişdir. Lakin iddiaçı 4-5 il bu şirkətdə işləməsinə baxmayaraq heç vaxt əmək haqqı ilə bağlı narazılığını bildirməmiş və bu barədə heç bir müraciəti olmamışdır. Bu da onun hazırkı iddiasının əsassız olmasını və uydurma iddialarla şirkətdən pul qoparmaq niyyətində olduğunu sübut edir. İddiaçının öz iddiasını sübut etmək üçün məhkəməyə təqdim etdiyi yeganə sənəd onun yalnız öz imzası ilə təsdiq edilmiş cədvəldir. Bu cədvəl iddiaçının özü tərəfindən doldurulmuş və imzalanmışdır. Orada onun imzasından başqa heç kəsin imzası yoxdur. Əslində bu sənəd işçinin iş vaxtının hesablanması üçün deyil onun idarə etdiyi maşının qət etdiyi yolun miqdarına və istifadə olunan yanacağın miqdarına nəzarət etmək üçün doldurulur. Bunun məqsədi sürücülər tərəfindən şirkətin maşınının şəxsi məqsədlər üçün istifadə edilməsinin qarşısını almaqdan, yanacaq sərfiyyatına nəzarət edilməsindən ibarətdir. Belə ki həmin cədvəldə işçinin idarə etdiyi maşının səhərə olan spidometr göstəricisi öz əksini tapmışdır. Eyni zamanda həmin cədvəldə gündəlik sürülən kilometrin qeyd olunduğu, doldurulan yanacağın göstərilməli olduğu, yağ dəyişdirilməsinin göstərilməli olduğu sütunlar mövcuddur. Əgər bu cədvəl işçinin iş saatlarının hesablanması üçündürsə nəyə görə burada onun idarə etdiyi maşın barəsində bu qədər məlumat əks olunmuşdur. Digər tərəfdən həmin cədvəlin sol yuxarı hissəsində “Bos Shelf” sözləri yazılmışdır ki, bu da işçini idarə etdiyi maşının sahibi olan şirkətin adıdır. Bunun cavabdeh şirkətə aidiyyatı yoxdur.Bu cədvəl yalnız həmin ma.əna texniki qulluq göstərilməsi, sürülən yol və sərf olunan yanacağa nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Həmçinin, iddiaçı tərəfindən hər ay doldurularaq “Bos Shelf” şirkətinə verilən bu cədvəllərin əsilləri ilə məhkəməyə təqdim olunan surətləri arasında ciddi fərqlər mövcuddur. Belə ki, cədvəllərin əsillərində işçinin guya artıq işləməsi barəsində heç bir məlumat olamamsına baxmayaraq məhkəməyə təqdim edilmiş surətlərində işçinin özü tərəfindən guya iş vaxtından artıq işləməsi barəsində məlumatlar yazılmışdır.Ən maraqlısı isə ondan ibarətdir ki, iş vaxtından artıq iş vaxtlarının qeyd olunduğu məlumatlar gündəlik sürülən kilometrlər, doldurulan yanacaq və dəyişdirilən yağlar sütunlarında yazılmışdır, çünki bu cədvəllər işçinin iş vaxtının hesablanması üçün deyil maşına texniki nəzarət üçün nəzərdə tutulduğundan burada belə sütunlar mövcud deyildir. Cədvəldən görünür ki, iddiaçı gün ərzində cəmi 70-120 km yol sürmüşdür. Bunun üçün isə ən çoxu 3-4 saat vaxt tələb olunur. Yəni işçi faktiki olaraq cəmi 3-4 saat işləmişdir. Belə olan təqdirdə işçinin mütəmadi olaraq hər gün iş vaxtından artıq işə cəlb olunmasına heç bir səbəb və ehtiyac olmaması açıq aşkar görünür. Bundan əlavə iddiaçı xx.xx.2019-xx.xx.2019-cu il tarixə qədər məzuniyyətdə olmasına baxmayaraq o vaxtlar ərzində işlədiyini hətta iş vaxtından artıq işlərə cəlb olunduğunu bildirmişdir. Qeyd olunan cədvəldən başqa iddiaçı tərəfindən öz iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddia tam əsassızdır.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialının vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsini, cavabdehin etirazını nəzərdən keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. İddiaçı (işçi) ilə cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialı (işəgötürən) arasında bağlanmış DR-18/075 nömrəli, xx.xx.2018-ci il tarixli Əmək Müqaviləsindən görünür ki, iddiaçı əsas iş yeri olmaqla cavabdeh müəssisədə “sürücü (dərəcə 1)” vəzifəsinə təyin edilir (1.2). Əmək müqaviləsi 1 ay müddətinə bağlanılır (2.1). Müqavilənin qüvvədə olma müddəti başa çatdıqda əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən biri digərinə yazılı şəkildə xəbərdarlıq etməzsə əmək müqaviləsi eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab olunur (2.4). İşçi əmək funksiyasını əmək müqaviləsinin tərkib hissəsi olan Vəzifə təlimatında nəzərdə tutulmuş qaydada yerinə yetirməyi öhdəsinə götürür (3.1). İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir (4.8).

9. İddiaçı xx.xx.2018-ci il tarixli vəzifə təlimatından görünür ki, sürücünün iş saatı sükan arxasında gündə maksimum 6 saat 40 dəqiqə, istirahət günü həftədə bir gün müəyyən edilmişdir (işçi İddiaçı və direktor tərəfindən imzalanmışdır).

10. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, iddiaçı hər ay vergilər daxil olmaqla 1174.26 (bir min yüz yetmiş dörd manat, iyirmi altı qəpik) AZN məbləğində əmək haqqı alır.

11. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2 nömrəli əlavəsindən görünür ki, iş saatlarının hesablanmasında cəmlənmiş uçot tətbiq olunur. İşçiyə iş vaxtından artıq işə, iş günü hesab edilməyən bayram və istirahət günlərində, axşam və gecə saatlarında görülən işlərə görə qanvericiliklə müəyyən olunmuş qaydada əlavə ödəniş olunur.

12. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vaxt cədvəllərindən (time sheet) görünür ki, cədvəldə İddiaçı, 90FP431 qeydiyyat nömrəli avtomobil, Bakı-Ofis-Bakı, başlanğıc və son vaxtlar, gündəlik başlanğıc və son qət edilən məsafə (km)... və imza qrafaları mövcud olmuşdur.

13. Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/14/2024-00357 nömrəli arayışdan görünür ki, cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialının nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.

14. Növbə cədvəllərindən (shift plan) görünür ki, sürücü İddiaçı ay ərzində işlədiyi günlər, istirahət günləri və iş saatları qeyd edilmişdir.

15. Ödəniş cədvəllərindən görünür ki, əmək haqqı hesablanarkən işçinin əsas əmək haqqı, istirahət və bayram günləri işləməsi, əlavə iş vaxtı üçün ödəniş, məzuniyyət günləri, xəstəlik üzrə ödənişlər, dayanacaq xərcləri nəzərə alınmış, “alıb düz olduğunu imzam ilə təsdiqləyirəm” qeydi ilə iddiaçı tərəfindən imzalanmışdır.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-3540/2024 nömrəli qərardadından görünür ki, iddiaçının vəsatəti təmin edilmiş, iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının təyin edilməsi qərara alınmışdır.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialında xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək olan dövr ərzində müqavilədə göstərilən iş vaxtından əlavə işləməsi ilə bağlı hər hansı ilkin mühasibat sənədləri, o cümlədən işçinin əlavə işə cəlb edilməsi ilə bağlı daxili əmrlər, tabel uçot vərəqələri, əlavə əmək haqqı hesablanmasına dair cədvəllər və s. əksini tapmamışdır. Tədqiqatda iş materiallarında olan tərəflər arasında bağlanmış əmək müqaviləsi, tabel uçot vərəqləri, əmək haqqı hesablanması və ödənilməsini özündə əks etdirən cədvəl məlumatlarına əsasən İddiaçı Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialında xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək olan dövr ərzində işlədiyi faktiki iş saatlarına görə ona əmək haqqının hesablandığı və ödənildiyi müəyyən edilir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, əmək müqaviləsinə 1, 2 və 3 nömrəli əlavələrdə “İddiaçı” qrafalarındakı imzalar İddiaçı tərəfindən icra olunmuşdur.

19. Ekspertiza xərclərinə dair xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, aparılmış tədqiqatların cəmi dəyəri 227 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

20. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı (işçi) ilə cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialı (işəgötürən) arasında DR-18/075 nömrəli, xx.xx.2018-ci il tarixli Əmək Müqaviləsi əsasında əmək münasibətləri yaranmışdır. Əmək müqaviləsinin 4.8-ci bəndində işçinin gündə 8 saatdan, həftədə 40 saatdan çox olmamaqla işləməsi müəyyən edilmişdir. Eyni zamanda müqavilənin 3.1-ci bəndinə əsasən işçi əmək funksiyasını əmək müqaviləsinin tərkib hissəsi olan Vəzifə təlimatında nəzərdə tutulmuş qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən və işəgötürən tərəfindən imzlanmış xx.xx.2018-ci il tarixli vəzifə təlimatından görünür ki, sürücü vəzifəsində işləyən İddiaçı iş saatı sükan arxasında gündə maksimum 6 saat 40 dəqiqə, istirahət günü həftədə bir gün müəyyən edilmişdir.

21. Tərəflər arasında razılaşdırılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2 nömrəli əlavəsinə əsasən iş saatlarının hesablanmasında cəmlənmiş uçot tətbiq olunur, işçiyə iş vaxtından artıq işə, iş günü hesab edilməyən bayram və istirahət günlərində, axşam və gecə saatlarında görülən işlərə görə qanunvericiliklə müəyyən olunmuş qaydada əlavə ödəniş olunur.

22. Hazırda İddiaçı cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialından ona ödənilməmiş əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə faizlərin və iddiaçıya vurulmuş mənəvi ziyana görə pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

23. Məhkəmə icraatı zamanı əmək müqaviləsinə əlavələrdəki imzaların iddiaçıya aid olmadığı mübahisələndirilmiş, buna görə də məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspert rəyi ilə imzaların İddiaçı aid olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspert rəyi ilə İddiaçı Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialında xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək olan dövr ərzində işlədiyi faktiki iş saatlarına görə ona əmək haqqının hesablandığı və ödənildiyi müəyyən edilmişdir.

c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:

24. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırkı iddia tələbinin əsası iddiaçının iş günündən əlavə, həftənin şənbə günü və gün ərzində iş vaxtından əlavə işləməsidir. İddiaçı iş vaxtından əlavə işlədiyi həmin müddətə görə ona əmək haqqının ödənilməli olduğunu iddia edir.

25. Məhkəmə hesab edir ki, iddiaçı iş vaxtından əlavə işlədiyini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı iş vaxtından əlavə işlədiyini sübut etmək üçün sadəcə bir dəlili məhkəməyə təqdim edir. Həmin dəlil iddiaçının özü tərəfindən tərtib edilmiş vaxt cədvəlləridir. Lakin həmin vaxt cədvəlində işçinin avtomobil ilə nə qədər məsafə qət etməsi və avtomobilin odometrinə baxdığı saatlar qeyd edilib. Yəni həmin cədvəl və orda qeyd edilən saatlar işçinin işəgötürənin mənafeyi üçün işlədiyini sübut edəcək mötəbər dəlil hesab oluna bilməz. İddiaçının əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtından artıq vaxt ərzində iş gördüyü və bunun müqabilində ona əlavə haqq ödənilməli olduğu halda ödənilmədiyi iş materiallarında olan sənədlərə əsasən öz təsdiqini tapmır. Məhkəməyə sübut olaraq təqdim edilən vaxt cədvəllərindən (Time sheet-də əks olunan qət edilən məsafədən) də onun sükan arxasında olduğu iş vaxtının Vəzifə Təlimatına əsasən müəyyən edilmiş iş saatlarından çox olmadığı aşkardır. Cavabdeh tərəfindən təqdim edilmiş növbəlilik planından da görünür ki, işçinin iş saatları iki hissədən ibarət olmaqla 07:00-dan 10:00-dək və 15:40-dan 18:50-dək olmuşdur. İşçilərin sükan arxasında olmadıqları vaxt işçilərin işəgötürənin sərəncamında olmadıqları vaxtdır. Yəni işçilər həmin vaxtdan öz mülahizələrinə əsasən istifadə edə bilərlər. Bundan əlavə, işəgötürən həmin vaxtın səmərəli keçirilməsinə görə işçilərin istirahət etməsi üçün onlara müvafiq şərait yaratmışdır.

26. Məhkəmə qeyd edir ki, əmək müqaviləsində işçinin gündəlik 8 saatdan, həftəlik 40 saatdan çox olmayaraq işləməsi və əmək funksiyasının vəzifə təlimatında göstərilən qaydada həyata keçirməsi razılaşdırılmışdır. Vəzifə təlimatında da işçinin gündəlik 6 saat 40 dəqiqə sükan arxasında işəgötürənin mənafeyi üçün işləməsi, həftədə bir gün istirahət gününün olması razılaşdırılmışdır. 6 gün ərzində işçinin gündəlik 6 saat 40 dəqiqə işləməsi tərəflər arasında olan razılaşmaya və Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə zidd deyildir. İşçinin isə həmin vaxtdan əlavə işləməsini sübut edən əsaslı dəlili mövcud deyil.

27. İddiaçının istinad etdiyi dəlillər, həmçinin işəgötürən tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən imzalanmış, iş vaxtının uçot tabellərinə uyğun hesablanan haqq-hesab sənədləri ilə də təkzib edilir. Belə ki, iddiaçı cavabdeh təşkilatda çalışdığı dövr ərzində icra etdiyi işə görə əmək haqqının, əmək haqqına əlavələrin, habelə digər ödənclərin hesablanmasına dair cədvəlləri imzalamaqla əmək haqqının hesablanmış məbləğləri, vaxtlı-vaxtında hesabına köçürülməsi ilə razılaşmışdır. Hazırda da iddiaçının fəaliyyət göstərdiyi müəssisə tərəfindən əmək haqqı hesablamalarının düzgün aparılmadığına istinad etməsi də ağlabatan hesab edilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının iş vaxtından əlavə işlədiyi müddətə görə ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində əsassız olduğundan və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən təmin edilməməlidir.

28. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində olan ödənilməmiş əmək haqqının ödənilməsi hissəsi əsassız olduğundan və buna görə də rədd edilməli olduğundan, iddia tələbinin ödənilməmiş əmək haqqının gecikdirilməsi hissəsi də birbaşa rədd edilməlidir.

29. Məhkəmə iddia tələbinə aid olan mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iş vaxtından artıq işlədiyi müddətə görə ona ödənilməmiş əmək haqqına və ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə mənəvi sarsıntı keçirdiyini bildirir. Lakin məhkəmə müəyyən edir ki, iddiaçının iş vaxtından artıq işlədiyi sübut edilməmiş, işəgötürənin hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. Buna görə iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 9-cu maddə. “b”, “c”, “e”, “h” bəndləri. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq; iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarıdır. 89-cu maddə. 1. hissə. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 89-cu maddə. 2. hissə. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 89-cu maddə. 3. hissə. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. 90-cı maddə. 2. hissə. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. 90-cı maddə. 3. hissə. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. 95-ci maddə. 1. hissə. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 95-ci maddə. 2. hissə. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. 99-cu maddə. 1. hissə. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 102-ci maddə. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. 103-cü maddə. 5. hissə İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər. 104-cü maddə. 1. hissə. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. 154-cü maddə. 1. hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddə. 5. hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 195-ci maddə. “d” bəndi. İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: 290-cı maddə. 3. hissə. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

31. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

32. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialına qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.

35. İddia təmin edilmədiyinə görə iş üzrə çəkilmiş mediasiya xərcləri iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 227 (iki yüz iyirmi yeddi) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Filialına qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş mediasiya xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 227 (iki yüz iyirmi yeddi) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE**********0002088501, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar