Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3285/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mənzilin sökülməsi nəticəsində vurulmuş ziyanla bağlı pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı « mənzilin sökülməsi nəticəsində vurulmuş ziyanla bağlı pul » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, 15 saylı evin 12 saylı mənzilinin 1/5 hissəsini təşkil edən 8 kv yaşayış sahəsinin sökülməsinə görə 40.000 manat və sökülmüş əmlakın dəyərinin 20% əlavəsi ilə birlikdə cəmi 48.000 manat pulun ziyana görə, vəkilə ödənilmiş 110 manat, 144 manat ödənilmiş dövlət rüsumunun: cəmi 48.254 manatın cavabdeh "xxxx" MTK-dan alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti “Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən xx.xx.2005-ci ildə verilmiş ÖM seriyalı № 248523 saylı Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, 15 saylı evin, 1/5 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. Səhhətilə bağlı problemlər olduğundan və Covid-19 pandemiyasından qorunmaq üçün, müvəqqəti anadan olduğu Sabirabad rayonuna getmişdir. Qayıdan zaman cavabdeh maşınqayırma MTK tərəfindən mülkiyyətində olan evinin söküldüyünü görmüşdür. Bir anlıq dünya başında fırlandı, mənəvi sarsıntı keçirdi, çox dərin iztiraba məruz qaldı. Cavabdeh idarənin səlahiyyətli şəxsləri ilə görüşüb, mülkiyyətində olan evinin bərpa edilməsini tələb etdi, lakin cavabdeh təşkilatın səlahiyyətli şəxlsəri onun qanuni tələbini yerinə yetirməkdən imtina etdilər. Mülkiyyət hüquqları cavabdehin əməkdaşları tərəfindən pozulduğundan, evinin özbaşına olaraq sökülməsi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 39.68 kv.metrdir. Həmin mənzilin 1/5 hissəsi isə 8.00 kv.metr sahəni əhatə edir. Mənzilin qeydiyyat vəsiqəsində mülkiyyətçi kimi adının qeyd olunmasına və mənzilin 1/5 hissəsindəki payının qeyd olunmasına baxmayaraq cavabdeh heç bir xəbərdarlıq etmədən və onunla razılaşmadan özbaşına olaraq uçurub dağıtmış nəticədə ona külli miqdarda ziyan vurmuşdur. Həmin zərərin ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq ödənişindən imtina etmişdir. Sökülmüş mənzilinin yerləşdiyi ərazi Bakı şəhərinin ən bahalı ərazisində yerləşir. Belə ki, həmin ərazidə yerləşən yaşayış sahəsinin hər kv.metrinə düşən dəyəri 4000-5000 manat civarındadır. Eyni zamanda söküləcək ərazilərlə bağlı ödənilməli 20% əlavəni də hesablanılsa, 8 kv.metr ərazini 5000 kv.metrdən hesablanılsa, 40.000 manat əlavə olaraq 20% ödənilməli məbləğ cəmi 48.000 manat pul ona ziyan vurulmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mənzilin sökülməsi nəticəsində vurulmuş ziyanla bağlı pul” tələbinə dair iddia qaldıraraq Bakı şəhəri, Nəsimi rayonu R.Axundov küçəsdi 15 saylı evin 12 saylı mənzilin 1/5 hissəsini təşkil edən 8 kv yaşayış sahəsinin sökülməsinə görə 40 000 manat və sökülmüş əmlakın dəyərinin 20 % əlavəsi ilə birlikdə cəmi 48 000 manat pulun ziyana görə, vəkilə ödənilmiş 110 manat, 144 manat ödənilmiş dövlət rüsumunun, cəmi 48 254 manat cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edilir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Binnətovanın Konstitusiya Məhkəməsinə verdiyi şikayəti üzrə Konstitusiya Məhkəməsinin qərarına görə məhkəmələr ilk növbədə müvafiq şəxsin subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən onun hüquqlarını pozulub pozulmaması araşdırmalıdır. Hazırkı iş üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi mövcud iddiaya qarşı cavab verməli olan tərəf deyil. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu R.Axundov küçəsi 15 saylı evin 12 saylı mənzilin sökülüb bərpa edilməsinə dair 21 sentyabr 2021-ci il tarixli 56 X4 bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək söküntüsü nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən mülkiyyətçiyə məxsus hüquqi sənəd əsasında sahəsi 27.5 faktiki sahəsi 39.68 kv.m olan mənzilin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın B blokunun, 5-ci mərtəbəsində 42 kv.m dən ibarət təmirsiz və B blokunun 6-cı mərtəbəsində 42 kv.m dən ibarət təmirli mənzilləri mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Mənzil təhvil verilənə qədər hər ay mülkiyyətçiyə 400 manat kirayə haqqı verməyi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi öz üzərinə götürmüşdür. Göründüyü kimi mülkiyyətçinin evinin əvəzinə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən artıqlaması ilə 2 yeni mənzil verilmişdir. Həmçinin, hazırki iddiaçının mülkiyyətçi olmasından "xxxx" Mənzil-Tikinti Kooperativinin xəbəri olmamışdır və digər mülkiyyətçi olan Pərvanə Kərimova tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə hər hansı məlumat verilməmişdir. Hesab edilir ki, hazırki əvəzləşdirmə müqaviləsi barədə mülkiyyətçi X5 həyat yoldaşı İddiaçı məlumat verməli idi. Lakin, həmin məlumatı verməyərək Pərvanə Kərimova hüquqdan sui-istifadə etmişdir. Yəni, "xxxx" Mənzil-Tikinti Kooperativinin iddiaçının hüquqlarının pozulması ilə bağlı hər hansı təqsiri mövcud deyil. Bu mənada hazırki iddiaya cavab verməli olan şəxs iddiaçının keçmiş həyat yoldaşı digər şəxs X2r. Bir məqamıda qeyd etdi ki, onlarda olan məlumata görə İddiaçı 17 ildir ki, sökülən mənzildə yaşamamışdır. İddiaçı iddia etdiyi məbləği arvadı Pərvanə Abdullayevadan tələb etməlidir, cavabdeh MTK-dan yox. İddiaçının məqsədi cavabdehdən əlavə ev almaqdır. Qeyd etdiyi kimi “Maşınqayıran MTK” onlara artıqlaması ilə 2 ev vermişdir. Ona görədə hesab edilir ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mənzilin sökülməsi nəticəsində vurulmuş ziyanla bağlı pul” tələbinə dair iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 248523 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi 15 saylı evin 12 saylı mənzilin 4/5 hissəsi X1, 1/5 payı İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 258 saylı reyestr kitabının 37464-cü səhifəsində xx.xx.2005-ci il tarixdə 30/658 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MTK ilə X5 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 56 nömrəli “Əvəzləşdirmə müqaviləsi”nin surətindən görünür ki, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi 15 saylı evin 12 saylı mənzilinin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın B blokunun, 5-ci mərtəbəsində 42 kv.m-dən ibarət təmirsiz və B blokunun 6-a mərtəbəsində 42 kv.m-dən ibarət təmirli mənzilləri mülkiyyətçi – X3 verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, AZ-İ № 049517 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə X5 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 375№ ilə qeyd edilmişdir. İş materiallarında olan AR Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 1 MK-4486/2004 №-li Qətnaməsi ilə mübahisəli mənzilin bölgüsü 1/5 hissədə müəyyən edilməklə 4 hissəsi X5 ilə ananın himayəsində olan azyaşlı uşaqların, qalan 1 hissəsi isə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-606/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (X5 mübahisə premdeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin üzərində cavabdehin qanunsuz sahibliyinin qadağan edilməsi və s.” tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edildi ki, hazırki iş üzrə mübahisəli mənzil (Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, 15 saylı evin 12 saylı mənzili) İddiaçı ilə X1 birgə nikah dövründə əldə edilmişdir. Tərəflər arasında nikah pozulduqdan sonra mübahisəli mənzilin bölgüsü 1/5 hissədə müəyyən edilməklə 4 hissəsi X5 ilə ananın himayəsində olan azyaşlı uşaqların, qalan 1 hissəsi isə İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçı 17 ildir ki, həmin mənzildə yaşamır. "xxxx" MTK ilə X5 arasında 21 sentyabr 2021-ci il tarixli, 56№-li əvəzləşdirmə müqaviləsinə əsasən, X5 mübahisəli mənzilin "xxxx" MTK tərəfindən sökülməsinə razılıq vermiş, əvəzində isə "xxxx" MTK yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın B blokunun 5-ci mərtəbəsində yerləşən 42 kv.m-dən ibarət təmirsiz və B blokunun 6-a mərtəbəsində yerləşən 42 kv.m-dən ibarət təmirli mənzilləri güzəştli şərtlərlə X1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, mülkiyyətçinin evinin əvəzinə "xxxx" MTK tərəfindən artıqlaması ilə 2 yeni mənzil verilmişdir. "xxxx" MTK-nın digər mülkiyyətçi, yəni hazırki iş üzrə İddiaçı da X5 ilə yanaşı mülkiyyətçi olmasından xəbəri olmamışdır. Bu barədə də X5 tərəfindən "xxxx" MTK-ya heç bir məlumat verilməyərək, hüquqdan sui-istifadə etmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mənzilin sökülməsi nəticəsində vurulmuş ziyanla bağlı pul” tələbinə dair iddia ərizəsinin təmini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi mövcud iddiaya qarşı cavab verməli olan tərəf deyil və eyni zamanda bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq, irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsində əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsulu nəzərdə tutulmuşdur. Bu halda mülkiyyətçi belə hərəkətlərə son qoyulmasını tələb edə bilər. Lakin, belə hərəkətlərə son qoyulmazsa, mülkiyyətçi onlara son qoyulmasını məhkəmə qaydasında tələb edə bilər. Bu halda mülkiyyətçinin məhkəməyə verdiyi iddia neqator iddia adlanır. Neqator iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında tələbdir. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:
1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;
2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan hərəkətlər etməli;
3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Hazırki işdə isə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, hazırki iş üzrə iddiaçının ona məxsus paylı mülkiyyətdən məhrum olmasına səbəb əvəzləşdirmə müqaviləsi olmuşdur ki, həmin müqavilə ilə bağlı da iddiaçı öz iddia tələbində heç bir məqama toxunmamışdır. Belə ki, iddiaçı öz iddia ərizəsində nə həmin müqaviləni mübahisələndirmiş, nə də ki müqavilə əsasında digər paylı mülkiyyətçi X3 verilən 2 mənzil üzərində öz mülkiyyət hüququnun tanınmasına iddia etmişdir. Məhkəmə hesab edir ki, həmin əvəzləşdirmə müqaviləsi qüvvədə ikən, cavabdeh "xxxx" MTK-nın hərəkəti (hərəkətsizliyi) hüquqazidd hesab oluna bilməz. Belə olan halda da məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mənzilin sökülməsi nəticəsində vurulmuş ziyanla bağlı pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mənzilin sökülməsi nəticəsində vurulmuş ziyanla bağlı pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Natavan Tağıyeva